Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-543/2022 22.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X23 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X23 qarşı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanda yerləşməklə mərhum X7 valideynlərindən miras qalmış yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsinə və onların həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ünvan 1 evdə yaşayan X26 ilə ailə həyatı qurmuşdur. O, X26 ilə ailə həyatı qurduğu zaman gəlin kimi onun valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə gəlin köçmüş və özünə məxsus bütün cehiz əşyalarını da həmin evə gətirmişdir. X26 ilə birgə nikahda olduqları müddətdə onların 11 may 2003-cü il tarixdə X24 və 26 dekabr 2005-ci il tarixdə X37 adlı 2 uşağı anadan olmuşdur. Cavabdeh onun X7 qardaşıdır. O, X26 ilə evlənib gəlin kimi onun valideynlərinə məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçdüyü vaxt həmin evdə X1, X15 və o, habelə ərinin kiçik qardaşı X27 və onun ailəsi yaşamışdır. Cavabdeh isə o zaman Rusiya Fedrasiyasında yaşamışdır. X15 mühəndis olmuş və Bakı şəhərində işləmişdir. Buna görə də o, bir müddət ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşadıqdan sonra ərinin yanına Bakı şəhərinə köçmüşdür. Lakin, ona məxsus bütün cehizləri, ərinə məxsus əmlakları ünvan 1 ünvanda yerləşən yaşayış evində qalmışdır. O, X15 və uşaqları ilə hər ay həmin evə gəlibgetmişdir. Hər yay onlar həmin evə gəlib istirahət etmişlər. Həmin ev üstündə X7 qardaşları X27 və Cavabdeh ilə heç bir mübahisəsi olmamışdır. X1 29 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra da o, X15 və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər. Yaşayış evinin ikinci mərtəbəsinin iki otağında ərinin kiçik qardaşı X16 ailəsi yaşamışdır. Yaşayış evinin birinci mərtəbəsinin iki otağı isə onların ailəsinin istifadəsində olmuş, onun cehiz əmlakları da həmin otaqlarda olmuşdur. Təxminən 2007-2008-ci illərdə ərinin kiçik qardaşı X27 ailəsi ilə birlikdə həmin evdən çıxıb özü üçün tikdirdiyi yeni evə köçmüşdür. Bundan sonra artıq həmin evdə yalnız onların ailəsi qalıb yaşamağa başlamışdır. Onlar, Bakı şəhərinə gedərkən evi bağlayıb gedirdilər. Bayramlarda, yay tətili günlərində rayona gələndə isə həmin evdə yaşayırdılar. X15 həmin evi təmir etmiş, evə xarici suvaq vurdurmuş, evdə hamam tikdirmiş və başqa təmir işlərini aparmışdır. 2007-2008-ci illərdən etibarən artıq həmin evi faktiki olaraq onun X15 təkbaşına idarə edirdi. X15 15 mart 2019-cu il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra yenə də o və uşaqları həmin evdən heç kimin etirazı olmadan istifadə etmişlər və hər yay həmin evə gəlib istirahət etmişlər. X7 ölümündən sonra Cavabdeh Rusiya Federasiyasından qayıdıb öz arvadı ilə həmin evdə yaşamağa başlamışdır. Cavabdeh yaşayış evinin ikinci mərtəbəsinin iki otağında, əvvəllər ərinin kiçik qardaşı X16 ailəsinin yaşadığı otaqlarda yaşayırdı. Cavabdeh ərinin ölümündən sonra bir müddət ona və uşaqlarına həmin evdən istifadə etmələrinə, hər bayramda, yayda həmin evə gəlib istirahət etmələrinə heç bir etiraz etmirdi. 19 mart 2022-ci il tarixdə o, Novruz Bayramı günlərində istirahət etmək üçün uşaqları ilə birlikdə Bakı şəhərindən ünvan 1 ünvanda yerləşən X7 valideynlərindən miras qalmış yaşayış evinə gəlmiş, lakin həmin evdə yaşayan Cavabdeh evin bütövlüklə özünə məxsus olduğunu bildirərək onu və uşaqlarını evə buraxmamışdır. Cavabdeh hətta oğlu X8 surətdə “sizin eviniz atanızın dəfn edildiyi qəbiristanlıqdadır” deyib təhqir də etmişdir. ünvan 1 ünvanda yerləşən yaşayış evi X7 valideynlərindən miras qalmış evdir. Ərinin X3 06 fevral 1993-cü il tarixdə, anası X13 29 noyabr 2006-cı il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra birinci növbədə vərəsələri X15, onun qardaşı X27 və digər qardaşı, Cavabdeh qalmışlar. Valideynlərin ölümündən sonra həmin yaşayış evini X15 və onun kiçik qardaşı X27 faktiki qəbul edərək həmin evdə yaşamışlar. Həmin yaşayış evinin torpaq və əmlak vergiləri də X15 tərəfindən ödənilirdi. Cavabdeh isə həmin vaxt Rusiya Federasiyasında yaşamış, valideynlərindən miras qalmış əmlakı, evi nə faktiki, nə də ki, notariata ərizə verməklə qəbul etməmişdir. Cavabdeh həmin evə yalnız onun əri öldükdən sonra qayıtmışdır. Belə olan halda həmin evdə atasının və anasının birinci nöbədə vərəsəsi olaraq X7 malik olduğu vərəsəlik payına onun və uşaqlarının vərəsəlik hüquqları mövcuddur. Həmin yaşayış evinin çıxarışı olmadığı üçün vərəsələrin heç biri yaşayış evindən və həyətyanı torpaq sahəsindən miras paylarını rəsmiləşdirə bilməmişlər. Yaşayış evinə dair mövcud sənədlər də həmin evdə, Cavabdehdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh və onun qardaşı X27 mərhum ataları X5 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişlər. O da, mərhum X10 birinci növbədə vərəsəsi olan ölmüş X7 vərəsəsi olaraq 21 aprel 2022-ci il tarixdə Qusar rayon Notariat Ofisinə müraciət edərək X5 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evindən mərhum X7 payına düşəcək miras payına irsi transmissiya qaydasında onun adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O, ünvan 1 evə 13 noyabr 2002-ci il tarixdə X26 ilə rəsmi nikah bağlamaqla köçmüşdür. Onun ünvan 3 evdə yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikasının həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Lakin, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, özü Rusiya vətəndaşı olan Cavabdeh onların əmlaklarının olduğu mənzili özbaşına zəbt edərək onları yaşayış sahəsindən məhrum etmiş, mənzil hüquqlarını kobud şəkildə pozmuşdur. Mübahisəli yaşayış evi X7 və Cavabdeh valideynlərindən miras qalmış evdir. Həmin evdən X7 vərəsəlik payı vardır. Lakin, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, özü Rusiya vətəndaşı olan Cavabdeh onları ərinin payı olan mülkiyyətdən məhrum etmişdir. Bütün bu əsaslara görə onun və uşaqlarının həmin yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının bərpa edilməli və o, uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, onun rəhmətlik qaynanası ona həmişə demişdir ki, tərəzinin bir gözündə onun mərhum əri, digər gözündə isə digər oğulları vardır. Rəhmətlik X15 hamısına kömək edib, cavabdehlər özləri də bunu təsdiq edirlər. 2006-cı ildə qaynanası Saniyat Sultanova vəfat etmiş, o vaxta kimi hazırkı iş üzrə cavabdeh Camalı tanımamışdır. Əri öləndən sonra Camal mübahisəli evin darvazasına qıfıl qoymuş, onu və uşaqlarını həmin evə buraxmamışdır. Onun oğlu Camala bu evdə atasının da payı var deyəndə, Camal onun oğluna “atanızın payı qəbirdədir” demişdir. Bu səbəbdən də, onlar həmin gün gecə küçədə qalmışlar, daha sonra isə Qusar rayonu Köhnə Xudat kəndinə, onun valideynlərinin evinə getmişlər. Onlar illər boyu həmin evə baxmış, dağılmış yerləri düzəltmişlər. Bundan başqa, evin həyətində onun əri hamam tikmiş, su xətlərini təzələmişdir. Cavid özünə tikdirdiyi yeni evdə olmuş, həmin evə baxmamışdır. 2002-ci ildə mərhum X15 ilə ailə həyatı qurmuş, onların toyu Qusar şəhərində olmuş, gəlin kimi mübahisəli evə köçmüşdür. Həmin evdə onun 1 uşağı dünyaya gəlmişdir. Onlar Bakı şəhərində qeydiyyatdadırlar, bir otaqlı mənzildə yaşayırlar. Nə vaxt qeydiyyata düşdüyünü xatırlamır, 1 uşağı olduqdan sonra qeydiyyata düşmüşdür. 20 ildir ki, onlar Bakı şəhərində yaşayırlar, mübahisəli evə gəlib getmişlər, bayramlarda da gəlmişlər. Axırıncı dəfə 2022-ci ilin mart ayında həmin evə gəlmiş, lakin Camal onu və uşaqlarını evə buraxmamışdır. Həmin ev əvvəllər qaynanasının adında olmuş, qaynatası Mahmud 1993-cü ildə vəfat etmişdir. Əvvəllər həmin evə dair heç bir sənəd olmamış, indiyə kimi o, payın müəyyən olunması barədə heç bir yerə müraciət etməmiş, evin kimin adına keçirilməsi barədə cavabdehlərlə bir yerdə bir qərara gəlməmişdir. Evin bütün kommunal xərclərini onlar ödəmiş, lakin, qəbzlər üçüncü şəxs Cavidin adına gəlmişdir. Hətta, evin telefon borcu olmuş, həmin borcu cavabdeh Camal və üçüncü şəxs Cavid ödəmədiyinə görə telefon xətti bağlanmışdır. Sonradan Cavid özünə ev tikmiş, mübahisəli evə Cavid baxmamış, onlar baxmış, Cavidin evinin tikilməsində rəhmətlik əri Cavidə kömək etmişdir. Onun əri 20 il Bakı şəhərində tross zavodunda mexanik işləmişdir. O, da Bakı şəhərində işləmiş, hazırda da Bakı şəhərində X35 kitabxanaçı vəzifəsində işləyir. Onlar həmin evdə təmir işlərini aparmış, hamam, tualet tikmiş, su xətlərini təzələmişdir. Ona məxsus cehiz əmlakları da hazırda həmin evdədir. Qusar şəhərində 6 nömrəli məktəbin yanında 2019-cu ildə ərinin adına torpaq sahəsi almış, orada 1 mərtəbəli ev tikmişdir. Tikili hazırda təmir olunmayıb. Bundan başqa, onların Bakı şəhərində iki mənzilləri də vardır. Həmçinin, onların Qusar rayonu ərazisində torpaq sahələri var. Onların mübahisəli evə payları var, həmin payla bağlı indiyədək hər hansı quruma müraciət etməmişlər, bununla belə onların həmin evə hüquqları var. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı 13 noyabr 2002-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Əhməd Sultanovla ailə həyatı qurmuş və ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş və özünə məxsus cehiz əmlakları həmin evə aparmış, hal-hazırda da iddiaçıya məxsus əmlaklar həmin evdədir. İddiaçının Əhməd Sultanovla birgə nikahlarından 11 may 2003-cü il tarixdə Samirə 26 dekabr 2005-ci il tarixdə Emin adlı uşaqları anadan olmuş, həmin uşaqlar mübahisəli evdə doğulmuşdur. İddiaçı ailəsi ilə birlikdə, əri Əhmədin anası ilə birlikdə 2006-cı ilə kimi həmin evdə yaşamış, evin ikinci mərtəbəsində Cavid, birinci mərtəbəsində isə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır. 2008-ci ildə Cavid özünə ev tikmiş, ailəsi ilə birlikdə mübahisəli evdən çıxaraq öz evində yaşamışdır. İddiaçının əri Əhməd 2019-cu ildə vəfat etmiş, bundan sonra həmin evə cavabdeh Camal qayıdıb orada yaşamağa başlamışdır. Hazırda cavabdeh Camal iddiaçını və onun uşaqlarını evə qoymur. İddiaçı 2002-ci ildən həmin evə köçmüş, lakin qeydiyyatı Bakı şəhərindədir. Köhnə Mənzil Məcəlləsinə əsasən onun həmin evdə qeydiyyatda olması vacib deyildir. İddiaçının uşaqlarının mübahisəli evdə vərəsəlik payı vardır. İddiaçı vərəsəlik üçün müraciət etmişdir. 2009-cu ilə kimi həmin evə iddiaçı baxmış, evin açarları iddiaçıda olmuş, hər ay gəlib getmiş, bələdiyyədən vergi borcunun Əhmədin adına olması barədə bildiriş də, vardır. İddiaçı ailəsi ilə birlikdə 20 ildir ki, Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır və orada işləyir. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. 1999-cu ildə Rusiya Federasiyasına getmiş, 2020-ci ildə isə Azərbaycana qayıtmışdır. Atası 1993-cü ildə, anası isə 2006-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra həmin evdə Cavid yaşamışdır. O, hazırda həyat yoldaşı ilə mübahisəli evdə yaşayır. 1 illik miqrasiya qeydiyyatına alınmışdır. Onun başqa yaşamağa evi yoxdur. Qusar rayon ərazisində olan bağlarda işləyir. İndiyədək onlar iddiaçıya heç bir söz deməmişdir. İddiaçı uşaqları ilə birlikdə yay aylarında gəlib getmişlər. Axırıncı dəfə iddiaçı ona hörmətsizlik edərək, əlində olan çirkli qabları onun qabağında stolun üstünə atmışdır. Buna görə də, o, iddiaçının mübahisəli evə gəlməsini istəmir. İddiaçı hər ayda yox, ildə bir dəfə həmin evə gəlib getmişdir. Bu barədə bütün qohumlar və qonşular bilir. İddiaçı onun qardaşının arvadıdır. Onlar 2002-ci ildə evlənmiş, evləndikdən bir müddət sonra Bakı şəhərinə getmiş, orada yaşamış və işləmişdir. İddiaçının Bakı şəhərində 2 evi var. Hər iki evdə o, olmuşdur. Bir ev 1 otaqlı, o biri ev isə 2 otaqlıdır. İddiaçıya məxsus bəzi əmlaklar mübahisəli evdə 1 otaqdadır. Çarpayı, stol-stul vardır. Mübahisəli ev, həyət evi olmaqla 4 otaqdan ibarətdir. İddiaçının Qusar şəhərində, 6 nömrəli məktəbin yanında da evi var, torpaqları da var. İddiaçı özünə məxsus cehiz əmlakını götürsün və həmin evdə yaşasın. Buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X27 izahatında göstərmişdir ki, o, iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsinə razı deyildir. Həmin evdə o yaşamış, indiyədək həmin evdə qeydiyyatdadır, anasına, atasına baxmış, həmin şəxslərin dəfn və yas mərasimlərini də o, özü təşkil etmişdir. Anası xəstə vaxtı iddiaçının evinə gedəndə, iddiaçı onun anasını xəstə vəziyyətdə evdən qovmuşdur. İddaçının əri X36 şəhərində yaşamış, onun orada evi olmuş, 1986-cı ildə həmin evi satıb Bakı şəhərində ev alaraq 1990-cı ildən Bakı şəhərində yaşamağa başlamış, həmçinin orada mühəndis işləmişdir. İddiaçı da, Əhmədlə Bakı şəhərində ailə həyatı qurmuş və birlikdə orada yaşamışlar. İddiaçının uşaqları da Bakı şəhərində anadan olmuşlar. O, özünə ev tikəndə qardaşı Əhməd ona heç bir köməklik etməmişdir. İddiaçının 3 yerdə torpaq sahələri var. Köhnə Xudat kəndində və Qusar şəhəri təzə konserv zavodunun arxasında 4 sot, X46 kəndində 16 sot torpaq sahələri vardır. Bundan başqa, iddiaçının Qusar şəhərində evi vardır. Həmçinin, iddiaçının əri öləndən sonra onun avtomobili iddiaçıya qalmış, həmin avtomobili iddiaçı istifadə etmişdir. O, mübahisəli evdə anadan olmuş, böyümüş və həmin evə baxmışdır. Qardaşı Əhməd ailəsi ilə birlikdə 2 aydan bir gəlmiş, 1 gecə qalmış, sonra çıxıb getmişdir. Qardaşı Əhməd evi idarə etməmiş, evi o özü idarə etmişdir. Evin kommunal xərclərini də o özü ödəmişdir. Evdə telefon lazım olmadığına görə özləri telefon xəttini bağlatdırmışlar. Qardaşı Əhməd evin həyətində 20-30 ədəd kubik daşını üst-üstə yığaraq yuyunmaq üçün yer düzəltmişdir. Lakin, hörgü hörülməmiş, ona hamam demək olmaz. Əhməd iddiaçının ikinci əri olmuş, gəlin köçərkən iddiaçıda heç bir cehiz-əmlak olmamış, özü ilə geyməyə paltar gətirmişdir. Mübahisəli evdə 1 otaqda iddiaçıya məxsus çarpayı vardır. 2007-2008-ci illərdə o, özünə ev tikmiş və öz evində yaşamışdır. Buna baxmayaraq, mübahisəli evə mütəmadi gəlib-getmiş, evi idarə etməkdə davam etmişdir. Valideynləri öləndən sonra onların miras əmlaklarını faktiki olaraq o, qəbul etmiş və idarə edir. İddiaçı isə Bakı şəhərində yaşayır və işləyir, belə olan halda o, mübahisəli evi necə idarə edə bilər, bu barədə onun dedikləri yalandır. Onun mülkiyyətində olan əmlakı necə ola bilər ki, o, özü deyil, iddiaçı Bakı şəhərində yaşayıb işlədiyi halda idarə edir? Evin yerləşdiyi torpaq sahəsi də onun və ailə üzvlərinin mülkiyyətindədir, iddiaçının və onun uşaqlarının həmin evə və torpaq sahəsinə heç bir hüquqları yoxdur. Mübahisəli evin açarları Əhməddə də olmuş, Əhməd 2 aydan bir evə gəlib getmişdir. O, iddiaçının uşaqlarının həmin evə gəlib getməsinə razı deyildir. Belə ki, onun anası ölməmişdən əvvəl iddiaçı və uşaqları həmin evə gəlməmişlər. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, üçüncü şəxs X16 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan AZ-İ 990021 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1993-cü il tarixdə Qusar şəhərində “Arteriya skleroz” səbəbilə ölmüşdür. İşdə olan AZ-İİ 012750 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2019-cu il tarixdə “ürəyin xroniki işemik xəstəliyi” səbəbindən Bakı şəhərində ölmüşdür. İşdə olan AZ-İ 990022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə Qusar şəhərində “Qaraciyər çatışmamazlığı” səbəbindən ölmüşdür. İşdə olan AZ-İ 355668 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 11 may 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X12, anası İddiaçıdır. İşdə olan AZ-İ 711765 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 26 dekabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X12, anası İddiaçıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X26 xx.xx.1959-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X3, anası X11r. İşdə olan Vİİ-ЖГ № 442140 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə İddiaçı nikahları 13 noyabr 2002-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu VVADQ şöbəsində 666 akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan Qusar rayon Notariat ofisindən verilmiş 21 aprel 2022-ci il tarixli X-575 saylı cavab məktubunun surətindən görünür ki, Qusar rayon notariat ofisinə X5 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə xx.xx.2022-ci il tarixdə X16 və Cavabdeh müraciətləri daxil olmuşdur. Qeyd olunan şəxslərin müraciətləri əsasında Qusar rayon notariat ofisində 191/2022 nömrəli vərəsəlik işi açılaraq müvafiq qeydiyyat aparılmışdır. Həmçinin sorğuda qeyd olunan X4 miras qalmış əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir. Axtarış 2010-cu ildən 2022-ci ilədək aparılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi isə birgə mülkiyyət hüququ üzrə X10, X6, X16, X19, X20 və X14 adlarına qeydiyyata alınmışdır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu X50 prospekti ev 110 mənzil 54 ünvanda qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X24 xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu X50 prospekti ev 110 mənzil 54 ünvanda qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X37 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu X50 prospekti ev 110 mənzil 54 ünvanda qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının yaşayış ünvanı kimi ünvan 7ariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən evdə X27, X29, X30 və X25 qeydiyyatdadırlar. İşdə olan Seriya AZE 09128624 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 şəhəri F.Musayev küçəsi ev 96 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10, həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X10, X6, X16, X19, X20 və X14 adlarına qeydiyyata alınmışdır. X18 xx.xx.1993-cü il tarixdə, X13 xx.xx.2006-cı il tarixdə ölmüşlər. İddiaçı mərhum şəxslər X32 Sultanovanın övladları olan X26 ilə 13 noyabr 2002ci il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar və daimi olaraq birlikdə Bakı şəhərində yaşamışlar və işləmişlər. Onların birgə nikahlarından 11 may 2003-cü il təvəllüdlü X24 və 26 dekabr 2005-ci il təvəllüdlü X37 anadan olmuşlar. Həmin uşaqların hər ikisi Bakı şəhərində anadan olmuşlar. İddiaçının əri Əhməd Sultanov xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı hazırda Bakı şəhəri Nərimanov rayonu X50 prospekti ev 110 mənzil 54 ünvanda qeydiyyatda olmaqla daimi olaraq orada yaşayır. Bununla da, İddiaçı daimi yaşayış yeri ünvan 1 ünvanda yerləşən ev olmamış, özünün də qeyd etdiyi kimi həmin ünvana aradabir qonaq kimi gəlib getmişdir. Onun daimi yaşayış yeri isə Bakı şəhərində yerləşən, mərhum əri və uşaqları ilə birlikdə yaşadığı ev olmuş, hazırda da daimi yaşayış yeri həmin evdir. Həmçinin, iddiaçının özünün dediyi kimi, Qusar şəhəri ərazisində fərdi yaşayış evi vardır. Mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə evin daimi sakinləri olmuş üçüncü şəxs Cavid Sultanovun, onun həyat yoldaşının, uşaqlarının və mərhum valideynlərinin mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, İddiaçı 2002-ci ildə mübahisəli evin sahibi olan mərhum X21 Sultanovla Bakı şəhərində ailə həyatı qurmuş və həmin vaxt Əhməd Sultanovun özünün daimi yaşayış yeri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmamış, daimi olaraq Bakı şəhərində yaşamış, iddiaçı da onunla birlikdə daimi olaraq Bakı şəhərində yaşamış, hazırda da Bakı şəhərində yaşayır və işləyir. İddiaçı həmin vaxt ünvan 1 ünvanda yerləşən evin sahibi olmuş şəxsin icazəsi və iradəsi əsasında həmin evə daimi olaraq köçməklə orada yaşamamış, yalnız həmin evə qonaq kimi gəlməklə müvəqqəti, qısa müddətə yaşamışdır. Həmçinin, həmin vaxt mübahisəli evin sahibi olmuş Mahmud Sultanov ölmüş olmuş, evin daimi sakinləri həmin şəxsin həyat yoldaşı Saniyat Sultanova, oğlu Cavid Sultanov və onun ailə üzvləri olmuşlar. Həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi də həmin vaxt evin daimi sakinləri olan Saniyat Sultanovanın, onun oğlu, iş üzrə üçüncü şəxs Cavid Sultanovun, sonuncunun ailə üzvlərinin, həmçinin mərhum Mahmud Sultanovun mülkiyyətlərinə verilmişdir. İddiaçı isə Qusar şəhərində başqa bir fərdi yaşayış evi əldə etmişdir ki, bu da onun istər qaynanası Saniyat Sultanovanın və əri Əhməd Sultanovun sağlığında, istərsə də, onların ölümündən sonra mübahisəli evə sahiblənmədiyini, oradan daimi istifadə etmədiyini, belə bir niyyətinin olmadığını təsdiq edir. Həmçinin, məhkəmə iddiaçı Bakı şəhərində daimi yaşadığı və orada işlədiyi halda, yuxarıda göstərilən başqa şəxslərin mülkiyyətlərində olan əmlakları qəbul edərək idarə etməsini məhkəmə inandırıcı hesab etmir. Bununla da, İddiaçı mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun qaydada həmin evə dair istifadə hüququ əmələ gəlməmiş, buna hər hansı əsas da olmamışdır. Bundan başqa, hazırkı iddianın yönəldiyi Cavabdeh mübahisəli evin mülkiyyətçisi və ya sahibi deyil, həmin evdə daimi istifadə hüququ da yoxdur, Rusiya Federasiyasının vətəndaşıdır. Ona görə də, hazırkı iddianın ona qarşı yönəlməsi qanuni və əsaslı deyil, həmin iddia həm də, düzgün olmayan şəxsə qarşı yönəlmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, onun və uşaqlarının mübahisəli evə dair istifadə hüquqları olmadığından o və uşaqları həmin evə köçürülə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş və ona görə də həmin şəxsin Cavabdeh və üçüncü şəxs X23 qarşı onun və uşaqlarının ünvan 1 ünvanda yerləşməklə mərhum X7 valideynlərindən miras qalmış yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsinə və onların həmin yaşayış evinə köçürülmələrinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı, Cavabdeh və üçüncü şəxs X23 qarşı yaşayış evindən istifadə hüquqlarının bərpa edilməsinə və yaşayış evinə köçürülmələrinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №e-2(029)-543/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-543/2022
22.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver