Məhkəmə qərarları › İş №e-2(026)-551/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-551/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-551/2025 01.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2305,11 manat əsas borc olmaqla, cəmi 2305,11 manat məbləğində kredit borcunun, ödənilmiş 43,06 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı filialı ilə X4 arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsinə əsasən X3 32 ay müddətinə illik 19 faiz olmaqla 4100 manat məbləğində nağd kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi bankla Cavabdeh arasında 12 aprel 2023-cü il tarixli, 1242-İZG/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. X1 20 aprel 2024-cü il tarixdə vəfat etmişdir. X2 qanuni vərəsələri müvafiq icra hakimiyyətinin elektron portalında müəyyən olunmadığından, pozulmuş hüquqların təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Bankın Şamaxı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X2 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2305,11 manat əsas borc olmaqla, cəmi 2305,11 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Qobustan Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2(026)-551/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun tutulması tələbi” barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı bankdan borc almış X4 onun anasıdır və anası 20 aprel 2024-cü ildə vəfat etmişdir. Anası sağ olarkən həqiqətən də iddiaçı bankdan kredit götürmüş, onun özü isə həmin kredit öhdəliyinin icrasına görə anasına zamin dayanmışdır. Anasının ümumilikdə 6 uşağı olsa da, onun ölüm haqqında şəhadətnaməsini özü götürmüş, onun ölümündən sonra digər sənədləşdirmə işlərini özü aparmışdır. Hazırda iddiaçı tərəfindən ona anasının kredit borcunun bağlanması ilə bağlı zənglər edilsə də, onun həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Yalnız imkanı olduqca hissə-hissə həmin kredit borcunu qaytara bilər. O, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana 32 ay müddətində (12 dekabr 2025-ci il tarixədək) 4100 manat məbləğində, kreditdən istifadəyə görə illik 19 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İşdə surəti olan "xxxx" ASC ilə zamin Cavabdeh arasında bağlanmış 12 aprel 2023-cü il tarixli, 1242-İZG/1 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq zamin borcalan X2 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. İşdə surəti olan AZ-İİ 416984 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 20 aprel 2024-cü ildə ölmüşdür. İşdə surəti olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 12 aprel 2023cü il tarixli kredit müqaviləsi üzrə 08 avqust 2025-ci il tarixinə olan borcu aşağıdakı kimidir: ödənilməmiş əsas borc 2305,11 manat, vəfat etdiyi tarixə faiz borcu 0 manat, borc üzrə cəmi məbləğ 2305,11 manat. İşdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 19 mart 2025-ci il tarixli xəbərdarlıq (bildiriş) məktubu göndərilmişdir. İşdə surəti olan 11 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 43,06 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə kreditor olan iddiaçı ilə X5 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, onun kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə həmçinin iddiaçı ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin müqavilə üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmamış, onun müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. X5 kredit ödənişlərini ödəyib bitirənədək 20 aprel 2024cü ildə vəfat etmişdir. Hazırda iddiaçı zamin kimi cavabdehə qarşı iddia qaldırmaqla mərhum borcalanın qalan ödənilməmiş əsas kredit borcunun ondan tutulmasını tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, özünün mərhum borcalanın oğlu olduğunu, yəni onun həm kredit öhdəliyinə görə zamini, həm də vərəsəsi olduğunu qeyd etmiş, bu səbəblə də iddiaçının ona qarşı olan tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. ... Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, kredit müqaviləsi üzrə iddiaçının mərhum Gülminə Muradovaya 4100 manat məbləğində kredit verməsi, həmin kredit öhdəliyinin icrasını təmin etmək üçün Cavabdeh zamin durması, mərhum borcalanın iddiaçıya ödənilməmiş 2305,11 manat əsas borcunun qalması, mərhum Gülminə Muradovanın zamini olan Cavabdeh həm də onun oğlu kimi vərəsəsi olması, ona görə də cavabdehin mərhumun öhdəliklərinə görə məsuliyyət daşımalı olması öz təsdiqini tapdığından, cavabdeh də iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələbi qəbul etdiyindən, iddia tələbi təmin edilməli, cavabdehdən 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsi üzrə 2305,11 manat məbləğində əsas borc olmaqla, cəmi 2305,11 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43,06 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsi üzrə 2305,11 manat məbləğində əsas borc olmaqla, cəmi 2305,11 manat məbləğində pul vəsaiti, 43,06 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin həmin kredit borcunu hissə-hissə ödəməsinə şərait yaradılması ilə bağlı bildirdiklərinə dair bildirir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmetinə aid deyil və cavabdeh həmin xahişlə qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 aprel 2023-cü il tarixli, 1242-KQ saylı kredit müqaviləsi üzrə 2305,11 manat məbləğində əsas borc olmaqla, cəmi 2305,11 manat məbləğində pul vəsaiti, 43,06 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar