Məhkəmə qərarları › İş №e-2(028)-197/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-197/2024

20.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-197/2024 20.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Xoşbəxt oğlunun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 11350 manat, mediasiya xərci kim ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh inventarizasiya yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlığa görə 9102 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 75 manat məbləğində pul vəsaitinin tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli X5 əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli X5 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 121x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddiməsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiya üzrə İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 617 saylı Əmrindən göründüyü kimi, “Oba – Xırdalan 17” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4336,16 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya Siyahısı”, “İnventarizasiya nəticələrinə dair Akt” və yekun İltizamnamə cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. İkinci inventarizasiya üzrə İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 1431 saylı Əmrindən göründüyü kimi, “Oba – Xırdalan 17” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvilalan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 9208,38 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəl yazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan kəsir miqdarlar özü tərəfindən yoxlanılmış, inventarizasiya ilə bağlı hər hansı narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə şifahi məlumat verilsə də, habelə rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh İnventarizasiya Siyahısını və yekun Aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Yekun nəticə olaraq İddiaçı MMC-nin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2023-cü il tarixli, 193 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,55 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 11350 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, özü səhlənkarlığa yol vermişdir və bu səbəbdən iddia tələbini qəbul edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmək Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-cu il tarixdə 1 ay müddətinə xx.xx.2021-ci il tarixinədək əmək müqaviləsi bağlanılmışdır və xx.xx.2019-cu il tarixindən Cavabdeh işə başlayır. İşçiyə hər ay 260 manat məbləğində əmək haqqı ödənilir. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 532 saylı İşə qəbul etmə haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2021-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 153 saylı Vəzifə dəyişikliyi haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilir. Əmək müqaviləsinə Əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilərək Cavabdeh Cəmiyyətin administrator vəzifəsinə keçirilir. Əmək haqqı ştat cədvəlinə uyğun 345 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, işçilərə verilən sərvətlərin saxlanılması, emalı, satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çatmış işçi ilə onun tutduğu vəzifə və qurduğu iş üzrə onunla tam maddi məsuliyyət haqqında bağlanmış müqaviləyə əsasən işçi-maddi məsul şəxs Cavabdeh ona işəgötürən (İddiaçı MMC) tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görülüəcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilələrin 3.3-cü maddələrinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 121x saylı İşdən azad haqqında Əmrin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun Aktda göstərilir ki, Oba-Xırdalan 17 (1255) mağazasının müdiri maddi məhsul şəxs Cavabdeh iştirakı ilə №136 tarixli əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarıının üzləşdirilməsi aparılmışdır və -4336,16 əskikgəlmə müəyyən olunmuşdur. Cəmisi bu aktda 3155 sıra nömrəsi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma bölməsinin mütəxəssisi (X3) tərəfindən nəzarət qaydasında tam yoxlanıldı və 3155 say çeşid - 4336,16 əskik manat məbləğində kənarlaşma aşkar olundu. Növbədənkənar inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun Aktda göstərilir ki, Oba-Xırdalan 17 (1255) mağazasının maddi məhsul şəxs Cavabdeh iştirakı ilə №167 tarixli əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmışdır və -9208,38 əskikgəlmə müəyyən olunmuşdur. Cəmisi bu aktda 3025 sıra nömrəsi vardır. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli İmtina aktından görünür ki, İddiaçı MMC-nin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən Oba-Xırdalan 17 (1255) mağazasında həmin mağaza üzrə maddi məhsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məhsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-9208,38 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli DW4124 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də administrator vəzifəsində işləyən Cavabdeh bildirilir ki, çalışdığı Oba-Xırdalan 17 (1255) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosessinin nəticələrini imzalaması mütləqdir. Xahiş olunur Daxili Nəzarət Departamentinə yaxınlaşılsın. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4336,16 manat, xx.xx.2023-cü il tarixində 9208,38 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 11350 mant borcu qalmışdır. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 11350 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MBŞ/4-2024-00076 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərcini ödədi. İş materiallarına əlavə edilmiş Abşeron rayon polis idarəsinin 59/2-37875 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Nurlu” yaşayış massivində yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edərək və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində naməlum şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən İddiaçı MMC-yə məxsus 17 saylı mağazaya arxa tərəfdə yerləşən qapını sındırmaqla qanunsuz daxil olaraq mağazanın saxlanc yerindən 2248 manat dəyərində müxtəlif markalı siqaretləri oğurlaması barədə məlumat vermişdir. Həmin faktla bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış, cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraat xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 204.1-ci maddəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Həmin Məcəllənin 204.2-ci maddəsinə əsasən vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 205.3-ci maddəsinə əsasən işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 9102 manat, mediasiya xərci kimi ödənilmiş 60 manatın və 75 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar