Məhkəmə qərarları › İş №e-2(026)-315/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-315/2025

14.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-315/2025 14.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7053,67 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, 10 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “Administrator” vəzifəsinə keçirilmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçının 30 avqust 2024-cü il tarixli, 83-x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək müqaviləsinin tərkib hissəsi olan Administratorun vəzifə təlimatının 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməli; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməli; 3.2-ci bəndinə əsasən sayım zamanı əskik gələn məhsullara görə məsuliyyət daşımalı; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalı; 3.8-ci bəndinə əsasən maddi məsuliyyət müqaviləsi çərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. Birinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” 26 mart 2024-cü il tarixli, 567 saylı əmrindən göründüyü kimi, “OBA – Müşfiqabad 1” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlanılmasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 06 sentyabr 2023-cü il – 26 mart 2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 7826,53 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əl yazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, artıq və əskik çəki və miqdarları yoxlamış, sayımdan narazı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq imtina aktlarını tərtib etmişlər. İkinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” 01 iyul 2024-cü il tarixli, 1344 saylı əmrindən göründüyü kimi, “OBA – Müşfiqabad 1” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlanılmasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlanılması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 26 mart 2024-cü il – 01 iyul 2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4566,43 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əl yazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, artıq və əskik miqdarları yoxlamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq imtina aktlarını tərtib etmişlər. Yekun nəticə: Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” 09 iyul 2024-cü il tarixli, 876 saylı əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,58 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin 06 fevral 2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 7053,67 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmənin 20 iyun 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, o, həqiqətən İddiaçıdə maddi məsul şəxs olmuşdur. Onun işlədiyi dövrdə həqiqətən də bir sıra çatışmazlıqlar olmuş, bu hallar aşkara çıxarılmış, üzləşdirmələr aparılmışdır. Hətta bildiyinə görə, işçilər tərəfindən də mağazadan oğurluq edilmişdir. İddia tələbini qəbul etsə də, həmin məbləği bir dəfəyə ödəmək iqtidarında deyil, yalnız işləyib onu hissə-hissə ödəyə bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki İddiaçı MMC-nin 30 mart 2022-ci il tarixli, 133 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə 30 mart 2022-ci il tarixindən etibarən “Satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 300 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 30 mart 2022-ci ildə əmək müqaviləsi bağlanmış, sonuncu Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə “Satıcıkassir” vəzifəsinə qəbul edilmiş, bununla əlaqədar əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. İşdəki Cavabdeh tərəfindən İddiaçı MMC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış 10 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, 10 aprel 2023-cü il tarixindən Satış şöbəsində administrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. İşdəki İddiaçı MMC-nin 10 aprel 2023-cü il tarixli, 73 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində 10 aprel 2023cü il tarixindən administrator vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 390 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdəki 30 mart 2022-ci il tarixli əmək müqaviləsinə 10 aprel 2023-cü il tarixli əlavədən görünür ki, Cavabdeh 10 aprel 2023-cü il tarixindən İddiaçı MMC-nin Satış şöbəsində administrator vəzifəsinə keçirilir və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 390 manat təyin edilir. Bununla əlaqədar əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. İşdəki İddiaçı MMC ilə Cavabdeh arasında vəzifə dəyişikliyi ilə əlaqədar bağlanmış tam maddi məsuliyyət haqqında 10 aprel 2023-cü il tarixli müqaviləsindən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunur və ona aşağıdakılar etibar olunur: maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1) Ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; 2) İşəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; 3) Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; 4) İnzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda pərakəndə satış üzrə mövcud olan faktiki bazar qiyməti ilə hesablanır. İşçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İşçi öz əmək funksiyasının icrası zamanı işəgötürən tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin xəzinəyə ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya digər əmlak üzrə öhdəliklərinin icrasını işəgötürənin ünvanında icra etməlidir. İşçinin tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyəti üzrə məhkəməyə verə bilər. Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydada qanunvericiliyə əsasən həyata keçirilir. İşdəki İddiaçı MMC tərəfindən tərtib edilmiş administratorun vəzifə təlimatlarından görünür ki, anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək onun vəzifə funksiyası kimi göstərilməklə yanaşı, administrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır. İşdəki İddiaçı MMC-nin növbədənkənar inventarizasiyanın aparılması haqqında 26 mart 2024-cü il tarixli, 567 nömrəli əmrindən görünür ki, həmin əmrlə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 26 mart 2024-cü il tarixinə olan vəziyyətinin yoxlanmasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün müvafiq tərkibdə işçi qrupunun yaradılması, işçi qrupuna təyin edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasının həyata keçirilməsinin tapşırılması, işçi qrupunun qeyd edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasını 26 mart 2024-cü il tarixində başlayıb 27 mart 2024-cü il tarixinə kimi yekunlaşdırması, işçi qrupuna inventarizasiyanı filial üzrə maddi məsul şəxslərin bilavasitə iştirakı ilə apararaq nəticələrinin aktlaşdırılmasının tapşırılması əmr edilmişdir. İşdən görünür ki, 26 mart 2024-cü ildə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında 2309 adda məhsula dair inventarizasiya siyahısı tərtib edilmiş, maddi məsul şəxs Cavabdeh müvafiq aktları təsdiqləməkdən imtina etmiş, ona görə də inventarizasiya aparılıb nəticəsi müvafiq qaydada aktlaşdırılmışdır. İşdəki İddiaçı MMC-nin inventarizasiya komissiyasına maddi məsul şəxs Cavabdeh tərəfindən verilmiş 26 mart 2024-cü il tarixli iltizamnamədən görünür ki, o, sayımda tam olaraq iştirak etmiş, artıq və əskik sayılan çəki və miqdarlar yoxlanılmış, düzəliş olunmuşdur. Onun sayımdan narazılığı yoxdur. İşdəki 08 aprel 2024-cü ildə sistemə inteqrasiya edilmiş aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında 26 mart 2024-cü il tarixində aparılmış yoxlama zamanı 7826,54 manat məbləğində məhsul əskik çıxmışdır. İşdəki 17 yanvar 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 26 mart 2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin (-7826,54 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdəki İddiaçı MMC-nin növbədənkənar inventarizasiyanın aparılması haqqında 01 iyul 2024-cü il tarixli, 1344 nömrəli əmrindən görünür ki, həmin əmrlə Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 01 iyul 2024-cü il tarixinə olan vəziyyətinin yoxlanmasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün müvafiq tərkibdə işçi qrupunun yaradılması, işçi qrupuna təyin edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasının həyata keçirilməsinin tapşırılması, işçi qrupunun qeyd edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanılmasını 01 iyul 2024-cü il tarixində başlayıb 02 iyul 2024-cü il tarixinə kimi yekunlaşdırması, işçi qrupuna inventarizasiyanı filial üzrə maddi məsul şəxslərin bilavasitə iştirakı ilə apararaq nəticələrinin aktlaşdırılmasının tapşırılması əmr edilmişdir. İşdən görünür ki, 01 iyul 2024-cü ildə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında 2391 adda məhsula dair inventarizasiya siyahısı tərtib edilmiş, maddi məsul şəxs Cavabdeh müvafiq aktları təsdiqləməkdən imtina etmiş, ona görə də inventarizasiya aparılıb nəticəsi müvafiq qaydada aktlaşdırılmışdır. İşdəki İddiaçı MMC-nin inventarizasiya komissiyasına maddi məsul şəxs Cavabdeh tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli iltizamnamədən görünür ki, o, sayımda tam olaraq iştirak etmiş, artıq və əskik yoxlanılmış, tapılan səhvlərə düzəliş olunmuşdur. İşdəki 08 avqust 2024-cü ildə sistemə inteqrasiya edilmiş aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında 01 iyul 2024-cü il tarixində aparılmış yoxlama zamanı 4566,43 manat məbləğində məhsul əskik çıxmışdır. İşdəki 29 avqust 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 01 iyul 2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin (-4566,43 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdəki İddiaçı MMC-nin İdarə Heyəti sədrinin 09 iyul 2024-cü il tarixli, 876 nömrəli əmrindən görünür ki, İddiaçı MMC-nin 26 mart 2024-cü il və 01 iyul 2024-cü il tarixlərində administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədilə əmr edilmişdir ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun, “Təbii itki norması” satış dövriyyəsinin 0,58 faizi müəyyən edilsin, Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etsin. İşdəki İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış, 7053,67 manat əskik gəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Xahiş olunmuşdur ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsi təmin edilsin, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir. İşdəki İddiaçı MMC-nin 06 fevral 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 26 mart 2024cü il tarixində 7826,53 manat və 01 iyul 2024-cü il tarixində 4566,43 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 7053,67 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 06 fevral 2025-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 7053,67 manat təşkil edir. İşdəki İddiaçı MMC-nin 30 avqust 2024-cü il tarixli, 83-x saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə 30 avqust 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Bununla əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, qanunverici Əmək Məcəlləsinin 191.2-ci maddəsində işçinin və ya işəgötürənin vurduqları ziyana görə maddi məsuliyyətinin yaranmasını eyni zamanda mövcudluğu tələb olunan 3 şərtdən asılı etmişdir. Əmək Məcəlləsinin 199.1-ci maddəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladığı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Hazırda iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçı cəmiyyətin ünvan 1 ünvanında yerləşən “OBA-Müşfiqabad 1 (137)” mağazasında 30 mart 2022-ci ildə “Satıcıkassir” vəzifəsində işləməyə başlamış, 10 aprel 2023-cü ildən 30 avqust 2024-cü ilədək isə həmin mağazada “Administrator” vəzifəsində çalışmışdır. Bununla da 10 aprel 2023cü ildən 30 avqust 2024-cü ilədək cavabdeh sözügedən mağazada maddi məsul şəxs olmuş, onunla 10 aprel 2023-cü ildə tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən o, maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, administratorun vəzifə təlimatları ilə də anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək onun vəzifə funksiyası kimi göstərilməklə yanaşı, administratorun sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıdığı göstərilmişdir. Cavabdehin administrator olduğu mağazada əvvəllər də sayım aparılsa da, 26 mart 2024-cü il və 01 iyul 2024-cü il tarixlərində keçirilmiş sayımlarda müxtəlif məhsullarda əskiklər müəyyən edilmiş, bununla bağlı inventarizasiya siyahıları, müvafiq aktlar tərtib edilmiş, daha sonra üzləşmələrdə cavabdehin də iştirakı təmin edilmiş, lakin o, aktları imzalamaqdan imtina etsə də, bu, onu məsuliyyətdən azad edən hal kimi çıxış etməmişdir. İddiaçı inventarizasiya komissiyası tərəfindən cavabdehin fəaliyyətinin yoxlanılması zamanı 26 mart 2024-cü ildə 7826,53 manat və 01 iyul 2024-cü ildə 4566,43 manat dəyərində məhsulun çatışmamasının müəyyən edildiyini, həmin məbləğdə məhsulun çatışmamasına görə məsuliyyətin maddi məsul şəxs kimi cavabdehin üzərinə düşdüyünü, bununla da cavabdeh tərəfindən ona müvafiq zərər vurulduğunu və cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağladığını bildirmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləğinin əskik gəlmələrə görə ümumi olaraq cavabdehin iddiaçıya olan ümumi borcunun 7053,67 manat təşkil etdiyini qeyd etmişdir. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Əmək Məcəlləsinin 202.2-ci maddəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, işəgötürənin və işçinin birbirinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Məhkəmə bildirir ki, ziyan dedikdə hazırkı halda iddiaçı olan işəgötürənin əmlakında cavabdehin qanunazidd hərəkətləri nəticəsində müəyyən azalmanın əmələ gəlməsi başa düşülməlidir. Hazırda iddiaçı olan işəgötürənin əmlakında cavabdehin öz vəzifə təlimatlarını lazımınca icra etməməsi səbəbindən azalmanın baş verməsi öz təsdiqini tapır və bunu cavabdehin özü də məhkəmə iclasında qəbul etmişdir. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 7053,67 manat məbləğində ziyan vurulduğunu sübuta yetirmiş, cavabdeh isə öz təqsirsizliyini sübuta yetirə bilməməklə yanaşı, iddia tələbini qəbul edərək, iddiaçının bildirdiklərinin həqiqətə uyğun olduğunu, hətta öz çalışdığı dövrdə işçilərin də mağazadan oğurluq etdiklərindən xəbərdar olduğunu bildirmişdir. Beləliklə, yuxarıda göstərilən normaları işin faktiki halları ilə əlaqəli şəkildə tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, maddi məsul şəxs (işçi) kimi cavabdeh tərəfindən işəgötürəni olan iddiaçıya ümumilikdə 7053,67 manat məbləğində ziyanın vurulması faktı həm iş materialları ilə öz təsdiqini tapır, həm də cavabdeh tərəfindən qəbul edilir. Buna görə də iddia təmin edilməli, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 7053,67 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 50 manat, poçt kargüzarlığı üçün 10 manat mediasiya xərci çəkilmişdir. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 7053,67 manat məbləğində pul vəsaiti, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7053,67 manat məbləğində pul vəsaiti, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar