Məhkəmə qərarları › İş №e-2(025)-888/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-888/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-888/2023 05.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, zaminlik müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan Cavabdeh 2779,68 manat (iki min yeddi yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) pulun və 47,8 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2, 3226,96 manat (üç min iki yüz iyirmi altı manat, doxsan altı qəpik) pulun və 52,4 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit müqaviləsi üzrə zamin duraraq bankla aralarında zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh "xxxx" ASC –dən xx.xx.2019-cu il tarixli kredit müqavilisə üzrə 9754,83 manat kredit götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün "xxxx" ASC tərəfindən kredit götürən Cavabdeh və zamin olaraq onlar barəsində iddia ərizəsi qaldırılaraq məhkəməyə verilmişdir. Nəticədə Qəbələ rayon məhkəməsinin 2(025)-90/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh Zahi oğlu, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 9076,67 manat məbləğində kredit borcunun, və 110,77 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi qərara alınmışdır. Qeyd olunan qətnamənin icrası Qəbələ rayon və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbələrində cavabdehlər olaraq onların əmlak vəziyyətləri araşdırılmış və nəticədə onlar işlədikləri üçün borc məbləğinin - 9076,67 manat məbləğində kredit borcunun, və 110,77 manat dövlət rüsumunun, 643,12 manat icra ödənişinin və 145 manat ekspertiza xərcinin tutulması onların əmək haqqımıza yönəldilmişdir. Beləliklə, 145 manat ekspertiza xərci, 431 manat icra ödənişi tərəflərindən ödəmə terminalı vasitəsilə, geri qalan məbləğ icra əmək haqqlarından tutulma yolu ilə ödənilmişdir. Ümumi məbləğin 2779,68 manat hissəsi İddiaçı2, 2640,96 manat hissəsi isə İddiaçı1 əmək haqqından tutulmuşdur. Ümumi borcun müəyyən hissəsi isə cavabdehin pensiya məbləğindən tutularaq tələbkara ödənilmişdir. 145 manat ekspertiza xərci, 431 manat icra ödənişi isə İddiaçı1 tərəfindən ödəmə terminalı vasitəsilə ödənilmişdir. "xxxx" ASC-dən arayış əldə etmək üçün İddiaçı1 tərəfindən 10 manat rüsum ödənilmişdir. Zamin olaraq onlardan tutulmuş məbləğin geri qaytarılmasını Cavabdeh tələb etsələrdə ödəməkdən imtina etmişdir. Zamin olaraq kredit borcu onlardan tutulduğu üçün kredit götürəndən bu məbləği tələb etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 4224 №-li arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" ASC-nin Qax filialında Cavabdeh “19” iyun 2019-cu il tarixli 9754.83 (doqquz min yeddi yüz əlli dörd manat səksən üç qəpik) AZN krediti üzrə zaminlik öhdəliyi olmuş, “10” aprel 2023-cü il tarixinə isə heç bir öhdəliyi qalmamışdır. İş materiallarında olan №1, №2, №3, №4, №5 və №6 saylı ödəniş tapşırıqlarından görünür ki, İddiaçı1 10.2022-ci il, 11.2022-ci il, 12.2022-ci il, 01.2023-cü il, 02.2023-cü il və 03.2023-cü il tarixlərində əmək haqqısından hər dəfə 440.16 (dörd yüz qırx manat on altı qəpik) manat məbləğində tutularaq "xxxx"-ya ödənilmişdir.. İş materiallarında olan №1, №2, №3, №4, №5 və №6 saylı ödəniş tapşırığı arayışlardan görünür ki, İddiaçı2 10.2022-ci il, 11.2022-ci il, 12.2022-ci il, 01.2023-cü il, 02.2023-cü il, 03.2023cü il tarixlərində əmək haqqısından hər dəfə 461.53 (dörd yüz altmış bir manat əlli üç qəpik) manat məbləğində tutularaq "xxxx"-ya ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanan 10 iyun 2019-cu il tarixli, kredit müqaviləsinə əsasən 9754.83 manat məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi zaminlər (iddiaçılar) İddiaçı2 və İddiaçı1 ilə "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmış və bu müqaviləyə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit götürülən pulu bütövlükdə götürmüşdür. Cavabdeh bir neçə ay ödəniş etsə də, qalan kredit borcu üzrə heç bir ödəniş etməmişdir. Kredit müqaviləsinin şərtlərinə borclu və zamin tərəfindən əməl edilməmiş, onlar, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazami qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən "xxxx" ASC-nin iddiasına əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-90/2022 saylı icra sənədindən görünür ki, Cavabdeh, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 9076.67 manat mənləğində kredit borcunun və 110.77 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi qərara alınmışdır. Buna baxmayaraq Cavabdeh heç bir ödəniş etməmiş, qalıq borcun tutulması İddiaçı2 və İddiaçı1 əmək haqqına yönəldilmişdir. İddiaçı2 cavabdehin yerinə "xxxx" ASC-nin xeyrinə əmək haqqından 2779.68 manat, İddiaçı1 isə cavabdehin yerinə "xxxx" ASC-nin xeyrinə əmək haqqından 2640.96 manat pul, 145 manat ekspertiza xərci və 431 manat icra ödənişi ödəmişdir. İş materiallarından göründüyü kimi, iddiaçılar banka cəmi 5420.64 (ibeş min dörd yüz iyirmi manat altmış dörd qəpik) manat, 45 manat ekspertiza xərci və 431 manat icra ödənişi ödəmiş və tələb üzrə hüquqlar həmin həcmdə iddiaçılara keçmişdir. Odur ki Cavabdeh qeyd olunan pul vəsaitləri tutularaq müvafiq qaydada iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün İddiaçı1 tərəfindən 52.4 (əlli iki manat qırx qəpik) manat, İddiaçı2 tərəfindən isə 47.8 (qırx yeddi manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 52.4 (əlli iki manat qırx qəpik) manat və 47.8 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən müvafiq olaraq iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2779.68 (iki min yeddi yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat və 47.8 manat ödənilmiş dövlət rüsumun alınaraq İddiaçı2 və 3226.96 (üç min iki yüz iyirmi altı manat doxsan altı qəpik) manat və 52.4 manat ödənilmiş dövlət rüsumun alınaraq İddiaçı1 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,  q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2779.68 (iki min yeddi yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 47.8 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2, 3226.96 (üç min iki yüz iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 52.4 (əlli iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar