Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-473/2024 23.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 manat əsas pul, 222 manat ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 320 manat xidmət haqqı olmaqla, cəmi 45543 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus olan Qobustan rayonunun Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin alğı-satqısı ilə bağlı aralarında razılaşma olmuşdur. Evin sənədləşdirilməsi və alğı-satqısı üçün cavabdehə bir neçə dəfəyə 45000 manat pul vermiş, aralarında olan razılaşmaya əsasən evin qalan pulunu hazırlayıb onun tərəfindən evin sənədlərinin hazırlayıb notariusa getmək üçün onunla əlaqə saxlamışdır. Cavabdeh evi satmaq fikri olmadığını və onun tərəfindən verilən 45000 manat pulu da qaytarmayacağını bildirmişdir. İddiaçı çox təkid etsə də, cavabdeh onun dediklərinə məhəl qoymayaraq qəti şəkildə pulunu qaytarmayacağını bildirmişdir. Cavabdeh ilə aralarında olan danışıqların hamısını audio-lentə almışdır. Cavabdehə verdiyi pulları bankdan kredit götürmüşdür. Həmin kreditə görə aylıq faizlər ödəyir. Eyni zamanda, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində külli miqdarda mənəvi ziyan çəkmişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən aralarında olan danışıq pozulmuş və pulunun qaytarılmasına dair tələbini rədd etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçıdan aldığı 45000 manat əsas pul, 223 manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 manat, cəmi 45543 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, özü üçün ev almaq istəyirdi. Qohumları cavabdehə məxsus evə baxıb bəyənmiş, cavabdehlə danışmışlar. O özü də cavabdehlə telefonla əlaqə saxlamışdır. Onlar evin 57000 manata ona satılmasına razılaşmışlar. Bundan sonra o, bankdan 40000 manat məbləğində kredit götürmüşdür. Həmin 40000 manat məbləğində pulu anası, qardaşı, Cahangir Cahangirov və Bəxtiyar Yusifov 16 fevral 2024-cü ildə cavabdehə aparıb vermiş, 17000 manatın da sonradan verilməsini razılaşdırmışlar. Cavabdeh evin videosunu çəkib ona atsa da, o, sonradan evi görəndə onun videodakı kimi olmadığını bilmiş, ona görə də evi almaq fikrindən daşınmışdır. Bildirdi ki, o, cavabdehə 40000 manat versə də, bankdan götürdüyü həmin pula görə 5000 manat məbləğində faiz də ödəməli olduğundan həmin pulu da cavabdehdən tələb edir. Həmçinin, o, vəkilin hüquqi xidmətindən istifadə etmək üçün 1020 manat xidmət haqqı ödəmişdir. Lakin vəkil iddia ərizəsində bununla bağlı cəmi 320 manat qeyd etmişdir. O, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, həqiqətən də, iddiaçının ailə üzvləri gəlib onun əmlakına baxmış, o, evini və həyətyanı torpaq sahəsinin bir hissəsini İddiaçı satmağa razılaşmışdır. Onun özünün kredit borcları olduğuna görə həmin borcları bağlamaq məqsədilə evi satmaq istəyirdi. Buna görə də aralarındakı razılaşmaya uyğun olaraq gətirib əvvəlcə ona 40000 manat məbləğində pul vermiş, 17000 manatı da sonradan verəcəklərini bildirmişlər. O da 40000 manatı qarşı tərəfdən alan kimi banka olan borclarını həmin məbləğ hesabına bağlamışdır. O, evin İddiaçı tərəfindən alındığından məlumatlı olmuş, qardaşı, dayısı və anası həmin 40000 manat pulu gətirəndə pulun İddiaçı tərəfindən göndərildiyini bilmişdir. Lakin elə iddiaçının özü qısa müddət sonra evi almaqdan imtina etdiyini qeyd etmiş, bildirmişdir ki, evin çıxarışı yoxdur, bələdiyyə sənədi mövcuddur. Halbuki, bu məsələlər qabaqcadan müzakirə olunmuşdur, qarşı tərəf bu məsələləri həll etməli, sənədləşdirməni tamamlamalı idi. O, həqiqətən də iddiaçıya məxsus 40000 manatı aldığını inkar etmir. Lakin həmin məbləği birdəfəyə qaytara bilməz. O, həmin pulu ancaq evi satdıqdan sonra ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan "xxxx" ASC ilə İddiaçı arasında 13 fevral 2024-cü ildə bağlanmış CL-EE002950285 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə illik 12,9 faiz dərəcəsi ilə 20000 manat məbləğində istehlak krediti verilmişdir. İşdəki **********32 nömrəli, 04 sentyabr 2024-cü il tarixli ödəniş qəbzi barədə məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 222 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işin hallarından müəyyən edilir ki, tərəflər arasında evin alğı-satqısına dair şifahi razılaşma olmuş, bu razılaşmaya uyğun olaraq iddiaçının vəsaiti hesabına cavabdehə 40000 manat məbləğində pul verilmiş, tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmamış, onlar arasındakı şifahi razılaşma da sonra pozularaq müqavilənin bağlanılmasından və evin alınmasından imtina edilmişdir. Cavabdeh də iddiaçının vəsaiti hesabına ona 40000 manat məbləğində pulun verildiyini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələri təşkil edir. Belə ki, gələcəkdə bağlanması razılaşdırılan alğı-satqı müqaviləsi üçün əvvəlcədən iddiaçı cavabdehə 40000 manat məbləğində pul ödəsə də, sonradan həmin razılaşma üzrə qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlanılmamış, evin alınmasından imtina olunmuşdur. Bununla da hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə evə görə ödənişin edilməsi həyata keçirilməmiş əsasa söykənmişdir. Evin alınması üçün iddiaçı tərəfindən cavabdehə 40000 manat məbləğində pulun verilməsi işin müəyyən edilmiş halı kimi çıxış edir. Sonradan həmin razılaşma üzrə müqavilənin bağlanmaması ilə faktiki olaraq cavabdeh iddiaçının hesabına 40000 manat məbləğində həyata keçirilməmiş olan əsas hesabına varlanmışdır. Buna görə də bu cür əsassız varlanma nəticəsində əldə edilənlər cavabdeh tərəfindən Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçının vəsaiti hesabına həqiqətən də 40000 manat məbləğində pul əldə etmiş olsa da, həmin pulu iddiaçıya yalnız evin satılmasından sonra qaytara bilər və hazırda həmin pulu qaytarmağa imkanı yoxdur. Bununla bağlı məhkəmə bildirir ki, sözügedən məsələ hazırda iddianın həmin məbləğ həddində təmin edilməsinə maneə kimi çıxış etməməklə, qətnamənin icrası mərhələsində həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, iddia tələbi 40000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. İddiaçı hazırda iddia tələbində cavabdehdən əsas məbləğ olaraq 45000 manat tələb etmiş, bunun 40000 manatını cavabdehə verilmiş pul olduğunu və 5000 manatının isə bankdan götürülmüş kreditlər üzrə ödənilməli olan faizlər olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçının hansı mənbədən pul əldə etməklə cavabdehə verməsinin cavabdehin məsuliyyəti məsələsinin həll edilməsinə hər hansı təsiri yoxdur. Cavabdeh özünün iştirakçısı olmadığı kredit müqaviləsindən irəli gələn faiz ödənişlərini icra etmək məcburiyyəti daşımadığı kimi, iddiaçının ona həmin məbləği özündə olan pul hesabına və ya bankdan götürülmüş kredit hesabına ödənilməsi ilə bağlı da hər hansı mənafeyə malik deyil. Bu səbəbdən də iddiaçının cavabdehə ödəmək üçün bankdan götürülmüş kredit məbləğinə hesablanmış faizlərin cavabdehdən tutulmasına dair tələbi əsaslı hesab oluna bilməz və həmin 5000 manata dair hissədə iddia tələbi təmin edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsini nəzərə alaraq bildirir ki, iddiaçı tərəfindən vəkilə ödənilən xərcin məbləği barədə hər hansı sübut təqdim edilməmiş olsa da, o, məhkəmə iclasında 1020 manat vəkil yardımı üçün xərc çəkdiyini bildirmiş, lakin cəmi 320 manat xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hazırkı işin hallarını qiymətləndirməklə iddiaçının vəkilinin ona göstərdiyi yardıma görə xərci 300 manat ağlabatan məbləğ həddində qiymətləndirir və həmin 300 manatın cavabdehdən alınıb iddiaçıya verilməli olduğunu bildirir. MPM-in 119.1-ci maddəsinə uyğun olaraq bildirir ki, ödənilmiş tələblərə mütənasib olaraq dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 222 manat məbləğində pulun 200 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənləri və cavabdehin iddia tələbi ilə qismən razılaşmasını nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 40000 manat pul, 300 manat vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin əvəzi olmaqla, cəmi 40500 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 40000 manat pul, 300 manat vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin əvəzi olmaqla, cəmi 40500 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-473/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-473/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver