Məhkəmə qərarları › İş №e-2(031)-576/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-576/2024

17.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-576/2024 17.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6308 manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 34 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli X6 əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli X6 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 69x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Mağaza administratoru vəzifəsində işlədiyi müddət ərzində cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 378 saylı Əmrindən göründüyü kimi, “Oba – Siyəzən 4” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvilalan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya yoxlaması nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 7247,4 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda sonadək iştirak etmiş, sayılan miqdarlar yoxlanılmış, komissiya üzvlərindən narazılığı olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, yekun inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə şifahi məlumat verilsə də, habelə rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh yekun Aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktı tərtib edilmişdir. Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2023-cü il tarixli, 132 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsulşəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki normasısatış dövriyyəsinin 0,7 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 6308 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdeh X7 məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Cavabdeh iddiaçı "xxxx" MMC-nin direktoru X4 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 178-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2019-cu il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2019-cu il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2019-cu il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh iddiaçı "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən baş satıcı vəzifəsinə keçməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 135 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsində xx.xx.2020-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən iddiaçı "xxxx" MMC-nin satış departamentinə baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xxxxxxx000202 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2020-ci il tarixdən etibarən baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh iddiaçı "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdən Satış Departamentinin Administrator vəzifəsinə keçməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 128 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən iddiaçı "xxxx" MMC-nin satış departamentinə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin satış departamentinin satış şöbəsinə xx.xx.2021-ci il tarixdən etibarən Administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh iddiaçı "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2023cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 69X saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 24 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 7247,40 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksik gəlmələrə görə ümumi olaraq 6308 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC-nin təbii itki normalarının tətbiqi haqqında xx.xx.2023-cü il tarixli 132 saylı əmrindən görünür ki, “Oba Market" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli invetarizasiya siyahısından görünür ki, Oba -Siyəzən 4 mağazası üzrə maddi-məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər fiziki sayılmaqla yoxlanılaraq yeni təyin olunmuş maddi –məsul şəxs X3 təhvil verilmişdir. Akt tərtib edilərkən maddi-məsul şəxs Cavabdeh akta imza etməmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli imtina aktından görünür ki, “Oba – Siyəzən 4” mağazasında 22 fevral 2023-cü il tarixdə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə İnventarizasiya prosesində iştirak etsə də İnsan Resuslarına təqdim olunan faktiki yaşayış ünvanına Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. Odur ki, maddi məsul şəxs Cavabdeh iştirakı olmadan, İnventarizasiya aparıb, nəticəsini müvafiq qaydada aktlaşdırmışlar. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan “Oba –Siyəzən 4” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Cavabdeh iddiaçıya 7247,39 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, “Oba – Siyəzən 4” mağazasının müdiri maddi məsul şəxs Cavabdeh iştirakı ilə № 136 tarixli əmri ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşməsini aparmışlar, 7247,40 manat çatışmazlıq müəyyən edilmişdir. Akt tərtib edilib düzgünlüyü imzalarla təsdiq edilmiş, maddi-məsul şəxs Cavabdeh akta imza etməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı təhviltəslim aktlarında və kassa təslim hesabatlarında Cavabdeh imzaları aşkar edilmiş və bu fakt qeyd edilən dövr ərzində məhsulların cavabdehə təhvil verilməsinə dəlalət edir, bu faktın əksinin sübut edilməsi vəzifəsi isə artıq cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 200-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 201-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Həmin Məcəllənin 201-ci maddəsinin 3-cü hissəsinə əsasən əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir).( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. (Azərbaycan Respublikası Plenumunun 17 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı) Beləliklə görünürdüyü kimi, iddiaçı malları müvafiq dövr ərzində cavabdehə təhvil vermiş və kassa təslim hesabatlarından "xxxx" MMC-nin "Oba Siyəzən 4" filialında yaranmış çatışmazlığın ümumi məbləği 7247,40 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə tam maddi məsuliyyət müqaviləsi bağlandığından, iddiaçıya dəyən ziyanın cavabdehdən tam şəkildə tələb edilməsi üçün qanuni əsas mövcud olduğundan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6308 (altı min üç yüz səkkiz) manat məbləğində pul, mediasiya üçün ödənilmiş 60 (altımış) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar