Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-544/2023 04.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən qanunsuz istifadənin cavabdehə qadağan olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,45 ha və 0,75 ha torpaq sahələrindən (alma bağlarından) istifadənin qadağan edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(027)-5694/2016 saylı Qətnaməsinin icrası ilə əlaqədar kredit borcunun təminatı kimi ipoteka qoyulmuş Cavabdeh1 və onun ailə üzvlərinə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,75 ha və 0,45 ha torpaq sahələri İddiaçı Səhmdar Kredit Təşkilatıının mülkiyyətinə keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,75 ha torpaq sahəsi və xx.xx.2020- ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,45 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı Səhmdar Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı Səhmdar Kredit Təşkilatının qeyd olunan torpaq sahələrinə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığından, əvvəlki mülkiyyətçilərin Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh1 verilmiş kreditə sərf olunmuş vəsaitin bərpasının təmin edilməsi üçün İddiaçı Səhmdar Kredit Təşkilatının mülkiyyətinə keçmiş yuxarıda qeyd olunan torpaq (alma bağı) sahələrinin müvafiq qaydada satılması zərurəti yaranmışdır. İddiaçı Səhmdar Kredit Təşkilatının Xaçmaz filialı tərəfindən sözügedən torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə torpaq sahəsindən istifadə ilə bağlı onun dəyərinin ödənilməsi, digər tərəfdən həmin torpaq-sahələrindən qanunsuz istifadənin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamış, onlar hal-hazırda həmin torpaq sahəsindən (alma bağından) qanunsuz istifadə etməkdə davam edirlər. Belə ki, İddiaçı QSC –yə məxsus əmlakların vəziyyətinin monitorinq aktına əsasən İddiaçı QSC-nin mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,45 ha və 0,75 ha torpaq sahələrinin onun əvvəlki mülkiyyətçiləri olmuş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz istifadə edilir. İddiaçı QSC BOKT-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 ilkin məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 7000 manat kredit götürmüklə təminatı olaraq onlara məxsus 0.45 ha və 0.75 ha torpaq sahəsi girov qoyulmuşdur. Hal-hazırda borc tam ödənilmədiyinə görə həmin sahələri iddiaçı mülkiyyətinə keçirmişdir. 7000 manat kreditə görə dəyəri yüksək olan torpaq sahəsinin bu qaydada əldə edilməsi əsassızdır və iddianı qismən qəbul edir. İddianın məhkəmədən kənar həll olunması üçün müəyyən vaxta ehtiyacı vardır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə , Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materialınnı tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslı olmaqla təmin olunmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən verilmiş reyestr nömrəsi **********35 olan, ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisindən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı QSC BOKT-nin balansına verilmiş, daşınmaz əmlakın dövlət reyestindən 27 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən verilmiş reyestr nömrəsi **********34 olan, ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisindən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı QSC BOKT-nin balansına verilmiş, daşınmaz əmlakın dövlət reyestindən 27 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 fevral 2020-ci il tarixli 2250 saylı Güzəştli Kredit müqaviləsi üzrə İddiaçı QSC BOKT-a 1771,01 manat əsas borc, 16,44 manat faiz borcu olmaqla, cəmi 1787,45 (bir min yeddi yüz səksən yeddi) manat 45 qəpik məbləğində borcu vardır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(027)- 5694/2016 saylı Qətnaməsinə əsasən, İddia təmin olunmuş, Cavabdeh1 İddiaçı QSC BOKT-nin xeyrinə 7303,65 manat əsas borc və 1429,08 manat faiz borcu olmaqla, cəmi 8732,73 (səkkiz min yeddi yüz otuz iki manat, yetmiş üç qəpik) manat borc və 30 manat dövlət rüsumu tutulsun, İddiaçı QSC BQKT-ua borc tələbi ipotekaya qoyulmuş Cavabdeh1, X4, Cavabdeh2, X7 və Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,75 ha və 0,45 ha torpaq sahələrinə yönəldilsin; ipoteka predmetini təşkil edən həmin 0,75 ha və 0,45 ha torpaq sahələrinin ilkin satış qiyməti 14400 manat müəyyən olunsun; həmin 0,75 və 0,45 ha torpaq sahələri açtq hərraca çıxarılaraq satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı QSC'BOKTa olan 7303,65 manat əsas borc və 1429,08 manat faiz borcu olmaqla, cəmi 8732,73 (səkkiz min yeddi yüz otuz iki manat, yetmiş üç qəpik) manat borcu və 30 manat məbləğində dövlçt rüsumu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyanlara verilməsi qət edilmişdir. İddia ərizəsindən görünür ki, “AsanPay” vasitəsilə, ********* nömrəli mədaxil qəbzilə, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əvvəllər cavabdehlərə məxsus və kreditin təminatı kimi girov qoyulmuş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0.75 hektar və 0.45 hektar torpaq sahələri məhkəmənin qərarına müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2020-ci il tarixli Çıxarışlara (surəti əlavə olunur) əsasən “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçməsi, buna baxmayaraq İddiaçı QSC-nin rəsmi razılığı olmadan cavabdehlərin ailələri ilə birlikdə həmin torpaqdan istifadə edilməsi məlum olmuş və verilmiş kreditə sərf olunmuş və uzun müddət dövriyyədən yayındırılmış Dövlət vəsaitlərinin bərpası məqsədi ilə həmin torpaq sahəsinin təcili olaraq satılması təmin edilməli, torpaq sahələrinin əvvəlki mülkiyyətçisi olduğunuzu və bu əmlakdan hal-hazırda istifadə etdiyinizi nəzərə alıb, torpaq sahəsinin alınması ilkin olaraq Sizə təklif olunması və təklifdən imtina etdiyiniz, yaxud 10 gün ərzində təklifə münasibət bildirmədiyiniz halda Kredit Təşkilatının mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə hüququna xitam verilərək digər şəxslərə satılması üçün müvafiq hüquqi tədbirlər görüləcəyi barədə Cavabdeh1 məlumat verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, kredit borcunun təminatı kimi ipoteka qoyulmuş Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,75 ha və 0,45 ha torpaq sahələri məhkəmə qətnaməsinin icrası nəticəsində İddiaçı Səhmdar Kredit Təşkilatının mülkiyyətinə keçmiş və müvafiq çıxarış alınmışdır. Hazırda qeyd edilən əmlaklar iddiaçının mülkiyyətindədir və cavabdehlərin həmin torpaq sahəsindən (alma bağından) istifadənin qanuniliyi ilə bağlı müqavilə əsası bə ya hər hansı digər əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,45 ha və 0,75 ha torpaq sahələrindən (alma bağlarından) istifadə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,45 ha və 0,75 ha torpaq sahələrindən (alma bağlarından) istifadə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-544/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-544/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver