Məhkəmə qərarları › İş №e-2(029)-246/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-246/2025

24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-246/2025 24.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə və üçüncü şəxs X3 qarşı birgə nigah dövründə əldə olunmuş əmlakdan imtinanın qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilməsi, həmin əmlak bölünərək ½ hissəsinə mülkiyyət faktının müəyyən edilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə dair mülki işə Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə və üçüncü şəxs X3 qarşı birgə nigah dövründə əldə olunmuş əmlakdan imtinanın qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilməsi, həmin əmlak bölünərək ½ hissəsinə mülkiyyət faktının müəyyən edilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyetsrində xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha torpaq sahəsindən Cavabdeh2 imtinasının qanunsuz hesab edilməsi, çıxarış bərpa edilərək həmin torpaq sahəsinin bərabər şəkildə bölünməklə ½ hissəsinə onun mülkiyyət faktının müəyyən edilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin qərardadı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə və üçüncü şəxs X3 qarşı birgə nigah dövründə əldə olunmuş əmlakdan imtinanın qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilməsi, həmin əmlak bölünərək ½ hissəsinə mülkiyyət faktının müəyyən edilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair mülki iş üzrə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində icraata xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq o, ailə qurmuşdur. Birgə nigahdan 3 övladı anadan olmuşdur. Əri Cavabdeh2la birgə nikah dövründə Qusar rayonu, Avaranqışlaq kəndində 30 ha torpaq sahəsi əldə etmişdir. Bu əmlak Daşınmaz əmlakın dövlət reyetr xidmətində qeydə alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bir neçə il bundan öncə Cavabdeh2la münasibətləri pisləşmişdir. O, birgə nigah dövründə əldə olunmuş əmlakları böldürmək qərarına gəlmişdir. Bununla əlaqədar Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən 30 ha torpaq sahəsini böldürmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, əri Cavabdeh2 ondan xəbərsiz birgə nigah dövründə əldə etdiyi Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən 30 ha torpaq sahəsindən imtina etməsi nəticəsində reyestrdən çıxarış ləğv edilmişdir. Könüllü olaraq Cavabdeh2la razılığa gələ bilməmişlər. Buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Murtuzəi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, o, həmin iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. X1 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş edir. Bundan əlavə bildirir ki, işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, o, həmin torpaq sahəsində qanunsuz olaraq imtina etmişdir. Qanunsuzluq onda ibarətdir ki, birgə nikah dövründə əldə etdiyi əmlakdan təkbaşına yəni arvadından xəbərsiz imtina etmişdir. Heç bir dövlət orqanı imtinanın qanunsuz olduğunu ona bildirməmişlər. Hətta imtinası əsasında birgə nikah dövründə əldə etdiyi əmlaka dair mülkyyəti təsdiq edən çıxarışı ləğv edilib. Hazırda isə etdiyi hərəkətdən peşmandır. Buna görə də, iddia tələbini tam qəbul edir. İddianı tam etiraf edir. İddianı tam etiraf etməni hüquqi nəticələri ona izah olunub və aydındır. Məhkəməyə gəlməyə imkanı olmadığına görə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məluat verməmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Avaranqışlq kəndində yerləşən 30 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur. İşdə olan V-ЖГ 483337 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X4 nikahları 26 mart 1992-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı “Zeynalova” soyadını qəbul etmişdir. İşdə olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıarışın surətindən görünür ki, X5, vətəndaş Cavabdeh2 nümayəndəsi olaraq bildirmişdir ki, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətində olan 30 ha torpaq sahəsinindən, Qusar ayonu Kuzunqışlaq Bələdiyyəsinin xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-141.3-cü maddələrinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarın 7.6.Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. 7.8.Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən,cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən,tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığısübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcıhissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, işin hallarına qiymət verərkən müəyyən etmişdir ki, Cavabdeh2 ilə İddiaçı rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. İddiaçı Cavabdeh2la birgə nikah dövündə Qusar rayonu, Avaranqışlaq kəndində 30 ha torpaq sahəsi əldə etmişdir. Bu əmlak Daşınmaz əmlakın dövlət reyetr xidmətində qeydə alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsində qanunsuz olaraq imtina etmişdir. Qanunsuzluq onda ibarətdir ki, birgə nikah dövründə əldə etdiyi əmlakdan təkbaşına yəni arvadından xəbərsiz imtina etmişdir. Bu hal, Cavabdeh2 məhkəməyə ünvanladığı teleqramdada öz əksini tapmış, Cavabdeh2 həmin halı təsdiq etmişdir. İddiaçı, həmin torpaq sahəsinin alqı-satqısından və ya imtinasından məlumatsız olmuşdur, məlumatsız olduğuna görə həmin hərəkətlərin bəyənməsidə mümkün deyildir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş Qusar rayonu Avaranqışlaq kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsindən İddiaçı razılığı olmadan imtina etmişdir. Həmin hal, Cavabdeh2 məhkəməyə ünvanladığı teleqramdada öz əksini tapmış, cavabdeh həmin halı etiraf etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha torpaq sahəsindən Cavabdeh2 imtinası qanunsuz hesab edilməklə, çıxarış bərpa edilməli, həmin torpaq sahəsi bərabər şəkildə bölünməklə ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən edilməlidir. Gələcəkdə tərəflər arasında mübahisə olmazsa, qətnamə qanuni qüvvəyə minərsə, İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyetsrində xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha torpaq sahəsindən Cavabdeh2 imtinası qanunsuz hesab edilsin, çıxarış bərpa edilsin, həmin torpaq sahəsi bərabər şəkildə bölünməklə ½ hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar