Məhkəmə qərarları › İş №e-2(024)-260/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-260/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-260/2025 04.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı MMC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-i ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC-i ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC-i tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC-i ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində İddiaçı MMC-də işləməyi, başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 09 yanvar 2025-ci il tarixində İddiaçı MMC-i ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Beləliklə də cavabdeh bu hərəkəti ilə aralarında bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini və həmin müqavilə üzrə götürdüyü öhdəliklərini pozmuşdur. 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh İddiaçı MMC-i ilə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində İddiaçı MMC-in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, öhdəliklərini pozarsa onlarla bağladığı müqavilənin ödəliklərini icra etmədiyi təqdirdə 3.000 (üç min) manat məbləğində dəbbə pulunu İddiaçı MMC-yə ödəməlidir. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu İddiaçı MMC-yə ödəməmişdir. Hesab edir ki, qeyd edilən hərəkətləri ilə cavabdeh 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini və İddiaçı MMC-in hüquqlarını pozmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə etirazının onunla əsaslandırmışdır ki, İddiaçı MMC-i iddia ərizəsi verərək mənimlə bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə 3.000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun məndən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. 05 sentyabr 2023-cü il tarixdə İddiaçı ilə əmə müqaviləsi bağlayaraq əmək fəaliyyətinə cəlb edilmişdir. Lakin, sonrakı dövrlərdə işəgötürən tərəfindən söz verildiyi kimi əmək haqqının artırılmaması, qeyri iş günlərində qanunsuz olaraq onu və digər işçiləri işə cəlb etmələri (həmin günlərə görə əmək haqqı ödəmilməyib) işdən çıxmasına səbəb olmuşdur. 10 fevral 2025-ci il tarixdə ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, iddianı qəbul etmir. Belə ki, 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Həmin müqavilənin 1.1-ci hisəsinə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, «Təlim alan»ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə İddiaçı MMC-i üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyəti və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməyib. Qeyd edir ki, nə onun servisdə təmir ustası kimi işləmək, nə də şirkətin onu təmir ustası kimi işə götürmək niwəti olmuyub. Əmək müqaviləsi: Əmək müqaviləsinin 3-cü hissəsində işçinin əmək funksiyası müəyyən edilmişdir. Həmin hissədə işçinin əmək funksiyalarına nəzər saldıqda onların heç birinin nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri ilə əlaqəsi yoxdur. Şirkət öhdəliyin yerinə yetirmədiyi üçün mənə qarşı tələbi əsassızdır. Vəzifəsi operator olub. İşi təmirə gələn avtomobilin sığorta ilə bağlı qiymətləndirilməsindən ibarət olmuşdur. Belə ki, şirkətin sığorta şirkətləri ilə nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi və qiymərləndirilməsi ilə bağlı müqavilələri var. Sığorta şirkəti avtomobilləri servisə göndərdikdə sığorta şirkətinin əməkdaşı ilə birlikdə dəymiş ziyanın müəyyənləşdirilməsində iştirak etmişdir. Əmək fəaliyyəti bundan ibarət olmuşdur. Şirkətin uzun müddət işləmiş işçisi ona servis haqqında məlumat verib, ay sonunda verdiyi məlumatlar əsasında sual cavab eliyib. Yəni Şirkətin iddia etdiyi təlim bundan ibarətdir. Qeyd edir ki, hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. İddiaçı MMC-in iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühümşərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə İddiaçı MMC-i müqavilə üzrə ona şirkətə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, «təlim alanı» yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Əvvəla onu qeyd edir ki, İddiaçı MMC «təlim alana» peşə öyrətməyi öhdəsinə götürür. Ancaq peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, bir gün sonra əmək müqaviləsi bağlanmış və operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışam. Yəni, əmək müqaviləsi üzrə işə başlamağım “təlim” in nəticəsi ilə bağlı deyil. Operator vəzifəsi peşə hesab oluna bilməz. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə İddiaçı MMC-i üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyətim və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməyib. Qeyd edir ki, nə onun servisdə təmir ustası kimi işləmək, nə də şirkətin onu təmir ustası kimi isə götürmək niyyəti olmuyub. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq göstərilməli idi: tədrisin qaydaları tədrisin tarixi və vaxtı imtahan qaydaları tədrisin nəticəsi istehsalata və ya işə buraxılması qaydası 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Ali məhkəməsinin «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli Qərardadı: Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə İddiaçı MMC-i sonradan əmək müaviləsi üzrə işəgötürən, o isə işçi olmuşdur. O təlim almadığı halda ondan əvəzsiz olaraq 3.000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və zərərlidir. Mülki Məcəllənin 462.4-ci maddəsinə əsasən əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin pozulmasını cavabdehin işdən azad edilməsi əsasında yarandığını göstərir. Beləliklə, tərəflər arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə iddiaçı müqavilənin davamlılığını əmək münasibətlərinin davam etdirilməsi ilə şərtləndirmişdir. Bu məcburi əməyə cəlb etmənin əlamətidir. Hazırki müqavilə Şirkətdə işçilərin az əmək haqqı ilə işdə saxlanmasına xidmət edir. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə başqa yerdə işləmək qadağası konstitusion hüququmun pozulmasıdır. Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təlim Tədrisin keçirilməsini iddia edən, təlimçinin olmasını, təlimçiyə ödənilən xidmət haqqını, təlimi proqramını, strukturunu, tədrisin qaydaları, tədrisin tarixi və vaxtı, imtahan qaydaları, tədrisin nəticəsi, istehsalata və ya işə buraxılması qaydasını əks etirən sübutlar təqdim etməlidir. Təlimin nəticəsi necə olub? onu necə qiymətləndiriblər? nəticədə ona hansı peşə öyrədilib? İş materiallarında sualları cavablandıran heç bir sənəd yoxdur. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə İddiaçı MMC-nin üzərinə götürdüyü öhdəliklərin icrası olaraq Şirkətə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün mənə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsinə, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsinə, cavabdehin müvafiq peşəyə yiyələnməsinə dair Şirkəti tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı MMC” 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və ona nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə bilikləri öyrətməmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən, İddiaçı ona qarşı 3.000 manat və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair iddia ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı MMC-in etibanramə üzrə nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Möhtərəm Hakim! Tərəflər arasında 04 sentyabr 2023-cü il tairxdə təlim keçmə və əməkdaşlıq haqqıdna müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən təmsil etdiyi şəxs özünə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmirii lə bağlı zərur nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün cavabdehə təlim keçməyi, təhsil keçməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürümşdür. Bu müqavilə çərçivəsində təmsil etdiyi şəxs tərəfindən bütün öhdəliklər tam və lazımi şəkildə keyfiyyətlə yerinə yetirlmişdir. Cavabdehlə üç ay müddətində təlim keçirilmiş, həm təlim müddətində, həm də sonra onunla əmək müqaviləsi bağlayaraq iş yeri ilə təmin etmişdir. Müqavilənin şərtlərinə əsasən nəzərdə tutulmuşdur ki, həmin təlim ödənişsiz həyata keçiriləcək, bir şərtlə ki, işçi müəyyən bir müddət ərzində təmsil etdiyi şəxsdə işləsin. Lakin bir müddət sopnra cavabdeh həmin müqavilə üzərinə götürdüyü öhdəliyi pozaraq təmsil etdiyi şəxslə bağladığı əmək müqaviləsinə xitam vermişdir. Bunun da nəticəsində təmsil etdiyi şəxs hesab edir ki, həmin müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Müqavilənin şərtlərinə əsasən bu kimi halın baş verdiyi təqdirdə cavabdeh 3.000 manat məbləğində dəbbə pulu ödəməlidir. Hazırki iddia üzrə təmsil etdiyi şəxsdən tələbi də bununla bağlıdır ki, 3.000 manat məbləğində dəbbə pulu, bir də 50 manat məbləğində dövlət rüsumu cavabdhedən alınaraq təmsil etdiyi şəxsə ödənilsin. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəf məhkəməyə etiraz ərizəsi təqdim etmişdir və bu etirazın əsası kimi onu göstərmişdir ki, ona hər hansı bir təlim keçirilməyib. Ancaq etirazın ümumi məzmununa baxılarsa, cavabdeh bir tərəfdən bildirir ki, ona hər hansı bir təlim keçirlməyib, digər halda həmin müqavilənin etibarsızlığına istinad edir. Etirazda bir çox hallarda göstərir ki, onun işlə təmin olunmağı ona keçirilmiş təlimlə bağlı deyildir. Bu o deməkdir ki, təlim keçirilmişdir. Digər tərəfdən də məhkəməyə sübut olaraq cavabdehə təlim keçirilməsi ilə bağlı hansı ki sübut qismində təqdim etmişlər ki, jurnalın surətinin, müxtəlif ayların, müxtəlif dövrlərindən bir neçə vərəqlər əlavə etmişlər. Buradan da görünür ki, cavabdehə həmin dərslər keçirilmişdir, mövzu və təlim keçənlər aydındır. Bunu öz imzası ilə də təsdiq etmişdir. olaraq keçirilmişdir, mövzular aydındır. Və eyni zamanda məhkəməyə digər həmin bu jurnalda göstərilmiş digər şəxslərlə bağlı ayrı-ayrı məhkəmələrin qətnamələrini də təqdim etmişlər. Həmin qətnamələrdən də görünür ki, bu təlim həmi şəxslərə keçirilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Eyni zamanda da anoloji iş olaraq məhkəmə bu məsələlərə münasibətini də bildirmişdir ki, şəxslərin bu cür müqaviləni sonradna pozmaqla bağlı hərəkətləri də öhdəliklərin pozulması kimi qiymətləndirirlib və bununla bağlı dəbbə pulu tətbiq olunmuşdur. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, Möhtərəm Hakim! İddiaçı bildirir ki, təlim keçmişlər və təlim nəticəsində hər hansı bir bilik səviyyəsinə uyğun işlə təmin etmişlər. Ancaq belə olmamışdır. O, 04 sentyabr 2023-cü ildən İddiaçı MMC-i ilə əmək müqaviləsi bağlamış və işlə təmin olunmuşdur. Vəzifəsi operator olmuşdur. Bu da onu göstərir ki, həmin vəzifə üçün xüsusi bacarıq və təlimə ehtiyac yoxdur. Həmçinin İddiaçı MMC-i orada usta kimi fəaliyyətə başlasa idi və ona usta kimi sənət öyrətsəydilər demək olardı ki, ona təlim keçmişlər. Ancaq belə bir hadisə baş vermədiyindən, bildirmək istəyir ki, ona heç bir təlim keçirilməyib, təlimin keçirilməsi üçün müəyyən təlimçi və təlimin nəticələri lazımdır, sonda da sertifikat lazımdır. Hansı nəticəyə əsasən hansı vəzifəyə təyin edilmişdir, bunlar bildirilməlidir. Həmçinin belə bildirir ki, şirkətin mövqeyi bundan ibarətdir ki, gəncləri minimum əmək haqqı ilə işlətsin, sonra da işdən çıxmaq istədikdə məhkəmə yolu ilə onlardan əlavə pul tələb etsin. Hal-hazırda da onunla birlikdə işə başlamış və ondan əvvəl də neçə nəfər gənc iddiaçı ilə məhkəmə prosesindədir və məhkəmə prosesi bitmiş şəxslər də vardır. Onların hamısının məhkəmə qərarlarını təqdim etmişdir. Şirkətin bir çox qanunsuzluqları vardır. Şirkətə işə başlamazdan əvvəl bildirilmişdir ki, maaş artımı belə olacaq, iş şəraiti belə olacaq. Lakin işə başladıqdan bir-iki ay sonra görmüşlər ki, heç nə deyildiyi kimi deyildir. O, əmək haqqı artımı ilə bağlı ərizə ilə müraciət etmişdir. Ancaq bir-neçə ay sonra onun əmək haqqında 50 manat artım olmuşdur. Həmin haqqı ilə Bakı şəhərində yaşamaq mümkün deyildir. Dəfələrlə şirkətə bildirmişdir, şirkətin dediyi söz olmuşdur ki. xoşu gəlmir çıxsın, məhkəmədə görüşərlər. Əmək haqqı artımı ilə bağlı ərizəni iddiaçının insan resursları şöbəsinə təqidm etmişdir. Dəfələrlə rəhbərliyə və vəkilə müraciət etmişdir ki, aralarında bağlanmış bütün sənədləri, hər hansı sənəd varsa ona təqdim edilsin. Lakin heç biri təqdim edilməmişdir. Şirkətin sadəcə mövqeyi ondan ibarətdir ki, gənclərin əməyini istismar etsin və minimum əmək haqqı ilə çalışmağa məcbur edir. Həftədə 40 saatdan artıq işləmək heç bir müqavilədə göstərilməmişdir. Ancaq həftədə 48 saat işləyirlər. Qeyri iş günləri, bayram günləri işə cəlb olunmuşlar. 12 nəfər onunla birlikdə işə başlamış və 10 nəfər artıq işdən ayrılmışlar. Şirkətin etdiyi qanunsuzluqlar və verdiyi vədlərin heç birinin tutmaması nəticəsində həmin şəxslər işdən ayrılmışlar. Bir də onu qeyd etmək istəyir ki, göy rəngli jurnalı qeyd etmişlər, həmin göy jurnalda sadəcə səhərlər işə gəlmələri barədə imza etmişlər. Sağ tərəfdən də görünür ki, sonradan başqa qələmlə, başqa bir xətlə, əlavə nələrsə qeyd olunmuşdur. Onlar göy rəngli jurnala imza etdikləri zaman sadəcə olaraq gündəlik həmin günü iştirak etmişlər deyə imza etmişlər. Testlərə gəlikdə isə iddiaçı necə sübut edə bilər ki. Ad soyad yazıb testi işləyib gətirmişlər, deyirlər ki, testi nə üçün işləmişlər. Təlim keçirilməyib, sadəcə şirkət işçilərindən biri gündəlik şirkətlə bağlı məlumat vermişdir. O, usta kimi fəaliyyətə başlamamış, xüsusi bilik və bacarıq səviyyəsində mütəxəssis kimi fəaliyyətə başlamamış, sadəcə operator kimi, şirkətdə ən aşağı vəzifədə, kiminsə yanında köməkçi kimi işləmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. İşin halları: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC-i ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC-i tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində İddiaçı MMC-də işləməyi, başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüşdür. 05 sentyabr 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC-də operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025 il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, İddiaçı MMC-i ilə Cavabdeh ilə arasında əmək müqaviləsinə 68.2a, tərəflərin birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 22 yanvar 2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən cavabdeh 5 (beş) il müddətində İddiaçı MMC-i ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 5 (beş) il müddətində yalnız İddiaçı MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdənizə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh 04 Sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 09 Yanvar 2025ci il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə İddiaçı MMC-yə müraciət etmişdir. Nəzərinə çatdırır ki, cavabdeh bu hərəkətləri ilə aralarında bağlanmış 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün İddiaçı MMC-i ilə Sizə təlim keçilməsi üçün çəkdiyi 3.000 manat məbləğində pulun ödənilməsi ilə bağlı Qax rayon məhkəməsinə müraciət edəcək. Məhkəməyə müraciət etdiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də cavabdehdən tutulacaq ki, bu da cavabdehdən tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Hesab edir ki, aralarında bağlanmış 04 Sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərə əməl etməyi cavabdehi artıq xərclərdən azad edər və aralarında olan inamın və əməkdaşlığın qorunmasına xidmət edər. Cavabdeh ərizəsindən görünür ki, o İddiaçınə ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarilxi İşdən çıxma vərəqəsindən görünür ki X1 işdən ayrılması ilə əlaqədar heç bir problem və ödəməli olduğu məbləğ yoxdur. Ehtiyyat hissələrinin kataloq üzrə öyrədilməsi, mühərrik klapanlarının elektromaqnit vetiqalı, yağlama və soyutma sistemi, benzin mühərrikləri üçün yanacaq, püskürmə sistemi, dizel mühərriklərinin qida sistemi, işlənmiş qazların xarietmə sistemi, elektrik sistemi, akkumulyator batereyası işə salma sistemi, generator alışma sistemi, işıqlandırma, aşqılar, amortizatorlar, qabaq təkərin qurulma bucaqları, asqının istiqamətləndirici elementləri, asqıların əsas tipləri, aktiv aşıqlar və körpülər mövzusunda keçirlən təlimlərdə iştirak etməsi barədə qeydiyyat aparılmış jurnaldan çıxarışdan görünür ki, Cavabdeh həmin mövzuda keçirlnə təlimlərdə iştirak etməsi barədə imza etmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, İddiaçı MMC-i ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC-i ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində İddiaçı MMCdə işləməyi, başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya 09 yanvar 2025ci il tarixdə İddiaçı MMC-i ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və onun ərizəsinə əsasə əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, 04 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini, eləcədə müqavilə üzrə götürdüyü öhdəliklərin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını əsas gətirərək İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında 04 sentyabr 2023-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün təlim alana müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim alan şirkət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin servis mərkəzində işləməyi və başqa yerdə işləyibişləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində şirkətlə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımı şəkildə icra etməyi öhdəsinə götürür. Sözügedən müqavilənin Müqavilənin 7.2-ci bəndində isə göstərilmişdir ki, təlim alan şirkətin yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə şirkətə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməlidir. Göründüyü kimi tərəflər arasında təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış və müqavilə tərəflərinin hər biri öhdəlik götürmüşdür. Hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmış və imzalamışlar. İddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh müqavilə şərtinə uyğun təlim verilmiş, eləcədə 05 sentyabr 2023-cü il tarixdə cavabdehlə müddətli əmək müqaviləsi bağlayaraq onu 06 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək operator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci l tarixdə Cavabdeh iddiaçıya işdən azad olunması barədə ərizə təqdim edərək onunla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 10 fevral 2025-ci il tarixdə xitam verilmişdir. Təlim keçmə və əməkdaşlıq haqqında 04 sentyabr 2023-cü il tarixli müqavilənin şərtləri təlim alan, yəni Cavabdeh tərəfindən pozulması iş materialları ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Belə olan təqdirdə Cavabdeh müqavilənin 4.3-cü maddəsinə əsasən İddiaçı MMC ilə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində İddiaçı MMC-in yazılı razılığı və icazəsi olmadan təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərsə həmin bənddə qeyd olunan vəzifəni icra etməli olduğu üçün, müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş 3.000 manat dəbbə pulunu iddiaçıya ödəməlidir. Çünki qeyd olunan müqavilə ilə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti təsbit edilmiş, tərəflər iradə ifadələrini nümayiş etdirərək müqaviləni imzalamışlar. Müqavilıə bağlanan zaman hər hansı bir hüquq pozuntusuna yol verilməsi barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və məhkəmə tərəfindən bu hal müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci bəndindən görünür ki, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 389.4-cü maddəsinə əsasən İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.3-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən miüqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3.000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar