Məhkəmə qərarları › İş №e-2(026)-288/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-288/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-288/2025 11.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə qərarının qanuni qüvvəsini alması və icra olunmamasını nəzərə alaraq, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 501 manat məbləğində (5 %) borc, bildirişin (pretenziyanın) göndərilməsi üçün ödənilmiş 1,8 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 533,2 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi onunla (“Sunny Electronics” mağazası) Cavabdeh2 arasında bağlanmış 20 oktyabr 2013-cü il tarixli, 11283 saylı alğı-satqı müqaviləsinə əsasən ona 1047 manat dəyərində aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh və zamin müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh və zamin ilə aralarında bağlanılmış müqavilə əsasında yaranmış 897 manat məbləğində əsas borc və 21 manat məbləğində dövlət rüsumunun borclu və zamindən kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-83/2014 saylı, 03 aprel 2014-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclular Cavabdeh2 və Cavabdeh1 897 manat məbləğində əsas borc və 21 manat məbləğdə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 918 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Hazırda qəbul olunmuş məhkəmə qərarının qanuni qüvvəsini alması və icra olunmamasından 10 il 11 ay, yəni (131 ay) keçməsinə baxmayaraq, qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmamışdır. Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər, iddiaçı başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə qərarı üzrə iddiaçıya ödənilən 918 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 % faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da 918 manat x 0,05 % = 45,90 / 12 ay = 3,82 x 131 ay = 501 manat təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada işin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər. Qobustan Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2(026)-288/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)- 83/2014 saylı məhkəmə əmrindən görünür ki, həmin əmrlə İddiaçı ilə borclu Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli, 11283 saylı alğı-satqı müqaviləsi ləğv edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 897 manat məbləğində əsas borc, 21 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 918 manat məbləğində pulun alınıb İddiaçı verilməsi əmr edilmişdir. Həmin məhkəmə əmrinin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 07 oktyabr 2013-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış, Cavabdeh1 ilə İddiaçı arasında isə 07 oktyabr 2013-cü il tarixli, 11283 saylı alğı-satqı müqaviləsinin icrasını təmin etmək üçün zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 25 mart 2025-ci il tarixli bildiriş (pretenziya) göndərilmiş, hər bir məktub üçün 0,9 manat olmaqla, ümumilikdə 1,8 manat göndəriş xərci çəkilmişdir. Eyni zamanda, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2025-ci il tarixli məktubundan da göründüyü kimi, Qobustan Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(026)-83/2014 saylı icra sənədi hal-hazıradək tam şəkildə icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarından da göründüyü kimi, Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı məhkəmə əmri ilə borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 897 manat məbləğində əsas borc, 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 918 manat məbləğində pulun alınıb İddiaçı verilməsi əmr edilmişdir. Qəbul edilmiş məhkəmə əmri qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, lakin məhkəmə əmrinin qəbul edilməsinin üzərindən hazırkı iddia ilə məhkəməyə müraciət edildiyi vaxtadək 10 il 11 aydan, yəni 131 aydan bir qədər artıq müddət keçməsinə baxmayaraq, həmin icra sənədi tam şəkildə icra olunmamışdır. Cavabdehlərin məhkəmə əmri üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmişdir. Bununla da iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə qərarı üzrə kreditora ödənilməli olan 918 manat məbləğində pula görə məhkəmə əmri qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 % faiz hesablanmaqla məhkəmə əmri üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da 501 manat (918 manat x 5 %= 45,9 / 12 ay = 3,825 x 131 ay ≈ 501 manat) təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən, məhkəmə əmrləri icra sənədi sayılır. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Həmin Qanunun 28.5-ci maddəsinə əsasən, icraatda bir neçə tələbkar və ya borclu iştirak edə bilər. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı icra sənədi üzrə hazırda iki borclu olduğundan və ödənilməli olan 918 manat məbləğində pulun onlardan müştərək qaydada tutulması əmr edildiyindən, onlar birgə borclular kimi çıxış edir. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Vahidov X1 Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı icra sənədi üzrə birgə borclular kimi çıxış etdiklərindən, həmin məhkəmə əmrinin tam icra edilməməsinin nəticələrinə görə də birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı məhkəmə əmri üzrə icrası gecikdirilmiş borc məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq hesablanmış 501 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş xidmət haqqı da daxil olmaqla, 30,4 manat məbləğində dövlət rüsumu və bildirişlərin (pretenziyaların) göndərilməsi üçün ödənilmiş 1,8 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı məhkəmə əmri üzrə icrası gecikdirilmiş borc məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq hesablanmış 501 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumu və bildirişlərin (pretenziyaların) göndərilməsinə görə ödənilmiş 1,8 manat məbləğində pul olmaqla, cəmi 533,2 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(026)-83/2014 saylı məhkəmə əmri üzrə icrası gecikdirilmiş borc məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq hesablanmış 501 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumu və bildirişlərin (pretenziyaların) göndərilməsinə görə ödənilmiş 1,8 manat məbləğində pul olmaqla, cəmi 533,2 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar