Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1880/2025 27.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Mərəndskiy Rövşən Vidadi oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Şaiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə 27 yanvar 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (mərhum X3 adına rəsmiləşmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına boşaldılaraq İddiaçı təhvil verilməsi və hüquqi yardıma görə ödənilmiş 325 manat pulun, habelə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsi uzun illər ərzində X1 və istifadəsində olmuş və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən əmlaka dair xx.xx.1997-ci il tarixdə X3 adına texniki pasport tərtib edilməklə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmamışdır. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum Xurşid Şahvələdovanın bacısı və vərəsəsidir. Belə ki, Qazax rayonu Notariat Ofisinin xüsusi notariusu İ.N.Tağıyev tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik Şəhadətnaməsindən görünür ki, X.Şahvələdovanın vəfatından sonra İddiaçı tam hissələrdə yeganə vərəsəsi kimi tanınmışdır. Mərhum X.Şahvələdova sağlığında mübahisəli qeyri-yaşayış sahəsinin sahibi kimi orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırkı iş üzrə Cavabdeh isə sözügedən ticarət obyektində işçi kimi çalışmışdır. X.Şahvələdovanın ölümündən sonra Cavabdeh sahəni boşaldaraq oradan çıxmaqdan imtina etmiş və beləliklə həmin qeyri-yaşayış sahəsini zəbt etmişdir. Hətta cavabdehin sözlərinə görə guya o, həmin obyekti öz adına rəsmiləşdirmiş və daha sonra onlara məlum olmayan üçüncü şəxsə satmışdır. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədilə Qazax rayon Notariat ofisinə müraciət etmiş, sonuncu isə xx.xx.2025-ci il tarixli məktubla ƏMDK DƏDKRX PHŞ-nin 15 saylı Ərazi idarəsinə məktub göndərərək, İddiaçı adına forma 1, forma 37 və çıxarış verilməsini xahiş etmişdir. Lakin Cavabdeh mübahisəli obyektdə qanunsuz qalması qeydiyyat və vərəsəlik işində süni maneələr yaratmışdır. Belə ki, cavabdeh həmin qeyri-yaşayış sahəsinə müvafiq mütəxəssislərin və iddiaçının daxil olmasına icazə vermir, sənədləşmə işlərinə mane olur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə göndərdiyi mülahizədə göstərmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəf yazılı etiraz təqdim etməsə də, bu işlə bağlı olan müvəqqəti təminat tədbirinin seçilməsi barədə qərardaddan verdiyi şikayətdə mövqeyini bildirmiş, iddianı qəbul etmədiyini sərgiləmişdir. Cavabdehin etirazları ilə bağlı bir neçə məqamlara aydınlıq gətirmək istəyirəm. Belə ki, ilk öncə cavabdeh R.Eyyubov Qazax rayon Məhkəməsinin 2(023)-44/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərək bildirir ki, mübahisəli qeyri-yaşayış sahəsi məhkəmə qərarı ilə onun ümumi birgə istifadəsinə verilmişdir. Halbuki, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1947/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, daha sonra apellyasiya instansiyasının qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6083/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilərək təkrar apellyasiya baxışına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi sözügedən işə təkrar baxaraq 2(104)-1101/2021-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş hissəsində də qətnaməni ləğv etmiş, həmin hissədə də tələbləri təmin etməmişdir. Yəni, həmin sözügedən mülki iş üzrə heç bir tələb təmin edilməmiş, sonuncu (hazırda qanuni qüvvədə olan qətnamə ilə) cavabdehə əmlak üzərində hər hansı hüquq tanınmamışdır. Xüsusilə həmin iş üzrə tələb mülkiyyət və ya istifadə hüquqları ilə bağlı olmamış, iddiaçının mərhum bacısı Xurşid Şahvələdovanın vəfatından sonra dükanda qalan malların qaytarılması ilə bağlı olmuşdur. Hazırkı iddia tələbinə gəldikdə isə DƏDKRX 15 saylı Tovuz Ərazi İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli məktubdan açıq-aydın görünür ki, sözügedən əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, xx.xx.1997-ci il tarixdə Dövlət Əmlakının İnventarlaşması İdarəsi tərəfindən mərhum Şahvələdova Xurşidin adına ilkin sənədləşmə işləri aparılmış və texniki pasport tərtib edilmişdir. Sonradan dövlət əmlakının özəllədirməsi proqramına əsasən mərhumun həmin əmlakı öz mülkiyyətinə keçirmək hüququ yaranmışdır və bu hüquq yalnız ona və ya onun vərəsələrinə məxsusdur. Mərhum X.Şahvələdova vəfatı səbəbindən bu hüququndan istifadə edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsindən görünür ki, İddiaçı bacısı X3 vərəsəsi kimi tanınmışdır. Daha sonra iş materiallarına əlavə edilmiş X20 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı mübahisəli əmlak üzərində də vərəsəlik hüquqlarının ona tanıması barədə müraciət etmiş və notarial orqan tərəfindən ərizə qəbul edilərək icrasına başlanmışdır. Lakin cavabdehin həmin əmlakı qanunsuz istifadə etməsi səbəbindən DƏDKRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəsisləri həmin əmlaka baxış keçirə bilmədiklərindən cavabdeh tərəfindən suni maneələr yaradılmış və mülkiyyət hüququnun qeydə alınması hazırda mümkün olmamışdır. İddiaçının həmin əmlak üzərində gözlənilən mülkiyyət hüququ olduğundan hazırkı iddianı qaldırmağa subyektiv hüquqları mövcuddur. Hazırda iddiaçı gözlənilən mülkiyyət hüququ üzrə özünə çatacaq əmlaka sahib ola bilmədiyindən müəyyən zərər görür, əldən çıxmış fayda qismində maddi kəsirlərlə qarşılaşmaqdadır. Çünki mübahisəli əmlak mərkəzi bazarda yerləşməklə daim gəlir gətirən qeyri-yaşayış obyektidir. Hazırkı iş üzrə bütün sübutlar və sənədlər təqdim edilmişdir. Cavabdeh tərəfin isə öz mövgeyini sübut edəcək hər hansı dəlili mövcud deyildir. Mülki-prosessual qanunvericiliyə əsasən məhkəmə çəkişməsi zamanı hər tərəf öz istinad etdiyi halları sübut etməyə borcludur. Bununla yanaşı işə baxan məhkəmə sübutlara qərəzsiz, düzgün və obyektiv qiymətləndirməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsi uzun illər ərzində X1 və istifadəsində olmuş və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sözügedən əmlaka dair X3 adına texniki pasport tərtib edilməklə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Lakin X.Şahvələdovanın qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmamışdır. Sonradan dövlət əmlakının özəllədirməsi proqramına əsasən mərhumun həmin əmlakı öz mülkiyyətinə keçirmək hüququ yaranmışdır və bu hüquq ona və ya onun vərəsələrinə məxsus olmuşdur. Mərhum X.Şahvələdova vəfatı səbəbindən bu hüququndan istifadə edə bilməmişdir. X.Şahvələdovanın vəfatından sonra İddiaçı tam hissədə yeganə vərəsəsi kimi tanınmışdır. İddiaçı mübahisəli əmlak üzərində vərəsəlik hüquqlarının tanınması barədə müraciət etmiş, forma 1 almış, çıxarış verilməsi üçün DƏDRX-nin mütəxəssisləri tərəfindən qeyri-yaşayış binasına baxış keçirilərək, texniki pasportda qeyd olunan ölçülərin yerində yoxlanılması üçün qeyri-yaşayış binasına cavabdeh tərəfindən maneələr yaradılmışdır. Bu səbəbdən də sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək, iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iş materiallarında qeyd olunan qeyri-yaşayış sahəsinin iddiaçının bacısına məxsus olmasını sübut edəcək heç bir mötəbər sübut yoxdur. Belə ki, 28 noyabr 1997-ci il tarixdə Şahvələdova Xurşidin adına göstərilən texniki pasportda göstərilən ticarət köşkü ilə Cavabdeh məxsus olan və onun tərəfindən Qazax şəhəri, Mərkəzi bazarında alüminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış binasının ölçüləri, texniki göstəriciləri, inşa edilmiş materiallar və inşa edilmə tarixləri fərqlidir. 28 noyabr 1997-ci il tarixdə Şahvələdova Xurşid adına göstərilən texniki pasportda anbar, dəhliz və ticarət sahəsi olmaqla ümumi sahəsi 14.5 kv.m sahəsi olan köşk götərilmişdir. Cavabdeh məxsus olan və onun tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarətdir və qarşısında 30 kv.m yaxın ölçüdə çardağı vardır. Buradanda görünür ki, iddiaçının tələb etdiyi ticarat köşkü ilə cavabdeh tərəfindən alüminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış sahəsi tamailə fərqlidir. Mübahisə olunan Cavabdeh məxsus olan və onun tərəfindən inşa edilmiş sahənin neçənci ildə inşa edilməsi, təqdim edilmiş 28 noyabr 1997-ci il tarixdə Şahvələdova Xurşidin adına göstərilən texniki pasportdakı köşk ilə Cavabdeh məxsus olan və onun tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin ölçüləri və digər texniki göstəricilərinin eynilik təşkil edibetməməsi, qeyd edilən qeyri-yaşayış sahəsinin hansı təyinatlı torpaq sahəsində yerləşməsi kimi halların müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Bundan başqa İddiaçının nünayəndəsi 25 dekabr 2025-ci il tarixdə keçirilən iclasda özü etiraf etmişdir ki, həmin alüminium konstruksiya ilə qurulmuş mağaza Ramiz Əyuubov tərəfindən sonradan inşa edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X5 atası X9, anası X8 olmaqla 14 oktyabr 1948-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, İddiaçı atası X9, anası X7 olmaqla 01 sentyabr 1959-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü xx.xx.1997-ci ildə fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci ildə ölmüşdür. Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-549 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci ildə ölmüş X2 vərəsəsi bacısı İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə olunan X19 ilə Qazax "xxxx" MMC-nin direktoru X18 arasında "xxxx" MMC-nin ərazisində yerləşən, bazara məxsus olmayan ticarət obyektinə görə 2019cu, 2020-ci və 2021-ci il tarixdə müqavilə bağlanmış, 2019-cu il üçün illik 984 manat, 2019cu il üçün illik 1020 manat, 2021-ci il üçün illik 1020 manat bazar xidmət haqqı ödənmişdir. İşdə olan Qazax "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışdan görünür ki, həqiqətəndə bazarın daxilində 30 kv.m sahəsi olan ticarət obyekti 01 yanvar 2018-ci il tarixdən X15 adına müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyriyaşayış sahəsinin boşaldılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmamasının, həmçinin cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü xx.xx.1997-ci ildə fiziki şəxs Şahvələdova Xurşidin adına qeydə alınmışdır. Göründüyü kimi, Qazax şəhəri Mərkəzi bazarda ticarət köşkü xx.xx.1997-ci il tarixdə, 46 inventar nömrəsi ilə Şahvələdova Xurşidin adına qeydə alınmışdır və mübahisəli ticarət köşkünə Şahvələdova Xurşidin gözlənilən mülkiyyət hüququ vardır. Lakin dövlət əmlakının özəllədirməsi proqramına əsasən mərhumun həmin əmlakı öz mülkiyyətinə keçirmək hüququ yaransa da, X.Şahvələdova vəfatı səbəbindən bu hüququndan istifadə edə bilməmişdir. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X23 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X10 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X23 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. İş materiallarına əlavə olunmuş qətnamələrin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(023)-44/2021 saylı qətnaməsi ilə Qazax rayonu Mərkəzi bazarda yerləşən, ümumi sahəsi 30 kv.m olan ticarət obyekti İddiaçı və X15 ümumi birgə istifadələrinə verilməsi, X4 məxsus 2 ədəd 2-nin 3-ə 1 ədəd 1,5-in 2,20-yə 4 ədəd 1-in 1,5-ə, 1 ədəd 1,20-nin 4-ə Türkiyə istehsalı olan xalçalar, 6 ədəd yarımçıq (üzərindən istifadə olunmuş) top Türkiyə istehsalı olan tül pərdəlik, 1 ədəd Türkiyə istehsalı olan 40 metrə dekor parça, 20 ədəd müxtəlif ölçülərdə və rənglərdə olan qalıq dekor parçalar, 4 paçqa süfrə, 4 paçqa dəsmal, 5 top müxtəlif ölçüdə və rəngdə yorğandöşək üzləri və 2 ədəd pərdə aksessuarların yarısı X12 alınaraq İddiaçı verilməsi qət edilsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1101/2022 saylı qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(023)-44/2021 saylı qətnaməsi tələbdən kənara çıxılmış və iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iddianın təmin edilmiş hissəsində yeni qətnamə çıxarılması qət edilmişdir. Qətnamələrdən də göründüyuü kimi əvvəlki iddalarla hazırki iddia tələbinin heç bir əlaqəsi yoxdur. Lakin əvvəlki məhkəmə qətnamələrində mübahisəli obyektin, yəni Qazax rayonu Mərkəzi bazarda yerləşən köşkün hazırki köşklə eynilik təşkil etməsi təsdiqini tapır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd olunan qeyri-yaşayış obyektinin 28 noyabr 1997-ci il tarixdə Şahvələdova Xurşidin adına göstərilən texniki pasportda göstərilən ticarət köşkü ilə Cavabdeh məxsus olan və onun tərəfindən Qazax şəhəri, Mərkəzi bazarında alüminium konstruksiya ilə inşa edilmiş qeyri-yaşayış binasının ölçüləri, texniki göstəriciləri, inşa edilmiş materiallar və inşa edilmə tarixlərinin fərqli olduğunu, 28 noyabr 1997-ci il tarixdə Şahvələdova Xurşid adına göstərilən texniki pasportda anbar, dəhliz və ticarət sahəsi olmaqla ümumi sahəsi 14.5 kv.m sahəsi olan köşk götərildiyini, Cavabdeh məxsus olan və onun tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi isə 30 kv.m ölçüdən çox olmaqla tək bir otaqdan ibarət olduğunu və qarşısında 30 kv.m yaxın ölçüdə çardağı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi Vəkil1 isə etiraz ərizəsində və izahatında özbaşına tikintinin mülkiyyət hüququ yaratmadığını, cavabdehin nümayəndəsinin həmin ərazidəki köhnə köşkün yerində hazırkı alüminium konstruksiyanı Ramiz Eyyubovun inşa etdiyini, lakin cavabdehin həmin torpaq sahəsinə dair heç bir torpaq ayırma sənədi, icarə müqaviləsi və ya mülkiyyət sənədi olmadığından bu tikinti özbaşına tikinti sayıldığını qeyd etmişdir. Ramiz Eyyubovun orada "təzə köşk" tikməsi, həmin köşkün ona məxsus olması demək deyil. Əksinə, o, miras əmlakın yerləşdiyi ərazini zəbt etmiş və orada qanunsuz dəyişiklik etmişdir. 1997-ci il tarixli X21 şəhəri, Mərkəzi Bazar ərazisindəki konkret koordinatdakı yer mərhum Xurşid Şahvələdovaya ayrılmışdır. Cavabdehin həmin yeri şüşələməsi, alüminiumla üzləməsi və ya sahəsini qanunsuz olaraq 14 kv.m-dən 30 kv.m-ə çatdırması həmin yerin hüquqi statusunu dəyişmir. Cavabdehin istifadəsində olan obyekt qanuni sənəd olan yerdə yerləşir. Məhkəmə araşdırması və proses iştirakçılarının izahatları ilə bir daha təsdiq olunur ki, Qazax rayonu Mərkəzi bazarda yerləşən, ümumi sahəsi 30 kv.m olan mübahisəli obyektə cavabdeh Ramiz Eyyubov qanunsuz sahiblənmişdir və istifadə edir. İş materiallarında olan müqavilələrdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqavilə Xurşid Şahvələdova vəfat etdikdən sonrakı dövrdə bağlanmışdır. Ramiz Eyyubovun isə iddia etdiyi 30 kv.m olan köşkə dair heç bir hüqumüəyyənedici sənəd təqdim edilməmişdir. Yalnız "xxxx" MMC ilə bağlamnmış müqavilələr təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin Konstitusiyada və qanunlarda təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin gözlənilən mülkiyyət hüququ üzrə iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsindən istifadə etmək hüququ olmadığından, cavabdehin mübahisəli obyektə sahiblənməsi və qanunsuz istifadə etməsi iddiaçının əmlak üzərində qeydiyyat və vərəsəlik işində süni maneələr yaradır, istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin qeyri-yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməli, Cavabdeh (mərhum X3 adına rəsmiləşmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi cavabdehin vəsaiti hesabına boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 325 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xərci də cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 325 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum X3 adına rəsmiləşmiş) Qazax şəhəri, Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi Cavabdeh vəsaiti hesabına boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 100 manat dövlət rüsumu və 325 manat vəkil xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1880/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1880/2025
27.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver