Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-691/2022 28.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürmə) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2012-ci il təvəllüdlü X2 və 24 may 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh ilə birgə yaşadıqları və Qəbələ rayon Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməkləri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 21 iyun 2012-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşlar. Birgə nikahdan 30 iyun 2012-ci il tarixdə X2 və 24 may 2015-ci il tarixdə X3 adlı övladları doğulmuşlar. 2013-cü ildə Qəbələ rayonunun Həmzəli kəndində fərdi yaşayış evinin inşa edilmiş və onlar, ailəsi həmin evə köçərək Cavabdehla münasibəti pozulana qədər birlikdə sözügedən evdə yaşamışlar. Cavabdeh ilə aralarında olan nikahı Qəbələ Rayon Məhkəməsinin 2(025)-107\2020 nömrəli 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən uşaqlar onun yanımda saxlanılmış, eyni zamanda hər bir uşağın saxlanılması üçün sabit aliment məbləği cavabdehdən tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh Qəbələ rayonunun Həmzəli kəndində birgə yaşadıqları fərdi yaşayış evindən onu qovduğu üçün, o, övladları ilə birlikdə kirayələrdə yaşamağa məcbur olur. Bu hal isə onun, xüsusilə övladlarının dolanışığına olduqca mənfi təsir göstərir və maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olur. Hazırda yaşamaq üçün başqa evi yoxdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunanlarla razılaşmır. İddiaçı ilə 3 ildir ki ayrılıblar. Birgə nikahdan iki övladları var. Övladları hazırda ananın himayəsindədir. Məhkəmənin qətnaməsi ilə ona uşaqlarla ünsiyyət hüququ verilsə də iddiaçı buna şərait yaratmır. Evə köçürüləcəkləri halda isə iddiaçı bildirir ki, uşaqlarla mütəmadi ünsiyyətdə olmağına şərait yaratmayacaq. Həmçinin iddiaçı həmin evi sənədləşdirərək satmaq fikrindədir. İddiaçı 3 ildir ki evə köçürülmə ilə bağlı heç bir tələb irəli sürməmişdir. İddiaçıya uşaqların saxlanılması üçün hər ay 400-450 manat aliment ödəyir. Lakin, o, uşaqlara baxmır, onların maddi tələbatlarını qarşılamır. İddiaçının evə köçməkdə başqa məqsədləri var. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini istəyir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı 7 il onların gəlini olub. Onun psixi narahatlıqları olmuş, mütəmadi olaraq qonşularla mübahisləri baş vermişdir. Hazırda uşaqlar onun himayəsindədir. Uşaqlar çox acınacaqlı vəziyyətdə yaşayır. İddiaçı onların maddi ehtiyaclarını qarşılamır, onları ac saxlayır. Onlar yüksək məbləğdə iddiaçıya aliment göndərirlər. Yəni uşaqların saxlanılması üçün iddiaçının kifayət qədər imkanı var. Həmçinin hazırda yaşadıqları və iddiaçının köçmək istədiyi fərdi yaşayış evinin sənədləri yoxdur. Ev üzərində mülkiyyət hüququna dair müvafiq çıxarış əldə olunmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-107\2020 nömrəli 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə iddiaçı Cavabdeh arasında 21 iyun 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Həmzəlli kənd İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2012-ci il təvəllüdlü X2 və 24 may 2015-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, Cavabdeh 25 noyabr 2019-cu il tarixdən başlayaraq 30 iyun 2012-ci il təvəllüdlü X2 və 24 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan JN-169F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, Nümayəndə və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon Həmzəlli kəndində 0,23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Tovuz rayonu, Qandallar kəndində anadan olmuş, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə proses iştirakçılarının izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. Tərəflər mübahisəli evə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilmədilər. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan və iddiaçının həmin evə istifadə hüququ olmadığından, eləcə də iddiaçı həmin evin cavabdehə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-691/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-691/2022
28.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver