Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-545/2025 18.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi, sonuncunun Qubadlı rayon Dondarlı kəndindəki ünvandan qeydiyyatdan və ünvan 2 əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün ailəsi olaraq gəlib məskunlaşdıqları Sumqayıt şəhəri, 47ci məhəllə, ev 13, mənzil 56 ünvanındakı 2 otaqlı mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, Qubadlı rayonu, Dondarlı kəndindəki ünvandan pasport qeydiyyatdan çıxarılması, 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün ailəsi olaraq gəlib məskunlaşdıqları adı çəkilən mənzilə gətirdiyi cehiz əşyalarının həmin mənzildən çıxarılması, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Sumqayıt 1 saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 60 manat nağd pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X2 Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Rəşid və xx.xx.2021-ci il təvəllüdlü Milay Ağakişiyeva adlı övladları anadan olmuşdur. 1993-cü ildən ünvan 5 ünvanındakı 2 otaqlı mənzilə gələrək məskunlaşmışlar. Oğlu Fəzail cavabdehlə ailə həyatı qurarkən ailənin böyüyü olaraq cavabdehə özlərinin daimi pasport qeydiyyatında olduqları Qubadlı rayonu, Dondarlı kəndinə qeydiyyata alınmasına razılıq vermişdir. Cavabdeh toy günü özünə məxsus cehiz əşyalarını onun razılığı əsasında həmin mənzilə gətirmişdir. Qeyd edir ki, məhkəmənin e-2(028)-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında oğlu ilə cavabdeh arasında xx.xx.2019-cu ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış 2713 saylı nikah akt qeydi pozulmuşdur. Hazırda Cavabdeh ilə ailə münasibətləri kəsildiyinə görə məcburi köçkün kimi məskunlaşdıqları Sumqayıt şəhəri, 47-ci məhəllə 13 saylı evin 56 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, Qubadlı rayonu, Dondarlı kəndindəki ünvandan pasport qeydiyyatdan çıxarılması və həmin mənzilə gətirdiyi cehiz əşyalarının çıxarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi qanuni və əsaslı olardı. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixidən azyaşlı nəvələri Rəşid və Milayı götürüb bacısı X3 məxsus ünvan 6 ünvanına getmiş, bu günə qədər həmin ünvanda 2 azyaşlı övladı ilə birlikdə orada yaşayırlar. Məcburi köçkün kimi məskunlaşdıqları Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, mənzil 56 ünvanındakı 2 otaqlı mənzildə cavabdehə aid olan cehiz əşyalarının siyahısı aşağıdakı kimi olduğunu bildirir: 1. 2 ədəd çil-çıraq, 2. 2 ədəd tül pərdə - günlüksüz, 3. 1 ədəd stol, 4. 6 ədəd stul, 5. 1 ədəd televizor altı, 6. 2 ədəd künçlük şkaf, 7. 1 ədəd güzgülü termo, 8. 1 ədəd künc divanı örtüksüz, 9. 1 ədəd böyük xalça, 10. 1 ədəd yataq otağına aid şifoner, 11. 1 ədəd yataq dəsti taxt (2 ədəd kiçik tumba), 12. 1 ədəd termo-güzgülü, 13. 2 ədəd balaca xalça, 14. 6 dəst bakal, 15. 4 ədəd termoüstü qab, 16. 1 dəst yemək servisi dəsti, 17. 1 ədəd balaca qazan, 18. 2 ədəd taxt üstü ədiyaldan ibarətdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiasının tam təmin edilməsini xahiş etmiş, eyni zamanda cavabdeh tərəfə məxsus uşaq maşınının geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edərkən iddiaçı bildirmişdir ki, oğlu ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikah pozulmuşdur. Hesab edir ki, hazırda Cavabdeh ilə ailə münasibətləri olmadığına görə sözügedən mənzildə onun istifadə hüquqlarına xitam verilməli, o, Qubadlı rayonu, Dondarlı kəndindəki ünvandan pasport qeydiyyatdan çıxarılmalı və həmin mənzilə gətirdiyi cehiz əşyalarının mənzildən çıxarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Onu da bildirir ki, hazırda mübahisəli mənzildə yaşamamasına səbəb, cavabdehə məxsus cehiz əşyalarını orada görməsi, nəticədə sarsıntı keçirməsidir. Hazırda müvəqqəti olaraq qızının evində yaşayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, iddiaçının çıxarılmalı olan cehiz əmlakların tam olaraq siyahıda təsvir edildiyini, bu hissədə iddia tələbini qəbul etdiklərini bildirmişdir. Əvvəlki iclasda iştirak edən vəkil bildirmişdir ki, iddiaçı iki ildən çoxdur ki, mənzildən istifadə hüququnu realizə etmir, həm də mənzilin mülkiyyətçisi deyil. Bu səbəbdən o, cavabdehə qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürmək səlahiyyətinə malik deyil. Bu hissədə iddia rədd edilməlidir. İddianın digər hissəsinə münasibətdə isə tələblərin mümkünsüz hesab edilməli olduğunu düşünür. Cavabdeh Qubadlı rayonu, Dondarlı kəndindən qeydiyyatdan çıxarılması inzibati qaydada həll edilməli məsələ olduğundan, bu hissədə də iddia tələbinin əsassız olduğunu hesab edir. Eyni zamanda bildirmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfat İB-nin arayışına əsasən sözügedən mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat İB-nin balansındadır. Odur ki, iddiaçı mənzilin mülkiyyətçisi olmadığı halda cavabdehə qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürə bilməz. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçının yazdığı cehiz siyahısı ilə razı olduğunu və əlavə olaraq uşaq maşınının geri qaytarılmasını istədi. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-545/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı sonuncunun Qubadlı rayonu, Dondarlı kəndi ünvanından pasport qeydiyyatından çıxarılmasına dair hissəsdə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçını, cavabdehi və onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən X8 prosesdə iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmiş, lakin Cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2026-cı il tarixli məhkəmənin sorğuya cavab məktublarından görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13 ünvanında yerləşən 56 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsinin 04 saylı xx.xx.2026-cı il tarixli “Ailə tərkibi haqqında” arayışına əsasən X8 47-ci məhəllə, ev 13, mənzil 56-da Qubadlı rayonundan məcnuri köçkün kimi 1993-cü ildən məskunlaşmışlar. Ailə üzvləri Cavabdeh, X2, X6, X4r. Mənzil öz adlarına deyil. Kirayə müqaviləsi yoxdur. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arayışına əsasən Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 13 saylı ev Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsinin 119 saylı xx.xx.2026-cı il tarixli Ailə tərkibi haqqında arayışına əsasən X8 47-ci məhəllə, ev 13, mənzil 56-da Qubadlı rayon qaçqını kimi 1993-cü ildən məskunlaşıblar. Ailə üzvləri X1r. Mənzil öz adlarına deyil. Kirayə müqaviləsi yoxdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Fəzail Ağakişiyev və Cavabdeh nikahı Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. -161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci madəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə qanunun yuxarda sadalanan normalarına əsasən gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş materiallarından və təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün kimi həmin mənzildə məskunlaşmış və hazırkı vaxta qədər orada yaşayır. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçının oğlu X11 Ağakişiyeva ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçərək orada yaşamağa başlamışdır. Tərəflərin bu nikahından iki azyaşlı övladları anadan olmuşdur. İddiaçının oğlu Fəzail Ağakişiyevlə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh iki azyaşlı övladı ilə birlikdə mübahisəli mənzili tərk edərək başqa ünvanda yaşamağa başlamışdır. İş materiallarında cavabdehin mübahisəli mənzilə geri köçürülməsi və ya həmin mənzildən istifadə hüququnun qorunması ilə bağlı məhkəməyə müraciət etməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzilə iddiaçının oğlu ilə nikah münasibətlərində olduğu dövrdə ailə üzvü kimi köçmüş və həmin əsasla mənzildən istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Göründüyü kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ (haqqı) yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə əsaslanan və həmin münasibətlərin mövcudluğu ilə şərtlənən hüquqdur. Həmin hüquq ailə münasibətlərinin mövcudluğu ilə bağlı olduğundan belə münasibətlərə xitam verildikdə onun davam etməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallardan asılıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ (haqqı) onun iddiaçının oğlu ilə nikah münasibətlərinə əsasən yaranmışdır. Lakin tərəflər arasında olan nikah münasibətləri məhkəmə qətnaməsi ilə pozulduqdan sonra cavabdeh mübahisəli mənzili könüllü qaydada tərk etmiş və həmin vaxtdan etibarən həmin mənzildə yaşamamışdır. Bu hal cavabdehin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin faktiki olaraq başa çatdığını göstərir. Məhkəmə eyni zamanda nəzərə alır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır və iddiaçı həmin mənzildə məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzildə faktiki yaşayış və istifadə ilə bağlı hüquqi marağı mövcuddur. Lakin bu hal cavabdehin artıq başa çatmış istifadə hüququna məhkəmə qaydasında ayrıca xitam verilməsi üçün müstəqil hüquqi əsas yaratmır. Bundan əlavə məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipinin tələblərinə görə məhkəmələr yalnız mövcud hüquq münasibətlərindən irəli gələn mübahisələrə hüquqi qiymət verməli və artıq başa çatmış və ya faktiki olaraq mövcud olmayan hüquqlara münasibətdə hüquqi nəticə yaradan qərarlar qəbul edilməməlidir. Eyni zamanda məhkəmə nəzərə alır ki, məhkəmə müdafiəsi vasitələri hüququn real pozuntusunun aradan qaldırılmasına yönəlməlidir. İş materiallarından cavabdehin hazırda mübahisəli mənzildən istifadə etməsi və ya iddiaçının həmin mənzildən istifadəsinə mane olması müəyyən edilmədiyindən belə tələbin təmin edilməsi hüquqi mübahisənin həlli üçün zəruri və effektiv müdafiə vasitəsi hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ (haqqı) nikah münasibətlərinə əsasən onun ailə üzvü kimi həmin mənzilə köçürülməsi ilə yaranmış və həmin münasibətlərə xitam verildikdən sonra cavabdehin mənzili könüllü qaydada tərk etməsi ilə faktiki olaraq başa çatmışdır. Artıq mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi hüquqi nəticə doğura bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsassızdır və həmin hissədə təmin edilə bilməz. Məhkəmə mübahisəli mənzildən cavabdehə məxus cehiz əşyalarının çıxarılması tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh mənzili tərk edərkən ona məxsus cehiz əşyalarının bir hissəsi mübahisəli mənzildə qalmışdır və həmin əşyalar faktiki olaraq iddiaçının istifadə etdiyi yaşayış sahəsində saxlanılmaqda davam edir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olmaqla dövlət mənzil fonduna aid yaşayış sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı həmin mənzilin mülkiyyətçisi olmasa da, iş materialları ilə müəyyən olunur ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən məcburi köçkün kimi həmin mənzildə məskunlaşmış və uzun müddət ərzində həmin yaşayış sahəsindən faktiki istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Qanunvericiliyin qeyd olunan müddəasına görə sahiblik hüquqi vəziyyət kimi şəxsin əşya üzərində faktiki hakimiyyətini ifadə edir. Bu mənada sahiblik əşya üzərində hüquqdan fərqli olaraq ilk növbədə faktiki vəziyyət kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli “3 ulduzlu” qərarında qeyd edilmişdir ki, sahiblik hüquqi vəziyyət olaraq şəxsin əşya üzərində iradəvi şəkildə faktiki hakimiyyət qurması, əşyaya fiziki malik olması və onu öz təsir dairəsində saxlaması ilə xarakterizə olunur. Şəxs bu hakimiyyəti öz iradəsi ilə tərk edənədək və ya başqa şəxs tərəfindən ələ keçirilənədək əşyanın sahibi sayılır. Həmin qərarda həmçinin vurğulanmışdır ki, sahibliyin qorunması institutunun əsas məqsədi cəmiyyətdə hüquqi nizamın və sosial sabitliyin təmin edilməsidir və bu səbəbdən faktiki sahiblik vəziyyəti qanun tərəfindən müdafiə olunur. Bu baxımdan əşya üzərində hüquq sahibi olub-olmamasından asılı olmayaraq faktiki sahibin sahibliyinə müdaxilə edilməsinin qarşısı alınmalıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı uzun müddət ərzində mübahisəli mənzildə yaşayaraq həmin yaşayış sahəsi üzərində faktiki sahiblik həyata keçirmişdir. Buna görə də iddiaçı həmin mənzildə yerləşən əşyalar üzərində faktiki hakimiyyət həyata keçirən şəxs kimi həmin yaşayış sahəsinin normal istifadəsinə maneə yaradan halların aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzili tərk etdikdən sonra ona məxsus cehiz əşyalarının həmin mənzildə saxlanılması iddiaçının mənzildən sərbəst və normal istifadə imkanlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə vəziyyət faktiki sahibin sahibliyinə müdaxilə kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin ümumi prinsiplərinə görə şəxs özünə məxsus əmlakı başqa şəxsin istifadəsində olan yaşayış sahəsində müddətsiz və hüquqi əsas olmadan saxlamamalıdır. Bu cür vəziyyət faktiki sahiblik münasibətlərinin pozulmasına səbəb olur və həmin pozuntunun aradan qaldırılması məhkəmə qaydasında tələb oluna bilər. Bundan əlavə, məhkəmə nəzərə alır ki, cavabdeh nikah pozulduqdan sonra mübahisəli mənzili könüllü qaydada tərk etmiş və həmin yaşayış sahəsindən istifadə etmədiyi halda ona məxsus əşyaların həmin mənzildə saxlanılması üçün hüquqi əsas mövcud deyildir. Belə olan halda cavabdehə məxsus cehiz əşyalarının mübahisəli mənzildə saxlanılması faktiki sahib olan iddiaçının yaşayış sahəsindən sərbəst istifadə imkanlarını məhdudlaşdırır və bu hal aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, həmin yaşayış sahəsinin faktiki istifadəçisi və sahibi kimi mənzildə yerləşən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallara və tətbiq edilən hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə məxsus yuxarıda adları sadalanan cehiz əşyalarının mübahisəli mənzildən çıxarılması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, mənzil 56 ünvanındakı 2 otaqlı mənzildən Cavabdeh məxsus və cəhiz qismində gətirdiyi 1. 2 ədəd çil-çıraq, 2. 2 ədəd tül pərdə - günlüksüz, 3. 1 ədəd stol, 4. 6 ədəd stul, 5. 1 ədəd televizor altı, 6. 2 ədəd künçlük şkaf, 7. 1 ədəd güzgülü termo, 8. 1 ədəd künc divanı örtüksüz, 9. 1 ədəd böyük xalça, 10. 1 ədəd yataq otağına aid şifoner, 11. 1 ədəd yataq dəsti taxt (2 ədəd kiçik tumba), 12. 1 ədəd termo-güzgülü, 13. 2 ədəd balaca xalça, 14. 6 dəst bakal, 15. 4 ədəd termoüstü qab, 16. 1 dəst yemək servisi dəsti, 17. 1 ədəd balaca qazan, 18. 2 ədəd taxt üstü ədiyal və 19. uşaq maşını (oyuncaq) həmin mənzildən çıxarılsın. Cavabdeh 30 manat mediasiya rüsumunun əvəzi tutularaq iddiaçı X5 xeyrinə ödənilsin. Mediasiya rüsumunun 30 manatı iddiaçının özünə aid edilsin. İddi tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-545/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-545/2025
18.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver