Məhkəmə qərarları › İş №e-2(031)-893/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-893/2025

13.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-893/2025 13.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru X1, Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə qarşı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsini mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə qarşı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsini mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 30K nömrəli əmrin ləğv edilərək İddiaçı işə bərpa edilməklə, məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbi tərəfindən ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş rüsumların cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran şəhər Uşaq Musiqi Məktəbində uzun illərdir əmək müqaviləsi əsasında müəllim vəzifəsində çalışıb. Bu təşkilatda müəllim kimi iş stajı 26 il və ondan yuxarıdır. Lakin o, xx.xx.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən imzalanmış fərdi əmrlə işdən azad olunub. İddiaçı həmin əmrin surətini xx.xx.2025-ci il tarixdə əldə edib. İddiaçı rəsmi olaraq poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə mediasiya təklifi təqdim etmiş, təklifi məktəb tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixdə 30K nömrəli əmr verilmişdir. Əmr əsasında İddiaçı icra etdiyi fortepiano müəllimi vəzifəsindən azad edilmişdir. Əmrdə aşağıdakılar qeyd olunur: “Şabran şəhər Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Y.P. Məmmədova qanunvericiliyə uyğun olaraq son haqqhesabının ödənilməsi təmin edilsin. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: Şabran şəhər Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 3 nömrəli protokolu”. İddiaçı işəgötürən müəssisənin 30K nömrəli əmri xx.xx.2025-ci il tarixdə təqdim olunmuş və iddiaçı da buna cavab olaraq mediasiya təklifini işəgötürənə təqdim etmişdir. Mediasiya təklifindən sonra İddiaçı ilkin mediasiya sessiyası üçün mediatora xx.xx.2025-ci il tarixdə ərizə də təqdim edilib. İlkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Mediasiya Arayışı da hazırki iş üzrə iddiaya əlavə edilmişdir. İddiaçı 1999-cu ildən etibarən Şabran şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. Əmək kitabçası da bu günə qədər ona təqdim olunmamış, hazırda da təhsil müəssisəsində saxlanılmaqdadır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə görə attestasiya olunmayan işçilər müəyyən edilmişdir. Qeyd edilməlidir ki, 2018–2023-cü illər ərzində bu norma təkmilləşdirilmiş və nəticədə aşağıdakı məzmunda hüquqi tələblər müəyyən edilmişdir. İddiaçı qənaətinə görə xx.xx.2025-ci il tarixli, 30K nömrəli əmrin Azərbaycan Respublikasının Qanunveriliyinin tələbləri kobud surətdə pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununauyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru X4 məhkəmə iclasında iddia ərizəsi üzrə tələbi qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin nümayəndəsi X7 hazırki iş üzrə iddia ərizəsinin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə qarşı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsini mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb elədiyi “işə bərpa” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru X4 tərəfindən qəbul edilmiş 30K saylı, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, həmin əmrə əsasən Şabran şəhər Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli mediasiya prosesinin tətbiq barədə təklifdən görünür ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə ünvanlanmış 30K saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək işə bərpa edilməsinə dair əmək mübahisəsi ilə bağlı mediasiya prosesində iştirak edilməsi ilə bağlı təklif hazırlanmışdır. - ********* saylı mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə ünvanlanmış 30K saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək işə bərpa edilməsinə dair əmək mübahisəsi ilə bağlı mediasiya prosesində iştirak edilməsi ilə bağlı təklif cavabdehə xx.xx.2025-ci il tarixdə, saat 16:43:08-də göndərilmişdir. - Poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamədən görünür ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinə ünvanlanmış 30K saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək işə bərpa edilməsinə dair əmək mübahisəsi ilə bağlı mediasiya prosesində iştirak edilməsi ilə bağlı təklif cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixə qəbul edilmişdir. - ********** saylı mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iş üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi ilə bağlı 50 (əlli) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iş üzrə mediasiya prosesi ilə bağlı 60 (altmış) manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsi ilə X4 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X4 əsas iş yeri olaraq Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində işə qəbul edilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı həmin müqavilə əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru X4 tərəfindən qəbul edilmiş Şabran şəhər Uşaq Musiqi Məktəbində Attestasiya komissiyasının haqqında 46F saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Şabran şəhər Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəlimlərinin attestasiyası keçirilməsi məqsədi ilə attestasiya komissiyası yaradılmış və həmin komissiyanın tərkibi təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsi ilə X4 arasında bağlanmış əmək müqaviləsinə əsasən o, Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində işə qəbul edilsə də, həmin əmək müqaviləsində işçinin əmək funksiyası hissəsində sözü gedən məktəbin əməkdaşlarının, habelə müəllimlərinin işdən çıxarılması səlahiyyətinin, habelə müvafiq attestasiya komissiyasının yaradılması səlahiyyətinin X2 verildiyi qeyd edilməmiş, habelə X2 belə bir səlahiyyətlərin verilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut (əmr və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinin İ bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 64-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.[108] 64-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 64-cü maddəsinin 3-cü hissəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 66-cı maddəsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddəsinin “Qeyd” – inə əsasən həmin maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin “Qeyd”- inə əsasən həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. 301-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 301-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Azərbaycan Respublikasının “Təhsil haqqında” xx.xx.2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununun: 1.0.6-cı maddəsinə əsasən attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur. 1.0.6-1-ci maddəsinə əsasən sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 14.5.8-ci maddəsinə əsasən təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.) təhsil müəssisələrinin tipləri və növlərinə daxildir. 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli, 1555-VQ nömrəli Qanununun: 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə həmin Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. 32.4.2-ci maddəsinə əsasən həmin Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı həmin Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin Şabran rayon Uşaq Musiqi Məktəbinə Şabran Rayon Məhkəməsinin icraatında olan hazırki e-2(031)-893/2025 saylı mülki işlə bağlı yaranmış zərurət ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin Şabran rayon Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmış İddiaçı ilə bağlı Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş qərarın, attestasiya vərəqəsinin və attestasiya ilə bağlı protokolun, habelə attestasiya zamanı çəkilmiş videogörüntünün (DVD diskdə) Şabran Rayon Məhkəməsinə təqdim edilməsi xahiş olunsa da, müvafiq sənədlər və videogörüntü məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Uşaq musiqi məktəbləri “ümumi təhsil müəssisələri” kateqoriyasına daxil olmadığından onların müəllimləri sertifikatlaşdırmaya deyil, attestasiyaya cəlb edilir və Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi (hazırki iş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin rəhbərliyi) tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsi ilə X4 arasında bağlanmış əmək müqaviləsinə əsasən o, Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində işə qəbul edilsə də, həmin əmək müqaviləsində işçinin əmək funksiyası hissəsində sözü gedən məktəbin əməkdaşlarının, habelə müəllimlərinin işdən çıxarılması səlahiyyətinin, habelə müvafiq attestasiya komissiyasının yaradılması səlahiyyətinin X2 verildiyi qeyd edilmədiyindən, habelə X2 belə bir səlahiyyətlərin verilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut (əmr və s.) məhkəməyə təqdim edilmədiyindən, iddiaçı barədə əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən verilməmiş, digər şəxs tərəfindən əmək müqaviləsinə xitam verilməsi məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur. O, cümlədən müvafiq attestasiya komissiyasının yaradılması və əmək müqaviləsi xitam verilməsi barədə əmrlərin də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin rəhbərliyi tərəfindən yox, X4 tərəfindən qəbul edildiyindən, hazırki iş üzrə iddia tələbi təmin edilməli və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 30K nömrəli əmr ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işə bərpa edilməsi, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilməsi, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 0,40 (qırx qəpik) manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 110,40 (yüz on manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulıaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru X4 tərəfindən qəbul edilmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 30K nömrəli əmr ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işə bərpa edilsin. İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 0,40 (qırx qəpik) manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 110,40 (yüz on manat qırx qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar