Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3525/2025 29.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “işəgötürənə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 29 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı MMC məhkəmədə iddia qaldıraraq, vurulmuş maddi zərərə görə 6000 (altı min) manat məbləğində pulun, 300 (üç yüz) manat vəkil xərcinin və 83 (səksən üç) manat ödənilmiş mediasiya xərci və dövlət rüsumunun, cəmi 6383 (altı min üç yüz səksən üç) manat məbləğində pulun Cavabdeh Afiq oğlundan tutularaq İddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxs "xxxx" MMC (bundan sonra "İddiaçı" və ya "İşəgötürən” adlanacaq) ilə Cavabdeh Afiq oğlu (bundan sonra "Cavabdeh” və ya "İşçi” adlanacaq) arasında 25 sentyabr 2023-cü il tarixli əmək müqaviləsi (bundan sonra “Əmək müqaviləsi") bağlanmışdır və satış şöbəsində sürücü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdehin işə götürüldüyü tarixdə, yəni 25 sentyabr 2023-cü ildə onunla Əmək müqaviləsi ilə yanaşı həmçinin tam maddi məsuliyyət haqqında müqavilə (bundan sonra "Tam maddi məsuliyyət müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən iş vaxtında və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi işəgötürənin əmlakına və ya digər şəxsə təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsinə zərər vurduqda işçi zərər həddində tam maddi məsuliyyət daşıyır və vurulmuş ziyanı tam həcmdə ödəməlidir. İşçinin əmək funksiyalarının icrası məqsədilə, yəni satış şöbəsi tərəfindən satılan ət və ət məhsullarının daşınaraq mağaza və digər təyinat nöqtərlərinə paylanmasının təmin edilməsi məqsədilə, işəgötürən tərəfindən dövri olaraq ət və ət məhsulları cavabdehə həvalə edilmişdir. Cavabdeh işlədiyi dövrün 01 fevral 2024 - 20 may 2024-cü il tarixləri aralığında ət və ət məhsullarının çatdırmalı olduğu "xxxx" MMC-yə məxsus "Bravo" supermarketlər şəbəkəsinin 28 may filialında malların çatdırılması və paylanması zaman pozuntulara yol vermişdir. Belə ki, 01 fevral-20 may 2024-cü il tarixləri aralığında hər həftədə bir dəfə cavabdeh məhsulları "Bravo" supermarketlər şəbəkəsinin 28 may filialına təhvil verərkən təhvil verməli olduğu məhsulun bir hissəsini qanunsuz olaraq götürüb öz sahibliyinə keçirib və həmin qanunsuz götürdüyü məhsulları şəxsi avtomobilinə daşıyıb. Təhvil verilməli məhsulun qanunsuz götürülən hissəsini isə əvvəlki partiyada "Bravoya" təhvil verilən məhsulların üzərindən götürüb tamamlayırdı. Yəni cavabdeh həm işəgötürənin ona verdiyi məhsulu qanunsuz ələ keçirib, həm də "Bravo" anbarına qanunsuz və icazəsiz müdaxilə edərək işçilərin diqqətsizliyindən istifadə edib əvvəlki partiyada təhvil verilmiş məhsulların üzərindən götürüb cari partiyadakı əksikliyi tamamlayıb. Cavabdeh işəgötürənə məxsus olan lakin qanunsuz özünə götürdüyü məhsulları isə kilosu 10-12 manat olmaqla ətrafındakı qohum-qonşu olan şəxslərə satmışdır. Bu hal 4 ay müddətində ardıcıl hər həftə davam edib və yuxarıda qeyd edilən taktika sayəsində məhsullarda hər hansı əksik gəlmə müşahidə edilmədiyi üçün aşkara çıxa bilməyib. Sonuncu dəfə cavabdeh məhsulları təhvil verəndə tərəzidə çəki zamanı məhsulda 8.020 qram əksik müəyyən edilib və sonrakı araşdırmalar zamanı 4 aydır davam edən özbaşınalıq videogörüntülərlə ortaya çıxıbdır. Qeyd edilənləri işçi izahatlarında etiraf etmişdir. 01 fevral-20 may 2024-cü il aralığında Cavabdeh bu hərəkətləri nəticəsində "xxxx" MMC-nə təhvil verilən məhsullarda 6000 (altı min) manat əksik gəlmə aşkar olunmuş, cavabdehin əmək qanunvericiliyinə, əmək müqaviləsi, tam maddi məsuliyyət müqaviləsinə zidd hərəkətləri nəticəsində işəgötürənə vurduğu ziyan məbləği cavabdehin 21 may 2024-cü il tarixli və 02 avqust 2024-cü il tarixli izahatları və həmin tarixli işəgötürən tərəfindən tərtib edilən akt ilə təsdiq edilmişdir. "Bravo" supermarketlər şəbəkəsində ǝksik gələn malların cəmi məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı "Azərbaycan Supermarket” MMC və işəgötürən arasında qarşılıqlı 24 iyul 2024-cü il tarixində akt imzalanmış, 6000 min manat məbləğ işəgötürən tərəfindən "xxxx" MMC-nə tam həcmdə ödənilmiş, zərərin tələb edilməsi hüququ işəgötürənə keçmişdir. Vurulmuş maddi ziyanın könüllü ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər və xəbərdarlıqlar edilmişdir. Cavabdeh təqsirli və qanunazidd hərəkəti törətdiyini və bunun nəticəsində zərər vurduğunu yazılı izahatı ilə qəbul və etiraf etsə də, maddi ziyan məbləği üzrə hər hansı vəsaiti işəgötürənə ödəməmişdir. Nəticədə öz təqsirli hərəkəti ilə işəgötürənə maddi ziyan vurduğu və həm Əmək müqaviləsi üzrə, həm tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilən öhdəliklərini pozduğu üçün Əmək Məcəlləsinin 70 (ç) maddəsinə əsasən cavabdehin Əmək müqaviləsinə 19 iyun 2024-cü il tarixində xitam verilmişdir və cavabdeh işdən çıxarılmışdır. İddiaçıya dəymiş ziyan işçinin orta əmək haqqından çox olduğu və işçi bu ziyanı könüllü ödəməkdən imtina etdiyi üçün işəgötürən ziyanın ödənilməsini təmin etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq mediasiyaya müraciət etmişdir. Bərdə 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. Əmək mübahisəsinin mediasiya mərhələsində həlli baş tutmadığı üçün işəgötürən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etmək və Əmək Məcəlləsi üzrə pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən işin faktiki hallarına və aşağıdakı hüquqi və qanuni əsaslara görə hesab edirik ki, cavabdeh həm əmək və tam maddi məsuliyyəti müqavilələri üzrə, həm də Əmək Məcəlləsi üzrə öhdəliklərini işəgötürənə qarşı pozmuş, bu səbəbdən işəgötürənə 6000 (altı min) manat dəyərində maddi zərər dəymişdir və həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Tərəflərin izahatı Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasınnın iştirakları olmadan keçirilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 15088024 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. Cavabdeh izahatından görünür ki, iddia tələbini qəbul edərək etiraf etmişdir. xx.xx.2025-ci il tarixli, MŞB/MT039-2025-00444 nömrəli arayışdan görünür ki, İddiaçı MMC “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə 1.06.2024-cü il tarixdə 33 əmrlə əmək müqaviləsinin 70ç bəndi ilə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli **********12 saylı asn ödəniş sistemi vasitəsi ilə iddiaçı 33 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli zərər məbləğinin müəyyən edilməsinə dair Aktdan görünür ki, Cavabdeh ət və ət məhsullarının alıcıya təhvil verilməsi zamanı yol verdiyi pozuntulara görə alıcıya dəymiş zərər 6000 manat təşkil edir. 19.06.202-cü il tarixli 33 saylı əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə bu Məcəllənin 70.ç bəndinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə ediliş Cavabdeh izahatından görünür ki, o, maddi zərər vurulması halını etiraf etmişdir. Cavabdeh etirafı iş materiallarına əlavə olunmuş digər sübutlarla təsdiqini tapmışdır. Göstərilən əsaslarla, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul, 300 manat vəkil xərci, 83 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci olmaqla, cəmi 6383 (altı min üç yüz səksən üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul, 300 manat vəkil xərci, 83 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci olmaqla, cəmi 6383 (altı min üç yüz səksən üç) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev