Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-416/2023 03.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Faiq oğlundan 12609 (on iki min altı yüz sıfır doqquz) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Faiq oğlu 27 oktyabr 2016-cı il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, üçüncü şəxslərlə bağlanılan alğı-satqı müqavilələri əsasında Cəmiyyətə ödənilməsi üçün ona verilmiş 12609 (on iki min altı yüz sıfır doqquz) manat məbləğində pul vəsaitinin Cavabdeh Faiq oğlu ilə Cəmiyyət arasında aparılan dövriyyə hesablaşmaları zamanı Cəmiyyətin hesabına daxil olmadığı və əksik olduğu aşkarlanmışdır. Nəticədə Cavabdeh Faiq oğlunun İddiaçı MMC-yə 12609 (on iki min altı yüz sıfır doqquz) manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli “Mövcud borcun etirafı haqqında” Mücərrəd Müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh Faiq oğlu borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edərək, xx.xx.2019-cu il tarixədək 12609 (on iki min altı yüz sıfır doqquz) manat borc məbləğini tam qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 12609 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək, iddia müddətinin ötürülməsinə səbəb MMC-də olan iş çoxluğu olduğu və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixdən Cavabdeh İddiaçı MMC-nin satış üzrə nümayədə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 561-K saylı əmrdən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentində çalışdığı sürücü-ekspeditor vəzifəsində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd” müqaviləsindən görünür ki, Cavabdeh cəmiyyətə 12609.81 manat məbləğində borcu olduğunu etiraf etmiş və xx.xx.2019-cu il tarixədək yaranmış borc məbləğini cəmiyyətə qaytacağını öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən İddiaçı MMC-nin satış üzrə nümayədəsi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd” müqaviləsi əsasında Cavabdeh cəmiyyətə 12609.81 manat məbləğində borcu olduğunu etiraf etmiş və xx.xx.2019-cu il tarixədək yaranmış borc məbləğini cəmiyyətə qaytacağını öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 561-K saylı əmr əsasında Cavabdeh Cəmiyyətin Satış Departamentində çalışdığı sürücü-ekspeditor vəzifəsinə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Lakin, İddiaçı MMC məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşlər. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edilməsi müəyyən edilmişdir. Bundan başqa, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı MMCnin ona qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. (2.1-ci maddə); Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. (2.2-ci maddə); Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. (2.3-cü maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (maddə 375.2.). Həmin Məcəllənin 377-ci maddəsinin tələbinə görə, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (maddə 377.3.). Mülki Məcəllənin 374-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu məcəllə ilə müəyyənləşdirilir. Bundan başqa iddiaçı cavabdehlə arasında olan borc müqaviləsinə əsaslanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlansa da, göründüyü kimi müqavilədə göstərilən məbləğ əmək münasibətlərindən irəli gələn ziyanla bağlı olmuşdur ki, göstərilən müqavilə də Mülki Məcəllənin 882-ci maddəsinin tələbinə ziddir. İddiaçının tələblə bağlı ilk öncə mediasiyaya müraciət etməsi də, yaranmış mübahisənin tərəflər arasından olan əmək münasibətindən yaranmasını göstərir. Bundan başqa iddiaçı müqavilə üzrə borcla bağlı tələblə çıxış etsə belə, istənilən halda borc müqaviləsi üzrə də iddia müddətini buraxmışdır. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla, qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Qeyd edilən əmək və mülki hüquq normalarının müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Mediasiyaya görə iddiaçının ödədiyi məbləğ özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməsin. Mediasiyaya görə iddiaçının ödədiyi məbləğ özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-416/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-416/2023
03.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver