Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-573/2024 18.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8352 (səkkiz min üç yüz əlli iki) manat 35 (otuz beş) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, , Cavabdeh xx.xx.2021-ci il tarixindən İddiaçı MMCdə satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022-ci illər tarixində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 8352 (səkkiz min üç yüz əlli iki) manat 35 (otuz beş) qəpik pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 8352 (səkkiz min üç yüz əlli iki) manat 35 (otuz beş) qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin hazırlı iclasında izahatında bildirmişdir ki, mağazalara mal verilmiş və mal qalıqlarını qaytardıqda, artıq onun üzərinə qalıq kimi qeyd edilmişdir. Mağazaların yazılı qeydlərini və sübutlarını təqdim edəcəkdir. Sonrakı məhkəmə iclasllarının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət daşıması haqqında müqavilə”nin 1-ci bəndindən görünür ki, Cavabdeh əmək münasibətləri prosesində işəgötürən (Avrora MMC) tərəfindən ona istifadəyə verilmiş, həvalə və təhkim olunmuş İşəgötürənə məxsus əmlakın və maddi sərvətlərinin salamatlığının təmin olunması üçün öz üzərinə öhdəliklər götürmüşdür. İş materialında olan İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə Quba şəhərində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC –nə maddi zərər vurduğunu etiraf etmiş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmiş, aktın doğruluğu təsdiq edilərək, satış nümayəndəsi Cavabdeh və bölgə müdiri X5 və audit satış meneceri X4 tərəfindən imzalanmışdır. İş materialında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 561 nömrəli əmrinə əsasən xitam verilmişdir. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-01822 saylı arayışına əsasən, Cavabdeh X2 iştirak etməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı MMC -nin nümayəndəsi tərəfindən ödənilmişdir. İş materialında olan Cavabdeh izahatının surətindən göründüyü kimi, o təvil-təslim aparılmış dövr üçün, ümumilikdə 8372.65 manat məbləği (mənimsəməni) onun şəxsi hesabına atılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin a və b bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən cavabdeh satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Azərbaycan Respublikası Əmək Məcəlləinin 199-200-cü maddələrinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən işçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini tam maddi məsuliyyət ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. İşəgötürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, işçiyə təhvil verilmiş malların siyahısının faktiki yoxlanılması zamanı, habelə inventarizasiya nəticəsində işəgötüərən maddi ziyan vurulduğunu əsas gətirərək, işçi qismində çıxış edən cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, müvafiq aktın nəticələrinə dair mühasibat-uçot sənədlərinə və cavabdehin etiraf ərizəsinə əsasən zərər məbləği 8372.65 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın məbləği məhz həmin məbləğdədir.Həmçinin, iddiaçı qeyd olunan məbləğdən 8352.35 manat məbləğində zərərin əvəzininin ödənilməsini tələb etmişdir. Bu halda, məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın məbləği məhz iddia tələbi həcmində təmin edilməlidir. İddia ilə bağlı 53 (əlli üç) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli və 53 (əlli üç) manat 53 (əlli üç) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6175,50 manat, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat 53 (əlli üç) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8352 (səkkiz min üç yüz əlli iki) manat 35 (otuz beş) qəpik əsas zərər, dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat 53 (əlli üç) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-573/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-573/2024
18.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver