Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2718/2025 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Quba rayonu, Bərqov kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı2 ilə xx.xx.2001-ci ildə nikahını rəsmiləşdirib el adəti ilə evlənərək iddiaçını gəlin kimi Quba rayonu Bərqov kəndində yerləşən evə köçürmüş, İddiaçı2 ilə ailədə yaşayarkən həmin evdə 2 uşaqları olmuşdur, hazırda uşaqlar yetkinlik yaşına çatıblar. İddiaçı2 ilə Cavabdeh arasında olan nikah Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulmasına dair məhkəmədə iddia qaldırılanadək, 08 may 2024-cü il tarixdə Cavabdeh İddiaçı2 və uşaqlarını uzun illərdir birgə yaşadıqları və İddiaçı2 vəsaiti hesabına əsaslı təmir-tikinti-quraşdırma işləri aparılmış Quba rayonu, Bərqov kəndində yerləşən evdən qovmuşdur. İddiaçı həmin evdən çıxarkən şəxsi cehiz əmlaklarını, qızıl-zinət əşyalarını özü ilə götürə bilməmiş, cavabdeh buna imkan verməmişdir və həmin əmlaklar Cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. 2001-ci ildən etibarən 2024-cü ilin may ayının 8-nə kimi İddiaçı2 və onun iki övladı olan birgə iddiaçılar İddiaçı1 və İddiaçı3 həmin evdə yaşamışlar, Cavabdeh ailə üzvü kimi həmin yaşayış sahəsinə hüquq və vəzifələr əldə etmişlər. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan evdir. xx.xx.2001-ci ildə cavabdehlə ailə qurduğu vaxtdan İddiaçı2 orta məktəbdə müəllimə işləmiş, əmək haqqı almış və cavabdehlə birgə nikah dövründə yaşadıqları zaman sözü gedən evin təmir-bərpa, tikinti quraşdırma işlərində maddi çəhətdən dəstək olmuşdur, cavabdehlə birgə evi yaşayış üçün tam yararlı vəziyyətə gətirmişlər, sonradan onların birgə vəsaitləri hesabına evdə genişləndirmə işləri aparmışlar. 2024-cü ilin iyun ayında Cavabdeh başqa bir qadınla qeyri-rəsmi görüşməsi ilə bağlı İddiaçı2 ilə aralarında yaranmış ailə münaqişəsi nəticəsində Cavabdeh İddiaçı2 və uşaqları-iddiaçılar İddiaçı1 və İddiaçı3 20 ildən artıq yaşadıqları və daimi qeydiyyatda olduqları Quba rayonu, Bərqov kəndində yerləşən evdən qovmuşdur. Həmin vaxtdan İddiaçı2 övladları ilə birlikdə hər dəfə bir qardaşının evində yaşamış, evinə qayıda bilməmişdir, hazırda da qardaşının evində yaşayırlar, başqa yaşamağa yerləri yoxdur, qardaşının ailəsi ilə bir evdə iki yetkinlik yaşına çatmış uşaqla yaşamaq olduqca çətindir. İddiaçı2 cehiz-zinət əşyaları cavabdehin evində qalmışdır və bu gün də oradadır. İddiaçı2 ərizəsi əsasında Quba rayon Məhkəməsinin Müvəqqəti Təminat Tədbiri barədə qərardadına əsasən əmlakların üzərinə həbs qoyulmuşdur. Cavabdeh iddiaçılara həmin evə qayıtmağa imkan vermir, iddiaçılar məcbur olaraq məhkəmədə cavabdehə qarşı evə köçürülmə tələbinə dair iddia irəli sürmüşlər. İddiaçı2 iddiasının qanuni əsasını 01 oktyabr 2009-cu tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt 2001-ci ilin sentyabrın 1-dən sonra yaranmışdır. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibuluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Başqa yaşayış yeri iddiaçıların həmin evə buraxılmamağı qanuni və əsaslı sayıla bilməz. Həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev özbaşına tikili olduğundan tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçıların mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı tədqirdə onların digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. İddiaçıların həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onların həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mübahisə predmetini təşkil edən ev İddiaçı2 atasının köməkliyi nəticəsində inşa edilmişdir. Cavabdeh ev tikməyə imkanı yox idi. Ev tikildikdən sonra toy olmuşdur. Həmin evdə heç kim qalmır. 24 il yaşayıblar, 1 ildir ki, evdən çıxıblar.İddiaçı2 evin təmir edilməsində rol oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı onun qardaşı qızıdır. Evi usta kimi o tikmişdir. Tərəflər toydan sonra evə köçüb yaşadılar. Qardaşı Vahidin sayəsində ev tikilmişdir.Uzun müddət iddiaçı Vəsilə və uşaqları həmin evdə yaşamışlar. İİİ. İşin faktiki halları: Quba rayon Vəlvələ Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Cavabdeh həyətyanı sahəsində birmərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. Quba RİHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfat Cavabdeh, İddiaçı2 Tayib qızı, İddiaçı1 və İddiaçı3 ibarətdir. Quba rayon Məhkəməsinin 2(027)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsində bağlanmış, 0385 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Beləliklə işin hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqları vaxtdan hazırda iddia tələbində qeyd edilən fərdi yaşayış evində yaşamışlar. Həmin ev tərəflər arasında nikah bağlanmamışdan öncə İddiaçı2 valideynlərinin köməkliyi nəticəsində inşa edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış nikaha Quba rayon Məhkəməsinin 2(027)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. İddiaçı hazırda Quba irayonu. Bərqov kəndinə yerləşən evə köçürülməsinin təmin edilməsi ilə bağlı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə nəyatına, mənzilinə və yazışma sirrinə hörmət, hüququna malikdir. AR Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka-digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. 30 iyun 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 53 -cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı, onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi Quba rayonu, Bərqov kəndində yerləşən mübahisəli ev mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, həmin ev məhz tərəflər nikaha daxil olmamışdan öncə İddiaçı2 atasının maddi yardımı ilə tikilmişdir. Əlavə olaraq tərəflər arasında nikahdan öncə də qohumluq münasibətləri mövcud olmuşdur. Bundan əlavə tərəflər nikaha daxil olduqdan sonra həmin evdə yaşamışlar. Tikilinin yaşayış sahəsi olmasını isə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görmək mümkündür. Qeyd edilən hallar Quba rayon İcra Hakimiyyəti Başçısının Vəlvələ kənd İƏD üzrə nümayəndəliyinin arayışından, eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçının başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqəsinin olmasına görə həmin evi onun mənzili adlandırmaq olar. İddiaçının həmin evə köçürülməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Quba rayonu, Bərqov kəndində yerləşən fərdi evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
V Nəticə
q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Quba rayonu, Bərqov kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli