Məhkəmə qərarları › İş №e-2(026)-63/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-63/2025

24.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-63/2025 24.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, hüquqi yardım və mediasiya ilə bağlı ödənişlərin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə və “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 23 oktyabr 2024-cü il tarixli, 18-1-53/3-1-1089/2024 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 321 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi zərər tələbinə dair” iddia qaldırmışdır. O, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin iş üzrə cavabdeh deyil, üçüncü şəxs kimi iştirak etməsini istəyir. Eyni zamanda, qeyd edir ki, iş üzrə cavabdeh olan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə öz aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Həmin sazişin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi zərər tələbinə dair” iddia qaldırmışdır. Lakin hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin iş üzrə cavabdeh deyil, üçüncü şəxs kimi iştirak etməsini istəyir. Eyni zamanda, qeyd edir ki, iş üzrə cavabdeh olan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə öz aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Həmin sazişə uyğun olaraq ona “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tibb bacısı vəzifəsi veriləcəkdir, buna görə də o, hazırda həmin hüquqi şəxsə qarşı olan bütün iddialarından imtina edir və xahiş edir ki, aralarındakı barışıq sazişi təsdiq edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi X4 bildirdi ki, təmsil etdiyi hüquqi şəxslə iddiaçı arasında həqiqətən də barışıq sazişi imzalanmışdır. Həmin sazişə uyğun olaraq “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi iddiaçını özünün İSX (ASM) şöbəsinin Təklə kənd (ASM) bölməsində tibb bacısı vəzifəsinə işə qəbul etməyi, iddiaçı isə hazırkı iddia tələblərindən imtina etməyi öhdəsinə götürmüşdür. O, həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Bundan sonra, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi iş üzrə cavabdehlərin siyahısından çıxarılmış və o, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Tərəflərin təqdim etdikləri “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X3 ilə İddiaçı arasında bağlanmış 24 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, bu barışıq sazişi Qobustan Rayon Məhkəməsində baxılan İddiaçı cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “işə bərpa” iddia tələbinə dair e-2(026)-63/2025 saylı mülki iş ilə əlaqədar tərtib olunmuşdur. Tərəflər bəyan edirlər ki, mübahisəni sülh yolu ilə həll etmək niyyətindədir. Barışıq sazişi aşağıdakı məzmundadır: “1. “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi öhdəsinə götürür ki, barışıq sazişi məhkəmə qaydasında təsdiqləndikdən sonra Şıxıyeva X1 RMX PHŞ İSX (ASM) şöbəsi, Təklə kənd (ASM) bölməsində tibb bacısı (qardaşı) vəzifəsinə işə qəbul olunacaqdır.

2. İddiaçı “Qobustan RMX” PHŞ-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının dəymiş zərərin əvəzinin ödənilməsinə dair” tələbinə dair iddiasından imtina edir.

3. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmişdir və tərəflərin imzaları ilə təsdiq edilir. Barışıq sazişindən irəli gələn hüquq və vəzifələr, həmçinin üzərlərinə götürülmüş öhdəliklər və onların yerinə yetirilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi tərəflərə məlumdur.

4. Barışıq sazişi Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilmişdir və üçü də eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin 1 (bir) nüsxəsi məhkəməyə təqdim edilir, digər 2 (iki) nüsxə isə tərəflərdə saxlanılır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, Hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 231, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, hüquqi yardım və mediasiya ilə bağlı ödənişlərin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X3 arasında aşağıdakı məzmunda bağlanmış 24 fevral 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: “1. “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi öhdəsinə götürür ki, barışıq sazişi məhkəmə qaydasında təsdiqləndikdən sonra Şıxıyeva X1 RMX PHŞ İSX (ASM) şöbəsi, Təklə kənd (ASM) bölməsində tibb bacısı (qardaşı) vəzifəsinə işə qəbul olunacaqdır.

2. İddiaçı “Qobustan RMX” PHŞ-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının dəymiş zərərin əvəzinin ödənilməsinə dair” tələbinə dair iddiasından imtina edir.

3. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmişdir və tərəflərin imzaları ilə təsdiq edilir. Barışıq sazişindən irəli gələn hüquq və vəzifələr, həmçinin üzərlərinə götürülmüş öhdəliklər və onların yerinə yetirilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi tərəflərə məlumdur.

4. Barışıq sazişi Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilmişdir və üçü də eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin 1 (bir) nüsxəsi məhkəməyə təqdim edilir, digər 2 (iki) nüsxə isə tərəflərdə saxlanılır”. İddiaçı cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, hüquqi yardım və mediasiya ilə bağlı ödənişlərin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar