Məhkəmə qərarları › İş №e-2(027)-1554/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1554/2022

17.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1554/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışların və müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun həya keçirilməsinə yaradılan maneərin aradan qaldırılması” tələbinə dair ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışların və müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun həya keçirilməsinə yaradılan maneərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi sələfi - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X5 adına rəsmiləşdirilmiş 28.03.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışın və Cavabdeh2 adına rəsmiləşdirilmiş 20.05.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilmələri; X6 və Cavabdeh2 arasında bağlanılmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdehlər DTX əməkdaşı X1 və qayını Cavabdeh2 tərəfindən İddiaçı Quba rayonu, Alpan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və zəbt olunmuş 0.02 ha torpaq sahəsini iddiaçıya qaytarılması; ƏMDKY DƏDRX-nin 5 saylı Ərazi idarəsinın məlumat bazasına 2014-cü ildə otuzdurulmuş, sahənin koordinatları bir necə dəfə dəyişdirilmiş, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında İddiaçı verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda göstərilmiş koordinatlar faktiki hasara alınmış sahənin və tikilmiş anbarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi; Torpaq Məcəlləsinin 13-cü və 17-ci maddələrini əsas tutaraq cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş iki mərtəbəli villa, sauna, yay kafesi qanunsuz tikililər kimi hesab olunması barədə və torpaqdan məqsədli təyinatına istifadə edilmədiyinə görə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi; iddiaçıya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsinin qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana görə cavabdehlər Cavabdeh2 və X2 tərəfindən iddiaçıya 5000 manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. İddiaçının iddia ərizəsində tələb kimi qoyulmuş “çıxarışların etibarsız hesab edilməsi” məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışların və müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun həya keçirilməsinə yaradılan maneərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı çıxarışların ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir. Qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci və 263-264-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışların və müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun həya keçirilməsinə yaradılan maneərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, ilk öncə mübahisə etdiyi mülkiyyət hüququ ilə bağlı çıxarışların ləğvi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etməlidir. Qeyd edilən orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldğı təqdirdə şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar