Məhkəmə qərarları › İş №e-2(028)-507/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-507/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-507/2024 07.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1991,33 manat əsas və 40 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944- 489849 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2022-ci il tarixində kart hesab balansını Terminal vasitəsilə 1935 manat məbləğində artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Müştəri texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabındakı puldan istifadə etmişdir. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 1918,18 manat overdraft borcu yaranmışdır. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 1918,18 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 73,15 manat faiz borcu olmaqla cəmi 1991,33 manat borcu vardır. Tərəfindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-3652 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi ünvan 1 ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan NoKMP-00489849-260214/21 saylı xx.xx.2021-ci il tarixli kartmane xidməti üzrə müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh Kartmane xidməti üzrə cari hesabı açır, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsini təşkil edir. Kartmane hesabı AZN valyutasında 60 ay müddətinə açılır. Müqavilə xx.xx.2026-cı il tarixədək qüvvədədir. RB00-13942/2024 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1918,18 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 73,15 manat borcu olmaqla cəmi 1991,33 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən banka borcu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: -1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; -1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ : İddia tələbi təmin edilsin. Cavabdeh 1991,33 manat əsas borc və 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar