Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1444/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zaminin kreditora ödədiyi pulun borcludan geri tələb edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zaminlik müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilmiş 15000 (on beş min) manat əsas, 3000 (üç min) manat faiz borcu olmaqla, cəmi 18 000 (on səkkiz min) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsiylə əlaqədar ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Məhkəmənin Kapital Bank ASC-ə verdiyi sorğuya göndərilmiş cavabdan məlum olmuşdur ki, borclunun zaminə ödəməli olduğu pulun ümumi məbləği 3800 manat təşkil edir. Məhkəmə iclaslarında da cavabdeh həmin məbləği etiraf etmişdir. Odur ki, iddia tələbinin həcmini 3800 manat məbləğində qiymətləndirilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini,məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kreditor Kapital Bank ASC ilə borclu Cavabdeh arasında xx.xx.2018-ci il tarixində kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə görə, borclu kreditordan illik 25.32 % dərəcəsi ilə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Eyni zamanda mərhum həyat yoldaşı şəhid X3 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi imzalanmış və əsas borc təminatlandırıİmışdir. Borclu kredit götürdükdən 2 ay sonra həbs olunmuş və öz öhdəliklərini yerinə yetirməmişdir. Yalnız həbs olunana qədər 2 ay ərzində krediti ödəmişdir. Həbs olunduqdan sonra, yəni kredit götürüldükdən 2 ay sonra bütün kreditlər zaminin "xxxx" ASCdə olan maaş kartından tutulmuşdur. Yəni borclu öz öhdəliyini yerinə yetirmədiyi üçün 15000 manat əsas borc, 3000 manat da faiz borcu şəhid həyat yoldaşının maaş hesabından tutulmuşdur. Dəfələrlə qarşı tərəfə zaminin ödədiyi pulun geri qaytarılması üçün müraciət etsə də, o, bundan boyun qaçırmış və nəticədə məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. Notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi onlara hüquq verir ki, şəhid həyat yoldaşının əvəzinə onun qanun üzrə vərəsəsi olaraq geri qalan hüquqlarını tələb etsin. Həmin şəhadətnamə məhkəməyə təqdim edilmişdir. Dövlət rüsumu haqqında qanunun tələbinə görə, şəhid ailəsi üzvləri məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdirlər. Onların şəhid statusunu təsdiq edən şəhid ailəsi vəsiqəsi və Müdafiə Nazirliyi tərəfindən verilmiş arayış da iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh zaminlik müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, o, krediti rəhmətlik Telmanla şərikli alıb və krediti də şərikli ödəyiblər. Sonradan o, həbs olunub, kreditin bir hissəsi Telmanın kartından tutulub. Kartdan tutulan pulun 4800 manatı Telmanın şəxsi puludur. O, həbs olunan vaxta qədər kartdan 2400 manat pul tutulub. Həbsdə olduğu müddət ərzində təxminən kartdan tutulan 8500 manat məbləğin 4800 manatı Telmanın şəxsi borcudur. İddianın 3800 manat hissəsini tam qəbul edir. Məhkəmə Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 586046 seriya və nömrəli nikah haqqında şəhadətnamənin elektron surətindən görünür ki, X3 ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsində 20 iyul 2010-cu il tarixdə nikah bağlanmış və 995 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 148328 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin elektron surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr nəticəsində həlak olmuşdur. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 17 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli, 1/K-315 nömrəli arışına əsasən X3 xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir X3 “Şəhid”, onun ailəsi, “Şəhid ailəsi” hesab edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 184GTKR9955438AA №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 25.32 % dərəcəsi ilə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Z-184GTKR9955438AA №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 184GTKR9955438AA №li kredit müqaviləsinə əsasən borcalanın bank qarşısında yaranmış öhdəliyini təmamilə icra edilməsi üçün məsuliyyyəti öz üzərinə götürür, və zamin bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1637/2021 nömrəli qətnaməsinin elektron surətindən görünür ki, Cavabdeh 6299.83 manat əsas, 1267.56 manat faiz borcu olmaqla, cəmi, 7567.39 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş sənədlərində olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2 nömrəli məlumatından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin X1 hesabından 8537.75 manat məbləğində pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1 maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1444/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1444/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver