Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-121/2025 07.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində kompensasiya ödənilməklə, onun Quba rayonu Rustov kəndində yerləşən torpaq sahəsindən və 4 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan hüquq normasının tələblərinə əsasən, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat məbləğində kompensasiya ödənilməklə, onun Quba rayonu Rustov kəndində yerləşən torpaq sahəsindən və 4 otaqdan ibarət fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2006-cı il tarixdə Quba Rayon Rustov Bələdiyyəsindən 010 hektar torpaq sahəsi almışdır. (torpaqların alqısatqısına dair sənədlər əlavə olunur). Bundan sonra, onun atası və anası həmin torpaq sahəsində yaşamağı üçün ona ev tikdirmişdirlər. xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə nikah bağlamışdır (nikah haqqında şəhadətnamə əlavə olunur). 2021-ci ilin əvvələrindən cavabdehlə münasibətləri olduqca gərginləşmiş və onlar faktiki olaraq ayrılmışlar. Aralarında münasibətlər kəskin olduğundan bir evdə yaşamamaqları mümkün olmamış və hazırda da mümkün deyil. Bu səbəbdən, Cavabdeh ona qarşı Quba Rayon Məhkəməsinə “evə köçürülmə və cavabdehin mübahisəli evdə yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2057/2022 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş və o Quba rayonu Rustov kəndində yerləşən ona məxsus 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmüşdür. (qətnamə əlavə olunur). xx.xx.2024-cü il tarixdə o, nikahları xitam verilməsi üçün iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır (işin icraata qəbul edilməsi barədə qərardad əlavə olunur). Hesab edir ki, onun bir evdə yaşamağı mümkün olmadığından, cavabdehə müəyyən kompensasiya ödənilməli və o həm torpaq sahəsindən həm də onun üzərində inşa edilmiş tikilidən çıxarılmalıdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, fərdi yaşayış evi dövlət qeydiyyatından keçməmişdir. Torpaq sahəsi isə iddiaçının mülkiyyətindədir. Evə köçürülmə ilə bağlı iddia tələbi təmin olunsa da, evə köçürülməmişdir. Qətnamə icra edilməmişdir. Ona görə də, istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 29 mart 2007-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2057/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiası qismən təmin edilmiş və o Quba rayonu Rustov kəndində yerləşən İddiaçı məxsus 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmüşdür. İş materiallarında olan alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu Rustov kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Quba rayon Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 01 otaqlı yaşayış evinin kirayə haqqı orta aylıq məbləği 150-250 manat civarı dəyişir. Məhkəmə iclasında müəyyən edildi ki, Quba rayonu Rustov kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı məxsusdur. Quba rayon Statistika İdarəsinin hesabatı ilə fərdi yaşayış evinin aylıq kirayə haqqı isə 150-250 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verməklə cavabdehin mülkiyyətində olan evinə olan istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını tələb edirlər. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, tərəflərin arasında yaranan mübahisə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Belə ki, “R.Ağalarovanın şikayəti üzrə Azərəbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və ya onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsində istifadə etmək hüququnun adi xitam deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyçiyə davamlı surətdə və müyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçıların xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə əvvəllər da yaşamış, istifadə hüququ yarandıgından evin hazırki mülkiyyətçi yəni iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi və onun mənzildən çıxarılması barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan və nəzərə alınsa ki, mübahisəli mənzilin yerləşdiyi Quba rayonu, Rustov kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 150-250 manat civarındadır, iddiaçının cavabdehə təklif etdiyi 7200 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 7200 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 150-200 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 30-40 aya yaxın müddətdə başqa yerdə mübahisəli evin bir otağına ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edər. Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, Quba rayon Məhkəməsinin 2(027)-2057/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi evə köçürmə ilə bağlı iddia tələbinin təmin olunmasına baxmayaraq həmin evdə yaşamadığını qeyd etmişdir. Mübahisə predmetini təşkil edən evdə yaşamamağının səbəbini Quba rayon Məhkəməsinin 2(027)-2057/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin icra edilməməsi kimi qiymətləndirsə də, məhkəmə hesab edir ki, bu hal hazırki iddiaya baxılmasına maneəçilik yaratmır. Belə ki, mülkiyyət hüquqları qanunvericiliyin tələblərinə əsasən qorunur. Cavabdehin mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən evə istifadə hüququ olduğu kimi iddiaçının da, həmin torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüquqları vardır. İddiaçının mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi ağılabatan hesab edilir. Belə ki, 7200 manat kompensasiya ödənilməklə cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, hər iki tərəfin yəni, iddiaçı və cavabdehin qanunvericiliklə qorunan hüquqlarını bərabər şəkildə tənzimləmiş olacaqdır. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, bu hissədə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, məhkəmə hesab edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləği ağlabatan və ədalətlidir. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilər. Həmçinin Məhkəmə onuda qeyd edir ki, Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə Quba rayonu Rustov kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi eyni anda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən mülkiyyətindən istifadə hüququ olan cavabdehə 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə o həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə onun Quba rayonu Rustov kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamə 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiyanın ödənilməsi ilə Cavabdeh istifadə hüququna xitam verilməsi hissəsində eyni anda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-121/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-121/2025
07.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver