Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-166/2025 26.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1017,48 manat borcun, ödənilmiş 30,18 manat dövlət rüsumunun, cəmi 1047,66 manat məbləğin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə Qobustan xidmət sahəsinə 1017,48 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh Qobustan xidmət sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş verilmiş, sonuncu dəfə 2025-ci ilin yanvar ayında 30 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 24 yanvar 2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00200 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Qobustan Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(026)-166/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun abonent hesabına akt əsasında əsassız borc da hesablanmış, o da həmin akt əsasında hesablanmış borcun silinməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddiası həmin məhkəmənin 14 mart 2025-ci il tarixli qətnaməsi ilə təmin edilərək, İddiaçı İB tərəfindən ona əsassız hesablanmış 984,96 manat məbləğində borc onun hesabından silinmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan paylayıcı İddiaçı İB-nin X1 İstismarı İdarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış 16 avqust 2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 3.3-cü və 3.4-cü bəndlərindən görünür ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İşdə surəti olan Cavabdeh aid olan **********00200 nömrəli abonentin saldosundan görünür ki, abonent Cavabdeh qazdan istifadəyə görə 2025-ci ilin yanvar ayının sonuna 1017,48 manat məbləğində borcu yaranmışdır. 2024-cü ilin noyabr ayında abonent hesabına akt əsasında 984,96 manat məbləğində borc hesablanmışdır. İşdə surəti olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(011)-2734/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ev (abonent kodu: **********00200) üzrə Cavabdeh hesablanmış 984,96 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdəki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2734/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsi 01 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdən görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh 24 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 30 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,18 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı cavabdehin yaşadığı mənzili təbii qazla təchiz etmiş, abonentin saldosunda cavabdehin sayğac üzrə dəyəri ödənilməmiş 1017,48 manat borcunun olduğu əks olunmuşdur. İddiaçının cavabdehin abonent hesabına hesabladığı və tələb etdiyi 1017,48 manat borc məbləğinin tərkibinə həm də 2024-cü ilin noyabr ayında akt əsasında hesablanmış 984,96 manat borc da daxildir. Cavabdeh həmin akt əsasında hesablanmış borc məbləğini Bakı şəhəri Xətai Rayon Məhkəməsində mübahisələndirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(011)-2734/2025 saylı qətnaməsi ilə isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ev (abonent kodu: **********00200) üzrə Cavabdeh hesablanmış 984,96 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə isə 01 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə həmin qətnamənin hazırkı iş üzrə preyudisial əhəmiyyəti olduğunu qəbul edir. Ona görə də məhkəmə bildirir ki, sözügedən 984,96 manat məbləğində borc iddiaçının tələb etdiyi məbləğdən çıxılmalı, qalan 32,52 manat məbləğində borc isə cavabdehdən tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,18 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan hissəsi olan 1 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 32,52 manat məbləğində borc və 1 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 32,52 manat məbləğində borc və 1 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-166/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-166/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver