Məhkəmə qərarları › İş №e-2(025)-1822/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1822/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1822/2024 12.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi “övladlığa götürmə faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “övladlığa götürmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Ərizəçi ərizəsində avqust 2007-ci il tarixdən Ağdaş rayonu Qarağan Şıxlar kənd sakinləri X2 və X1 tərəfindən qeyri rəsmi olaraq övladlığa götürülməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iş materiallarına vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmaması və onların bərpasının mümkün olmaması barədə sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi ərizəçi ərizəsinə övladlığa götürmə qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) əlavə etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, övladlığa götürmə faktının müəyyən edilməsi üçün övladlığa götürmə qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizəçinin ərizəsindən isə müəyyən olunur ki, onun avqust 2007-ci il tarixdən Ağdaş rayonu Qarağan Şıxlar kənd sakinləri X2 və X1 tərəfindən övladlığa götürülməsi barədə qeyd ümumiyyətlə olmamışdır. Bu hal da isə məhkəmə tərəfindən övladlığa götürmə faktı müəyyən edilə bilməz. Bunun əksini göstərən sübutlar isə ərizəçi tərəfindən ərizəyə əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan yenidən müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. X3 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən cəmi 101,40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 101 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “övladlığa götürmə faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Ərizəçi geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar