Məhkəmə qərarları › İş №e-2(025)-74/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-74/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-74/2024 20.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, iddiaçı Cavabdeh1 cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E TD İ : İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbi barədə iddia qaldıraraq AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində cəmi 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-63 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş plan əsasında təhkim edilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin ərazisindən 0,09 ha satılmış və 1,3725 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində ( reyestr nömrəsi: **********51) yenidən qeydiyyata alınmışdır.Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə olunmuş və hər il taxıl əkilmişdir. 2023-cü ildə AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsindən islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərində kiçilmə olması barədə məlumat aldıqdan sonra torpaq sahəsinin ərazisinə daxil olan və qurunt sularının toplanması məqsədilə istifadə olunan xəndəyin doldurularaq Qəbələ bələdiyyəsi tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həyətyanı torpaq sahəsi kimi satıldığını öyrənmişdir. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia qaldırılmışdır. Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və AR DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim olunmuş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla çəpərlənmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə ilə üst-üstə düşə bilməz. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2009-cu ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafını daş hasarla çəpərləmiş və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı tərəfindən ona İndiyədək heç bir etiraz bildirilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməz. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə İddiaçı, X3, X2 və X1 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarının surətinə əsasən Qəbələ rayonu Bılıx sakini Cavabdeh3 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyəyə məxsus olan yararsız ərazidə yerləşən boş torpaq sahəsindən alqı-satqı yolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli «Torpaqların alqı-satqısına dair» Aktın surətinə və əlavə edilmiş xx.xx.2008-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən bələdiyyə ərazisindən 0,06 ha torpaq sahəsi ( AR DT və XK Qəbələ i rayon şöbəsi tərəfindən təsdiq olunmuş planda yeri göstərilmişdir) Qəbələ bələdiyyəsi tərəfindən Cavabdeh3 satılmış və Cavabdeh3 bələdiyyəsinin hesabına 224,0,0 manat ödəmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014466 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində ( reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv/m hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını təşkil edir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli «Torpaqların alqı-satqısına dair» Aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslra görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan AA 014466 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1763 saylı ekspert Rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililəri müvafiq hissələrdə öz hesablarına sökməli və ərazini azad edərək qanuni sahibin öz əmlakından istifadəsinə törədilən maneçiliyi aradan qaldırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 277, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan AA 014466 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1763 saylı ekspert Rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililər (əhəng daşından inşa edilmiş hasar) cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin hesabına müvafiq gələn hissələrdə sökülərək həmin torpaq sahəsindən istifadəyə törədilən maneçilik aradan qaldırılsın. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar