Məhkəmə qərarları › İş №e-2(021)-4370/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4370/2025

28.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4370/2025 28.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Səfərova Nərmin Pənah qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbə qədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-29/3-1-704K/2025 nömrəli əmrinin ləğv edilməsinə onun Bərdə rayonu Binədər Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə bərpa edilməsinə onun xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının hesablanınb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 və vəkili X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı, iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, “MYGOV” AZ tətbiqindən çıxarışa əsasən əmək müqaviləsinin Azərbaycan Respublikası Elm və Təhsil Naazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsi tərəfindən imzalandığı göründüyü üçün cavabdeh kimi Qarabağ Regional Təhsil İdarəsi qeyd edilmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mülki işin mahiyyəti əmək mübahisəsi olduğundan iş üzrə cavabdeh tərəf birbaşa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. İddiaçının əmək münasibətləri xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında məhz agentlik ilə yaranmış, işə qəbul əmri də Agentik tərəfindən verilmişdir. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixli 3-29-29/3-1- 704K/2025 nömrəli əmrlə birbaşa agentlik tərəfindən işdən azad edilmişdir. İşə götürən tərəf Agentlikdir. Agentliyin rəsmi qeydiyyata alındığı ünvan isə Bakı şəhəri Nərimanov rayonu olduğundan iş ərazi aidiyyatı üzrə həmin məhkəməyə aiddir. Məhkəmə tərəfləri dinləyib iş üzrə təqdim edillən sənədləri araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Qeyd edilənlərə baxmayaraq “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr.,ev 109-dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxma müddıti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(021)-4370/2025 saylı mülki baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 44-cü, 263-269-cu maddələrinin tələbini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3 Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(021)-4370/2025 saylı mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar