Məhkəmə qərarları › İş №e-2(028)-139/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-139/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-139/2024 05.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyirlərinə 4000 (dörd min) manat məbləğində dəymiş ziyanın və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4060 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsi ilə cavabdeh iddiaçı universitetin iqtisadiyyat kursunun müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli ərizə ilə iddiaçı universitetə müraciət edərək “ümumi iqtisadiyyat” ixtisası üzrə dissertanturaya daxil olmaq üçün müsahibəyə buraxılmasını xahiş etmişdir. İddiaçı universitet tərəfindən 2018-ci ilin fevral ayında keçirilmiş imtahanların nəticəsində cavabdehin ümumi iqtisadiyyat ixtisası üzrə ödənişli əsaslarla dissertanturaya qəbul edilməsi barədə 04/2/ü saylı, xx.xx.2018-ci il tarixli əmr verilmiş və onunla xx.xx.2018-ci il tarixli “Fəlsəfə doktoru proqramı üzrə doktorantın (dissertantın) ödənişli əsaslarla təhsil alması haqqında” Müqavilə bağlanmışdır. Sözügedən Müqavilənin 1-ci bəndinə əsasən “X3 ixtisası üzrə ödənişli əsaslarla yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını öhdəsinə götürür. Doktorant (dissertant) təhsil aldığı hər təhsil ili üçün təhsil ilinin əvvəlində 1000 (min) manat məbləğində təhsil haqqını Universitetin hesabına köçürməyi öz öhdəsinə götürür”. Müqavilənin Qeyd-şərt adlanan 1.1-ci bəndinə əsasən “Universitet hesabına tam və ya güzəştli əsaslarla təhsil alan doktorant (dissertant) əmək fəaliyyətini birtərəfli qaydada dayandırdıqda bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını, o cümlədən də azad edilmiş və ya güzəşt əldə etmiş əvvəlki illərə görə təhsil haqqını tam məbləğdə ödəməlidir”. Müqavilənin bağlandığı tarixdə cavabdeh iddiaçı universitetin əməkdaşı olduğu üçün doktorantura və dissertanturaya qəbul haqqında 04/2/ü saylı xx.xx.2018-ci il tarixli əmrə edilmiş xx.xx.2018-ci il tarixli əlavə ilə cavabdehin universitet hesabına olmaqla ödənişsiz təhsil alması barədə əmr verilmişdir. Cavabdehlə olan razılaşmaya əsasən iddiaçı universitetin öz hesabına cavabdehin dissertanturada təhsil almasına imkan yaratmaqda məqsədi cavabdehin təhsilini başa vuraraq elmi dərəcə aldıqdan sonra əldə etdiyi bilikləri müəyyən müddət ərzində (müvafiq əmrə əlavədə də qeyd edildiyi kimi elmi dərəcə aldıqdan sonra tərəflər arasında əldə ediləcək razılaşmaya əsasən 3 ildən 5 ilədək müddət ərzində) universitetdə ödənişli əsaslarla əmək fəaliyyəti ilə məşğul olaraq tətbiq etmək olmuşdur. Cavabdehin və müvafiq əmrə əlavədə adları qeyd edilən digərlərinin ödənişsiz əsaslarla təhsil alması üçün müvafiq əmrə əlavə də məhz bu məqsədlə verilmişdir. Amma cavabdeh 2018-ci ildən 2022-ci ilədək universitet hesabına təhsil almış, 2023-cü ildə elmi dərəcə almaq üçün müvafiq müdafiə prosesini həyata keçirmiş və sonra tərəflər arasındakı müqavilənin 1.1-ci bəndinin şərtlərini birtərəfli qaydada pozaraq universitetlə arasında olan əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bununla da cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək iddiaçı universitetə ziyan vurmuşdur. Belə ki, cavabdeh 4 il ərzində universitetdə təhsil almaqla hər il üçün 1000 manat olmaqla ümumilikdə 4000 manat təhsil haqqı ödəməli idi. Lakin iddiaçı universitet cavabdehi yuxarıda qeyd edilən əsaslarla təhsil haqqından azad etmişdir. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və birtərəfli qaydada əmək müqaviləsinə xitam vermiş, universitetin onun təhsili üçün çəkdiyi xərclərin qarşılığını isə qaytarmamışdır. Beləliklə də cavabdehin iddiaçı qarşısında 4000 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır. İddiaçı mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət etməklə cavabdehə xx.xx.2023cü il tarixində bildiriş göndərmiş (cavabdeh sözügedən bildirişi xx.xx.2023-cü il tarixində şəxsən qəbul etmişdir) və mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin tələblərini rəhbər tutaraq ümumilikdə 4000 manat məbləğində vəsaitin universitetin hesabına ödənilməsi cavabdehdən xahiş edilmişdir. Lakin iddiaçının sözügedən müraciətinə cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Göründüyü kimi iddiaçı tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsa da, lakin bu heç bir nəticə verməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün cavabdeh tərəfindən iddiaçı universitetə ümumilikdə 4000 manat məbləğində vəsait ödənilməlidir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə mülahizə ünvanlamışdır. Həmin mülahizədə bildirilir ki, e-2(028)-139/2024 saylı mülki iş üzrə cavabdehin vəkili tərəfindən sonuncu məhkəmə prosesində qeyd edilənlərə - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ı” bəndinə əsasən “peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq'” işçinin hüququdur və buna görə işəgötürən işçi üçün dissertanturada təhsil aldığı müddət üçün ödədiyi təhsil haqqını işçidən tələb edə bilməz - münasibətdə iddiaçı olaraq aşağıdakıları məhkəmənin diqqətinə çatdıraraq nəzərə alınması xahiş edilir. Belə ki, Azərbaycan Respublikası Təhsil haqqında Qanununun 1.0.17-ci maddəsinə əsasən “əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil”dir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən “Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır”. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: ixtisasartırma; kadrların yenidən hazırlanması; stajkeçmə və kadrların təkmilləşdirilməsi; təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili; dərəcələrin yüksəldilməsi; yaşlıların təhsili. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli, 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 2.1-ci maddəsinə əsasən ixtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. Həmin Qaydanın 3.1-ci maddəsinə əsasən yenidənhazırlanma təhsili ilkin baza peşəixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 4.1-ci maddəsinə əsasən stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikası ƏM-nin 9- cu maddəsində işçinin hüququ olaraq nəzərdə tutulmuş “peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq” Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş təhsilin hər hansı bir pilləsi deyil, əlavə təhsildir. Belə ki, Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsilin 5 pilləsi (məktəbəqədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil) nəzərdə tutulmuşdur. Həmin maddədə həmçinin ali təhsilin 3 pilləsi (bakalavriat, magistratura və doktorantura) nəzərdə tutulmuşdur. Hazırki halda cavabdehin istinad etdiyi hal iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə münasibətdə tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsi işçinin ali təhsilin hər hansı bir pilləsində işəgötürənin hesabına təhsil almağı deyil, əlavə təhsil almaq hüququnun olduğunu təsbit edir.

4. Cavabdehin vəkili xx.xx.2024-cü tarixdə elektron kabinet vasitəsi ilə iddiaya etiraz təqdim edərək bildirmişdir ki: - İddiaçı iddia edir ki, cavabdeh xx.xx.2017-ci il tarixində əmək müqaviləsi üzrə universitetdə iqtisadiyyat kursu üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2017-ci ildə ərizəçi həmin universitetdə dissertanturaya daxil olmaq üçün müraciət etmişdir. - 2018-ci ilin fevral ayında universitetə ödənişli əsaslarla dissertant kimi daxil olmuşdur. - xx.xx.2018-ci il tarixində 01 nömrəli müqavilə ilə X2 Təhsil Alması haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma tarixi xx.xx.2018-xx.xx.2022-ci il tarixləri müəyyən edilmişdir. - 4-cü bənddə qeyd olunan müqavilənin 1.1-ci maddəsinə əsasən təhsil alan doktorant əmək fəaliyyətini birtərəfli qaydada dayandırdıqda azad edilmiş təhsil haqqını tam olaraq iddiaçıya ödəməlidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən universitet pulsuz təhsil alan tələbələr üçün müəyyən edilmiş hüquqlardan istifadə etmək üçün doktoranta şərait yaradır. - xx.xx.2018-ci il tarixli 04/2/2 saylı xx.xx.2018-ci il tarixli əmrə əlavə edilməsi barədə sənəddən görünür ki, Cavabdeh olu 5308.01 ixtisas şifri ilə ümumi iqtisadiyyata ödənişsiz əsaslarla doktorant olaraq qəbul edilmişdir. Yenə bu sənədin preambula hissəsində qeyd edilir ki, cavabdeh həmin təhsil müəssisəsində 3 ildən 5 ilə kimi əmək fəaliyyəti ilə məşğul olmalıdır. - İddiaçı da iddia edir ki, bu müddət ərzində, yəni cavabdeh 3-5 il arası əmək fəaliyyəti ilə məşğul olmazsa, ödənilməsi nəzərdə tutulan təhsil haqqı tam olaraq ödənilməlidir. - İddiaçının iddiasının əsasını məhz müqavilələrdən doğan öhdəliklər institutu təşkil etmişdir. Tərəflər arasında olan münasibətlər: - Tərəflər arasında iki müqavilə mövcud olmuşdur- Əmək müaviləsi (xx.xx.2017-ci il tarixli) və doktorantura təhsili alması haqqında müqavilə (xx.xx.2018-ci il tarixli). Əmək müqaviləsinin təhlili: - Tərəflər arasında olan əmək müqaviləsinə əsasən onun müəssisədə nə qədər zaman işləməsinin məcburi olması, alternativ şərtləri mövcud olmamışdır. Bu olsa da ex officio əhəmiyyətsiz şərtdir. Sivil dünyada o cümlədən, ölkəmizdə də məcburi əməyin bütün növləri ölkəmizin üzv olduğu Konvensiyalarla və eyni zamanda daxili qanunvericiliklə qadağan edilmişdir. - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən hər hansı qayda üsulla və qayda və ya zor işlətməklə kimisə məcburi əməyə cəlb etmək qadağandır. Həmçinin bunu edən şəxslər qanunvericiliklə məsuliyyət daşıyırlar. Məhz bu səbəblədir ki, öz ixtisasına, əmək qabiliyyətinə, rəqabətli maaş meyarlarına uyğun olaraq iş yerini seçmək, əmək müqaviləsinə xitam vermək işçinin hüquqları arasındadır (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsi). Məhz bu səbəblədir ki, əmək qanunvericilikdə əmək münasibətlərinə xitam verilməsinin müstəqil əsası kimi məhz işçinin təşəbbüsü ilə də xitam verilməsi nəzərdə tutulmuşdur. Bu şərtlər sırf məcburi əməyin ləğv edilməsi yönündə jus cogens normalarının implementasiyası nəticəsində bizim də daxili qanunvericiliyə salınmışdır. - Həmçinin Əmək Məcəlləsinin 2-ci maddəsinin Əmək Məcəlləsinin əsas prinsipləri arasında əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yol verilməzliyi prinsipi tutur. - X4 X8 Edilməsi haqqında 105 saylı Konvensiyasına (27 iyun 1957-ci il Cenevrə) Azərbaycan Respublikası 24 mart 2000-ci il tarixində 847-İQ qanunla qoşulmuşdur. X1 qeyd edilir ki, köləlik, qul alveri, oxşar təsisatlar borc qəbaləsi (rəsmi tərcümədə qəbalə kimi qeyd edilir, ingiliscə mətndə isə bondage kimi qeyd edilir. İngilis dili autentik dil olduğunu nəzərə alsaq, eyni zamanda izahlı lüğətə nəzər saldıqda bəlli olur ki, qəbalə borc sənədidir, hansı ki, təhkimçiliyə məcbur edir), təhkimçilik tam ləğv edilir. Həmin Konvensiyanın 1-ci maddəsində açıq şəkildə qeyd edilir ki, əmək müqaviləsinin qüvvəsindən istifadə edərək məcburi əmək yol verilməzdir ( V yarımdəndi). - Nəticə olaraq hər hansı bir mülki müqavilə ilə əmək məcburiyyəti tətbiq etmək, təhkimçilik yaratmaq, borc sənədi ilə təhkimçilik yaratmaq yolverilməzdir. Doktorantura təhsil haqqında müqavilənin təhlili: - Müqavilənin qüvvədə olma tarixi xx.xx.2018-xx.xx.2022-ci il qüvvədə olmuşdur, təhsil alma haqqında müqavilə uzadılmamışdır və müqavilədə avto prolonqasiya şərti yoxdur. İlk öncə qeyd edilir ki, müqavilədə məcburi əməyin elementləri olduğu üçün, bu müqavilənin əsas predmetini təşkil etdiyi üçün müqavilə əhəmiyyətsizdir. Lap tutalım ki, müqaviləni bir anlıq etibarlı saysaq, yenə də bəlli olur ki, müqavilənin qüvvədə olma müddəti bitmişdir. Müqavilə münasibətləri müqavilənin qüvvədə olma müddəti ərzində pozulmamışdır, yəni müqavilənin son qüvvədə cavabdeh şəxs əmək münasibətlərinə isə 2023-cü ildə xitam vermişdir. - Digər tərəfdən müqavilədə 3-5 işləməyə dair tələb yoxdur. Bu iddiaçı təhsil müəssisəsinin daxili əmri ilə müəyyən edilib (04/2/ü saylı xx.xx.2018-ci il tarixli əmrə əlavə edilməsi barədə sənədlə). Əmr və əlavələri daxili sənəddir və inzibati qaydada aiddiyyatı orqanları üçün münasibətlər yaradan və ya xitam verən sənəddir. Əmr müqavilə şərlətinə aiddiyyatı yoxdur, müqaviləyə istinadən belə bir iddianın qaldırılması mümkün deyil. - Hüquq doktrinasında müqavilənin etibarlı olması üçün müqavilənin premetinə dair tələblər də etibarlı və icraedilə bilən olmalıdır. Əks halda müqavilənin etibarlılığından söhbət gedə bilməz. İddia olunan müqavilənin 1.1-ci bəndinə əsasən doktorant əmək müqaviləsini birtərəfliq aydada ləğv etdikdə cavabdehə olunan güzəşt geri tələb edilir. Yəni ödənişsiz təhsil alan cavabdeh sonradan məbləği ödəməlidir. Bu isə iki əsasa görə əhəmiyyətsizdir. - İlk öncə ona görə əhəmiyyətsizdir ki, mülki müqavilə ilə əmək müqaviləsinə müdaxilə var, məcburi əməyin elementləri öz əksini tapmaqdadır, bu şərt isə özlüyündə müqavilənin mühüm şərtidir-essentiale negoti. Əmək Məcəlləsinin yuxarıda qeyd edilən əsas prinsipləri arasında əmək münasibətlərinə mülki müqavilələrlə müdaxilə etməyin yol verilməzliyi pirinsipidir. Əmək münasibətlərində zəif tərəf işçi olduğu üçün, məhz həmin qanunvericilik daha çox işçinin hüquqlarının qorunmasına köklənib və məhz məcburi əməyin yol verilməzliyi də universal tələbdir. Bu müqaviləyə nəzər saldıqda aydın olur ki, müqavilənin yeganə məqsədi şəxsi istədiyi qədər əmək münasibətlərində bağlı saxlamaqdır. Məcburi əmək şərti istər müqavilənin əsas şərti, istərsə də alternavit seçim kimi predmeti ola bilməz. Bu müqavilənin məhz bu şərti məcburi əməyi özündə ehtiva etdiyi, əmək münasibətlərinə təsir olaraq təhkimdə saxlamaq üçün müqavilədir və contra legem agere-dir, yəni qanuna qarşı hiylədir. Qanuna qarşı hiyləli akt isə heç bir hüquqi nəticə doğurmur. Əslində bu müqavilə X5 dair Cenevre konvensiyasında qeyd edildiyi kimi qəbalə sənədidir, məcburi təhkimçiliyə yönələn sənəddir. - Digər tərəfdən işçinin hüquqları arasında peşə hazırlığını artırmaq, ixtisasını artırmaq yönündə ödənişli və ödənişsiz əsaslarla hüququ vardır. X4 1974-cü il tarixli 140 nömrəli Ödənişli Təhsil Məzuniyyətləri Haqqında Konvensiyasını Azərbaycan Respublikası 11 mart 1993-cü ildə ratifikasiya etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsinə görə ödənişli təhsil məzuniyyəti işəgötürən tərəfindən ödəniş etməklə şəxsi işçini iş saatları ərzində, maddi şərait yaratmaqla təhsil almasıdır. Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən üzv dövlətlə öz üzərinə götürür ki, işçilər istənilən zaman ixtisas artırma, təhsil artırma kimi proqramlara işəgötürənin hesabına məhdudiyyət qoyulmadan qoşula bilsinlər. İstər daxili qanunvericilik, istərsə də normativ hüquqi aktlar irerarxiyasına görə daxili qanunlardan üstün olan Konvensiyada işgəgötürənin ödənişli və güzəşt hesabına təhsil almaq hüququ işçinin əsas hüquqları arasındadır. Həmin hüquqlar isə şəxsin qarşısına öhdəlik kimi qoyula bilməz. - Məcburi əmək və insan hüquqları məsələsi universal fenomen olduğunu nəzərə alsaq hörmətli məhkəmənin diqqətinə Chitosun Yunanıstana qarşı işi üzrə (iş nömrəsi 516637/12) Avropa İnsan Hüquqları Məhkəməsinin 04 iyin 2015-ci il tarixli qərarını çatdırmaq istənilir. Həmin məhkəmə sənədindən göründüyü kimi şəxsə təhsil alması üçün şərait yaradılıb və ona təhsil haqqı güzəşt edilib, yəni dövlət müəssisəsi tərəfindən qarşılanıb. Mübahisənin əsas predmeti o olmuşdur ki, ərizəçi təhsil aldıqdan sonra ya müəyyən müddətdə iddiaçı müəssisədə işləməli və ya təhsili üçün nəzərdə tutulan pulun geri dövlətə ödənilməsi şərti məcburi əməyi ehtiva edir və ya yox (53-cü bənd). Məhkəmə qeyd edir ki, məcburi əməyin şərtləri özündə fiziki və əqli məhdudiyyətli məcburiyyət tədbiridir. Şəxsin ya işləmə şərtinin olması, ya da verilən imtiyazın və ya hüququn geri tələb edilməsi əslində hədədir, sanksiya hədəsidir (menance of penalty). Bu şərtlər nəinki müqavilədə, həmçinin qanunla belə təsbit edilsə, universal tələblərə zidd olduğu üçün ziddir. Nəticədə Məhkəmə yekdilliklə Avropa İnsan Hüquqları Konvensiyasının 4.2-ci maddəsinin pozuntusunu tanımışdır. Yəni heç kim məcburi və icrabi əməyə cəlb edilmə bilməz. - Avropa İnsan Hüquqları Konvensiyasına görə cəmi iki hüquq var ki, onlar mütləq maddədir, bunlar işgəncənin qadağan edilməsi (3-cü maddəsi), məcburi və icbari əməyin qadadağan edilməsi maddəsidir (4-cü maddə). Həmin maddələrə heç bir qeyd şərt və ya əsaslandırma qoyula bilməz.

5. İddiaçı yenidən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə mülahizə ünvanlamışdır. Mülahizədə bildirilir ki, e-2(028)-139/2024 saylı mülki iş üzrə cavabdehin vəkili tərəfindən məhkəməyə göndərilmiş yazılı etirazda qeyd edilənlərə münasibətdə iddiaçı olaraq aşağıdakıları məhkəmənin diqqətinə çatdıraraq nəzərə alınmasını xahiş edir. Belə ki, cavabdehin adından verilmiş etirazda Avropa İnsan Hüquqları Məhkəməsinin CHİTOS Yunanıstana qarşı işi üzrə 04 iyun 2015-ci il tarixli Qərarına istinad edilmiş və AİHM-nin həmin Qərarında qeyd etdiklərinin hazırki işlə eynilik təşkil etməsindən qeyd edilənlərin icraatda olan işə münasibətdə tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etirazda qeyd edilənlərə münasibətdə AİHM-nin sözügedən Qərarının əsas məğzini təşkil edən aşağıdakı bəndlərini nəzərə çatdırılaraq bildirilir ki, qərarda məhkəmə tərəfindən gəlinən nəticələr cavabdehin deyil, iddiaçı olan Universitetin haqlı mənafeyini təsdiq etməkdədir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Chitos Yunanıstana qarşı iş üzrə 04 iyun 2015-ci il tarixli Qərarının 79-cu bəndində: “Məhkəmə xatırladır ki, «məcburi və ya icbari» əmək terminində birinci işlənən sifət fiziki və ya mənəvi məcburiyyəti ehtiva edir. İkinciyə gəldikdə isə, o hər hansı hüquqi öhdəliyə aid edilmir. Məsələn, müstəqil şəkildə imzalanan müqavilədən irəli gələn işləmək öhdəliyi 4-cü maddənin təsir dairəsinə düşmür, çünki müqavilənin hər iki tərəfi bir-birinə qarşı icra edilməli olan öhdəliklər götürürlər və onlara riayət etmədikləri təqdirdə sanksiyaya məruz qalırlar”. Avropa İnsan Hüquqları Məhkəməsinin Chitos Yunanıstana qarşı iş üzrə 04 iyun 2015-ci il tarixli Qərarının: - 92-ci bəndində: “Məhkəmə ilk növbədə bildirir ki, ərizəçi zabit və hərbi həkim peşəsini qəbul etdiyi anda öhdəliklərin əsasını və həcmini bilmədiyini iddia edə bilməz. Orduya cəlb edilmənin əsas üstünlüklərindən biri də təhsilin ödənişsiz olmasıdır. Həqiqətən də, silahlı qüvvələr maraqlı tərəfin təhsil aldığı müddətdə yaranan təhsil xərclərini qarşılayır, ona əmək haqqı ödəyir və onu peşəkar hərbçilər üçün nəzərdə tutulan sosial üstünlüklərlə təmin edir. Əvəzində isə tələb edirlər ki, zabitlər diplomlarını aldıqdan sonra ordu sıralarında qalaraq bir neçə il müddətində xidmət etsinlər”. - 94-cü bəndində: “Məhkəmə hesab edir ki, ordunun zabitləri üzərinə qoyulan, təhsildən sonrakı müəyyən dövr ərzində xidmət etməyə dair öhdəlik onlara həvalə edilən vəzifə ilə eyni məna daşıyır. Ordunun qayğısı nəticəsində formalaşan zabitlərin xidmət müddətinin hesablanması və öhdəliklərinə xitam verilməsi qaydasının müəyyənləşdirilməsi dövlətlərin mülahizə səlahiyyətindədir. Dövlətin ordunun zabit və həkimlərinin formalaşdırılmasına sərf edilən investisiyanın əvəzləşdirilmək və tələbatına müvafiq olaraq müəyyən dövr çərçivəsində zəruri kadrların təmin etmək istəyi müəyyən dövr ərzində ordu ilə əlaqələrin kəsilməsinin qadağanı və əmək haqqı və digər sosial hüquqlar təmin etməklə təhsil illəri boyunca ödənən yaşayış və təhsil xərclərinin əhatə edilməsi məqsədilə ödənilməli olan təzminatın tətbiqi üçün əsas ola bilər”. - 95-ci bəndində: “Bununla bağlı Məhkəmə Auditorlar Məhkəməsinin 2763/2013 və 3822/2013 saylı qərarlar haqqında olan mübahisələndirilən qanunvericilik aktının zabitlərin ordudan qəfil, mükəlləfiyyətlərini yerin yetirmədən və kütləvi şəkildə getmələrinin və xüsusilə də ölkənin müdafiə gücünün zəifləməsi təhlükəsinin qarşısının alınması məqsədi daşımasına dair mülahizələrini uyğun hesab edir”. - 96-cı bəndində: “Məhkəməni hazırki işin hallarında Konvensiyanın 4 § 2-ci maddəsinin pozulduğu qənaətinə gətirib çıxara biləcək yeganə əsas ərizəçinin qeyrimütənasib yükə məruz qoyulması məsələsi araşdırılmalıdır”. - 98-ci bəndində: “Məhkəmə nəzərə almaya bilməz ki, ərizəçi ordunun vasitəçiliyi ilə tibb təhsili almış və 1996-cı il tarixindən 2001-ci il tarixinə qədər əvvəlcə 424 saylı Saloniki baş hərbi xəstəxanasında, sonradan isə Saloniki Papanikolaou regional xəstəxanasında çalışaraq anestezist olaraq ixtisaslaşmışdır. Bununla bağlı Məhkəmə müşahidə edir ki, 1397/1983 saylı Qanunun 38 § 2-ci maddəsi həkimlərin ixtisaslaşması məqsədilə onların xəstəxanalarda əlavə yerlərə yerləşdirilməsini qadağan edirdi, lakin ərizəçinin də istifadə etdiyi qaydada, silahlı qüvvələrin daimi həkimlərinin əlavə yerləşdirilməsinə icazə verilirdi. Bundan əlavə, yunan qanunvericiliyinə əsasən, iddiaçı ilə eyni vəziyyətdə olan zabitlərin ordu üçün müəyyən müddət çalışmaq və ya təzminat ödəmək şərtilə ordunu müəyyənləşdirilən müddətdən öncə tərk etməyə dair seçim hüquqları vardır”. - 99-cu bəndində: “Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən 3257/2004 saylı Qanunun qüvvəyə minməsi ilə səhiyyə xidməti zabitlərinə, həmçinin də ərizəçiyə iş saatlarından kənarda özəl həkim qismində fəaliyyət göstərməyə icazə verilirdi”. - 100-cü bəndində: Bu qeydlər göstərir ki, hərbi həkimlər təhsil və ixtisaslaşma çərçivəsində mülki həkim olan tələbələrin malik olmadıqları üstünlüklərdən, eləcə də məşğulluğun təminatından faydalanmışlar. Əgər buraya həmçinin hərbi həkimlərin öz təhsil müddətləri boyunca əmək haqqı aldıqları faktını da əlavə etsək, beləliklə məcburi xidməti müəyyənləşdirilən vaxtdan öncə tərk etmək istəyən zabitlərə dövlətin onların formalaşdırılması üçün çəkdiyi xərclərin geri qaytarılmasını təmin etmək məqsədilə zəruri olan müəyyən məbləğin ödənilməsinə dair öhdəlik tətbiq edilməsi tamamilə əsaslıdır. Buna görə də Məhkəmə hesab edir ki, xidmət etməli olduğu illərin qalan müddətinin ödənilməsi mütənasiblik prinsipinə xələl gətirmir ”. - 101-ci bəndində: “Bununla belə Məhkəmə hesab edir ki, belə ödəmənin şərtləri bəzi xüsusi hallarda, sözügedən hərbçinin fərdi hüquqlarının müdafiəsi və cəmiyyətin maraqlarının müdafiəsi arasında qorunmalı olan tarazlığın pozulmasına səbəb ola bilər”. - 102-ci bəndində: "Hazırkı işin hallarında Məhkəmə bir tərəfdən qeyd edir ki, ərizəçi istefasını təqdim edərkən ordu qərargahı tərəfindən ona bildirilmişdir ki, onun doqquz il dörd ay on iki gün müddətində xidmət etmək öhdəliyi qalmışdır və əks təqdirdə dövlətə 106 960 Avro məbləğində (26 may 2007-ci il tarixli qərar) təzminat ödəməli olacaq. Məhkəmə digər tərəfdən qeyd edir ki, Auditorlar Məhkəməsi 12 dekabr 2013-cü ildə yekun qərara gələrək elan etmişdir ki, ərizəçinin ixtisaslaşma üçün olan beş illik müddət on yeddi illik xidmət etmə öhdəliyinin müddətinə daxil edilməlidir və nəticədə də dövlətə ödənilməli olan təzminatın məbləği 49 978,33 Avro olaraq müəyyənləşdirilmişdir”. - 104-cü bəndində: "Məhkəmə hesab edir ki, Auditorlar Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qərarı əsasında ərizəçidən tələb olunan 49 978,33 Avro məbləği ərizəçinin mübahisələndirilən dövr ərzində aldığı məbləğin (86 976 Avro və 91 476 Avro) üçdə ikisindən az məbləğ təşkil etdiyindən əsassız deyildir’”. - 105-ci bəndində: "Məhkəmə bundan əlavə qeyd edir ki, ərizəçinin müraciətinə əsasən Auditorlar Məhkəməsi Plenumunun sədri 17 mart 2009-cü il tarixində müvəqqəti sərəncam verməklə 26 may 2007-ci il tarixində qəbul edilən və 21 oktyabr 2009-cu il tarixli qərarla sonradan təsdiq edilən qərarın icrasını təxirə salmışdır”. - 106-cı bəndində: "İcranın dayandırılması haqqında qərar Saloniki vergi dairəsinin 18 mart və sonradan 9 aprel 2009-cu il tarixində ərizəçiyə müraciət etməklə ondan qeyd edilən 106 960 Avro məbləğindən, 2 139,20 məbləğində vergi ödənişindən və 427,84 Avro məbləğində aqrar sığorta xeyrinə olan məbləğdən ibarət 109 527 Avro məbləğini ödəməsini tələb etməsinə mane olmadı. Maliyyə nazirliyinin vergi mərkəzi 10 may 2010-cu il tarixində ərizəçiyə məlumat vermişdir ki, il ərzində zəruri ödənişi etmədiyinə görə 13 143,24 Avro məbləğində geçikmə faizi ilə cərimələnmişdir. Həmçinin məlumat vermişdir ki, 31 may 2010- cu il tarixinə qədər ödəniş edərsə, cərimə faizinin 80 % məbləğində endirimdən faydalana biləcək. Ərizəçi 26 may 2010-cu il tarixində Saloniki vergi mərkəzinə 112 155,69 Avro məbləğini ödəmişdir”. - 107-ci bəndində: "Ərizəçi barəsindəki mübahisələndirilən qərarın icrasının əvvəlcə Auditorlar Məhkəməsinin Plenumunun sədri, sonradan isə Plenumun özü tərəfindən dayandırılmasına və eləcə də, Auditorlar Məhkəməsi Plenumunda prosesin yenicə başlamış olmasına baxmayaraq, ərizəçi 10 may 2010- cu il tarixində Maliyyə Nazirliyinin vergi mərkəzinin müdaxiləsi nəticəsində əsas məbləğin 12%-dən 13%-ə artırılmış məbləğini ödəməyə məcbur edildi. Əgər o məbləği tamamilə ödəməyə razılıq verməsəydi, Auditorlar Məhkəməsinin qərar verməsi üçün zəruri olan vaxt axımı səbəbindən artırılmış əlavə məbləği ödəməli olacaqdı”. - 108-ci bəndində: “Əlavə olaraq Məhkəmə qeyd edir ki, X6 120/2002 saylı rəyi əsasında şərh edilən dövlət gəlirlərinin toplanmasına dair qaydaların 3 § 1-ci maddəsi və 721/1970 saylı Dekret-Qanunun 96-cı maddəsi elan edir ki, zabitlərin orduya olan borcları hissələrə bölünməklə ödənilə bilər və bu ehtimal təzminat aktında göstərilməlidir. Bununla belə hazırki işin hallarında belə ehtimal 26 may 2007-ci il tarixli qərarda öz əksini tapmamışdır”. - 109-cu bəndində: “Bütün bunları nəzərə alaraq, ərizəçinin bu hərəkəti təzyiq altında etməsi ilə bağlı Məhkəmənin şübhəsi yoxdur (bax: mutatis mutandis, Deweer c. Belgique, 27 fevral 1980-ci il tarixli qərar, seriya A no 35, § 51). Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanlar onlar üçün məcburi xarakter daşıyan iki qərarı nəzərə almamış və ödəmə şərtlərinin ərizəçinin hər hansı şikayəti əsasında dayandırıla bilməyəcəyinə dair 26 may 2007-ci il tarixli ilkin qərarın icrasını təkidlə tələb etmişlər (bax: mutatis mutandis, Georgoulis et autres c. Grece, no 38752/04, § 25, 21 iyun 2007). Ərizəçidən 109 527 Avro məbləğinin faizlər əlavə edilmiş 112 155,69 Avro-ya artırılmış məbləğini dərhal ödəməsini tələb etməklə, vergi orqanları ərizəçi üzərində qeyri-mütənasib yük qoymuşlar. Bununla da Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndi pozulmuşdur”. Qeyd edilənlərdən də göründüyü kimi AİHM öz qərarında vurğulamışdır ki, zabitlərə dövlətin onların formalaşdırılması üçün çəkdiyi xərclərin geri qaytarılmasını təmin etmək məqsədilə zəruri olan müəyyən məbləğin ödənilməsinə dair öhdəlik tətbiq edilməsi tamamilə əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, xidmət etməli olduğu illərin qalan müddətinin ödənilməsi mütənasiblik prinsipinə xələl gətirmir. Məhkəmə ərizəçinin şikayəti ilə bağlı onun qeyri-mütənasib yükə məruz qalması məsələsinin araşdırılmasını Konvensiyanın 4 § 2 -ci maddəsinin pozulduğu qənaətinə gətirib çıxara biləcək yeganə əsası kimi müəyyən etmişdir. Nəticədə AİHM dövlət tərəfindən ərizəçinin təhsili üçün çəkdiyi xərclərin ərizəçidən dərhal ödənilməsini tələb etməsini və həm də ödəmənin dayandırılması ilə bağlı məhkəmə qərarının olmasına baxmayaraq, bunu təkidlə etməsini və ödəmənin dərhal həyata keçirilməməsi nəticəsində ərizəçinin cərimələrə məruz qalacağını bildirməsi nəticəsində ərizəçi tərəfindən ödənişin həyata keçirilməsini ərizəçi üzərinə qoyulmuş qeyri-mütənasib yük olaraq qiymətləndirmiş və bu hissədə Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinin pozuntusunu tanımışdır. Başqa sözlə AİHM dövlət tərəfindən ərizəçidən onun hərbi təhsil alması üçün çəkdiyi xərci tələb etməsində və ya müəyyən edilmiş müddət ərzində işləməsinə dair tələbdə hər hansı bir pozuntu aşkar etməmiş, əksinə dövlətin bu mövqeyini əsaslı hesab etmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmədə cavabdeh vəkilin izahatına uyğun ifadə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

10. xx.xx.2017-ci il tarixli Əmək müqaviləsindən (kontraktı) görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdənİddiaçınə İqtisadiyyat kürsüsünə müəllim vəzifəsinə işə qəbul edilir.

11. İş materiallarında olan Qərbi Univeritetə ünvanlanan ərizədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Qərbi Kaspian Universitetinin rektoruna mürciət edərək ümumi iqtisadiyyat ixtisası üzrə dissertanturaya daxil olmaq üçün müsahibəyə buraxılmasını xahiş etmişdir.

12. İddiaçı Fəlsəfə doktoru proqramı üzrə doktorantın (dissertantın) ödənişli əsaslarla təhsil alması haqqında 01 saylı xx.xx.2018-ci tarixli müqaviləsindən görünür ki, Cavabdeh - dissertant ümumi iqtisadiyyat ixtisası üzrə ödənişli əsaslarla yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını öhdəsinə götürür. Doktorant (dissertant) təhsil aldığı hər təhsil ili üçün təhsil ilinin əvvəlində 1000 (min) manat məbləğində təhsil haqqını İddiaçı hesabına köçürməyi öz öhdəsinə götürür. Müqavilə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir.

13. İddiaçı 04/2/ü saylı xx.xx.2018-ci il tarixli Doktorantura və dissertanturaya qəbul haqqında əmrdən görünür ki, 2018-ci təqvim ilinin fevral ayında keçirilmiş imtahanların nəticəsinə görə Cavabdeh ümumi iqtisadiyyat ixtisası üzrə (ödənişli) İddiaçı doktoranturasına və dissertanturasına qəbul edilməsi əmr edilmişdir.

14. İddiaçı 04/2/ü saylı xx.xx.2018-ci il tarixli əmrə əlavə edilməsi barədə xx.xx.2018-ci il saylı əlavədən görünür ki, İddiaçı doktoranturasına və dissertanturasına qəbul olunmuş Cavabdeh təhsilini başa vuraraq, müvafiq elmi dərəcə aldıqdan sonra əldə ediləcək razılaşmaya əsasən 3 ildən 5 ilədək müddət ərzində Universitetdə ödənişli əsaslarla əmək fəaliyyəti ilə məşğul olması şərti ilə ümumi iqtisadiyyat ixtisası üzrə ödənişsiz təhsil alması göstərilmişdir.

15. İddiaçı 200/k saylı xx.xx.2023-cü il tarixli Əmrindən görünür ki, İddiaçı Ümumi iqtisadiyyat kafedrasının ştat müəllimi Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin „a“ bəndinə əsasən işçinin öz ərizəsi ilə xx.xx.2023-cü il tarixindən xitam verilməsi qeyd edilmişdir.

16. İddiaçı 743 saylı xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh universitetə 4000 manat icra edilməmiş öhdəliyi qalmışdır. Dəymiş zərərin əvəzinin ödənilməsi tələb edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir.

17. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüquqları vardır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarından biri - işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etməkdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. X4 X8 Edilməsi haqqında 105 saylı Konvensiyasına (27 iyun 1957-ci il Cenevrə) Azərbaycan Respublikası 24 mart 2000-ci il tarixində 847-İQ qanunla qoşulmuşdur. X1 qeyd edilir ki, köləlik, qul alveri, oxşar təsisatlar borc qəbaləsi (rəsmi tərcümədə qəbalə kimi qeyd edilir, ingiliscə mətndə isə bondage kimi qeyd edilir. İngilis dili autentik dil olduğunu nəzərə alsaq, eyni zamanda izahlı lüğətə nəzər saldıqda bəlli olur ki, qəbalə borc sənədidir, hansı ki, təhkimçiliyə məcbur edir ), təhkimçilik tam ləğv edilir. Həmin Konvensiyanın 1-ci maddəsində açıq şəkildə qeyd edilir ki, əmək müqaviləsinin qüvvəsindən istifadə edərək məcburi əmək yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 saylı xx.xx.2018-ci tarixli müqavilə müddəti xx.xx.2022-ci tarixdə bitmişdir və bu müddət ərzində, həmçinin müqavilə müddəti bitdikdən sonrada xx.xx.2023-cü il tarixədək cavabdeh iddiaçı təhsil müəsissəsində çalışmışdır. İddiaçı 04/2/ü saylı xx.xx.2018-ci il tarixli əmrə əlavə edilməsi barədə xx.xx.2018-ci il saylı əlavə bir tərəfli qaydada qəbul edilmişdir. İddiaçının istinad etdiyi müqavilə, əmr və əmrə əlavədə məcburi əməyə cəlb etmə əlamətləri mövcuddur. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəymiş zərərin ödənilməsinə dair iddiası rədd edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddiaçı Cavabdeh qarşı 4000 manat dəymiş ziyanın və 60 manat ödənilmiş Dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar