Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1907/2025 17.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XSnin əməkdaşlarının tərtib etdiyi ******* saylı AKT əsasında, Quba rayonu, Amsar kəndində yerləşən evinin **********03140 saylı abonent kodu üzərinə hesablanmış 652 (altı yüz əlli iki) manat, 82 (səksən iki) qəpik məbləğində borc pulun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Amsar kəndində yerləşən evində olan qaz sayğacı (abonent **********03140) əvvəl atası X1 adına olub, hal-hazırda isə onun adındadır. Onlar bir abonent olaraq istifadə etdikləri qazın pulunu həmişə vaxtında ödəyir. 11 sentyabr 2024-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları həmin evə gələrək ******* nömrəli akt tərtib edərək qaz sayğacını çıxarıb aparıblar. Bundan sonra Cavabdeh, X3 İstismar İdarəsindən onun ünvanına, abonent kodu üzərinə 652 manat 82 qəpik borc hesablandığı barədə tələbnamə göndərilmişdir. Bu borc 27 noyabr 2024-cü il tarixində tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT üzrə hesablanmışdır. Aktda “sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilmişdir” qeydi yazılmışdır. Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı AKT əsasında hesabladığı borcla razılaşmır. Qeyd edir ki, sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac evinin həyət qapısından bayırda quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının funksiyasina aiddir. Həmçinin Qaz İdarəsinin əməkdaşları sayğacı xəttən ayırarkən iştirakıyla plomblu qutuya qoyaraq laborotoriyaya aparmalı və laborotoriyada iştirakıyla baxış keçirilməli olduğu halda, bu qaydaya da əməl olunmamışdır. Subyektiv mülahizələr əsasında ona məxsus qaz sayğacı üzərinə dəymiş ziyanın bərpası məqsədilə borcun hesablanması əsassızdır. Ona görə də qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iş üzrə iddiaçının İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nin qanunla müəyyən olunmuş qaydada məhkəmə baxış iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması 27 noyabr 2024-cü il tarixli, “0431037” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən “sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilmişdir” qeydi yazılmışdır; dəymiş ziyanın bərpasına dair 27 noyabr 2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********03140 saylı abonent kodu üzrə 5440.2 m3 həcmində qaz itkisi hesablanmışdır. abonent saldosundan göründüyü kimi, Quba rayonu, Amsar kəndində yerləşən yaşayış evinə aid **********03140 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 652 manat 82 qəpik borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 652 manat 82 qəpik məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiz ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə mövcüd sübutlarla bağlı qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində aralarında müqavilə olmaqla istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmişdir. Bu halda isə həmin akt yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli “0431037” saylı akta əsasən hesablanmış 652 manat 82 qəpik borc İddiaçı **********03140 kodlu abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli “0431037” saylı akta əsasən hesablanmış 652 manat 82 qəpik borc İddiaçı **********03140 kodlu abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1907/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1907/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver