Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-16/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili, “Kredo” vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilməmiş 6.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilməmiş 6.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehlərlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək bildirdi ki, o, 2007-ci ildən vəkil kimi fəaliyyət göstərir. Fəaliyyəti ilə əlaqədar olaraq Cavabdeh2 ona müraciət edərək Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsi ərazisində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikdiyini, lakin X3 adlı şəxsin həmin bələdiyyənin 17 mart 2006-cı il tarixli, 06/31 saylı qərarına və “Torpağın alqı-satqısına dair Akt”a əsaslanaraq, həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyini, ona qarşı məhkəmədə fərdi yaşayış evinin sökülməsi və torpağın boşaldılması barədə iddia qaldırdığını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qərarı ilə Ç.Z.Ağarzayevanın iddiası təmin edilmiş və 300 kvadratmetr torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki tikilinin cavabdehin hesabına sökülərək, sahənin boşaldılması qət edilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini almasına və orada fərdi yaşayış evi tikməsinə maddi köməklik göstərən həmin şəxsin qardaşı Cavabdeh1 Rusiya Federasiyasında olduğuna görə hüquqlarının müdafiəsi məqsədi ilə ona 04 iyun 2018-ci il tarixdə etibarnamə vermişdir. Bundan sonra onunla Cavabdeh2 arasında 08 avqust 2018ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədə ona ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər, lakin məhkəmənin 14 may 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 06/31 saylı qərarının və “Torpağın alqı-satqısına dair Akt”ın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. O, Cavabdeh2 vəkili və nümayəndəsi kimi Bakı Apellyasiya Məhkəməsinə Binəqədi rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı şikayətlə müraciət etmişdir. 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavədə hüquqi yardım müqabilində ödəniləcək qonorar miqdarı “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1678/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6.000 manat məbləğində” müəyyənləşdirilmiş və hüquqi yardımın dəyərinin ödənilməsi müddəti olaraq “iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində” qeydi edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1678/2019 saylı qətnaməsi ilə Cavabdeh2 şikayəti təmin edilərək, iddia tələbi rədd edilmiş və iş mənafeyi təmsil edilən şəxslərin xeyrinə bitmişdir. Bundan sonra isə o, Cavabdeh2 və onun qardaşından dəfələrlə onun zəhmət haqqını ödəmələrini tələb etsə də, cavabdehlər müqavilənin şərtlərini yerinə yetirməkdən boyun qaçırmışlar. Buna görə də o, cavabdehlərə qarşı məhkəmədə 6.000 manat məbləğində ödənilməmiş pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat, cəmi 6.080 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdehlərə göstərdiyi hüquqi yardım çərçivəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddiaya baxılması zamanı ekspertiza rəyinin alınması barədə həmin məhkəməyə vəsatətlə müraciət etdikdən sonra onun vəsatəti təmin edilmiş və həmin iş üzrə alınmış ekspertiza rəyi sayəsində isə Bakı Apellyasiya Məhkəməsində cavabdehin lehinə olan qərarın çıxarılmasına nail olmuşdur. Bundan sonra isə Cavabdeh2 həmin torpaq sahəsini 36.000 manata satmış, lakin müqavilə üzrə ona ödəməyi öhdəsinə götürdüyü 6.000 manat məbləğində pul vəsaitini ona ödəməmişdir. Buna görə də o hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair müqaviləyə Əlavədə nəzərdə tutulan 6.000 manat məbləğində qonorar torpaq sahəsinin qiyməti ilə mütənasibdir və ağlabatan məbləğdir. Həmçinin Cavabdeh1 Rusiya Federasiyasında yaşadığına görə o, həmin cavabdehlə şəxsən görüşməsə də, sonuncu ilə “WhatsApp” sosial tətbiqi vasitəsi ilə əlaqə saxlamış və məhkəmənin icraatında olan işlə bağlı dəfələrlə mesajlaşma yolu ilə və ya zəng vasitəsilə söhbətlər etmişlər. Həmin söhbətlər zamanı Cavabdeh1 hər dəfə qardaşı ilə birlikdə ona olan borclarını ödəyəcəklərinə dair vədlər vermişdir. Cavabdeh1 ona mənafeyinin təmsil edilməsi məqsədi ilə verdiyi etibarnaməyə və sonuncu ilə etdiyi söhbətlərə əsasən o hesab edir ki, ona çatası qonorarı Cavabdeh2 ilə birlikdə, həm də Cavabdeh1 da ödəməlidir. Sonda, İddiaçı iddianın təmin edilməsini, 6.000 manat məbləğində ödənilməmiş pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat, cəmi 6.080 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.M.Məhərəmova iddia tələbini müdafiə edərək, ödənilməmiş 6.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2005-ci Binəqədi rayon Xocasən Bələdiyyəsi ərazisində torpaq sahəsi almış və həmin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsinin alqı-satqı xərclərini və evin tikilməsinə çəkilmiş xərcləri isə o, Rusiya Federasiyasında çalışan qardaşı Cavabdeh1la birgə ödəmişdir. Lakin Ç.Z.Ağarzayeva adlı şəxs həmin Bələdiyyənin 17 mart 2006-cı il tarixli qərarına və “Torpağın alqı-satqısına dair Akt”a əsaslanaraq, həmin torpaq sahəsinin özünə aid olmasını iddia etmişdir. Bununla bağlı Ç.Z.Ağarzayeva həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin sökülməsi və torpağın boşaldılması tələbi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də o, məhkəmədə hüquqlarını müdafiə etmək üçün vəkil tutumaq qərarına gəlmişdir. O, məhkəmədə özünü təmsil etmək məqsədi ilə vəkil İddiaçıla 08 avqust 2018-ci il tarixdə hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalamışdır. Həmin müqavilədə hüquqi yardımın göstərilməsi üçün ödəniləcək haqq qismində 70 manat nəzərdə tutulsa da, o, iddiaçıya faktiki olaraq 470 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan başqa, onun qardaşı Cavabdeh1 da İddiaçı bank hesabına hər dəfə 1.000 manat olmaqla, iki dəfə, ümumilikdə 2.000 manat məbləğində pul vəsaiti köçürmüşdür. Mübahisəli torpaq sahəsinin və orada inşa edilmiş tikilinin isə faktiki bazar dəyəri təxminən 15.000 manat olmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı mülki iş üzrə yalnız bir instansiya məhkəməsində hüquqi yardım göstərilməsinə görə vəkilə 6.000 manat məbləğində pul vəsaitinin ödənilməsi onun maraqları ilə heç cür uzlaşmır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və onun nümayəndəsi və vəkili S.M.Məhərəmovanı dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 04 iyun 2018-ci il tarixli, 05/135-n/05-2018-2-2059 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı onu təmsil etmək məqsədilə etibarnamə vermişdir. İş materiallarında olan 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilə İddiaçı ilə Cavabdeh2 arasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan torpaq mübahisələrinə dair mülki işlə bağlı hüquqi yardım göstərilməsi məqsədilə bağlanmış və müqavilədə hüquqi yardım müqabilində ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, müqavilədə hüquqi yardım müqabilində ödəniləcək qonorar miqdarı “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1678/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6.000 manat məbləğində” müəyyənləşdirilmiş və hüquqi yardımın dəyərinin ödənilməsi müddəti olaraq “iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində” qeydi edilmişdir. Mülki iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(81)-92/2019 saylı qərardadının surətindən görünür ki, Cavabdeh2 vəkili və nümayəndəsi İddiaçı da iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayon Xocasən bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 06/31 saylı qərarının və “Torpağın alqı-satqısına dair Akt”ın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İşdə olan Cavabdeh2 nümayəndəsi və vəkili İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına ünvanlanan apellyasiya şikayətinin məzmunundan görünür ki, İddiaçı Binəqədi rayon Məhkəməsinin 2(001)-2121/2018 saylı qətnaməsinin ləğv edilməsi və Ç.Z.Ağarzayevanın “300 kvadrat torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması”na dair iddiasının rədd edilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ünvanlamışdır. Mülki iş materiallarına əlavə edilmiş 05 noyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1678/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qətnaməsi ləğv edilmiş, Ç.Z.Ağarzayevanın “300 kvadrat torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması”na dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 13 aprel 2023-cü il tarixli, 4/457 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(022)-16/2024 nömrəli mülki işin 32-ci vərəqəsində olan 08 avqust 2018-ci il tarixli, 61 saylı “Hüquqi yardım göstərilməsinə dair” müqaviləyə 06 may 2029-cu il tarixli 1 nömrəli Əlavənin 1-ci vərəqinin aşağı hssəsindəki imza və həmin müqavilənin arxa hissəsində “Müqavilənin mətni ilə tanış oldum və razıyam” yazıları qarşısındakı imza və yazılarının aşağı hissəsində “Cavabdeh2” əlyazmaları – Cavabdeh2 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(022)-109/2023 saylı qərardadından görünür ki, Biləsuvar rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Mülki Məcəllənin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Mülki işdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edibetmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh2 və onun qardaşı Cavabdeh1 İddiaçı hüquqi yardım göstərilməsi məqsədilə müraciət etmişlər, Cavabdeh1 Rusiya Federasiyasında olduğuna görə İddiaçı 04 iyun 2018-ci il tarixli, 05/135-n/05-2018-2-2059 reyestr nömrəli etibarnamə vermişdir. 08 avqust 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında 61 saylı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan torpaq mübahisələrinə dair 2(103)-1678/2019 saylı mülki işlə bağlı hüquqi yardım göstərilməsi məqsədilə müqavilə bağlanmışdır. Həmin müqavilədə hüquqi yardım müqabilində ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmiş və Cavabdeh2 və İddiaçı müqaviləni imzalamışlar. Həmin müqaviləyə 1 saylı əlavədə hüquqi yardım müqabilində haqqın ödənilməsi “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1678/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə” qeydi ilə şərtləşdirilmişdir. Hüquqi yardım müqabilində ödəniləcək qonorar miqdarı isə 6.000 manat məbləğində müəyyən edilmiş və hüquqi yardımın dəyərinin ödənilməsi müddəti olaraq “iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində” qeydi edilmişdir. Bundan sonra tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Xocasən bələdiyyəsinə qarşı “17 mart 2006-cı il tarixli 06/31 saylı qərarın və Torpağın alqı-satqısına dair Aktın etibarsız hesab edilməsinə dair” iddia tələbilə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(81)-92/2019 saylı qərardadı ilə Cavabdeh2 Xocasən bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 06/31 saylı qərarının və Torpağın alqı-satqısına dair Aktın etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Sonradan Cavabdeh2 nümayəndəsi və vəkili İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2121/2018 saylı qətnaməsinin ləğv edilməsi və Ç.Z.Ağarzayevanın 300 kvadratmetr torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması”na dair iddiasının rədd edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət ünvanlamışdır. 05 noyabr 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1678/2019 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qətnaməsi ləğv edilmiş, Ç.Z.Ağarzayevanın 300 kvadratmetr torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən 777 və 778-ci maddələrinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinin tələbinə görə əgər müqavilədə muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə uyğun olaraq məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İİİ və İV hissələrinə görə vəkilin ədalət mühakiməsində iştirakı hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya müvafiq olaraq vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.2-ci bəndinə görə vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarında müəyyən etdiyi mövqeyinə görə müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat birbirindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər. Həmçinin həmin qərara görə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələrdə tərəflər arasında razılaşdırılmış haqq (qonorar) və ya mükafat qismində “Pactum de quota litis”in, yəni şərtli ödəniş barədə razılığın (haqqın işin müsbət nəticəsinə görə müəyyən edilməsi) müəyyənləşdirilməsi yol veriləndir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsi əqdin təmsilçi vasitəsilə də bağlanmasının mümkünlüyünü istisna etmir. Həmin maddəyə əsasən, (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin maddənin 3-cü hissəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəlləyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır və təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçı öz iddia tələbinin əsası kimi 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə və həmin müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavəyə istinad etsə də, həmin müqavilənin tərəfləri qismində yalnız Cavabdeh2 və İddiaçı çıxış edirlər və digər Cavabdeh1la ididaçı arasında işin uğurlu nəticəsinə görə haqq ödənilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı onu məhkəmədə təmsilçilik üçün etibarnamə verməsi həmin cavabdehin də işin uğurlu nəticəsinə görə iddiaçıya haqq ödənilməsini öhdəsinə götürməsi sayıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz. Bundan başqa, məhkəmə iclasında Cavabdeh2 göstərilmiş hüquqi yardımın müqabilində özünün və qardaşı Cavabdeh1 iddiaçıya müəyyən məbləğlərdə ödənişlər etdiyini bildirsə də, ödənişlərin icra edildiyi faktını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarına görə Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır Həmin Qərara əsasən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə vicdanlı davranışla bağlı tələb təsbit olunmuş, vəkilin öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməli olması, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borclu olması öz əksini tapmışdır. Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının tələblərinə riayət etmək isə qanunvericiliyə müvafiq olaraq hər bir vəkilin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının ona hüquqi yardım göstərdiyi iş üzrə mübahisəli torpaq sahəsinin və orada inşa edilmiş tikilinin isə faktiki bazar dəyəri bazar dəyərinin 15.000 manat olduğunu və buna görə iddiaçının hüquqi yardım göstərilməsinə dair müqaviləyə 1 saylı Əlavədə qeyd edilmiş 6.000 manat məbləğində qonorarın həddən artıq şişirdilmiş rəqəm olduğunu məhkəmədə bildirməklə, faktiki olaraq iddiaçının göstərdiyi hüquqi yardım nəticəsində maddi cəhətdən qazanc əldə etdiyini və ya həmin hüquqi yardım nəticəsində mümkün maddi mərhumiyyətdən azad olduğunu etiraf etmiş, eyni zamanda həmin torpaq sahəsinin və tikilinin bazar dəyərinin 15.000 manat təşkil etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli Qərarına əsasən və Azərbaycan Respublikası qanunvericiliyində hələ ki vəkillərə işin nəticəsinə görə mükafat ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, hədlərinin müəyyənləşdirilməsi, belə mükafatların tətbiq edilmədiyi məhkəmə mübahisələrinin dairəsinin müəyyən edilməsi dəqiq şəkildə tənzimlənmədiyinə görə, həmçinin Cavabdeh2 öz etirazlarını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün mübahisə predmeti olan hüquqi yardımın göstərilməsinə dair müqaviləyə 1 saylı Əlavə üzrə işin uğurlu həllinə görə 6.000 manat məbləğində qonorarın müəyyənləşdirilməsi hüquqdan sui-istifadə hesab edilməməlidir və vicdanlılıq prinsipinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavə üzrə ödənilməmiş qonorarın əvəzi qismində 6.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, iddia üzrə tələb edilən pul vəsaitinin tam olaraq tutulması qət edildiyinə və iş üzrə dövlət rüsumu həmin məbləğə uyğun olaraq tutulduğuna görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat Cavabdeh2 iddiaçının xeyrinə, habelə Cavabdeh2 vəsatəti əsasında təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manat məbləğində pul vəsaiti isə həmin cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 08 avqust 2018-ci il tarixli, 61 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavə üzrə ödənilməmiş qonorarın əvəzi qismində 6.000 (altı min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 (səksən) manat, cəmi 6.080 (altı min səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərinin əvəzi qismində 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-16/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-16/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver