Məhkəmə qərarları › İş №e-2(026)-570/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-570/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-570/2024 02.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxx kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 201,87 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 02 fevral 2017-ci il tarixli, 189 nömrəli “Təşkilatın işçiləri üçün ASC “Xalq” Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” müqaviləyə əsasən, bank təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq təşkilatın işçisi Cavabdeh plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ63HAJCFPRAZN**********5001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, bank təşkilatın tapşırıqları ilə təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq təşkilatın 04 iyul 2023-cü il tarixli, 218 və 219 nörməli ödəniş tapşırıqları əsasında 05 iyul 2023-cü il tarixində bank tərəfindən ümumilikdə 489,12 manat məbləğində pul vəsaiti cavabdehin kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 489,61 manat təşkil etmişdir. Bundan sonra kart hesabından çıxarış məlumatlarından da göründüyü kimi müvafiq ödəniş tapşırıqlarında cavabdehin kart hesabına köçürülməsi nəzərdə tutulmuş məbləğ (168,79 + 320,33) texniki overdraft (kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş verməsi nəticəsində təkrarən ikinci dəfə 06 iyul 2023-cü il tarixində köçürülmüş və bunun nəticəsində cavabdeh iddiaçının 489,12 manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə cavabdehin kart hesabındakı qalıq vəsaitlərinin borca silinməsi də nəzərə alınmaqla iddiaçı qarşısında 201,87 manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır ki, həmin borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair 07 mart 2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bugünə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 23 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan ASC “Xalq” Bankı ilə "xxxx" MMC arasında bağlanmış təşkilatın işçiləri üçün ASC “Xalq” Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında 189 nömrəli, 02 fevral 2017-ci il tarixli müqavilənin 2-ci maddəsinə görə, bank təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesablarını açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Bank təşkilatın tapşırıqları ilə təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. İşdə surəti olan "xxxx" MMC-nin 218 nömrəli, 04 iyul 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin ödəniş tapşırığı üzrə Cavabdeh hesabına 320,33 manat məbləğində pul köçürülməlidir. İşdə surəti olan "xxxx" MMC-nin 219 nömrəli, 04 iyul 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin ödəniş tapşırığı üzrə Cavabdeh hesabına 168,79 manat məbləğində pul köçürülməlidir. İşdə surəti olan Cavabdeh ASC “Xalq” Bankında olan AZ63HAJCFPRAZN**********5001 nömrəli hesabından çıxarışdan görünür ki, hesabın giriş qalığı 0,49 manat olmuş, yekun dövriyyə üzrə debet məbləği 1467,12 manat, kredit məbləği isə 1264,76 manat olmuşdur. Yekunda hesabın çıxış qalığı -201,87 manat olmuşdur (1264,76-1467,12+0,49). Hesabdan çıxarışdan da göründüyü kimi, cavabdehin hesabına ödəniş tapşırığından kənar məbləğlər köçürülmüş, onların bir qismi müştərinin hesabında olan pul vəsaiti hesabına geri qaytarılmış olsa da, texniki overdraft səbəbindən 201,87 manat məbləğində vəsait əlavə istifadə olunmuşdur. İşdən görünür ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən Cavabdeh 07 mart 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdəki 18 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işin hallarına sözügedən normaları tətbiq edən məhkəmə bildirir ki, iddiaçı tərəfindən müştəri təşkilatın ödəniş tapşırığına əsasən cavabdehin hesabına səhvən təkrarən 489,12 (320,33 + 168,79) manat məbləğində pul köçürülmüş, bununla da cavabdeh iddiaçının hesabına 489,12 manat məbləğində əsassız varlanmışdır. Lakin cavabdehin kart hesabındakı qalıq vəsaitlərinin borca silinməsindən sonra onun iddiaçı qarşısında hazırda 201,87 manat məbləğində öhdəliyi yaranmışdır. Ona görə də iddia təmin edilərək, sözügedən məbləğ MM-in 1092.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 201,87 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 201,87 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı xxxxna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar