Məhkəmə qərarları › İş №e-2(028)-538/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-538/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-538/2024 09.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı oğlunun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı oğlunun cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 7 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2024-cü ildə 852 saylı qeydlə rəsmiləşdirmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə dayısı vasitəsi ilə tanış olmuşdu. Cavabdehin ailəsi dayısıgillə yaxın və kirvə olduğundan təsadüfən dayısıgildə tanış olmuşdur. O, cavabdehə qarşı xoş hisslərdə olsa da, cavabdeh ona olan hisslərdən istifadə edərək guya onunla ailə qurmaq fikrində olduğunu bildirmişdi. İddiaçı Laləyə inanaraq ona olan hissləri səbəbindən ailə qurmağa razılıq vermişdi. Bundan sonra cavabdeh onunla yalançı nişanlı kimi davranaraq el adətləri adı altında xeyli xərc çəkdirtdi. Belə ki, ona tam inandığından ona xeyli bahalı hədiyyələr və sair almaqla yanaşı, adət adı ilə xx.xx.2024-də Sultan şadlıq sarayında nişana, xx.xx.2024-də X9 Sarayında xınaya xeyli vəsait xərclədikdən sonra xx.xx.2024cü il tarixdə də toy adı ilə xeyli xərci çıxdıqdan, pullar xərclətdikdən sonra rəsmi nikaha daxil olmuşdurlar. Həmin vaxt onlara xx.xx.2024-cü il tarixli, 852 nömrəli nikah qeydi bağlanması ilə bağlı nikah şəhadətnaməsi verilmişdi. Bundan sonra cavabdeh toy günü də daxil olmaqla ondan uzaqlaşaraq öz ata evinə qayıtmış və onların heç bir ailə münasibəti olmamışdı. Dəfələrlə ailələr arasında danışıq olsa da, cavbdeh evə qayıtmadığından və yalnız mal-mülk davası etdiyindən iddiaçı tam əmin olmuşdur ki, cavabdehin onunla ailə qurmaq fikri olmayıb və yalnız pul, mal-mülk əldə etmək niyyəti olub. Cavabdeh iddiaçı ilə ailə olmaq istəməmiş, çıxıb atası evinə getmişdir. Bugünə qədər də cavabdeh iddiaçı ilə ailə münasibətinə girmədiyindən hesab edir ki, nikah etibarsızdır və iddiaçı sadəcə aldadılmışdır. Bu azmış kimi cavabdeh guya onunla ailə münasibətinə girib və onda xəstəlik var adı ilə hər yerdə iddiaçının kişi olmadığı barədə yalan, böhtan dolu məlumatlar yayır. İddiaçı onun bu hərəkətlərindən həm xeyli sarsıntı keçirmiş, həm də şərəf və ləyaqəti alçaldılmışdır. Belə ki, bütün tanışlar və qohumlar yanında da bu yalan məlumatlar yayıldığından o, məcbur qalıb həkimdən keçmiş və heç bir xəstəliyinin olmadığını da sübut etmişdir. Lakin cavabdeh onu sevmədiyindən və yalnız pul əldə etmək niyyəti güddüyündən həmin sübutlara da əhəmiyyət vermədən öz ata evində qalmış və ailə olmaq istəmədiyini bildirmişdir. Bununla yanaşı onun ətrafı cavabdehin iddaçı ilə əvvəlki sevdiyi insana inad olaraq evləndiyini də demişdilər. Beləliklə, cavabdeh iddiaçı ilə şəxsi münasibətlərini pozmuş və münasibətləri davam etmək fikrində olmadığını bəyan etmişdir. İddiaçı onda anlamışdır ki, cavabdeh onunla nikaha girərkən ailə qurmaq niyyətində olmamış, sadəcə əmlak əldə etmək və kiməsə acıq vermək niyyətini güdmüşdür. Ona bahalı hədiyyələr aldığı üçün guya ailə olmaq istəyi ilə iddiaçını aldatdığından iddiaçı yanılaraq onunla nikaha girmişdur. Elə toy günündən tərəflər ailə münasibətinə girmədiyindən, cavabdeh çıxıb atası evində qaldığından və iddiaçını biabır etdiyindən anlaşılır ki, bu nikah mahiyyətcə saxtadır və tərəflər ailə ola bilməzlər. İddiaçı yanıldığını anlamışdır. Beləliklə, cavabdehin niyyəti ailə qurmaq olmadığından və onun pulunu mənimsəmək üçün belə bir addım atdığından həmin nikah formal olaraq qalır və hər iki tərəfə də mənfi təsiri var. Həmin nikah formal olduğundan məhkəmə qaydasında etibarsız hesab edilməsinə zərurəti yaranmışdır. Cavabdehin iddiaçının anasına atasından boşanması və əmlakını öz adına keçirtməsi barədə dediklərindən sonradan xəbər tutmuşdur. Həmin nikahın formal olduğunu cavabdehin iddiaçının atasının adına olan evi adına keçirə bilməyəcəyindən çıxıb getdiyindən də bilmək olur. Tərəflər heç vaxt ər-arvad qismində yaşamayıblar. Nikaha girməklərinə baxmayaraq həmin saxta nikahın qalması onların gələcək həyatında da öz mənfi təsirini göstərəcək. Belə ki, hər bir halda həmin nikah saxta nikahdır və ailə qurmaq niyyəti ilə bağlanmayıb. Həmin nikaha daxil olduqdan sonra tərəflər cəmi 2-3 dəfə telefonla danışmış və onda da cavabdehlə bu nikahın saxta olduğundan danışmışlar. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, yoldaşı İddiaçı məhkəməyə müraciət edərək şəxsinə uyğun olmayan ifadələr işlədərək onu təhqir etdiyini bildirmişdir. Ərizədə göstərilmişdir ki, tərəfindən deyilənlərin hamsı şər və böhtandır. İddiaçı ilə onun dayısı ilə atasının dost və kirvə olması sayəsində bir-birini tanımış və bir-birilərini istəyərək evlənmişlər. Toy, xına və nişan - hər biri adət - ənənəyə uyğun olaraq keçirilmişdir. Hər bir nişanlı qız üçün hədiyyə, geyim, qızıl zinət əşyaları alına bilər. Amma cavabdeh bu böhtanları qəbul etmir. Guya o, hədiyələr və pul üçün ailə qurmuş, onları aldatmış və toy günü toydan çıxıb ata evinə geri dönmüşdür. Guya onun sevdiyi varmış, ona acıq olsun deyə İddiaçıla ailə qurmuşdur. Deyilənlər hamsi yalandır. O, xx.xx.2024-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və xx.xx.2024-cü ildə ata evinə geri dönmüşdür. Bildirilir ki, pul, qızıl və var-dövlət üçün ailə qururdusa, niyə geri qayıdıb. Ona alınan bütün hədiyələr, əşyalar, qızıl ziynət əşyaları hamsı yoldaşının evindədir. Əlavə olaraq cehizləri, özünəməxsus əşyaları hamsı onlardadır. O, ata evinə geri döndükdən sonra bir gün İddiaçı evinə geyimlərini götürmək üçün anası ilə getmişdir. Qaynanası onunla dava-dalaş edərək, onu təhqir edərək həyat yoldaşı İddiaçı sevgililər günündə ona aldığı telefon hədiyyəsini də əlindən almış və geri qaytarmamışdır. Onlar öz problemlərini də, onun niyə geri döndüyünün səbəbini də çox yaxşı bilirlər və sadəcə bu vəziyəti qəbul edə bilmirlər. Onu şərləyərək onları biabr etdiyini deyirlər və bu sözlərlə, bu təhqirlə, bu şərlə məkəməyə verməklərinin tək səbəbi öz problemlərini ört-bastır etməkdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının ailə qurmaq niyyəti olub. Tərəflər arasında nişan, toy, üzə çıxdı (“Üç günlük”) tədbirləri keçirilib. Ona bildirilən məlumata görə cavabdehin həyatında başqa bir şəxs olduğuna görə və həmin şəxsə acıq vermək məqsədi ilə Lalə Məmmədli iddiaçı ilə ailə qurub. İddiaçı tərəfin dediklərinə əsasən cavabdeh üçgünlükdən sonra oğlan evindən çıxıb getmişdir. Cavabdeh iddiaçını yaxınlıq münasibətinə buraxmamışdır. Problemin iddiaçıda olmasını bildirsələr də, tibbi müayinələrdən keçməsinə baxmayaraq cavabdeh iddiaçı ilə yaxınlıq etməmiş və bu ona dəlalət edir ki, cavabdehin iddiaçı ilə ailə qurmaq niyyəti olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı kirvələrinin qohumudur. Kirvələri tərəfindən ad gün məclisinə çağrılmışlar. Həmin vaxt qızı Laləni də ora aparmışdır. Məclisdən 2-3 ay sonra kirvənin yoldaşı qızı ilə əlaqə qurmağa başlamışdır. Məclisdə baldızı oğlunun Lalədən xoşu gəldiyini bildirmişdir. Bundan sonra ailələr arasında tanışlıq olmuşdur. El adəti ilə “Hə”, “Elçilik”, toy, nişan, xınayaxdı və “Üçgünlük” təbdirləri təşkil edilmişdir. Qız və oğlan toyu birlikdə edilmişdir. Tovuzluların adətinə əsasən “Üç günlük” məclisində süfrə oğlan evində məhz qız evinin hesabına təşkil edilmişdir. Ona üzəçıxdı mərasimindən sonra qızı Lalənin qadın həkiminə aparılması məsələsi ilə bağlı ay yarımdan sonra qudası zəng etmişdir. Birlikdə qızını həkimə aparmışlar. Həkim övladını təklikdə dinləmiş və bildirmişdir ki, Lalənin yoldaşı həkimə göstərilməlidir. Üç fərqli həkimdə müayinə olunmuş qarşı tərəf barəsində problem olduğu bildirilmişdir. Laləni Türkiyəyə aparmaq istəmişlər. Lakin atası qoymamış və oğlan tərəfi Laləsiz Türkiyəyə müayinəyə getmişdir. Qızını 13 iyul 2024-cü ildə oğlan evindən öz evlərinə gətirmişlər. Çünki qarşı tərəf 16 iyul tarixində Türkiyəyə uçmalı idi. Qızı heç bir əşya götürmədən evdən çıxmışdır. Qarşı tərəf Türkiyədən qayıdandan sonra Laləni yenidən özləri ilə evlərinə aparmağa gəlmişlər. Lakin həyat yoldaşı qudasından oğlunun səhhəti ilə bağlı məsələnin həll olunub-olunmamasını soruşmuş və quda oğlunun problemsiz olduğunu sərt olaraq bildirmişdir. Atası Laləni onlarla getməyə qoymamışdır. O vaxtdan uşaq ata evindədir. Övladı barəsində dedikləri böhtandır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 7 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 xx.xx.2024-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədli Kıran soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərədən görünür ki, tərəflər arasında ailə qurularkən el adətlərinə uyğun tədbirlər keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, tərəflərin ailə qurmak niyyəti olmuş, onlar bununla əlaqədar “Hə”, “Elçilik”, toy, nişan, xınayaxdı və “Üçgünlük” mərasimi də təşkil etmişlər. Nikah onların hər ikisinin razılıqı ilə bağlanmış, lakin sonradan xasiyyətləri uyğun gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. İddiaçı məhkəmə iclasında öz iddia tələbinin əsaslarını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı oğlunun Cavabdeh arasında 7 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2024-cü ildə 852 saylı qeydlə rəsmiləşdirmiş nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddiaçı oğlunun Cavabdeh arasında 7 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2024-cü ildə 852 saylı qeydlə rəsmiləşdirmiş nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar