Məhkəmə qərarları › İş №e-2(031)-72/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-72/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-72/2024 19.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə reqress qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə reqress qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli 2380/13 saylı kredit müqaviləsinə əsasən “Zamin” İddiaçı əmək haqqından tutulan 4233 manat 63 qəpik pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 63 manat dövlət rüsumunun “borc alan” Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli 2380/13 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh borc verən "xxxx" ASC-nin Şabran filialından 5000 manat pul vəsaiti götürmüşdür. Ayrılmış kredit vəsaitinin banka qaytarılmasının təminatı kimi onunla kreditor arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Kreditin qaytarılması üçün bank tərəfindən ödəniş cədvəli tərtib olunmuşdur. Borc alan Cavabdeh bir müddət bankdan əldə etdiyi kredit vəsaitinin kiçik bir hissəsini banka qaytardıqdan sonra ödənişləri dayandırmış, nəticədə zaminlik müqaviləsinə əsasən onun bank qarşısında öhdəliyi yaranmışdır. Belə ki, borc verən "xxxx" ASC-nin məhkəməyə müraciəti əsasında Şabran Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixində 2(031)-926/2016 saylı icra vərəqəsi vermişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə məxsus problemli aktivlər müəyyən edilmiş, həmin aktivlər mərhələli şəkildə və müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxardaraq, dövlətə məxsus "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilmişdir. Artıq uzun müddətdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tələbkar "xxxx" QSC-nin BOKT-yə ödənilməsi üçün işlədiyi müəssisəyə göndərdiyi məktub əsasında onun əmək haqqından pul tutularaq mühasibatlığa təqdim olunan hesaba ödənilir. xx.xx.2013-cü il tarixli 2380/13 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh aldığı kreditə görə onun əmək haqqının 50%-i miqdarında tutulmağa davam edən pul vəsaitini geri qaytarmır və kreditor qarşısında onun öhdəliyinin onun tərəfindən icra edilməsi ilə kifayətlənir. Hesab edir ki, xx.xx.2013-cü il tarixli 2380/13 saylı kredit müqaviləsinə əsasən zamin İddiaçı əmək haqqından tutulan 4233 manat 63 qəpik pul vəsaiti və iddia ərizəsinə görə ödənilmiş 63 manat dövlət rüsumu borc alan Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, xx.xx.2013-cü il tarixli 2380/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Şabran filialından 5000 manat pul vəsaiti götürmüşdür. Kredit ödənişlərini edə bilməmişdir. Lakin iddiaçıya kredit borcuna görə təxminən 1900-2000 manat ödəniş etmişdir. Cavabdeh borclu qaldığı məbləği ödəniş qrafiki tərtib olunaraq hissə-hissə ödəməyə etiraz etmir. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh və İddiaçı 4235 manat əsas, 2005 manat faiz, 100 manat dəbbə pulu, cəmi 6340 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 2380/13 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin İddiaçı birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "Azneft" İB (SOCAR) tərəfindən verilmiş sorğu sənədinin icrası haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli № 134596/2016 saylı məktubuna əsasən Şabran Məhkəməsinin 2(031)-926/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi icra olunmuşdur. Şabran Məhkəməsinin 2(031)-926/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən “28 May” Neft və Qazçıxarma İdarəsinin işçisi İddiaçı əmək haqqından "xxxx" QSC-nin BOKT-nın xeyrinə olan əsas borc məbləği 1374.05 manat və 7% icra ödənişi 97.58 manat tutularaq müvafiq hesablara köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Şabran filialı tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 2380/13 saylı kredit müqaviləsi üzrə zamin İddiaçı (FİN: xxxxxxx, CİF: 9583464) xx.xx.2016 - xx.xx.2023-cü il tarixləri aralığında “Azneft” istehsalat Birliyi tərəfindən ödənilən əmək haqqıdan xx.xx.2013-cü il tarixli, 2380/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin olunması üçün bank tərəfindən heç bir tutulma olmamışdır. İş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli məktubdan görünür ki, Şabran rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-926/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh və İddiaçı cəmi 6340 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədi 25 avqust 2016-cı il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra tədbirləri nəticəsində qeyd olunan icra sənədi üzrə borclu İddiaçı əmək haqqından ayrı-ayrı vaxtlarda ümumilikdə 3479 manat tutularaq "xxxx" QSC-nin xeyrinə köçürülmüş və 7%-i icra ödənişi 97,58 manat isə tutularaq Şabran rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi, həmçinin kredit vəsaitinin banka qaytarılmasının təminatı kimi İddiaçı ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Sonradan banka pul ödənilmədiyinə görə qətnamə çıxarılmış, icraya yönəldilmiş və icra mərkələsində iddiaçının əmək haqqına yönəldilərək pul məbləği (3479 manat əsas borc + 97,58 manat icra ödənişi = cəmi 3576,58 manat) tələbin güzəşt edildiyi "xxxx" QSC BOKT-un xeyrinə icra edilmişdir. Beləliklə, müqavilə üzrə zamin olan İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd olunan qanunvericilik normasından da göründüyü kimi bank qarşısında öhdəliyi icra etmiş zamin həmin öhdəlik çərçivəsində ona dəymiş olan ziyanı əsas borcludan tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3576,58 manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 63 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3576 (üç min beş yüz yetmiş altı) manat 58 (əlli səkkiz) qəpik pul vəsaiti tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 63 (altımış üç) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar