Məhkəmə qərarları › İş №e-2(027)-987/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-987/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-987/2023 14.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, «miras əmlaka dair payın müəyyən edilməsi» tələbinə dair ərizə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Mərhum X3ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul olunması və miras əmlaka dair 1/5 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum atası X10 və X3ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul olunması və miras əmlaka dair 1/5 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi Quba rayonu, X48 1977-1979-cu illərə aid Digah kəndi üzrə 13 saylı təsərrüfat başına kitaba əsasən, atası X16 məxsus olmuş, 1977-ci ildə atasının vəfatından sonra X11 adının üzərindən xətt çəkilmiş və üzərində X12 yazılmışdır. X3 xx.xx.1991-ci ildə vəfat etmişdir. Bundan sonra, hansısa yolla Quba rayon, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluq bağı olmayan ögey oğlu X20 adına keçmişdir. O, isə miras qoyan doğma anası X2 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonra dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və əmlakı faktiki idarə edir. Əmlakın pay bölgüsündə 1/5 hissə açıq qalmışdır ki, həmin hissə də ona düşən paydır. Həmin miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul olunması və miras əmlakda payının 1/5 hissədə müəyyən olunması məhkəmə qaydasında tanınmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının məhkəməyə dəlil kimi təqdim etdiyi "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim edilən elektrik borcu haqqında hesab-bildirişlər və elektrik enerjisinin ödəniş qəbzləri əsassızdır. Belə ki, həmin sənədlər 2007-ci ildən başlayan dövrü əhatə edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 13 iyul 2018-ci il tarixli 1164 saylı Arxiv Arayışında göstərilir ki, Quba rayon İHB-nin Amsar kənd İƏD- nin nümayəndəliyinin 1991-1995-ci illərə aid Digah kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabda atası X9 üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 1991-ci ildən babam X19 məxsus olmuş fərdi yaşayış evinin təsərrüfat başçısıdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 avqust 2018-ci il tarixli 1517 saylı Arxiv Arayışında göstərilir ki, Quba rayon İHB-nin Amsar kənd İƏD-nin nümayəndəliyinin 1996-2000-ci illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitabda X15nun xüsusi mülkiyyətində ümumi sahəsi 144 kv. m., o cümlədən yaşayış sahəsi 45 kv.m. olan yaşayış evi olduğu və atasının adından başqa heç kimin adının olmadığı qeyd edilmişdir. Beləliklə, bu sənədlər sübut edir ki, atası qanunvericiliyə uyğun olaraq mirası qəbul etmiş və 1991-ci ildən vəfat edənədək sözügedən fərdi yaşayış evinin yeganə təsərrüfat başçısı olmaqla əmlaka faktiki sahiblik etmiş və onu idarə etmişdir. X15 2001-ci ildə vəfat etdikdən sonra isə Quba rayon dövlət Notariat kontorunun 23 iyul 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən X15nun vərəsəsidir və bir vərəsə kimi də sözügedən daşınmaz əmlaka həm faktiki şəkildə, həm də qanuni-hüquqi şəkildə sahiblik etmişdir. Belə ki, sözügedən fərdi yaşayış evini yaşayış üçün lazım olan özünə məxsus məişət, texniki və elektrik əşyaları - xalçalar, yorğan- döşəklər, paltaryuyan texnika, qab-qacaqlar və s. ilə təmin etmiş, sözügedən daşınmaz əmlaka dair tələb olunan məsrəfləri həmişə qarşılamış, əmlakın saxlanması və təmiri üçün pul vəsaiti xərcləmiş, eləcə də daş hasar çəkdirmişdir. Hüquqi cəhətdən isə bu, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və hüquq subyekti kimi ona məxsus fərdi yaşayış evinin Texniki Pasportu ilə təsdiq olunur. İddiaçı isə X15nun vərəsəsi olmadığı üçün onun vəfatından sonrakı illərdə elektrik enerjisini 2007-ci ildən ödəməsi onun miras qalmış evi qəbul etməsi və onu faktiki idarə etməsinə sübut kimi qiymətləndirilə və qəbul edilə bilməz. "xxxx" ASC-nin E-Xidmətlər portalından **********00048 nömrəli abonent kodunun borcunu təsvir edən çıxarışdan görünür ki, çoxdankı dövrlərdən ödənməmiş 400 azn (205 azn + 195 azn) borc qalmışdır. Əgər iddiaçı qeyd etdiyi kimi mirası qəbul edərək faktiki sahiblənmiş və ya idarə etmiş olsaydı, o zaman bu günədək yaranmış olan 400 azn borcu da ödəmiş olardı. Eləcə də, "xxxx" ASC-nin Şəxsi Kabinetindən **********00048 nömrəli abonent kodu üzrə elektirk enerjisi sərfıyyatım təsvir edən çıxarşlardan görünür ki, son 1 il ərzdinə sözügedən fərdi yaşayış evində enerji sərfıyyatı sıfır olmuşdur. Şəxsi Kabinetdə yalnız son 1 ili göstərdiyi üçün digər əvvəlki illəri də təqdim etmək mümkün olmur, lakin eyni hal əvvəlki illərə də aiddir. Bu, iddiaçının təqdim etdiyi qəbzlərdən də görünür. Belə ki, 2018-ci ildən bu günədək ödənişi təsviri edən heç bir qəbz təqdim etməmişdir. İddiaçının təqdim etdiyi qəbzlərdən isə görünür ki, ödənişlər məqsədli şəkildə 4-5 azn ödəməklə formal xarakter daşımışdır ki, bu da iddiaçının məkrli və qərəzli plan qurmasından xəbər verir və yuxarıda qeyd edildiyi kimi sübut kimi qəbul edilməsi üçün əsassızdır. İddiaçının dəlil kimi təqdim etdiyi daha bir sənəd - ünvan 1 ünvanladığı 18 yanvar 2023-cü il tarixli 25 nömrəli arayışı qeyri-müəyyən xarakter daşıyır. Bu arayış yaşayış üzrə dəqiq ünvanı araşdırılmadan və dəqiqləşdirilmədən sadəcə iddiaçının Yuxarı Digah (Alıc-Digah) kəndində yaşadığı göstərilir, lakin onun hansı evdə yaşamasını müəyyən etmir. İddiaçı zamanında elə həmin Yuxarı Digah kəndində eyni küçədə yaşayan öz əmisi oğlu ilə ailə quraraq ora gəlin köçmüş və illərlə orada qeydiyyatda olmuşdur. Yəni həmin kənddən kənar ünvana çıxmamışdır. Həmçinin, hazırda iddiaçının həmin kənddə - Yuxarı Digah kəndində özünə məxsus ayrıca torpaq sahəsi vardır. Göründüyü kimi bu hallar sözügedən arayışın bir kənd sakini olaraq ona təqdim edilməsini mümkün edir, lakin iddianın predmeti olan evdə qeydiyyatda olmasını təsdiqləmir. Həmçinin, Quba RİHB-nin Amsar kənd İƏD üzrə nümayəndəsinin 30 mart 2023-cü il tarixli aktından da görünür ki, mübahisələndirilən yaşayış evinin ona - Cavabdeh məxsus olması dəqiq vurğulanıb, nümayəndəlik gedib həmin evə yerində baxış keçirmiş, evdə kimsənin yaşamadığını və evin qəzalı, yaşayışa yararsız, təmiri qeyri-mümkün olması qənaətinə gəlmişdir. Gördündüyü kimi bu iki arayış təxminən 2 ay fərq olmaqla təqdim edilmişdir. Aktda göstərilmiş məlumatlar və ona əlavə edilmiş fotoşəkillərdən isə göründüyü kimi ev 2 ay müddətinə bu vəziyyətə düşə bilməz. Bu, illərlə yaşayış olmayan və illərlə davam edən təbii aşınmadan gəlinən vəziyyətdir. Ona görə də iddiaçının təqdim etdiyi arayış onun məhz sözügedən fərdi yaşayış evində yaşaması faktını təsdiqləmir. Belə olan halda iddiaçının bu dəlili əsassızdır onun miras qalmış evi qəbul etməsi və onu faktiki idarə etməsinə sübut kimi dəyərləndirilə bilməz. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin 11 may 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı nümayəndəliyin Yuxarı Digah kəndində anadan olmuş həmin vaxtdan hal-hazıra kimi Yuxarı-Digah kəndində yaşayır. Cavabdeh adında vətəndaş nümayəndəliyin ərazisində yoxdur və yaşamır. Əvvəllər yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarında olan arxiv arayışından görünür ki, 1977-1979-cu illərə aid təsərrüfat başına kitabında X17 525 nönrəli təsərrüfatı olduğu qeyd edilmişdir. xx.xx.1977-ci il tarixdə X38 vəfat etdiyi üçün təsərrüfat başçısı onun həyat yoldaşı X12 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, paylı mülkiyyət hüququ əsasında, Cavabdeh (fərdi yaşayış evi 1/5, torpaq sahəsi ½ ), X28 (torpaq sahəsi ½ ), X21 (fərdi yaşayış evi 3/5) və X22 (yaşayış evi 1/5 hissə açığ saxlanılır) mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Onun atası X22 və X3dır. İş materiallarında olan kommunal ödənişlər barədə qəbzlərin surətindən görünür ki, İddiaçı mübahisə predmetini təşkil edən miras əmlakın kommunal ödənişlərini ödəmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X6 dəyişidilərək “Sabirli” soyadı ilə əvəz edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0.16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0.08 ha toraq sahəsi və ümumi sahəsi 96.1 kv/m olan fərdi yaşayış evindən İddiaçı və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilmiş, İddiaçı və Paşayeva (Məcidova) X40 rayonu, Digah kəndində yerləşən 0.16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0.08 ha torpaq sahəsi və ümumi sahəsi 96.1 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia isə təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin 2(027)- 240/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4378/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hzirki işdə Cavabdeh həmin evin vərəsəlik qaydasında atasından qəbul edərək, hazırda onun mülkiyyətində olmasını iddia etsə də, iş materialları ilə, o cümlədən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Cavabdeh mülkiyyət hüququ fərdi yaşayış evinin yalnız 1/5 hissəsi üzərində qeydiyyata alınmışdır. Evin qalan hissələri X20 (3/5 hissədə) və X18 (1/5 hissədə) mülkiyyətində qalmaqdadır. Daha sonra iş materiallarından müəyyən olunur ki, X4 ölümündən sonra onun övladlarından X31 ilə yanaşı, X29, X30 və X23 mirası notariat orqanına müraciət etməklə qəbul etmiş və sonuncular paylarını iddiaçının atasına satmışlar. Lakin miras əmlakdan 1/5 hissədə pay rəsmi qaydada qəbul olunmamış və açıq saxlanılmışdır. İddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun olmasını iddia etmiş, bunu atasının ölümündən sonra fərdi yaşayış evinin X3nın mülkiyyətinə keçməsi, sonuncunun ölümündən sonra isə miras əmlakı faktiki qəbul etməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, X14 qalan miras əmlaka 1/5 hissədə pay açıq saxlanılmışdır. Həmin payın hansı vərəsəyə aid olmasına dair iş materiallarında sübut olmasa da, onun məhz cavabdehin miras payı olmasını ehtimal etmək üçün kifayət qədər əsaslar vardır. Belə ki, miras qoyanın hazırki vərəsələrdən, cavabdeh İddiaçı, habelə sonuncunun anası (mirasqoyanın arvadı) X5 başqa digər vərəsələrin olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə hazirki vəziyyətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən işlə bağlı mövqeyi ilə razılaşır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evin əvvəllər cavabdehin babasının, iddiaçının atasının mülkiyyətində olması, iddiaçının atasının vəfatından sonra iddiaçının anasının sahibliyində və mülkiyyətində olması işin mübahisəsiz halıdır. Həmçinin cavabdehn həmin evin vərəsəlik qaydasında atasından qəbul edərək, hazırda onun mülkiyyətində olmasını iddia etsə də, iş materialları ilə, o cümlədən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Cavabdeh mülkiyyət hüququ fərdi yaşayış evinin yalnız 1/5 hissəsi üzərində qeydiyyata alınmışdır. Evin qalan hissələri X20 (3/5 hissədə) və X18 (1/5 hissədə) mülkiyyətində qalmaqdadır. X4 ölümündən sonra onun övladlarından X31 ilə yanaşı, X29, X30 və X23 mirası notariat orqanına müraciət etməklə qəbul etmiş və sonuncular paylarını iddiaçının atasına satmışlar. Lakin miras əmlakdan 1/5 hissədə pay rəsmi qaydada qəbul olunmamış və açıq saxlanılmışdır. İddiaçı atasının ölümündən sonra həmin evdə yaşamış, anası ilə birlikdə mirası qəbul etmişdir. Göründüyü kimi, iddiaçının atası X25 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. X25 vəfat etdiyi günə qədər mübahisə predmetini təşkil edən əmlakın mülkiyyətçisi olmuşdur. Həmin vaxt iddiaçı yetkinlik yaşına çatmadığından valideynləri yəni atası X25 və X12 ilə birlikdə yaşamaqla, təsərrüfatın bir üzvü olmuşdur. İddiaçının atası X25 vəfat etdikdən sonra mübahisə predmetini təşkil edən əmlak iddiaçının anası X1 olmuş və təsərrüfat onun tərəfindən idarə olunmuşdur. İddiaçının atası vəfat etsə də, iddiaçı və iddiaçının X3 mübahisə predmetini təşkil edən evdə yaşamağa davam etmişlər. İddiaçının anası X13 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. İddiaçının anası vəfat etdikdən sonra iddiaçı mərhum atası X25 və X3ndan miras qalmış əmlakda yaşamağa davam etmiş, həmin əmlakla bağlı kommunal ödənişləri vaxtlı-vaxtında ödəmiş və təsərrüfatı o idarə etmişdir. Bununla da, iddiaçı mərhum atası X25 və X3ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Beləliklə, iddiaçının mərhum atası X10 və X3ndan miras qalmış Quba rayonu, Alıc- Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul etdiyindən miras əmlaka dair 1/5 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazirki mübahisəyə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X10 və X3ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirası faktiki qəbul etməsi və İddiaçı miras əmlaka dair 1/5 hissədə vərəsəlik üzrə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum atası X10 və X3ndan miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirası faktiki qəbul etməsi və İddiaçı miras əmlaka dair 1/5 hissədə vərəsəlik üzrə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar