Məhkəmə qərarları › İş №e-2(027)-1143/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1143/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1143/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində vəsaitin və 166 manat 32 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında ödənilməli olan xidmət haqlarına əlavə olaraq Cavabdeh MMC, onunla arasında bağlanmış 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında ona işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi xidmət göstərilən şəxsə həmçinin xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli (200 AZN), xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli (200 AZN), xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli (300 AZN) və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmiş və Cavabdeh MMC tərəfindən qəbul edilərək, müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Göstərilən müqavilələrin aid olduğu işlər üzrə yekun məhkəmə aktlarının qəbuledilməsinin üzərindən təxminən 1 (bir) ilə yaxın vaxtın keçməsinə və həmin aktların hamısının icraya yönəldilməsinə baxmayaraq, Cavabdeh MMC 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə ödəliklərini hələ də icra etməmiş və müəyyən olunmuş ödənişləri etməmişdir. Halbuki, müqavilədə bunun üçün cəmi 5 (beş) gün vaxt nəzərdə tutulmuşdur. Hazırda Cavabdeh MMC-nin ona göstərilmiş xidmətlərə görə əlavə 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu mövcud olsa da, bu borcu ödəməkdən bu günə kimi yayınmaqdadır. Bu məqsədlə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, EBED 216018 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir. Sonradan İddiaçı məhkəməyə “borc məbləğinin formalaşmasına dair” ərizə təqdim edərək, bildirmişdir ki, 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat aşağıdakı borc pul vəsaitləri əsasında formalaşmışdır: e-2-2(119)-45/2021 saylı iş üzrə "xxxx" SPA Şirkətinin Cavabdeh MMC-yə qarşı 72.300 Avro əsas borc, 5964,75 Avro faiz borcu və 71.070 Avro əsas borc, 5863,30 Avro faiz borcu, cəmi 155.198 Avro məbləğində pul tələbinə dair iddiası təmin olunmuşdur. Nəticədə cavabdehin ona, aralarında bağlanmış və iş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında göstərilən pul vəsaitinin 2%-i məbləğində, yəni 3.104 Avro məbləğində xidmət haqqı borcu yaranmışdır. 72.300 + 5964,75 + 71.070 + 5863,30 = 155.198 Avro x 2% = 3.104 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 6.177 manat; 3(105)-573/2021 saylı inzibati xəta haqqında iş üzrə (İXM-nin 483-cü maddəsi əsasında) başlanmış icraata xitam verildiyi üçün, cavabdehin ona, təyin olunmuş cərimə məbləğinin (5619,90 ABŞ dollarının yarısı, yəni 2.810 ABŞ dolları) 5%-i, yəni 140,50 ABŞ dolları məbləğində xidmət haqqı borcu yaranmışdır. 5619,90 = 2.810 x 5% = 140,50 x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 239 manat; e-2- 2(119)-1658/2022 saylı iş üzrə “X1&Services LP” Şirkətinin Cavabdeh MMC-yə qarşı 9.530 Avro əsas borc və 2.000 Avro dəbbə pulu məbləğində pul tələbinə dair iddiası əsas borc hissəsində tam təmin olunmuşdur, dəbbə pulu hissəsində isə ümumiyyətlə rədd edilmişdir. Nəticədə cavabdehin ona, əsas borc məbləğinin 2%-i, iddia olunan dəbbə pulunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 9.530 x 2% = 190,6 Avro + 2.000 x 5% = 100 Avro, cəmi 290,6 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 578 manat; e-2-2(113)-310/2023 saylı iş üzrə "xxxx" MMC-nin Cavabdeh MMCyə qarşı 250.000 ABŞ dolları əsas borc, 25.180,82 ABŞ dolları faiz borcu və 21.047,95 ABŞ dolları məbləğində cərimə tələbinə dair iddiası əsas borc hissəsində tam, faiz və cərimə borcu hissəsində isə qismən təmin olunmuşdur. Nəticədə cavabdehin ona, əsas borc, habelə iddia olunan, lakin təmin olunmayan faiz və cərimə məbləğinin 2%-i, təmin olunan faiz və cərimə borcunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 250.000 + 22.954,17 + 7.045,83 = 280.000 x 2% = 5.600 ABŞ dolları + 2.226,65 (25.180,82 – 22.954,17) + 14002.12 (21047.95 – 7045.83) = 16.228,77 x 5% = 811,43 ABŞ dolları, cəmi 6.411,43 ABŞ dolları (5.600+811,43) x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 10.900 manat, beləliklə, 6.177 + 239 + 578 + 10.900 = 17.894 manat + 14% (sosial sığorta haqqı) + 10% (gəlir vergisi) + 2% (icbari tibbi sığorta) + 2% (Vəkillər Kollegiyasının hər müqavilə məbləğinə tətbiq etdiyi sığorta haqqı), cəmi 28%. Hesablama bu qaydada aparılmışdır: 24.850 – 28% = 17.892 manat (hesabatın tam dəqiqliyini təmin etmək məqsədilə ümumi borc 2 manat az olmaqla hesablanmışdır). İddiaçı məhkəməyə ərizə təqdim edərək, son hazırlıq iclasında şəxsən iştirakını və təqdim olunmuş sübutlar əsasında mülki işin kifayət qədər hazırlandığını nəzərə alaraq, 08 may 2025-ci il, saat 11:30-a təyin olunmuş məhkəmə baxışı iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edən zaman bildirmişdir ki, o, fərdi fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMC-nə xx.xx.2021-ci il tarixdən başlayaraq davamlı olaraq hüquqi xidmətlər göstərmişdir. Hər dəfəsində aralarında müqavilə bağlanılmış, eyni zamanda hüquqi xidmətin haqqının ödənilməsi şərtlərinin razılaşdırılması ilə bağlı əlavə 13 iyul 2021-ci il tarixli razılaşma müqaviləsi bağlanılmışdır. Belə ki, aralarındakı razılaşmaya görə, MMC ilkin olaraq müvafiq qooranı ödəmiş olurdu, sonradan işin nəticəsindən asılı olaraq, iş üzrə müsbət nəticə əldə olunanda iddia üzrə təmin edilən məbləğin 5%-i, iddia təmin edilmədiyi hallarda tələb olunan məbləğin 2%-i Cavabdeh MMC ona qonorar ödəməli idi. Lakin bugünədək Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iddiaçının əvvəlki prosesdəki fikrini nəzərə alıb, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələrdən və icra vərəqələrindən görünür ki, İddiaçı e-2-2(119)-45/2021 saylı mülki iş üzrə, 3(105)-573/2021 saylı inzibati xəta haqqında iş üzrə, e-2-2(119)-1658/2022 saylı mülki iş üzrə, e-2-2(113)- 310/2023 saylı mülki iş üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMCnin hüquqlarını təmsil etmişdir; “hüquqi xidmətin haqqının ödənilməsi barədə” 13 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, hüquqi xidmət göstərilən şəxs Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 137/21 nömrəli etibarnamə ilə vəkil İddiaçı etibar etdiyi səlahiyyətlərin icrası məqsədilə tərəflərin arasında bağlanacaq hüquqi xidmət göstərilməsi haqqında müqavilə(lər) əsasında ödəniləcək xidmət haqqına əlavə olaraq, hüquqi xidmət göstərilən şəxs vəkilə işin müvəffəqiyyətli həlli zamanı (hüquqi xidmət göstərilən şəxsin xeyrinə qərar (qətnamə və s.) çıxarıldıqda, mediasiya prosesində barışıq əldə olunduqda) - iddia (şikayət) olunan məbləğin 5 (beş) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən - iddia (şikayət) olunan məbləğin 2 (iki) faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla)ödəniş(lər)in ediləcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 442-cimaddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı fərdi qaydada fəaliyyət göstərən vəkildir. İddiaçı ilə Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələrə əsasən, İddiaçı məhkəmələrdə cavabdehin hüquqlarını təmsil etmiş, sonuncu da “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında İddiaçı işin nəticəsindən asılı olaraq əsas və əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli elektron qaimə-faktura üzrə 200 manat, xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli elektron qaimə-faktura üzrə 300 manat və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli elektron qaimə-faktura üzrə 300 manat ödəniş etmiş, müqavilələrin aid olduğu işlər üzrə, İddiaçı Cavabdeh MMC-ni təmsil etdiyi işlər üzrə yekun məhkəmə aktları çıxarılmasından uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh MMC 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə ödəliklərini icra etməmişdir. İddiaçı ödənilməmiş xidmət haqqını, yəni göstərilmiş xidmətlərə görə əlavə 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, cavabdeh isə xidmət haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləği həddində məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat tutularaq İddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, ödənilmiş 166 manat 32 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat pul İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 166 manat 32 qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar