Məhkəmə qərarları › İş №e-2(029)-1062/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1062/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1062/2025 19.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 775 (yeddi yüz yetmiş beş) manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (029)-1062/2025 saylı qərardadı ilə, İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) Şimal-şərq regional filialının Qusar şöbəsi (əvvəlki X1) ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin Şimal-şərq regional filialının Qusar şöbəsi ilə bağladığı xidmət müqaviləsinə əsasən, şöbənin rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ********* saylı ayrılmış internet xətti (AİK) üzərində xx.xx.2025-ci il tarixə göstərilən telekommunikasiya xidmətinə görə 5 (beş) manat, internet xidmətinə görə 770 (yeddi yüz yetmiş) manat olmaqla, ümumilikdə 775.00 manat borc yaratmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin müvafiq maddəsinə görə abunəçi rabitə xidmətləri haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən telekommunikasiya xidmətləri göstərmişdir. Cavabdehin borcu yaranıb, bu barədə cavabdehə xəbərdarlıq göndərilib, lakin heç bir nəticəsi olmayıb və bununla da müqavilənin şərtləri pozub. Buna görə də iddianın təmin edilməsi, Cavabdeh 775 (yeddi yüz yetmiş beş) manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, müqavilə xx.xx.2013-cü il tarixdə onunla bağlanılıb. 2019-cu ildə o, Sahib Pirəliyevlə İddiaçı MMC-yə gəlib müqaviləyə xitam verilməsi, Sahib ilə yeni müqavilə bağlanması üçün ərizə yazmışdır. Sonradan o, İddiaçı MMC-dən onun müqaviləsinə xitam verilməmə səbəbini soruşanda, ona, ərizəsi kompüterə salınmadığını bildirilmişlər. Sonradan 2023-cü ildə borc yığılıb, onun obyektində hər ay mütamadi olaraq borc ödənilir. 2019-cu ildən 2026-cı ilə kimi onun borcu yoxdur. Həmin obyektdə heç vaxt internet kəsilməyib. O, oranı Sahibə təhvil vermişdir, sonra onların idarəyə gedib müqaviləyə xitam verilməsi barədə ərizə yazmışdır, həmin ərizəni ona vermirlər. Həmin obyektdə heç vaxt internet kəsilməyib, borc da yığılmayıb, pulu da hər ay verir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 15 iyul 2013-cü il tarixli internet xidmətləri göstərilməsi üçün müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında aylıq istifadə haqqı 10 mbit/s surət üçün 385 manat məbləğində ödəniş edilməsi haqqında müqavilə bağlanmışdır. İşdə olan “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” Publik hüquqi şəxsi İddiaçı MMC tərəfindən verilmiş məhkəmə sorğusunun cavablandırılması haqqında məktubdan görünür ki, Cavabdeh 2023-cü ilin avqust və sentyabr aylarında ayrılmış kanal vasitəsilə göstərilən internet xidməti üzrə yaranmış borcun ödənişini təmin etməmişdir. Bununla əlaqədar Cavabdeh ilə bağlanmış (15 iyul 2013-cü il tarixli müqavilənin 7.3-cü bəndinə əsasən) müqavilə 06 oktyabr 2023-cü il tarixində İddiaçı MMCnin Şimal-şərq regional filialının Qusar şöbəsi tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 397.3. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı (bundan sonra Cəmiyyət) Şimal-şərq regional filialının Qusar şöbəsi (əvvəlki X1) ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin Şimal-şərq regional filialının Qusar şöbəsi ilə bağladığı xidmət müqaviləsinə əsasən, şöbənin rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ********* saylı ayrılmış internet xətti (AİK) üzərində xx.xx.2025-ci il tarixə göstərilən telekommunikasiya xidmətinə görə 5 (beş) manat, internet xidmətinə görə 770 (yeddi yüz yetmiş) manat olmaqla, ümumilikdə 775.00 manat borc yaratmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə, cavabdehin məhkəmə araşdırılması zamanı vermiş olduğu izahatını mötəbər hesab etmir, belə ki, cavabdehin izahatında göstərdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi əsaslı olduğundan, tərəflər arasında müqavilə olduğundan, iddiaçının iddiası təmin olunmalı, Cavabdeh 775 (yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddiaçının iddia tələbi təmin edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 775 (yeddi yüz yetmiş beş) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar