Məhkəmə qərarları › İş №e-2(031)-525/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-525/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-525/2025 28.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı Qələndərov Vüqar Rəsul oğlunun nümayəndəsi və vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun və cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun iştirakları ilə, İddiaçı Qələndərov Vüqar Rəsul oğlunun cavabdehlər Aloyeva Fəridə Binnət qızı və Məmmədov Nəriman Dadaş oğluna qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qələndərov Vüqar Rəsul oğlu 29.04.2025-ci il tarixdə məhkəməyə cavabdehlər Aloyeva Fəridə Binnət qızı və Məmmədov Nəriman Dadaş oğluna qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışlara əsasən, cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25.07.2017-ci il və 12.01.2022-ci il tarixində tarixlərində iddiaçı Qələndərov Vüqar Rəsul oğlu ilə cavabdeh Məmmədov Nəriman Dadaş oğlu arasında şifahi şəkildə tapşırıq müqavilələri bağlanmışdır. Belə ki, iddiaçı Qələndərov Vüqar Rəsul oğlu Şabran şəhərində bir neçə əmlak əldə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində idi. Bu səbəblə, ilk öncə 25.07.2017-ci il tarixdə cavabdeh Məmmədov Nəriman Dadaş oğlu ilə aralarında şifahi şəkildə tapşırıq müqaviləsi bağlayaraq razılaşmışlar ki, cavabdeh Məmmədov Nəriman Dadaş oğlu Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi ev 31 ünvanında yerləşən torpaq sahəsini tamamilə iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun vəsaitləri hesabına əldə etməli, öz adına rəsmiləşdirməli, müəyyən müddət öz adında qaldıqdan sonra yenidən əmlakları iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun adına rəsmiləşdirməklə iddiaçı Qələndərov Vüqar Rəsul oğluna geri qaytarmalı idi. Həmçinin 12.01.2022-ci il tarixində də cavabdeh Məmmədov Nəriman Dadaş oğlu eyni şəkildə Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsini əldə edib, öz adına qeydiyyata aldırdıqdan bir müddət sonra iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun adına keçirəcəkdi. Beləliklə, razılaşma nəticəsində, iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun tapşırığına əsasən, cavabdeh Məmmədov Nəriman Dadaş oğlu 30.08.2017-ci il tarixdə Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 hektar olan daşınmaz əşyanı almışdır (cavabdeh Məmmədov Nəriman Dadaş oğluna məxsus sözügedən daşınmaz əşyaya mülkiyyət hüququnu təsdiq edən 304013045664 reyestr nömrəli, 2820020541 qeydiyyat nömrəli çıxarış mövcuddur). Bununla yanaşı, 28.01.2022-ci il tarixində Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan daşınmaz əşyanı alınmışdır (cavabdeh Məmmədov Nəriman Dadaş oğluna məxsus sözügedən daşınmaz əşyaya mülkiyyət hüququnu təsdiq edən 304013045678-10301 reyestr nömrəli, 2822003462 qeydiyyat nömrəli və 304013043921 reyestr nömrəli, 2822025147 qeydiyyat nömrəli çıxarışlar mövcuddur). Göründüyü kimi tərəflər arasında olan bu faktiki müqavilə münasibətinə görə, cavabdeh Məmmədov Nəriman Dadaş oğlu sözügedən daşınmaz əmlakları iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun vəsaitləri hesabına öz adına almaq, onlar üzərində market təyinatlı tikililər inşa edildikdən sonra da onların hamısını yenidən iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun adıma keçirmək tapşırığın icrası ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Bütün bunlar isə, iddiaçı Qələndərov Vüqar Rəsul oğlu ilə cavabdeh Məmmədov Nəriman Dadaş oğlu arasında şifahi şəkildə tapşırıq müqaviləsi münasibətinin olduğunu deməyə tam hüquqi əsas verir. Ancaq alınan torpaqlar üzərində market təyinatlı tikililər inşa edilib tamamlandıqdan sonra cavabdeh Məmmədov Nəriman Dadaş oğlu aralarındakı şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsinə görə götürmüş olduğu öhdəliyi icra etməyərək iddiaçı Qələndərov Vüqar Rəsul oğlunin hesabına əldə edilmiş olan daşınmaz əmlakları ona verməkdən imtina etmişdir. Beləliklə, cavabdeh Məmmədov Nəriman Dadaş oğlu müqavilə üzrə iddiaçının bu tələblərinə məhəl qoymadan daşınmaz əmlakları onun adına keçirməkdən boyun qaçırmış, bugünkü günədək hələ də öhdəliklərini icra etməmişdir. Bununla da, iddiaçı Qələndərov Vüqar Rəsul oğlu ilə cavabdeh Məmmədov Nəriman Dadaş oğlu arasındakı bu müqavilə münasibətindən irəli gələn tapşırıq işlərinin bir qismini, yəni daşınmaz əmlakları cavabdeh Məmmədov Nəriman Dadaş oğlu tərəfindən öz adına sənədləşdirməklə bağlı olan işləri icra etmiş, lakin sonradan sözügedən daşınmaz əmlakları iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun adına keçirilməsi ilə bağlı öhdəliklər icra edilməmişdir. Cavabdeh Məmmədov Nəriman Dadaş oğlu əslində mübahisəli əmlakların heç birini əldə etmək niyyətində olmamışdır. Həmin əmlakların əldə edilməsi ilə bağlı bütün hərəkətləri sırf iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun tapşırıq müqaviləsinə əsaslanan göstərişləri və maddi təminatı hesabına həyata keçirmişdir. Təsadüfi deyildir ki, alqı-satqıdan sonra mübahisəli torpaq sahələri üzərində market təyinatlı tikililər də tamamilə iddiaçı Qələndərov Vüqar Rəsul oğlu tərəfimdən aparılmış və market fəaliyyətinin həyata keçirmək üçün bütün sənədləşmə işlərinin hamısı da tamamilə iddiaçı Qələndərov Vüqar Rəsul oğlu tərəfindən və iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun hesabına həyata keçirilmişdir. Bunu tikinti-təmir və sənədləşmə işləri ilə bağlı qurulan münasibətin bütün iştirakçıları da bilir. Cavabdeh 15.02.1949-cu il təvəllüdlü Məmmədov Nəriman Dadaş oğlu 76 (yetmiş altı) yaşı var və indiyədək market fəaliyyəti ilə məşğul olmamışdır. Halbuki iddiaçı Qələndərov Vüqar Rəsul oğlu 05 (beş) market işlədir və həmin marketlərin hamısı da şimal rayonları zonasında yerləşir. Elə təkcə bu faktın özü də sözügedən torpaqların iddiaçı Qələndərov Vüqar Rəsul oğlu üçün alındığını göstərir. Bunun məntiqi nəticəsi olaraq da Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və M.Ə. Rəsulzadə küçəsi ev 31 ünvanlarında yerləşən əmlaklar iddiaçı Qələndərov Vüqar Rəsul oğluna məxsus olduğu üçün həmin ünvanda ticarət obyektlərinin tikintisi, təmir işlərinin aparılması, bununla bağlı müqavilələrin bağlanması və ödənişlərin, dövlət idarə və təşkilatlarında lazımi sənədləşdirmə işləri tamamilə iddiaçı Qələndərov Vüqar Rəsul oğlu və ya tapşırdığı şəxslər vasitəsilə həyata keçirilmişdir. Qeyd olunan bu halları təsdiq edəcək kifayət qədər şəxslər də mövcuddur. Cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun aralarındakı tapşırıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınması nəticəsində iddiaçı Qələndərov Vüqar Rəsul oğluna maddi zərər vurmaqla yanaşı, mülkiyyət hüquqları da məhdudlaşdırmaqdadır. Çünki əslində iddiaçı Qələndərov Vüqar Rəsul oğluna məxsus olan əmlaklara dair mülkiyyət hüquqları onun yox, cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun adına qeydiyyata alındığı üçün iddiaçı Qələndərov Vüqar Rəsul oğlu mülkiyyət hüquqlarından irəli gələn heç bir səlahiyyəti həyata keçirə bilmir. Sözügedən mübahisə birbaşa olaraq iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Cavabdeh Məmmədov Nəriman Dadaş oğlu həmin əmlakları iddiaçı Qələndərov Vüqar Rəsul oğluna qaytarmayaraq faktiki olaraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən sözügedən mübahisəyə daşınmaz əmlakların olduğu yer üzrə, yəni Şabran Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı Qələndərov Vüqar Rəsul oğlu bu halları nəzərə alaraq, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışlara əsasən, cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun nümayəndəsi və vəkili Xudatlı Orxan Vəlyəddin oğlu iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun cavabdehlər Aloyeva Fəridə Binnət qızı və Məmmədov Nəriman Dadaş oğluna qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi və Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışlara əsasən, cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Məmmədov Nəriman Dadaş oğlu məhkəmə iclasında iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun ona və cavabdeh Aloyeva Fəridə Binnət qızına qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddianın əsassız, iddia ərizəsində göstərilən halların isə həqiqətə uyğun olmadığını, mübahisələndirilən torpaq sahələrinin 15 (on beş) sot hissəsini öz vəsaiti hesabına aldığını, bununla yanaşı aldığı ərazidə həyata keçirilən tikinti işləri ilə bağlı da 250000 (iki yüz əlli min) manat pul vəsaitini iddiaçı Qələndərov Vüqar Rəsul oğluna verdiyini, iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun isə bunun müqabilində tikinti işlərinə rəhbərlik etəməyi öz öhdəsinə götürdüyünü, habelə Qələndərov Vüqar Rəsul oğlunun da öz vəsaiti hesabına onun oğlunun köməkliyi ilə 05 (beş) sot torpaq sahəsi aldığını bildirərək, hazırki iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Aloyeva Fəridə Binnət qızına hazırki iş üzrə məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh Aloyeva Fəridə Binnət qızı məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Aloyeva Fəridə Binnət qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə hazırki iş üzrə məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4 və 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun cavabdehlər Aloyeva Fəridə Binnət qızı və Məmmədov Nəriman Dadaş oğluna qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AN – I seriyalı, 1017907 saylı, 28.01.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Qurbanov Kənan Cavanşir oğlu, Qurbanov Bəsti Əmrah qızı, Abbasova Züleyxa Cavanşir qızı və Qurbanov Cavanşir Yasəf oğlu alıcı Məmmədov Nəriman Dadaş oğluna Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 77.5 kvadrat metr olan fərdi yaşayış evi və 0,05 hektar torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissələri mülkiyyətinə vermişlər, alıcı Məmmədov Nəriman Dadaş oğlu isə bunun müqabilində satıcılar Qurbanov Kənan Cavanşir oğlu, Qurbanov Bəsti Əmrah qızı, Abbasova Züleyxa Cavanşir qızı və Qurbanov Cavanşir Yasəf oğluna 80000 (səksən min) manat məbləğində pul vəsaiti ödəmişdir. - 1788501712 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Qələndərov Vüqar Rəsul oğlu tərəfindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən 77.50 kvadratmetr sahəli fərdi yaşayış evi və 0,05 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - 304013045678-10301) Məmmədov Nəriman Dadaş oğlunun tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – 2822003462; qeydiyyat tarixi – 21.02.2022-ci il). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 31 ünvanında yerləşən 0.1407 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - 304013045664) Məmmədov Nəriman Dadaş oğlunun tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – 2820020541; qeydiyyat tarixi – 26.08.2020-ci il). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhərində yerləşən 0.0066 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - 304013043921) Məmmədov Nəriman Dadaş oğlunun tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – 2822025147; qeydiyyat tarixi – 29.08.2022-ci il). - AN-I seriyalı, 0645104 nömrəli, 30.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Rəsulov Zahir Möhyəddin oğlu alıcı Məmmədov Nəriman Dadaş oğluna Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən 156.4 kvadrat metr sahəsi olan fərdi yaşayış evini, satıcılar Rəsulov Zahir Möhyəddin oğlu, Mahmudova Həqiqət Zahir qızı və Rəsulov Tahir Zahir oğlu isə alıcı Məmmədov Nəriman Dadaş oğluna Şabran şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən 0,09 hektar torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissələri mülkiyyətinə vermişlər, alıcı Məmmədov Nəriman Dadaş oğlu isə bunun müqabilində satıcılar Rəsulov Zahir Möhyəddin oğlu, Mahmudova Həqiqət Zahir qızı və Rəsulov Tahir Zahir oğluna ümumilikdə 46000 (qırx altı min) manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə əvvəlcə onu qeyd etməyi vacib hesab edir ki, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq işin halları hərtərəfli və obyektiv olaraq araşdırılmalı və təsbit olunan faktlara düzgün hüquqi qiymət verilməlidir. Çünki işin halları ilə bağlı fakt və sübutlara düzgün hüquqi qiymət verilmədiyi təqdirdə maddi hüquq normalarının düzgün tətbiq olunması da demək olar ki, mümkünsüz olur. Bu isə, öz növbəsində pozulan mülki hüquqların bərpasının mümkünsüzləşməsi deməkdir ki, bunun da Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin məqsəd və təyinatına zidd bir nəticə oduğundan qəbuledilməzdir. Burada xüsusi olaraq nəzərə alınması və vurğulanması lazım gələn məsələ odur ki, “işin hallarının hərtərəfli və obyektiv araşdırılması” ifadəsi ilə məhz mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən bütün halların ağlabatanlıq nöqteyi-nəzərindən təhlil edilərək onlar arasında məntiqi əlaqəni qurmaqla həqiqətin müəyyən edilməsi məqsədi güdülür. Çünki bu şəkildə işin halları hərtərəfli və düzgün araşdırılmadığı təqdirdə mübahisənin həlli baxımından maddi hüquq normaları səhv tətbiq edilər ki, bu da məhkəmə qərarının maddi və prosessual qanunvericiliyə və hüquqa zidd olması nəticəsinə səbəb olar. Buna görə də aşağıda mövcud hüquqi mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edən işin halları ilə bağlı hər bir faktı təhlili qaydada nəzərdən keçirmək vacibdir. Mübahisəli torpaq sahəsinin sırf market fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə alındığı və həmin torpaq sahəsi üzərində aparılan tikililərin də sırf market təyinatlı inşa edilən tikililər olması işin mübahisəsiz halıdır. Yəni tərəflər arasında bu barədə hər hansı mübahisə yoxdur. Mübahisəli hal sözügedən torpaq sahəsi və tikilələrin kimin üçün edildiyi ilə bağlıdır. Məhəkəmə araşdırıması zamanı müəyyən olundu ki, iddiaçı Qələndərov Vüqar Rəsul oğlu market açıb işlətməyi özünə peşə həyatı olaraq seçmişdir. Sumqayıtda və Qubada kifayət qədər iri marketləri var və bunu cavabdeh də qəbul edir. Məhkəmə hazırkı mülki iddia icraatının predmeti olan Şabran rayonu ərazisində yerləşən mübahisəli torpaq sahəsi üzərindəki tikililərin aparılması ilə bağlı fəaliyyətlərdə cavabdeh Nəriman Məmmədovun iştirak etmədiyi qənaətindədir. Belə ki, həm cavabdeh Nəriman Məmmədov market tikintisi ilə bağlı podrat, alğı-satqı və tikililər üçün texniki şərtlərin alınması ilə bağlı fəaliyyətləri kimlərlə müqavilə bağlayaraq etdiyinə dair heç bir izahat vermədiyi kimi, tikilələr ilə bağlı məsələlər ilə Vüqarın məşğul olduğunu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin üzrə 20.05.2025-ci il tarixdə 1(124)-321/2025 saylı cinayət işi üzrə iclasında etiraf etmişdir. Bu ifadə həmin cinayət işi üzrə təqsirləndirilən şəxs olaraq Elçin Nəsirovun ifadələri ilə uyğunluq təşkil edir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-321/2025 saylı cinayət işi üzrə 20.05.2025-ci il tarixdə, saat 16:00-a keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, Vüqar Qələndərov kimi əsasən Sumqayıt və şimal regionunda market fəaliyyəti ilə məşğul olan İdris Quliyev hazırkı mübahisəli sahəni Yasin Hümbətəliyev adlı şəxsin adından əldə etmək istəmiş və bu məqsədlə sözügedən cinayət işi üzrə təqsirləndirilən Elçin Nəsirova 120000 (yüz iyirmi min) manat beh olaraq pul vermişdir. Elçin Nəsirov sözügedən 120000 manatı görünüşə görə Nəriman Məmmədovun etibarnamə üzrə nümayəndəsi (təmsilçisi) kimi almışdır. Həmin cinayət işinin protokolundan görünür ki, təqsirləndirilən Elçin Nəsirov öz ifadəsində açıqca bildirir ki, “Məmmədov Nərimanın həmin yerdə vəzifəsi ancaq imza çəkmək idi, onun demək olar ki, bu işlərlə heç bir əlaqəsi yox idi”. Həmin cinayət işi üzrə məhkəmə iclas protokolunda Məmmədov Nəriman öz ifadəsində notariat qaydasında etibarnaməni imzalaması faktı ilə bağlı eyni ilə belə deyib: “sadəcə olaraq mənə sənədi gətirib qarşıma qoyublar və mən də onu oxumadan imzalamışam”. Bu ifadə onu göstərir ki, mübahisəli əmlak ilə bağlı işləri Nəriman Məmmədov özünə aid işlər deyil, başqasına aid hesab etmiş və bu işlər dəfələrlə təkrarlandığı üçün artıq Nəriman Məmmədov başqasına aid bu növ işlərəin görülməsinə vərdiş edibmiş. Çünki, “sənədi gətirib qarşıma qoyublar” ifadəsi işə sahib çıxan, ona yiyəlik edən şəxsin deyil, ötəkinə, başqasına aid işləri formal olaraq görən bir şəxsin psixologiyasını əks etdirir. Buna bir də “mən də oxumadan onu imzalamışam” ifadəsini əlavə etdikdə məhkəmənin Şabrandakı əmlakla bağlı işləri Nərimanın özünə aid işlər hesab etmədiyi qənaəti daha möhkəm hala gəlir. Bu səbəblə də həmin sözügedən cinayət işi üzrə təqsirləndirilən Elçin Nəsirovun “Məmmədov Nərimanın həmin yerdə vəzifəsi ancaq imza çəkmək idi, onun demək olar ki, bu işlərlə heç bir əlaqəsi yox idi” ifadəsini məhkəmə işin halları baxımından əsaslı sübut hesab edir. Bu baxımdan heç təsadüfi deyildir ki, hazırki mülki iddia icraatı üzrə cavabdeh Məmmədov Nəriman həmin cinayət işi ilə bağlı məhkəmə iclasında “sonuncu dəfə hansı iş üçün və nə vaxt etibarnamə verdiyini xatırlamadığını” bildirmişdir. Həmin cinayət işinin iclas protokolundan görünür ki, Nəriman Məmmədov həm “Xeyr, Elçin Nəsirov orda öz vəsaiti hesabına heç bir iş görməmişdir”, deyir, həm də “Qeyd olunan obyektin yanında 5 sot torpaq sahəsi var idi. Onu elçin Nəsirov almışdır, sonradan isə mənim adıma keçirmişdir”. Davamında isə hazırkı mübahisəli torpaq sahəsi üzərindəki tikilələr baxımından Nəriman Məmmədov etiraf edir ki, “obyektin tikintisinə nə qədər xərc çıxdığını bilmir” və “obyektə alınan texniki şərtin pulunu o verməyib. Texniki şərt məsələsinin həllini Elçin Nəsirov Vüqar Qələndərovla birlikdə ediblər”. Ancaq dərhal da bildirmişdir ki, “Xeyir, Nəsirov Elçin əmlakımıza şərik”. Bütün bunlara təqsirləndirilən şəxs Elçin Nəsirovun mübahisəli torpaq sahəsi və üzərindəki tikililər ilə bağlı hesab məsələlərini Vüqar Qələndərovla etdiyini, Nəriman Məmmədovun bunlardan xəbəri olmadığı əlavə etdikdə iddia tələbinin işin halları ilə üst-üst düşdüyünü, cavabdehin etirazının isə bunun əksinə, işin hallarına uyğun gəlmədiyi nəticəsi yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin I bədinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin II bədinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 13-cü maddəsinin III bədinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin I bədinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin II bədinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin III bədinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddəsinin IV bədinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə əsasən cəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər (779.2.1); vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri (779.2.2). 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2-ci maddəsinə əsasən vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 782.3-cü maddəsinə əsasən əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. 782.4-cü maddəsinə əsasən vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 786.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir. 786.3-cü maddəsinə əsasən əgər tapşırıq müqaviləsinin qüvvəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 786.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsində və ya vəkalət verənin təqsiri olmadan müqavilənin vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin və ya onun nümayəndəsinin tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirməyə qadir olmasınadək bu münasibətlərin davam etməsi qayğısına qalmalıdırlar. 786.4-cü maddəsinə əsasən tapşırıq müqaviləsinə xitam verilməsi vəkalət alana məlum olanadək onun həyata keçirdiyi əqdlərdən vəkalət verən və ya onun vərəsəsi üçün tapşırıq müqaviləsinə xitam verilmədiyi halda əmələ gələ bilən öhdəliklər əmələ gəlir. 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. 786.6-cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tapşırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, kosensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29.06.2004-cü il tarixli, 713-IIQ nömrəli Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18.03.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və əlaqəli hüquqi normaları hərtərəfli araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi münasibətləri formalaşmış, cavabdeh Məmmədov Nəriman Dadaş oğlu iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun göstərişi və vəsaiti hesabına mübahisəli daşınmaz əmlakları müvəqqəti olaraq öz adına rəsmiləşdirmiş, lakin həmin əmlakları iddiaçının adına keçirmək barədə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Hüquqi mahiyyətə görə, cavabdeh bu münasibətlər çərçivəsində yalnız tapşırıq əsasında fəaliyyət göstərən şəxs (vəkalət alan) kimi çıxış etmiş, əmlak üzərində mülkiyyət hüququnun iqtisadi və hüquqi reallığı iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəllənin 2.2, 14.1, 14.2.1 və 782-ci maddələrinə əsasən, şəxsin əmlak üzərində faktiki mülkiyyət hüququ dövlət tərəfindən müdafiə edilməli, bu hüquq formal hüquqi qeydiyyatla deyil, əmlakın əldə olunması və istifadəsinə dair real iradə və maddi töhfə ilə müəyyən edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının maddi və təşkilati təşəbbüsü olmadan sözügedən əmlakların əldə olunması və istifadəsi mümkün olmayıb, cavabdehin qeydiyyatda göstərilməsi isə formal xarakter daşıyıb. Bu səbəbdən də iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun cavabdehlər Aloyeva Fəridə Binnət qızı və Məmmədov Nəriman Dadaş oğluna qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışlara əsasən, cavabdeh Məmmədov Nəriman Dadaş oğlunun adına daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyat ləğv edilsin və həmin 2822025147, 2820020541, 2822003462 qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar və onlar üzərindəki tikililərə iddiaçı Qələndərov Vüqar Rəsul oğlunun mülkiyyət hüququ tanınsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar