Məhkəmə qərarları › İş №e-2(026)-399/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-399/2025

06.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-399/2025 06.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 02 iyun 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 26000 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 168 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 15 mart 2023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus olan Qobustan rayonu, Cəmcəmli kəndində yerləşən ərzaq mağazasında satıcı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Əmək münasibətlərinin davam etdiyi müddət ərzində mağazanın maliyyə hesabatlarında uyğunsuzluqlar müşahidə olunmuş, satışdan əldə edilən gəlirlərin düzgün qeydə alınmadığı və pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Müvafiq yoxlamaların və üzləşmələrin aparılması nəticəsində cavabdehin mağazada satışda olan ərzaq məhsullarını mənimsədiyi və nəticədə iddiaçıya ümumilikdə 26000 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Qeyd olunan ziyanın ödənilməsi məqsədilə cavabdeh 14 oktyabr 2024-cü il tarixində yazılı şəkildə iltizam verərək qeyd etmişdir ki, həmin tarixdən etibarən 6 ay müddətində 26000 manat ziyanın ödənilməsinə başlayacaq və borcu tam şəkildə qaytaracaqdır. Lakin ötən müddətə baxmayaraq, cavabdeh indiyədək öz öhdəliyinə əməl etməmiş, borcun heç bir hissəsini ödəməmişdir. Məhkəmənin 30 iyun 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış etmiş və qeyd etmişdir ki, cavabdeh 14 oktyabr 2024-cü il tarixdə iltizam yazıb imzalamaqla iddiaçı qarşısında 26000 manat məbləğində borc öhdəliyinin olduğunu qəbul etmiş və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmənin 30 iyun 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, həqiqətən də, 2023-cü ilin mart ayından iddiaçıya məxsus mağazada satıcı kimi çalışmağa başlamış, bir müddət işlədikdən sonra iddiaçı mağazaya gəldikdə mağazada 22000 manat dəyərində çatışmazlıq olduğunu bildirmişdir. Buna görə də o artıq həmin mağazada işləmək istədiyini deyəndə iddiaçı onu mağazada işləməyə yenidən razı salmışdır. Bir neçə ay sonra isə yenidən iddiaçı gəldikdə bu dəfə 4000 manat çatışmazlıq olduğunu, ümumilikdə isə çatışmazlığın dəyərinin 26000 manat təşkil etdiyini bildirmişdir. Bir gün iddiaçı mağazaya onun yanına gələrək oğlunun mağazadakı çatışmazlığa görə əsəbiləşdiyini bildirmiş, 26000 manat ona borclu olmasına dair iltizam yazmasını istəmiş, əks halda oğlunun problem yarada biləcəyini söyləmişdir. İddiaçının sözlərindən sonra o, iddiaçının istədiyi məzmunda iltizam yazmış, lakin həmin iltizamın nəticələrini düşündükdən sonra onu imzalamaqdan imtina etmişdir. Hazırda təqdim olunan 14 oktyabr 2024-cü il tarixli iltizamdakı imza ona məxsus deyil və onun tərəfindən iltizamda hər hansı tarix də göstərilməmişdir. Qobustan Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(026)-399/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspеrtizanın kеçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə еdilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş: “1. İşdəki 14 oktyabr 2024-cü il tarixli əlyazma iltizamdakı “İmza: Hacalıyev Ş.Ə. oğlu” sözləri və onun qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdirmi?; 2. İşdəki 14 oktyabr 2024-cü il tarixli əlyazma iltizamın aşağı hissəsindəki “xx.xx.2024 il” sözləri Cavabdeh tərəfindən icra edilmişdirmi?”, Cavabdeh eksperimental imza və xətt nümunələrinin götürülməsi, ekspertizanın aparılması üçün e-2(026)-399/2025 saylı mülki işin materiallarının ekspertlərin sərəncamına göndərilməsi və iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 15 avqust 2025-ci il tarixdə daxil olmuş məhkəmə-xətşünaslıq ekspertizasının 01 avqust 2025-ci il tarixli, 4/1186 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(026)-399/2025 nömrəli mülki işin 32-ci vərəqində Cavabdeh adından olan iltizamın aşağı hissəsində “İmza: Cavabdeh oğlu” yazıları və həmin yazıların qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(026)-399/2025 nömrəli mülki işin 32-ci vərəqində Cavabdeh adından olan iltizamın aşağı hissəsində “xx.xx.2024 il” yazıları – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Qobustan Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(026)-399/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 01 sentyabr 2025-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, özünə məxsus mağazasını işlətmək üçün cavabdehlə müqavilə bağlamış, cavabdeh onun mağazasında satıcı olaraq işə başlamışdır. Əvvəllər aralarında hər hansı narazılıqları da olmamışdır. Lakin sonradan mağazada çatışmazlıqlar yaranmışdır. Onun özünün iki oğlu da olduğundan, gələcəkdə bu çatışmazlıqlara görə oğulları ilə cavabdeh arasında münaqişə yaranmaması üçün cavabdehə borcunu göstərən və ödəyəcəyini qeyd etdiyi iltizam yazmağını bildirmiş, o da 14 oktyabr 2024-cü ildə bu cür iltizam yazaraq yaranmış 26000 manat məbləğində borc öhdəliyini 6 ay sonra ödəməyə başlayacağını qeyd etmişdir. Lakin cavabdeh sonradan ödəniş etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, hər hansı iltizama qol çəkməmişdir. Həqiqətən də, iddiaçının təqdim etdiyi iltizamı özü yazsa da, onu özü imzalamamış, iltizamı yazmasının səbəbi isə iddiaçının ona oğlu ilə mübahisə yaranmaması üçün belə bir iltizamın zəruri olduğunu bildirməsi olmuşdur. Lakin iddiaçı sonradan bu iltizamla hansısa orqana müraciət edəcəyini bildirməmişdir. Onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Sadəcə malların nisyə satışına görə yaranmış borclar var idi ki, həmin şəxslərin də adını iddiaçıya bildirmişdir. Ümumiyyətlə, mağaza kiçik olduğuna görə 26000 manat məbləğində ziyanın dəyməsi də mümkün deyil. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edib iddia tələbini müdafiə etdiklərini bildirərək, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarının 32-ci vərəqində olan 14 oktyabr 2024-cü il tarixli əlyazma iltizamda qeyd edilmişdir ki, “Mən – X1 Xanmurad Qaroğlan oğluna məxsus mağazada işlədiyim dövr ərzində 26000 (iyirmi altı min) manat borc öhtəliyim yaranmışdır. Bildirəm ki həmin borcu hissə-hissə ödəyəcəm. 6 ay sonra ödəməyə başlıyacam. Ödəməyəcəyim tədqirdə məsuliyyət daşıyaram”. Daha sonra isə “İmza: Hacalıyev Ş.Ə. oğlu”, “İmza: İddiaçıQ” və “İmza: Abdullayev Ehtiram” sözləri yazılaraq imzalar icra edilmiş, yekunda “xx.xx.2024 il” sözləri qeyd edilmişdir. İşdə surəti olan sahibkar İddiaçı 15 mart 2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh 15 mart 2023-cü il tarixindən mağazaya satıcı vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İşdə surəti olan sahibkar İddiaçı ilə Cavabdeh arasında 14 noyabr 2023-cü ildə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh mağazada satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi də sistemə əlavə olunmuşdur. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan və 31 may 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 168,6 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər əmək münasibətləri olmuş, cavabdeh iddiaçının mağazasında satıcı kimi fəaliyyət göstərmişdir. İddiaçının bildirdiyinə görə, cavabdeh onun mağazasında satıcı kimi işləmiş, bu müddət ərzində onun mağazasında 26000 manat dəyərində mal çatışmazlığı yaranmışdır. Cavabdeh isə iddiaçıya hər hansı mal çatışmazlığına görə borcu olmadığını, yalnız nisyə satılmış mallara görə yaranmış borclar olduğunu və mağaza kiçik olduğuna görə iddiaçıya 26000 manat məbləğində mal ziyanının dəyməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində həmin Məcəllənin əmək münasibətlərində tərəflərin əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipinə əsaslandığı göstərilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasındakı əmək münasibətləri mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. Lakin sonradan yaranmış borc məbləğləri ilə bağlı cavabdeh öhdəliyini təsdiq edən 14 oktyabr 2024-cü il tarixli borc sənədini iddiaçıya vermişdir. Bununla da cavabdeh iddiaçıya 26000 manat məbləğində borcu olmasına dair öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmənin 30 iyun 2025-ci il tarixli iclasında cavabdeh təqdim olunan iltizamdakı imzanın ona məxsus olmadığını, iltizamın özü tərəfindən yazıldığını, lakin onun nəticələrini düşünüb onu imzalamaqdan imtina etdiyini bildirmiş, buna görə də məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 01 avqust 2025-ci il tarixli ekspert rəyi ilə isə Cavabdeh adından olan iltizamın aşağı hissəsində “İmza: Cavabdeh oğlu” yazılarının və həmin yazıların qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh öz ifadəsində qeyri-səmimi olmaqla, həmin iltizamı özünün imzalamaması barədə məhkəməyə yalan məlumat vermişdir. İş materialları və ekspert rəyi ilə 14 oktyabr 2024-cü il tarixli iltizamın məzmununun və onun aşağısında cavabdehin adının onun özü tərəfindən yazıldığı, adının qarşısındakı imzanın cavabdehin özü tərəfindən icra edildiyi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə həmin 14 oktyabr 2024-cü il tarixli yazılı iltizamı borclunun kreditora öhdəliyin təsdiqi üçün verdiyi borc sənədi kimi qiymətləndirir. Cavabdeh həmin iltizamı iddiaçının ona gələcəkdə övladları ilə hər hansı problem yaranmaması üçün formal olaraq yazdırdığını, həmin sənədlə hər hansı bir orqana müraciət edəcəyini demədiyini bildirsə də, məhkəmə cavabdehin həmin ifadələrinə tənqidi yanaşır. Belə ki, məhkəmənin 30 iyun 2025-ci il tarixli hazırlıq iclasında əvvəlcə cavabdeh həmin iltizamın nəticələrini düşünüb onu imzalamaqdan imtina etdiyini bildirmiş, yəni əslində cavabdehin həmin ifadəsi həqiqətə uyğun olmasa da, o, iddiaçının həmin iltizama əsaslanıb ona qarşı iddia qaldıra biləcəyini öncədən görmüşdür. Sonuncu iclasda bu iltizamla iddiaçının hansısa orqana müraciət edəcəyini deməməsinə dair cavabdehin bildirdikləri isə əvvəlki ifadəsi ilə təzad təşkil etməkdədir. Ümumiyyətlə, bu barədə iddiaçının hər hansı bir xəbərdarlıq etməsinə də gərək olmamışdır. Belə ki, iltizamın məzmununda cavabdeh həmin borc məbləğini 6 ay sonra ödəməyə başlayacağını və ödəməyəcəyi təqdirdə məsuliyyət daşıdığını özü qeyd etmişdir. 14 oktyabr 2024-cü il tarixli iltizam üzrə isə 6 ay müddətində cavabdeh tərəfindən öhdəliklərin icrasına başlanılmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Hazırda iddiaçı 14 oktyabr 2024-cü il tarixli iltizamı təqdim etməklə öz üzərinə düşən sübutetmə vəzifəsini icra etmiş, cavabdeh isə həmin iltizamda yaranmış borcun məbləğini, həmin borcun özünün mağazada işlədiyi dövr ərzində yarandığını və həmin borcu 6 ay sonra ödəməyə başlayacağını qeyd etmişdir. Lakin hazırda məhkəmə iclasında cavabdehin həmin borc sənədinin (iltizamın) məzmununun həqiqətə uyğun olmadığını bildirməklə, öhdəliyinin icrasından yayınmağa çalışır. Həmçinin hazırda sözügedən iltizamın cavabdehə hər hansı fiziki və ya psixi təzyiq altında yazdırılmış olması da müəyyən edilmir. Eyni zamanda, cavabdeh sözügedən iltizamı yazmaqla, iddiaçıda öz hərəkətlərinə güvən yaratmış, lakin sonradan iddiaçının güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlər həyata keçirməyə başlayaraq, hüquqdan sui-istifadə etməyə başlamışdır. Bu baxımdan məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə görə, işçi işəgötürən ilə qabaqcadan tam maddi məsuliyyət barəsində müqavilə bağladıqda öz üzərinə hansı həcmdə və neçə dəfə əmələ gəlməsindən asılı olmayaraq, vurduğu zərərləri tam həcmdə ödəmək öhdəliyi daşıyır və qanun bunu etibarlı hesab edir. Onda labüd hüquqi məntiq diktə edir ki, işçinin zərər əmələ gəldikdən sonra, yəni konkret hansı şəraitdə və hansı həcmdə yarandığı ona məlum olan bir zərər məbləğini ödəmək barəsində işəgötürən ilə bağladığı müqavilələr və ya borc öhdəliyini təsdiq etmək üçün verdiyi sənədlər də etibarlıdır. Çünki işçinin qabaqcadan tam maddi məsuliyyət müqaviləsi bağlamaqla hansı həcmdə və neçə dəfə əmələ gəlməsindən asılı olmayaraq gələcəkdə əmələ gələn bütün real zərərlərin hamısına görə tam maddi məsuliyyət daşıması öhdəliyinin ağırlıq və məsuliyyəti, zərər (çatışmazlıq) əmələ gəldikdən sonra yalnızca əmələ gələn konkret zərər baxımından ödəmə öhdəliyini öz üzərinə götürməsindən qatqat daha ağırdır. Nəzərə alınmalıdır ki, çoxun içində həmişə az vardır və bu baxımdan da işçi qabaqcadan müqavilə bağlamaqla öz üzərinə qeyri-müəyyən sayda qeyri-müəyyən həcmdə əmələ gələcək zərərlərlə bağlı öhdəlik götürə bilirsə, zərər əmələ gəldikdən sonra müqavilə bağlamaqla və ya hazırkı halda olduğu kimi borc öhdəliyini təsdiq edən sənəd (iltizam) verməklə yalnızca əmələ gələn konkret zərər baxımından ödəmə öhdəliyini götürə biləcəyi nəticəsi məntiqi zərurətdir. Bu çərçivədə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində həm də Əmək Məcəlləsinin əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslandığı təsbit olunmuşdur. Hazırkı halda isə cavabdehin iddiaçıya olan çatışmazlığa görə yaranmış borc məbləği ilə bağlı öhdəlik götürməsinə dair sənəd verdikdən sonra orada əks olunmuş məbləğin həqiqətə uyğun olmaması ilə bağlı yalnız formal mülahizələr səsləndirməsi və hər hansı mötəbər sübut təqdim etməməsi cavabdehin iddiaçının güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlər həyata keçirdiyini göstərir və bu hal hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya verdiyi iltizamda öz əksini tapmış 26000 manat məbləğində pul öhdəliyini icra etmək vəzifəsi daşıyır və onun tərəfindən həmin öhdəlik icra olunmamışdır. Ona görə də iddia tələbi təmin edilərək, cavabdehdən 26000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci, 115.0.1-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 168 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, eyni zamanda 01 avqust 2025-ci il tarixli, 4/1186 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 168 manat məbləğində pul tutularaq İddiaçı verilsin. 01 avqust 2025-ci il tarixli, 4/1186 nömrəli ekspert rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar