Məhkəmə qərarları › İş №e-2(024)-253/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-253/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-253/2024 07.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 21 dekabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə İddiaçı MMC-yə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh İddiaçı MMC ilə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində İddiaçı MMC-nin yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbayan Respublikası ərazisində başqa, avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə 3000 (üç min) manat məbləğində dəbbə pulunu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu İddiaçı MMC-yə ödəməmişdir. Hesab edir ki, qeyd edilən hərəkətləri ilə cavabdeh 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini və İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, onların işi avtonəqliyyat sektorunda nəqliyyat vasitələrinin satışı, təmir xidmətlərinin göstərilməsindən ibarətdir. Şirkət uzun müddətdir fəaliyyət göstərir. Ölkə rəhbərliyinin cəmiyyət qarşısında qoyduğu tələblərə əsasən onlar potensial kadrların hazırlanması ilə bağlı bir proqram həyata keçirirlər. Proqram çərçivəsində institutu yeni bitirmiş gənc kadrların, hansı ki, müsabiqə elan edərək onların arasında bilik bacarığı olanlar və onlarla işləmək istəyənlər seçilir. Bundan sonra onların həm kənardan cəlb etdikləri, həm də müəssisəsinin uzun müddətli təcrübəsi olan əməkdaşların iştirakı ilə ayrılmış dərs otağı vardır. Hansı ki, həmin otaq avadanlıqlarla təchiz olunmuşdur. Orada onlar nəqliyyat vasitəsinin sıfırdan vəziyyəti, o cümlədən xidmət hansı şəkildə təşkil olunur, ehtiyyat hissələri, proqramlar necə təşkil olunur, bunların hamısı barədə müxtəlif işçiləri və kənardan cəlb etdikləri mütəxəssislər tərəfindən onlara dərs keçiilir. Hazırki iş üzrə cavabdeh də həmin proqramda iştirak edən tələbələrdən biri olub, yəni gəlib müraciət edib, onlar da onun əməkdaşlıq etmək istəyini nəzərə alaraq onunla hazırki iddia tələbində göstərilən müqaviləni bağlamışlar. Cavabdeh müqavilənin şərtləri ilə oxuyub tanış olmuş, həmdə burada hansı tələblər var cavabdehə izah olunubdur. Yəni həm müqavilə bağlamamışdan əvvəl, həmdə sonra onunla söhbət aparılmış, yəni bu məsələlər kifayət qədər hamısı müzakirə olunmuşdur ki, hansı şərtlər altında onlar bu müqaviləni bağlayırlar və nə üçün onu seçirlər. Çünki onlar uzunmüddətli mütəxəssis hazırlanması proqramını həyata keçirirlər ki, həmin şəxslərə əziyyət çəkirlər, oxudurlar, hazırlayırlar. Günün yarısı onlara təlim keçirlər, digər yarısını isə digər işçilər servisdə təcrübi məşğələləri keçirlər. Yəni keçirilən dərsləri əyani şəkildə orada göstərirlər. Onlar müqavilə bağlamaq istəyənlərə əvvəlcədən demişlər ki, əgər qalıb işləməyəcəklərsə, onların vaxtını boş yerə sərf etməsinlər. Çünki, onlara əmək sərf edirlər, vaxtlarını sərf edirlər. Onları yetişdirmək üçün enerji sərf edirlər. Kənardan işçi götürərək xidmət müqaviləsi bağlayaraq, aylıq müəyyən qədər pul ödəyirlər ki, onları yetişdirib ortaya çıxarsınlar. Əgər çıxıb gedəcəklərsə onlarla işləməsinlər, gedib özlərinə başqa iş tapsınlar. Onlar isə, cavabdeh də daxil olmaqla işləmək istədiklərini bildirimşlər. Dərsi keçmiş, müqavilədə götürdükləri öhdəlikləri yerinə yetirmiş, onlarla əmək müqaviləsi bağlayaraq işə götürmüş, nəqliyyat vasitələrindən anlayışı olmasa da onlarla əmək müqaviləsi bağlayaraq əmək haqqı ödəmişlər. Onlar kifayət qədər əllərindən gələni etmişlər. Cavabdeh deyir ki, işləmək istəmir. Bu da onların hüquqlarını pozur. Cavabdeh etirazında göstərmişdir ki, onlara dərs keçilməyib. Dərs jurnalını əyani şəkildə məhkəməyə təqdim edir. Belə ki, onlara dərs keçilmiş və dərslərdə iştirak edən şəxslər jurnala imza etmişlər. Cavabdeh başqa yerdə işləyir. Bununla bağlı əmək müfəttişliyinə müraciət etmiş, lakin şəxsi sirr olduğu üçün imtina etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsi verərək Cavabdeh ilə bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə 3000 manat dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun ondan alınmasını xahiş etmişdir. İddianı qəbul etmir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və 3 gün sonra onunla bağlanmış əmək müqaviləsini dəfələrlə tələb etsə də ona təqdim edilməmişdir. Şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 21 avqust 2023-cü il tarixdən faktiki olaraq işə başlamışdır. 3 gün ərzində 24 avqust 2023-cü il tarixədək hər gün saat 09:00-dan 12:00-dək iş haqqında ilkin məlumatların öyrədilməsi üçün iş yerinə gəlmişdir. Saat 12-dən saat 18-dək faktiki olaraq işləmişdir. 24 avqust 2023-cü il tarixdən onunla əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-yə məxsus avtoservisdə satış üzrə operator işləmişdir. Təlim dedikləri-hər gün saat 09:00-dan saat 12:00-dək iş yerində şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib. İşə başlamamışdan əvvəl avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmişdir. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusunun və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir. Ancaq bu müddət ərizində tam iş gün əmək funksiyasını yerinə yetirmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. İddiaçı MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə İddiaçı MMC müqavilə üzrə Cavabdeh nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, bu məqsədlə mütəxəssislər cəlb etməyi, “təlim alanı” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. İddiaçı MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürür. Ancaq belə bir peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, ancaq müqavilə bağlandıqdan 3 gün sonra əmək müqaviləsi bağlanmış və o Cavabdeh ehtiyyat hissələrinin satışı üzrə operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni əmək müqaviləsi üzrə işə başlaması “təlim” in nəticəsi ilə bağlı deyil. Ehtiyyat hissələrinin satışı üzrə operator pesə hesab oluna bilməz. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq göstərilməli idi:

1. tədrisin qaydaları

2. tədrisin tarixi və vaxtı

3. imtahan qaydaları

4. tədrisin nəticəsi

5. istehsalata və ya işə buraxılması qaydası Bildirir ki, müəyyən vaxtdan bir 10 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin, test imtahanı təlimin nəticəsi ilə bağlı olmayıb. Çünki, 24 avqust 2023-cü il tarixdə işə başlamışdır. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olub. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Ali məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadı: Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə İddiaçı Maddi Məsuliyyətli Cəmiyyəti sonradan əmək müaviləsi üzrə işəgötürən, Cavabdeh işçi olmuşdur. Cavabdeh təlim almadığı halda ondan əvəzsiz olaraq 3000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və Cavabdeh üçün zərərlidir. Mülki Məcəllənin 462.4-ci maddəsinə əsasən əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Maddi Məsuliyyətli Cəmiyyəti iddiaçı olaraq iddia tələbini sübut etməlidir. Təlimin nədən ibarət olması, təlimin strukturu, tədrisin qaydaları, təlim üçün nəzərdə tutulmuş müddət və vaxt, tədrisin nəticəsi, imtahan qaydaları, istehsalata və ya iş yerinə buraxılış və kimi digər amilləri sübut etməlidir. Göstərdiklərinə əsasən Məhkəmədən İddiaçı ona qarşı 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəninin təmin edilməməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh işdən özündən asılı olmayan səbəblərdən çıxmışdır. Belə ki, Ayşəm ərə getmiş, evində problemlər yaranmış, qaynanası yataq xəstəsidir. Onun qızı işləyən zaman ona 400 manat əmək haqqı verilmişdir. O, iddiaçıya bir manat belə təzminat ödəmək fikrində deyil. İddiaçı demişdir ki, təlim keçəcəklər. Onun uşağı işə gedəndən təlim görməmişdir. Saat 9-dan 12-yə qədər işləmişdir. Bayram günləri evdə olmamışdır. İddianı qəbul etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 avqust 2023-cü il tarixli Təlim keçmə və əməkdaşlıq haqqıadn müqavilədən görünür ki, "xxxx" MMC ("Şirkət”) ilə Cavabdeh ("Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün "xxxx"a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, "xxxx"ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. "xxxx" "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkətlə əmək müqaviləsi bağlayaraq "xxxx"in servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5(beş) il müddətində "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməyi öhdəsinə götürür. "xxxx" hazırkı müqaviləyə əsasən götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilənin 7.2-ci maddəsində müəyyən edilmiş məbləğdə dəbbə pulunu “Şirkət’ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Hazırkı müqavilənin tələblərini vaxtında və lazımi qaydada icra etmək. “Şirkətlə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində yalnız "xxxx"də işləmək, başqa bir yerdə işləyibişləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verməmək və ya ləğv etməmək, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində “Şirkət'in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyibişləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 3000 (üç min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqlari. "xxxx"dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. "xxxx" öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib- işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə "xxxx"dan 3000 (üç min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. Şirkətin Vəzifələri. "xxxx" hazırkı müqavilə imzalandıqdan sonra "xxxx" şəxslə əmək müqaviləsi bağlamağı və onu işə götürməyi öhdəsinə götürür. Tərəflərin məsuliyyəti. Tərəflər müqavilə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyırlar. "xxxx" “Şirkətin” yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib- işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə "xxxx"ə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Müqavilənin qüvvədə olma müddəti. Hazırkı müqavilə xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. Hazırkı müqavilə aşağıdakı hallarda xitam verilir: Tərəflərin hər ikisinin qarşılıqlı razılığı ilə. Müqavilənin qüvvədə olma müddəti bitdikdə və tərəflər onun müddətinin uzadılması ilə. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinə 68.2a, tərəflərin birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 22 dekabr 2023-cü il tarixli Xəbərdarlıqda göstərilir ki, aralarında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən cavabdeh 5 (beş) il müddətində İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 5 (beş) il müddətində yalnız İddiaçı MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdənizə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 21 dekabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə İddiaçı MMC-yə müraciət etmişdir. Cavabdeh bu hərəkətləri ilə aralarında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün İddiaçı MMC ona təlim keçilməsi üçün çəkdiyi 3000 (üç min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Qax rayon məhkəməsinə müraciət edəcək. Məhkəməyə müraciət etdiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də cavabdehdən tutulacaq ki, bu da cavabdehdən tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Hesab edir ki, aralarında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməyi cavabdehi artıq xərclərdən azad edər və aralarında olan inamın və əməkdaşlığın qorunmasına xidmət edər. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 50 manat dövlət rüsumu ödəmişdir. Kazımlı X5 ərizəsindən görünür ki, o iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh ilə iddiaçı MMC arasında olan əmək müqaviləsinə cavabdehin ərizəsinə əsasən tərəflərin birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin İ bəndində əsasən, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Adıçəkilən normanın 1 hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 21 dekabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə İddiaçı MMC-yə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh İddiaçı MMC ilə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində İddiaçı MMC-nin yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbayan Respublikası ərazisində başqa, avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə 3000 (üç min) manat məbləğində dəbbə pulunu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması üzrə hüquq münasibətləri əmək münasibətlərini müşayiət edən münasibətlərdir və işəgötürənlə işçilərin bilavasitə istehsalatda peşə təhsili vəzifəsinin həlli ilə əlaqədardır. Əmək münasibətlərində olan işçi peşə hazırlığı, yenidən hazırlıq, yenidən hazırlıq və ixtisasartırma keçə bilər. Bu münasibətlər işçinin istehsalatda təlimi, ixtisasının artırılması və təlimə rəhbərlik üzrə münasibətləri əhatə edir. Bu münasibətlərin subyektləri işçinin peşə hazırlığı, yenidən hazırlığı, ixtisasının artırılması haqqında qərar qəbul etmiş işəgötürən, peşə təliminin növlərini seçmiş işçi, habelə tədris müəssisələri çıxış edir. Əmək Məcəlləsinin 7.4-cü maddəsinə görə bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşə öyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7.5-ci maddəsinə görə işçiyə yeni peşə öyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Müvafiq olaraq peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma üzrə münasibətlərin yaranmasının əsasını həmin subyektlərin qarşılıqlı iradə ifadəsi təşkil edir. Bu zaman həqiqətən də işəgötürənin işçini hansı peşə növü üzrə təlimlərə cəlb etməsi, bunun üçün şirkətin dəvət etdiyi təlimçiyə məhz bunun üçün hansı məbləğdə vəsait ödəməsi, keçirilən təlimlərin nədən ibarət olması tam dəqiq müəyyən edilməlidir. Məhz bundan sonra işçinin təlimə cəlb edilməsinə görə müqavilə üzrə dəbbə pulu ödəməli olmasından söhbət gedə bilər. İşin halları bu yöndə araşdırılan zaman müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Bu zaman işçiyə işəgötürən tərəfindən nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsi iş materiallarından görünmür. İlk növbədə işəgötürən üzərinə düşən vəzifəni icra etməlidir ki, hazırda da cavabdehdən dəbbə pulu tələb etsin. Hansı ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında, habelə, verdiyi etiraz ərizəsində bunu ifadə edərək göstərmişdir ki, ona hər hansı peşə təlimi keçirilməmişdir. Bu kimi hallar iddiaçının ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etmək vəzifəsini icra etmədiyini göstərir. Bu barədə (keçirilən təlim proqramları, təlimə cəlb olunan mütəxəssislərlə əmək müqaviləsinin bağlanması, onlara hansı qaydada əmək haqlarının ödənilməsi və s.) iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə diqqətə çatdırır ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə təqdim edilən subutlar iddianın təmin edilməsi baxımından yetərsiz olmuşdur. Bu halda cavabdehdən işdən çıxdığı üçün dəbbə pulun tələb edilməsi isə əsassızdır. Əks yanaşma əmək münasibətlərinə davam etməyə məcbur edilmə kimi qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia əsassız olduğundan rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar