Məhkəmə qərarları › İş №e-2(024)-82/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-82/2025

13.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-82/2025 13.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Qax rayonu, Güllük kəndində yerləşən Cavabdeh adına Dövlət tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı1 08 fevral 2006-cı il tarixdə rəsmi nikahla ailə həyatı qurmuşlar. Onların birgə nikahından üç nəfər uşaqları doğulmuşdur. Uşaqların hər üçü yetkinlik yaşına çatmışlar. İddiaçı1 Cavabdeh ilə 08 fevral 2006-cı ildə ailə qurub Qax rayonu, Güllük kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2021-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış və dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi tikilmişdir. Onlar cavabdeh və uşaqlarla birlikdə bu gunə kımı orada yaşamışlar. Həmin ev Cavabdeh adına icra nümayəndəliyində qeydiyyata alınmışdır. Evi dövlət hamı-bütün ailə üzvləri üçün tikmişdir. Lakin indi cavabdeh onları həmin evdən çıxarmış və evdə yaşamağa qoymur. Onların başqa yerdə yaşamağa yeri yoxdur. Hal-hazırda müvəqqəti olaraq Qax rayonu, Qaratala kəndində yerləşən ata-baba evində yaşayırlar. Onların əşyaları həmin evdə qalmışdır. Lakin cavabdeh onları evə girməyə, əşyalardan istifadə etməyə, onları həmin evdə yaşamağa qoymur. Onların yaşamaq üçün başqa yerləri yoxdur. Həmin ev üzərində onların mülkiyyət hüququ vardır. Cavabdeh onları həmin evdə yaşamağa qoymadığına görə mülkiyyət hüququ əldə edə bilmirlər. Evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. Qeyd etmək istəyirlər ki, həmin ev cavabdehin adına qeydiyyata alınmışdır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Qax RİH-ın məhkəməyə ünvanlandığı məktubdan görünür ki, Qax rayonu ərazisiundə 184 fərdi yaşayış evi tikilmiş və evlər aktla yaşayan şəxslərə təhvil verilmişdir. həmin siyahıda Cavabdeh adı qeyd edilmişdir. Eyni zamanda Qax RİHB-ın təsdqi etdiyi Qax rayonu, Güllük, Qapıçay, Fıstıqlı kəndlərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə yenidən tikilmiş fərdi yaşayış evlərinin siyahısında Cavabdeh adı 13-cü sırada qeyd olunmuş və onun qarşısında ailə tərkibi 5 nəfərdən ibarət, tikilmiş evin otaqlarının sayı isə 2 otaqdan ibarət olduğu qeyd olunmuşdur. Bütün bunlardan görünür ki, həmin fərdi yaşayış evi tək Cavabdeh üçün deyil, onun bütün ailə üzvləri üçün tikilmişdir. Lakin aralarında yaranmış münaqişələrə görə o İddiaçı1 və onun qızı İddiaçı2 həmin evdə yaşamağa imkan vermir. Ona görə də, məcburiyyət qarşısında qalaraq iddiaçıların həmin evə köçürülməsi barədə iddia qaldırmalı olmuşlar. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o istəyir ki, anası həmin evdə yaşasın. Çünki onun evdə yaşamağa haqqı vardır. Hazırda cavabdeh atası onu həmin evə gəlib-getməyə qoymur. 7 aydır ki, o da evə gedib-gələ bilmir. Atasının anası ilə aralarında mübahisə olmuşdur. O 2021-ci ildə ailə həyatı qurmuşdur. Həmin vaxtı mübahisəli ev hazır tikilmiş vəziyyətdə olmuş və həmin evdən gəlin köçmüşdür. Ev 2012-ci ildə təhvil verilmişdir. O, 2002-ci ildə anadan olmuş və ev təhvil verilərkən 11 yaşı olmuşdur. Mübahisəli evdə qeydiyyatdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı1 xəyanət üstündə boşamışdır. 04 aprel 2025-ci il tarixdə onların boşanması ilə bağlı işə baxılacaqdır. İddiaçı1 ona xəyanət etmişdir. Evi dövlət tərəfindən tikilmişdir. Ev tikilib təhvil verildikdən sonra orada ailəsi yaşamışdır. İddiaçı1 həmin evdə yaşamışdır. İddiaçı1 evə gəlməyəcək. İddianı qəbul etmir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında AZ-İ 214390 №li şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 nikahları 08 fevral 2006-cı il tarixdə 18 № ilə qeyd olunmuşdur. Doğum haqqında AZ-İ 440450 №li şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2002-ci il təvəllüdlü X6 adlı uşağın atası Cavabdeh, anası isə İddiaçı1dır. Doğum haqqında AZ-İ 440471 №li şəhadətnamənin surətindən görünür ki, 21 yanvar 2004-cü il təvəllüdlü X9 adlı uşağın atası Cavabdeh, anası isə İddiaçı1dır. Doğum haqqında AZ-İ 712416 №li şəhadətnamənin surətindən görünür ki, 01 mart 2005-ci il təvəllüdlü X7 adlı uşağın atası Cavabdeh, anası isə İddiaçı1dır. Qax rayon İcra Hakimiyyəti, Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 340 №li, 07 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Qax rayonu, Güllük kəndində qeydiyyatdadır. Qax rayon İcra Hakimiyyəti, Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 341 №li, 07 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Qax rayonu, Qaratala kəndində yaşayır və Güllük kəndində yerləşəın fərdi yaşayış evi Cavabdeh 23 №li təsərrüfatda qeydə alınmışdır. Evin hazırda çıxarışı yoxdur. Qax rayon İcra Hakimiyyəti, Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 974 №li, 05 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Qax rayonu, Güllük kəndində yaşayır və onun ailə tərkibi onun özündən, Cavabdeh, X1, X5 və X3 ibarətdir. Azərbaycan Respublikasının "xxxx" MMC-in fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Qax rayonu, Güllük kəndində yerləşən tikintinin sahibi Cavabdehdur və əmlakın dəyəri 57618 manat təşkil edir, ailə üzvləri 5 nəfərdən-İddiaçı1, Cavabdeh, X1, X5 və X3 ibarətdir. Qax rayon İcra Hakimiyyəti, Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 429 №li, 17 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X4 Qax rayonu, Güllük kəndində rəsmi olaraq heç bir əmlakı yoxdur. Qax rayonu İcra Hakimiyyətinin 5-57/2-68/2025 №li, 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, 2012-ci il tarixdə rayonda baş vermiş zəlzələ zamanı Güllük kənd sakinlərinin bir çoxunun evinə ziyan dəymişdir. Güllük kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışa əsasən zəlzələ zamanı kənd sakini X2 evi qəzalı vəziyyətə düşmüşdür. Zəlzələdən sonra Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi tərəfindən vətəndaşın ailəsinə sahəsi 90 kv metr olan yeni, iki otaqli fərdi yaşayış evi tikilmişdir. Eyni zamanda «Qax rayonu ərazisində 184 ədəd fərdi yaşayış evlərinin tikintisi» obyektinin Dövlət qəbul komissiyası tərəfindən istismara qəbulu barəsində tərtib olunmuş akta əlavə olunmuş siyahıda Cavabdeh adı qeyd olunmuşdur. Cavabdeh və ailə üzvlərinin adına fərdi yaşayış evi olub-olmaması haqqında məlumat verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətİ Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X17 12 №li Şəki Ərazi idarəsinin verdiyi 24 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh və ailə üzvlərinin adına fərdi yaşayış evi olub-olmaması haqqında məlumat verilməsi barədə müraciətinizə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17nin 12 №li Şəki Ərazi İdarəsində baxılmışdır. Bildiririlmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Cavabdeh və ailə üzvlərinin adına 2012-ci il tarixdən sonra qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evdən istifadə qaydalarının müəyyən edilməsi, evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi hüquqi əsası kimi işə baxılan zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamənin prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işə baxılması zamanı, yəni muvafiq prosessual hərəkətlərin icra edildiyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixi qərarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclası zamanı işin araşdırılan halları, o cümlədən iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 08 fevral 2006-cı il tarixdə mübahisçə predmeti olan evə gəlin köçmüş, orada yaşamış, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yaşadıqları ev dağılmış, 2012-ci ildə həmin ev bərpa olunmuş, həmin evdə yaşamağa başlamışlar. 2024-cü ildə isə cavabdeh tərəfindən evdən çıxarılmışdır. İddiaçı2 isə 2021-ci ildə ailə quraraq, evi tərk etmiş, həyat yoldaşı ilə birlikdə həyat yoldaşının evində yaşamağa başlamışdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə həmin sahədən istifadə etmək hüququ saxlanılır. Məhkəmə digər İddiaçı2 tələbi ilə bağlı qeyd edir ki, İddiaçı2 2021-ci ildə ərə gedərək həmin evi tərk etmiş, hazırda əri ilə birlikdə başqa evdə yaşayır, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa və niyyəti mübahisəli evdə yaşamaq olsaydı, o, ən azından müəyyən bir müddətdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında evə köçürülmə və istifadə hüququnun iddia tələbi ilə müraciət etməsinin səbəbini həmin evdə yaşamaq niyyəti ilə bağlı yox, valideyinlərini görmək və qohumluq münasibətləri məqsədi ilə evə gedən zaman cavabdeh tərəfindən maneçilik yaradılması ilə əsaslandırmışdır. Beləliklə bəlli olur ki, onun tələbinin mahiyyəti fərdi yaşayış evinə köçürülmə ilə bağlı olsa da, onun niyyəti əslimdə həmin evdə yaşamaq yox, valideyinlərini görmək və qohumluq münasibətləri ilə bağlıdır. Lakin evə köçürülmə tamamilə fərqli anlayışdır və məhkəmənin fikrincə İddiaçı2 məlum evdən istifadə edə bilmək hüququ həmin şəxsin mənzilə olan təlabatını və ehtiyacını ödəmək məqsədi daşımalıdır. İddiaçı2 tərəfindən yuxarıda qeyd olunan niyyətlə evə köçürülmə ilə bağlı tələb irəli sürülən tələb əsassızdır.Bu baxımdan da onun iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 Qax rayonu, Güllük kəndində yerləşən və cavabdehin faktik sahibliyində olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikasının MPM-in 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu və mediasiya təşkilatına ödənilmiş mediasiya xərci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı1 Qax rayonu Güllük kəndində yerləşən Cavabdeh adına Dövlət tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. İddia tələbi İddiaçı2 münasibətdə təmin edilməsin. Mediasiya prosesinin keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat 0.40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar