Məhkəmə qərarları › İş №e-2(025)-904/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-904/2022

08.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-904/2022 08.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili və nümayəndəsi X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 033/K saylı əmrinin ləğv edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X7 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanılan əmək müqaviləsi əsasında, cavabdehin tabeçiliyində olan Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında meşə gözətçisi işləmişdir. 11 mart 2022-ci il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 11 mart 2022-ci il tarixli 033/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Bildirmək istəyir ki, onun işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq onlar ondan xilas olmaq üçün bu yola əlatıblar. Belə ki, meşəbəyliyini elədiyi 08a dolayında dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına bildirmişdir. Lakin hər dəfəsində müxtəlif yollar ilə həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta meşəbəyliyini elədiyi 08a dolayında qanunsuz qırıntı edən şəxslərin cavabdeh ilə əmək müqaviləsi olan şəxslər olduğunu təsbit edib, cavabdehin rəhbərliyinə demişdir. Onlar hal hazırda orada çalışdığı zaman cavabdehin rəhbəri onun əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda deyilir ki, onun meşəbəyi olduğu 8a dolayıda 10 fevral 2022-i il tarixində qəfildən yoxlama aparılıb və məlum olub ki, 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkar edilib. Yenə əmrdə deyilir ki, 24 fevral 2022-ci il tarixində Mahmudov Eldar tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktı aşkarlanıb. Guya bu kəsilən ağaclar barəsində o, cavabdehin rəhbərliyinə heç bir məlumat verməmişdir”. Cavabdehin rəhbərliyi onun həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatı Əmri daxil edərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən edildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən yazılı məlumat verilmişdir. Bu durum onun göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün onun əmək müqaviləsinə qanuna zidd olaraq xitam vermişlər. Hətta əmrdə yazılır ki, “22 fevral 2022-ci il tarixində keçirilən iclasda “qeyri etik davrandığını da” bildirir. O, həmin iclasda bütün bu qanunsuzluqlara hamının cavab verməli olduğunu bildirmişdir. Cavabdehin rəhbəri isə demək ki, bu tələbindən (haqq arama istəyindən) çəkinib ki, onu bu şəkildə də qaralamağa çalışmışdır. Cavabdehin əmrində deyilir ki, “guya o öz vəzifəsini lazımı qaydada icra etməmişdir”. Lakin bu lazımı qaydada icra etmək üçün nə etməli olduğumu demir. Onlar hər halda onların qanunsuz əməllərinə göz yummalı olduğunu deyir, bunun isə mümkün omadığını özləri də bilir. Cavabdehin rəhbərliyi bilir ki, o, öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmiş, uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir, heç kimə qanunsuz meşə qırmağa imkan vermir, meşəni qıran cavabdehin rəhbərliyi olsa belə. Çünki meşələrin ona X24 Əliyevin əmanət etdiyini hesab etmişdir. Özü 44 günlük Vətən Müharibəsində iştirak edib mənfur düşmənlərimiz ermənilər ilə savaşmışdır. İndi də Cənab Prezident, Müzəffər Ali Baş Komandanın əmanət etdiyi meşələri qanunsuz olaraq qıran şəxslərlə (kimliyindən, vəzifəsindən asılı olmayaraq) mübarizəyə ömrümü həsr eləmişdir. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, tamamilə keyfi olaraq, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər. Ona gərə də işə bərpa olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bunun üçün ilk öncə Mediasiya Prosesinə marciət etmişdir. 13 may 2022-ci il tarixində keçirilən mediasiya iclasında bu mübahisə cavabdehin rəhbərliyinin dekonstruktiv yanaşması səbəbi həll olunmamış və bu səbəblə məhkəməyə müraciət etmək zərurəti əmələ gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin vəkili və nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunverciliyinin tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022-ci il tarixdən X26 X8 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X11 müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Birinci instansiya baxışının hədləri

Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Mülki işdə olan sənədlər:

Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X26 X8 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X26 X18 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin surətindən görünür ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022-ci il tarixdən X26 X8 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İş materiallarında olan Qəbələ RMTM-nin X2 05 mart 2022-ci il tarixli, 02 nömrəli Protokolundan görünür ki, iclas çıxışları və 05 mart 2022-ci il tarixli 27/2/08 saylı təqdimatda qeyd olunanları nəzərə alaraq Qəbələ RMTM-nin Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000968 nömrəli Aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X9, 08a saylı dolayın meşə gözətçisi İddiaçı və 08a saylı dolayın meşə gözətçisi X12 iştirakı ilə akt tərtib edilmiş və Yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Aktın doğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şirinov.A və meşə gözətçisi Əliyev.T öz imzası ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000797 nömrəli Aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X9, qonşu 04 saylı dolayın meşə gözətçisi X19, Daşağıl meşəbəyliyinin yanğın keşikçisi X6 iştirakı ilə akt tərtib edilmiş və yoxlama zamanı 20,63 m3 həcmində 769,93 manat nırx dəyərində 23 ədəd ağac kəsilməsi faktı aşkar edilmişdir. saylı dolayın meşə gözətçisi İddiaçı qəfləti yoxlamada iştirak etməkdən imtina etmişdir. Yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Aktın doğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şəfiyev.V və meşə keşikçisi Salahov.İ öz imzası ilə təsdiq etmişlər. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Qəbələ RMTM-nin direktorunun xidməti otağında 22 fevral 2022-ci il tarixində 2022-ci ilin plan proqnoz göstəricilərinin icrası və yaranmış debitor borclarla bağlı keçirilən iclas zamanı Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Oğuz meşəbəyliyinin meşə gözətçilərini hədələyərək onların mühafizə etdiyi 08a saylı meşə dolayının ərazisinə girmələrinə qadağa qoymuş və bəzi meşə gözətçiləri ilə mübahisə edərək iclasın gedişatını pozmuşdur. Mərkəzin direktoru bununla bağlı ona xəbərdarlıq etməsinə baxmayaraq hədə qorxu gəlmiş və otağın qapısını çırparaq getmişdir. İş materiallarında olan Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli Məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının Xalxal kəndinə yaxın ərazisində kənd sakini Baxışov Daşqın tərəfindən qanunsuz şəkildə ağaclar və ağacların qol qanadının kəsilməsi tərəfindən aşkar edilmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli Məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının Xalxal kəndinə yaxın ərazisində kənd sakini Lətifov Murad tərəfindən qanunsuz şəkildə meşə ərazisində kök üsdə yaş ağacları kəsməsi aşkar edilmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadənin 14 yanvar 2022-ci il tarixli, 12/KM nömrəli “əmrinin surətindən görünür ki, X26 X8 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisinə xx.xx.2020-xx.xx.2021-ci il iş dövrü hesabına 14 yanvar 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək 21 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, İddiaçı məzuniyyətdə olduğu müddətdə meşə dolayının mühafizəsi müvəqqəti qonşu 04 saylı dolayın meşə gözətçisi X15 həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Oğuz rayon Polis Şöbəsi tərəfindən İddiaçı İmaməddin oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 177-3735-322 nömrəli məktubda göstərilmişdir ki, müraciətdə göstərilən xüsusatlar məhkəmə səlahiyyətinə aid olması müəyyən edilmədiyindən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına daxil olmuş “mühafizəsini təşkil etdiyiniz meşə dolayında Qəbələ RMTM-nin direktoru və Mərkəzin digər əməkdaşı tərəfindən qanunsuz qırıntıya şərait yaradılması, qanunsuz kəsilmiş ağacların damğalandığını, lakin idarədə müvafiq sənədləşmə işlərinin aparılmadığı” barədə 2022-ci il tarixli müraciəti araşdırılmışdır. Araşdırma zamanı Qəbələ RMTM-nin Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayında meşə qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh məsul şəxslər barəsində qanunamüvafiq tədbirər görüləcəkdir. Məhkəmə araşdırması zamanı X20 tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Teleqramda göstərilmişdir ki, “meşə gözətçisi İddiaçı meşə dolayısında yoxlama zamanı mən iştirak etməmişəm və protokoldakı imza mənə məxsus deyil”. İş materiallarında olan “X13 Verilməsi Barədə” 12 may 2022-ci il tarixli, 17738 nömrəli protokoldan görünür ki, tərəflər arasında olan əmək mübahisəsinin həllinin mediasiyada mümkünsüzlüyü müəyyən edildiyinə görə mediatorun təşəbbüsü ilə mediasiya prosesisinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X1 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.2-ci maddəsinə uyğun olaraq ““X13 Verilməsi Barədə” protokol verilmişdir.

Məhkəmənin mövqeyi:

Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X26 X8 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X26 X18 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi göstərilmişdir ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi ilk növbədə işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını 2 halla əsaslandırılmışdır. 1-ci olaraq onu göstərmişdir ki, iddiaçının nəzarət etdiyi 08a saylı meşə dolayısında qanunsuz kəsilmiş ağaclar aşkar edilmiş və iddiaçı tərəfindən bu barədə mərkəzə heç bir məlumat verilməmişdir. 2-ci olaraq isə onu göstərmişdir ki, iddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmiş, bununla da iddiaçının mərkəzin normal fəaliyyətini pozmasına istinad etmişdir. Məhkəmə birinci olaraq onu qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzi iddiaçını işdən azad etdiyi xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrdə göstərmişdir ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. Göstərilən halları nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Məhkəmə araşdırması zamanı isə İddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis şöbəsinə məlumat verməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən qəfləti yoxlama aparılması nəzərdə tutulsa da, qəfləti yoxlama həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmışdır. Bundan başqa, məhkəmə o halı da nəzərə alır ki, İddiaçı işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X20 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır. Məhkəmə ikinci olaraq onu qeyd edir ki, İddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq, hədə qorxu gəlib iclas otağını tərk etməsi hərəkəti əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının işdən azad edilə bilməsi üçün olan hallar cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə hesab edir ki, əmrdə göstərilən hallar (meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etməsi) iddiaçının əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə üçüncü olaraq onu qeyd edir ki, Əmək Məcəlləsinin Maddə 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzinin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı 2018-ci ildən cavabdeh təşkilatda işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. İşçi ilə əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydanın pozulması ilə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddiası əsasında onun işə bərpa edilməsi barədə qətnamə çıxarır (Əmək Məcəlləsinin 300-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X3 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X7 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X3 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X7 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar