Məhkəmə qərarları › İş №e-2(029)-919/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-919/2025

22.10.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-919/2025 22.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü, Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış X1 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı-Qroznı reysində vəfat etmiş sərnişinlər X8 və X9 ögey qardaşıdır. xx.xx.1978-ci il təvəllüdlü X3 onların anasıdır. Anaları 2015-ci ildə Suriya Ərəb Respublikasına orada gedən döyüşlərdə iştirak üçün getmiş və bir daha geri qayıtmamışdır. Qeyd edir ki, bacı və qardaşının ölümü ilə bağlı yerli və beynəlxalq sığorta ödənişlərinin həyata keçirilməsi üçün onların vərəsəlik işləri açılmalı və şəhadətnamələr verilməlidir. Bu səbəbdən anasının ölmüş elan edilməsi üçün ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(029)- 248/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə anası X3 ölmüş elan edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Həmin şöbə tərəfindən ölüm haqqında akt qeydləri kitabında 06 avqust 2025-ci il tarixdə 348 nömrə ilə qeydiyyat aparılaraq müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. Daha sonra qardaş və bacısının vərəsəlik işlərinin açılması üçün Qusar Rayon Notariat Ofisinə müraciət etmiş və bu zaman X4 adlı anabir qardaşının da ölüm qeydi olmadığı ona bildirilmişdir. Halbuki, həmin qardaşı da anası ilə birlikdə xx.xx.2015-ci il tarixdə ölkəni tərk etmiş və bir daha geri qayıtmamışdır. Bu isə o deməkdir ki, Şixaybat adlı qardaşı artıq 10 ildən uzun müddətdir ki, ölkədə yoxdur, onunla bağlı bu müddətdə dövlət qeydlərində hər hansı hərəkət aparılmamışdır. Qusar Rayon Notariat Ofisində bacı və qardaşının vərəsəlik işlərinin açılaraq şəhadətnamənin verilməsi üçün qardaşı X1 da ölmüş elan edilməsi zəruridir. Yerli və beynəlxalq sığorta ödənişlərinin həyata keçirilməsi üçün vərəsəlik haqqında şəhadətnamə tələb olunur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi qismində izahat verən onun vəkili Nümayəndə ərizəni müdafiə etmiş və təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iş yükünün çox olması səbəbindən nümayəndənin məhkəməyə gələ bilməməsi nəzərə alınaraq işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2025-ci il tarixli 270 saylı Arayışdan görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuş, atası X17, anası X5r. İşdə olan İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2025-ci il tarixli 269 saylı Arayışdan görünür ki, X4 xx.xx.2004-cü ildə anadan olmuş, anası X5r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01 mart 2025-ci il tarixli 268 saylı Arayışdan görünür ki, X13 xx.xx.2002-ci ildə anadan olmuş, anası X6r. İşdə olan AZ-İİ 054281 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə avia qəza nəticəsində ölmüşdür. İşdə olan AZ-İ 186106 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə avia qəza nəticəsində ölmüşdür. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)-248/2025 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü, Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X7 ölmüş elan edilmişdir. İşdə olan Qusar rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli 525xid-25 saylı məktubundan görünür ki, həmin prokurorluqda xx.xx.2004-cü il tarixdə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş X4 barəsində heç bir təqsirləndirici material olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.2004-cü il təvəllüdlü X2 adlı şəxs barəsində məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13- 93/2-13690/2025 saylı məktubdan görünür ki, X4 barəsində Qusar rayon Polis Şöbəsində hər hansı təqsirləndirici material və axtarışda olması barədə məlumat qeydə alınmamışdır. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli 5/3/4295 saylı məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-38-33/2-3299/25 saylı məktubdan görünür ki, xx.xx.2004cü il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən onun xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasını tərk etməsi qeydə alınmış, qayıtması barədə məlumat isə mövcud deyil. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şəxsin anası X7 da həmin şəxslə eyni vaxtda, yəni xx.xx.2015-ci il tarixdə ölkəni tərk etməklə Suriyaya gedib geri qayıtmamış və Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(029)- 248/2025 saylı qətnaməsi ilə Zülfiyyə Əlimirzəyeva ölmüş elan edilmişdir. Bununla da, Ərizəçi qardaşı, xx.xx.2004-cü il təvəllüdlü X1 5 (beş) ildən artıq müddətdir ki, yaşadığı ünvanda olmaması, harada olması barədə məlumatların mövcud olmaması yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunur. Odur ki, ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar həmin şəxsin ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-ci il təvəllüdlü, Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış X4 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü, Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış X4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X1 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar