Məhkəmə qərarları › İş №e-2(027)-153/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-153/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-153/2023 14.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra BOKT MMC) nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan fərdi yaşayış evinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan fərdi yaşayış evinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli, 582 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən qalan borc 14711,51 (on dörd min yeddi yüz on bir manat əlli bir qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu 10969,62 (on min doqquz yüz altımış doqquz manat altımış iki qəpik) manat, vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış cərimə məbləği 5078,19 (beş min yetmiş səkkiz manat on doqquz qəpik) manat, dəbbə pulu 6914,80 (altı min doqquz yüz on dörd manat səksən qəpik) manat, cəmi 37674,12 (otuz yeddi min altı yüz yetmiş dörd manat on iki qəpik) manat məbləğdə olmaqla, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 203,02 (iki yüz üç manat iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi, borcun kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi - **********, seriya RX-1480268) xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində yerləşən 106 kv.m ümumi, 55.0 kv.m əsas, 51.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi - **********, seriya MA-0213233) xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətlərinin 20000 (iyirmi min) manat və 10000 (on min) manat, cəmi 30000 (otuz min) məbləğində müəyyən edilməsi, Cavabdeh və həmin evdə yaşayan ailə üzvlərinin evdən çıxarılması, ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışlarla Cavabdeh mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində yerləşən 106 kv.m ümumi, 55.0 kv.m əsas, 51.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və Cavabdeh mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması, Cavabdeh İddiaçı BOKT MMC-yə olan borcunun ödənilməsi tələbi ilə hərracdan əldə olunan vəsaitdən "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi və vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddianı onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 582 saylı kredit müqaviləsinə əsasən anbar tikintisi məqsədilə xx.xx.2022-ci il tarixinədək illik 24% faiz olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində pul ayrılmışdır. Həmin məbləğini və ona hesablanmış faizlərin qaytarılması üçün kredit müqaviləsinə (kredit sazişinə) əlavə olunan ödəniş qrafiki tərtib olunmuşdur. Müəyyən müddətdə Cavabdeh bu ödənişləri eləsə də, qrafik üzrə aylıq ödəniş məbləği 588,49 manat olduğu halda, ondan az ödəmişdir. Nəticədə gecikən günlərə görə ikiqat faiz hesablanmışdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (əlavə №1) uyğun olaraq borc verəninbank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, borclu əsas məbləğə hesablanacaq faizlərin və cərimələrin ödənilməsinə razılıq vermişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********00-06301, qeydiyyat nömrəsi- **********, seriya RX-1480268) xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 106 kv.m ümumi sahəsi, 55.0 kv.m yaşayış, 51.0 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi-**********, seriya MA- 0213233) xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, Cavabdeh tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Tərəflər arasında bunu təsdiq edən 01 may 2019-cu il tarixli 582 saylı və 01 may 2019-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, ipoteka müqavilələri Azərbaycan Respublikası DƏDRX-nin müvafiq ərazi idarəsində xx.xx.2019-cu il tarixlərində dövlət qeydiyyatına alınmışdır. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Borclu sonuncu dəfə 2021-ci ilin aprel ayında ödəniş eləsə də, sonradan kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi, tərtib olunmuş qrafik üzrə aparmamışdır. Ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir və ya lazımınca icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına 14711,51 (on dörd min yeddi yüz on bir manat əlli bir qəpik) manat əsas, 10969,62 (on min doqquz yüz altımış doqquz manat altımış iki qəpik) manat faiz, 5078,19 (beş min yetmiş səkkiz manat on doqquz qəpik) manat cərimə, 6914,80 (altı min doqquz yüz on dörd manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 37674,12 (otuz yeddi min altı yüz yetmiş dörd manat on iki qəpik) manat borcu yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən çıxardığı qərarda ipoteka predmentinin ilkin satış qiymətinin göstərməlidir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, tərəflər ipoteka predmetlərinin qiymətlərini 20000,00 (iyirmi min) manat və 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat məbləğində qiymətləndirmişlər. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək tələbi onunla bildirdi ki, Cavabdeh İddiaçı BOKT MMC-dən 15000 (on beş min) manat məbləğində kredit almış, bu vaxta qədər 1800 manat ödəniş etmişdir. Hazırda cavabdehin 37674,12 (otuz yeddi min altı yüz yetmiş dörd manat on iki qəpik) manat borcu vardır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, İddiaçı BOKT MMCdən 15000 (on beş min) manat məbləğində kredit almış, bu vaxta qədər 1800 manat ödəniş etmişdir. Maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Maddi imkanı düzələndə ödəniş edəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 582 saylı kredit müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialından anbar tikintisi məqsədilə xx.xx.2022-ci il tarixinədək illik 24% faiz olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi və Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı BOKT MMC-nin Quba filialına kreditin əsas məbləğindən 14711,51 (on dörd min yeddi yüz on bir manat əlli bir qəpik) manat əsas, 10969,62 (on min doqquz yüz altımış doqquz manat altımış iki qəpik) manat faiz, 5078,19 (beş min yetmiş səkkiz manat on doqquz qəpik) manat cərimə, 6914,80 (altı min doqquz yüz on dörd manat səksən qəpik) manat dəbbə pulu olmaqla, cəmi 37674,12 (otuz yeddi min altı yüz yetmiş dörd manat on iki qəpik) manat borcu qalmışdır; İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05.072023-cü il tarixli 9/3432 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh İddiaçı BOKT MMC-ə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, 582 saylı kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı BOKT MMC-ə olan əsas və faiz borcu 19385,80 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 14700 manat, mükafat borcu üzrə 4685,85 manat müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə cərimənin hesablanması müəyyən edilməmişdir. İş materiallarında olan bildiriş və xəbərdarlığın surətlərindən görünür ki, Cavabdeh kredit təşkilatına olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 203,02 (iki yüz üç manat iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürborc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlərborc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadından görünür ki, borc üzrə tutmanın yönəldilməsi zamanı ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti də likvid qiymətlə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan hüquq torpaq məsələləri və ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 19 saylı rəyi nəzərə alınaraq ipotekaya qoyulmuş Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin ilkin likvid dəyəri 36900 (otuz alt min doqquz yüz) manat və Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin likvid dəyəri 12859 (on iki min səkkiz yüz əlli doqquz manat) müəyyən edilmişdir. Məhkəmə Cavabdeh ipoteka predmeti olan torpaq sahəsindən çıxarılması tələbinə qiymət verərək hesab edir ki, həmin tələbin heç bir hüquqi əsası olmadığından, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və ipoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna görə rədd olunmalıdır. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hal-hazırda ipoteka predmeti olan mənzilin boşaldılması ipoteka qoyanın və borcalanın “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının, yəni ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına qədər əsas öhdəlik üzrə borcu ödəyərək ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satışına xitam verilməsinə dair hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5–ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 312.4-cü maddəsinə əsasən, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 47.2-ci maddəsinə əsasən, poteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür; 47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər; 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-ci maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyanın torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, əmlakın boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni torpaq sahəsinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni torpaq sahəsi satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 14700 (on dörd min yeddi yüz) manat təşkil etdiyi halda, 5078,19 (beş min yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 (bir yüz) manata qədər azaldılmalıdır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 582 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 14700 (on dörd min yeddi yüz) manat əsas, 4685,85 (dörd min altı yüz seksən beş manat səksən beş qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 19485,85 (on doqquz min dörd yüz səksən beş manat səksən beş qəpik) manat Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinə və Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilməli, torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə, iddia tələbi qismən təmin edildiyə görə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 203,02 (iki yüz üç manat iki qəpik) manat məbləğində pulun 100 (bir yüz) manatı iddiaçıya aid edilməli, 103,02 (bir yüz üç manat iki qəpik) manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 582 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli, 582 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14700 (on dörd min yeddi yüz) manat, 4685,85 (dörd min altı yüz seksən beş manat səksən beş qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə 19485,85 (on doqquz min dörd yüz səksən beş manat səksən beş qəpik) manat Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinə və Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilsin. Torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İpoteka predmeti olan Quba rayonu, Dəlləkli kəndində 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin ilkin ilkin satış qiyməti 36900 (otuz alt min doqquz yüz) manat və Quba rayonu, Dəlləkli kəndində yerləşən 0,8405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 12859 (on iki min səkkiz yüz əlli doqquz manat) müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 203,02 (iki yüz üç manat iki qəpik) manat məbləğində pulun 100 (bir yüz) manatı iddiaçıya aid edilsin, 103,02 (bir yüz üç manat iki qəpik) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar