Məhkəmə qərarları › İş №e-2(031)-363/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-363/2024

20.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-363/2024 20.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 2.1103 ha torpaq sahəsinin qanunsuz hasarlamaqla zəbt olunmuş hissəsində çəpərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qanunsuz istifadədən geri alınaraq iddiaçıya qaytarılması və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə Şabran rayonunun Şahnəzərli kəndi ərazisində onun şəxsi mülkiyyətində kənd təsərrüfatı təyinatlı 2.1103 ha torpaq sahəsi vardır. Mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Xeyli müddətdir ki, Quba rayon sakini X6 ona məxsus torpaq sahəsinin bir hissəsini (təxminən 30 sot civarında) hasarlayaraq zəbt etmişdir. Onunla apardığı profilaktik söhbətlər heç bir səmərə verməmişdir. Tərəfindən ƏMDX-i DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaşmaz Ərazi İdarəsinin mütəxəssislərini xidmət haqları ödəməklə dəvət edərək, cavabdeh X4 iştirakı ilə ölçmə aparılmış və torpaq sahəsinin zəbt olunması təsdiqini tapdığı üçün öna sahəni boşaltmaq tövsiyə olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh daha bir qanunsuz hərəkət edərək zəbt etdiyi, ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq, təxminən 180 kv.metr hissədə dərin su quyusu qazdırmışdır. Tərəfindən bu məqsədlə Şabran rayon polis şöbəsinə şikayət ərizəsi verilmişdir. Şikayəti əsasında Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı X3 xx.xx.2024-cü il tarixində cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmiş, tələbim mülki xarakter daşıdığından müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan əvvəl Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şabran X12 Mərkəzinin müfəttişi X5 hesabat hazırlamaq üçün torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin sənədlərdə göstəriləndən az olduğunu müəyyən etmiş və məsuliyyətə cəlb olunmamağına görə uyğunsuzluğu tezliklə aradan qaldırmağı ondan tələb etmişdir. Digər tərəfdən aqrar sahədə təsərrüfatını genişləndirmək məqsədilə kredit təşkilatlarına müraciət etdikdə, onlar da onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin zəbt altında olduğunu əsas gətirərək kredit ayrılmasından imtina etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 01 fevral 2024-cü il tarixli “cinayət təqibinin başlanmasının rədd olunması haqqında" qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Şabran rayonu Şahnəzərli kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 2.1103 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-21-3- 34/2-8926/2024 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan reyestr nömrəsi **********47 olan 2,1103 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-qərb hissəsindən 0,4091 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-21-3-34/2-8926/2024 saylı mütəxəssis rəyi ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan reyestr nömrəsi **********47 olan 2,1103 hektar kənd təvərrüfatı təyinatlı torpaq sahəsinin şimal-qərb hissəsindən 0,4091 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya məhsus torpaq sahəsinin 0,4091 ha hissəsi cavabdehin faktiki istifadəsindədir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus 2,1103 ha torpaq sahəsinin şimal-qərb hissəsindən zəbt olunmuş 0,4091 ha hissəsində Cavabdeh tərəfindən çəkilmiş çəpər Cavabdeh hesabına sökülməli, zəbt olunmuş torpaq sahəsi qanunsuz istifadədən geri alınaraq İddiaçı qaytarılmalı və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus 2,1103 ha torpaq sahəsinin şimal-qərb hissəsindən zəbt olunmuş 0,4091 ha hissəsində çəkilmiş çəpər Cavabdeh hesabına sökülsün, zəbt olunmuş torpaq sahəsi qanunsuz istifadədən geri alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar