Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1158/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 1500 manat, “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, hoteldə qalmağa görə çəkilən xərc olaraq 438 manat, yemək və taksi xidmətləri xərci olaraq 350 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 70 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 150 manat əlavə faiz, 500 manat hüquqi xidmətlərə görə, 135 manat ödənilmiş dövlət rüsumu və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 14439 (on dörd min dörd yüz otuz doqquz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində oğlu X3 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmağında kömək edilməsi məqsədilə Cavabdeh ilə xaricdə təhsil xidməti haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh, iddiaçının oğlu Akifin Ukraynada universitetə qəbul olunması ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Müqavilənin xidmət haqqı 1500 manat məbləğində müəyyən olunmuşdur. Onun tərəfindən həmin 1500 manat cavabdehə ödənilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən ona müvafiq qəbz də verilmişdir. Lakin onun tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Ali təhsil müəssisələrinə qəbul vaxtı bitdikdən sonra artıq oğlunun ali təhsil müəssisəsinə qəbul olunmadığını başa düşmüşdür. Cavabdeh narahat olmamağını və tezliklə bu məsələnin həll olunacağını bildirdi. Bir müddət sonra Cavabdeh sözü əsasında oğlu ilə birlikdə həmin T.Şevçenko adına Kiyev Milli Universitetinə getməli oldu. Artıq həmin universitetə getdikdən sonra ümumiyyətlə həmin universitetdə qəbul olunan tələblər arasında oğlunun adının olmadığını və eyni zamanda Cavabdeh adlı şəxsi tanımadıqlarını bildirdilər. O, artıq aldandığını başa düşdüyü üçün stress və əsəb keçirmişdir. Həmin vaxtdan Ukrayna Respublikasında artıq müharibə başlayırdı. Aldandığını başa düşdüyü üçün güclü stress və əsəb keçirmiş, həmçinin yeni başlayan müharibənin təsiri də özünü göstərirdi. Lakin oğlunun belə şəkildə aldadılması ona mənəvi və psixoloji cəhətdən çox pis təsir göstərmişdi. Cavabdeh bu müqaviləyə görə ondan aldığı 1500 manatdan əlavə ona xeyli miqdarda maddi ziyan da vurmuşdur. Belə ki, oğlu ilə məcbur olub Ukraynaya getmək üçün “COVİD” testi verməli idilər. Həmin testin biri 90 manat idi. Hər biri həm Ukraynaya gedəndə, həm də gələndə “COVİD” testi vermişdirlər. Bu testin birinin qiyməti 90 manat olduğunu nəzərə alsalar 4 dəfə “COVİD” testi vermişlər ki, bunlara da 360 manat məbləğində pul xərclənmişdi. Həmçinin Ukraynaya gedib-gəlməklərinə bilet almaq üçün 936 manat məbləğində pul xərcləmişdir. 4 gün Kiyevdə qalmağa görə 438 manat hotel xərci, 350 manat yemək və taksi xidmətləri xərci olmuşdur. Sənədlərin tərcüməsinə və apostil olunmasına 70 manat məbləğində pul xərclənmişdir. Cavabdeh tərəfindən ona ödənilmiş 1500 manat məbləğində pul 2 il müddətindədir ki, onun tərəfindən əsassız olaraq geri qaytarılmır. Cavabdehin qanunsuz əməlləri nəticəsində o, mənəvi ziyan da çəkmişdir. Belə ki, cavabdeh tərəfindən aldadıldıqlarını və həmçinin oğlunun 1 ildə təhsildən geri düşməsi, bir neçə gün xarici dövlətdə qalmaqları, əlavə məsrəflər çəkməkləri və aldandıqları ona mənəvi cəhətdən çox böyük zərbə vurmuşdur. Ona görə də hesab edir ki, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona vurulmuş həm maddi, həm də mənəvi ziyan tam şəkildə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı ilə aralarında 02 avqust 2021ci il tarixdə “Xaricdə təhsil” xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən sifarişçi İddiaçı 1500 manat məbləğində ödəniş edir, icraçı olaraq isə onun oğlu X3 Ukrayna Respublikasında yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsinə bakalavr səviyyəsi üzrə qəbul sənədini əldə etməli olmuşdur. Müqavilə şərtlərinə əsasən sifarişçi müqavilə imzalandığı gün ödənişlə birlikdə oğlu Akif Hümbətova aid sənədləri (şəxsiyyət vəsiqəsi, attestat və ya transkript) təqdim etməli idi. Müqavilə bağlandıqdan sonra 2021-ci ilin avqust ayı ərzində o, dəfələrlə iddiaçıya müraciət edərək sənədləri təqdim etməsini xahiş etmişdi. Lakin iddiaçı göstərilən müddətdə qeyd edilən sənədləri ona təqdim etmədi. 2021-ci ilin avqust ayının sonunda iddiaçı işlədiyi ofisə gələrək oğlu Akif Hümbətovda “Leykoz” xəstəliyinin aşkar edildiyini və bu səbəbdən işin dayandırılmasını xahiş etdi. Həmin vaxt iddiaçıya təklif etdi ki, müqavilə üzrə ödədiyi xidmət haqqı, yəni 1500 manat məbləğində pulu ona geri qaytara bilər, lakin iddiaçı pulu istəmədiyini və oğlunun xəstəliyi ilə bağlı müalicələrə başladıqlarını bildirdi. 2021-ci ilin sentyabr ayının 15-dən sonra iddiaçı ofisə gələrək lazım olan sənədləri təqdim etdi və bildirdi ki, o, oğlunun Ukrayna Respublikasında yuxarıda adı çəkilən universitetdə qiyabi təhsilə qəbul edilməsini istəyir. İddiaçıya bildirdi ki, universitetlə əlaqə yaratdıqdan sonra ona məlumat verəcək. Təxminən iki həftə sonra iddiaçı ona müraciət edərək oğlunun qəbul edilib-edilməməsini soruşduqda ona bildirmişdir ki, qəbulla bağlı nəticələr hələ elan edilməmişdir. Həmin vaxt iddiaçı öz təşəbbüsü ilə ona bildirdi ki, o, oğlu ilə birlikdə Ukrayna Respublikasına getmək istəyir. İddiaçıya bildirdi ki, qəbulla bağlı məlumatlar elan edildikdən sonra onların getməsi məqsədəuyğun olar. Lakin iddiaçı bildirdi ki, ucuz bilet əldə ediblər və onlar gedəcəklər. Onun sözlərinə məhəl qoymayaraq iddiaçı özünün dediyi kimi oğlu ilə birlikdə Ukrayna Respublikasına getdi. İddiaçı Ukrayna Respublikasına gedib qayıtdıqdan sonra ona müraciət edərək Ukrayna Respublikası müharibə vəziyyətindədir, nə üçün onları ora göndərmişik. İddiaçıya bildirdi ki, onlara tövsiyyə edildi ki, nəticələr elan edildikdən sonra getsinlər. İddiaçı bildirdi ki, onun oğlunun adı T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul edilən tələbələrin siyahısında olmamışdır. İddiaçıya bildirdi ki, T.Şevçenko adına Kiyev Milli Universitetinə tələbə qəbulu dayandırılmışdır və bu səbəbdən iddiaçıya Ukrayna Respublikasında olan digər universitetləri təklif etdi. İddiaçı şifahi olaraq təklifini qəbul etdi. İddiaçının xahişi əsasında onun oğlunun digər universitetə qəbulu ilə bağlı müraciət etmişdir. Lakin bir müddət sonra iddiaçı yenidən müraciət edərək heç bir universitetə qəbulu istəmədiyini və sənədlərin geri qaytarılmasını xahiş etdi. Müqavilə şərtləri (müqavilənin 3.3-cü bəndi) iddiaçı tərəfindən pozulduğuna xidmət haqqı iddiaçıya geri qaytarılmadı. İddiaçı onunla aralarında bağlanmış müqavilənin 2.1-ci maddəsinin “b” bəndini pozduğuna görə müqavilənin icrası mümkün olmamışdır. Yəni məhz iddiaçının təqsiri üzündən müqavllə şərtləri icra edilməmişdir. Məhkəmədən İddiaçı ona qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 21/08/02 nömrəli Xaricə Təhsil Xidmət Müqaviləsindən görünür ki, “İcraçı” Cavabdeh “Sifarişçi” İddiaçı övladı X4 üçün Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə bakalavr səviyyəsində hüquq təhsili üzrə qəbul sənədinin, sənədləşmə işinin aparılması xidmətini göstərməsini öhdəsinə götürmüş, həmin müqavilə əsasında “Sifarişçi” müvafiq sənədlərin, həmçinin xidmət haqqının 1500 manat ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elvin Hümbətov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Cavabdeh ilə müqavilə bağlayaraq onun xaricdə təhsil almasına görə sonuncuya 1500 manat pul ödəməsi ilə bağlı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli, xx/xx/2021 saylı xidmət göstərməsinə dair müqavilə “icraçısı” Cavabdeh VÖEN ********** və sifarişçi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən o icraçı olaraq müvfiq qurumlar vasitəsi ilə “sifarişçi”nin övladı X2 Ukraynada təhsil alnmasını həll edəcəkdir. Proses olunmamasının səbəbi kimi İddiaçı gəlib övladının xəsdə olmasını bildirməsidir. Bu səbəbdən də, müqavilədə qeyd olunan universitet və əyani təhsil üzrə yox Xarkov Milli Aviasiya Akademiyasında qiyabi hüquq təhsili üzrə yerləşdirmə aparılacaqdır. Sirafişçinin lazım olan sənədləri doğum haqqında şəhadətnaməni vaxtında vermədiyi üçün 1-ci dönəm üzrə sentyabr, oktyabr ayı üçün qəbul olunmamışdır. Sifarişçi İddiaçı sənədi gec verməklə müqavilənin 2.1-ci bəndini pozduğunu bildirmişdir. X9 akademiyasına qəbul istəyən sifarişçi tələbləri yerinə yetirməməyi səbəbi Ukraynada baş vermiş müharibə olduğunu qeyd etmişdir. Orada olan işçilər bunkerlərdə olduğu üçün işin gedişi dayandırılmışdır. O, bu proseslərin sonunda sirafişçiyə bildirmişdir ki, növbəti ilin sentyabr ayı üçün qəbul alaq və tələbinin gedişi üçün təyyarə bileti almasın. Lakin sirafişçi İddiaçı ərizəsində qeyd etdiyi “Go Edu”nun şirkət olması onun dekabr ayında Ukraynaya gedib qayıtdıqdan sonra nə bilirsən elə deməsi yalan olduğunu və “Go Edu”nun fərdi sahibkar olması, yəni fiziki şəxs olması Ukraynaya o sənəd vermədən getməməklərini bildirmişdir. Onlar özbaşına getdiyini sonuncu dəfə isə xx.xx.2022-ci ildə onunla telefon danışığı olduğunu zənglərə və smslərə cavab verməməyinin səbəbi isə valideyninin xəstə olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzə əsasən 650 manat xidmət haqqı ödənildiyini bildirmişdir. Müqavilənin 5-ci maddəsinə əsasən mübahisənin həll olunması üçün sifarişçi İddiaçı sənədləri qaytaracağını və müqavilə üzrə olan 1500 manat pulu müqavilənin 3.1-ci bəndinə əsasən aktlaşdıraraq 30 iş günü ərzində sirafişçiyə təhvil verəcəyini bildirmişdir. Razılaşmadığı halda məhkəməyə müraciət etməyini qeyd etmişdir. İş materiallarında olan İddiaçı adına olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən məbləğlərdə nəğdsiz məxariclər olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə “GO EDU” arasında xx.xx.2021-ci il tarixli xaricdə təhsil xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “icraçı” olaraq Cavabdeh müvafiq müəssisələr vasitəsilə “sifarişçi” İddiaçı övladı X2 Ukraynada yerləşən T.Şevçenko adına Kiyev Milli Universitetinə bakalavr səviyəsində hüquq təhsili üzrə qəbul sənədinin, sənədləşmənin aparılması xidmətini göstərilməli idi. Həmin xidmətin həyata keçirilməsi ilə bağlı sifarişçi tərəfində 1500 manat pul ödənilməsi razılaşdırlmışdır. Sifarişçi tərəfindən xidmətin göstərilməsi ilə bağlı 1500 manat ödənilmişdir. Lakin “icraçı” müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Hazırda İddiaçı Cavabdeh əsas borca görə 1500 manat, “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, hoteldə qalmağa görə çəkilən xərc olaraq 438 manat, yemək və taksi xidmətləri xərci olaraq 350 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 70 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 150 manat əlavə faiz, 500 manat hüquqi xidmətlərə görə, 135 manat ödənilmiş dövlət rüsumu və 10000 (on min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 14439 (on dörd min dörd yüz otuz doqquz) manat məbləğində pulun tutularaq ona ödənilməli olduğunu iddia edir. Məhkəmə ilk olaraq Cavabdeh əsas borca görə 1500 manat pulun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli xaricdə təhsil xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq xidmətin həyata keçirilməsi ilə bağlı sifarişçi tərəfindən 1500 manat pul ödənilməsi razılaşdırılmışdır. Sifarişçi tərəfindən xidmətin göstərilməsi ilə bağlı 1500 manat ödənilmişdir. Belə ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarında, həmçinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsində verilmiş izahatında Cavabdeh İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 650 manat xidmət haqqı ödənildiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş olan 1500 manat pul Cavabdeh İddiaçı xeyrinə ödənilməldir. İddia tələbinin iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin icrası ilə bağlı çəkmiş olduğu xərc olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, hoteldə qalmağa görə çəkilən xərc olaraq 438 manat, yemək və taksi xidmətləri xərci olaraq 350 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 70 manat pulun cavabdehdən tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsinin 2-ci bəndinə əsasən “icraçı” “sifarişçi”yə Ukrayında yerləşən Unversitet haqqında məlumat vermək, 1500 manat təmin olunduqdan sonra “sifarişçi” üçün qəbul sənədlərinin alınması prosesini müvafiq müəssisələr vasitəsi ilə həyata keçirmək, qəbul sənədləri alındıqdan sonra universitetə yerləşdirmək üçün lazım olan xidmətləri verməklə bağlı öhdəlik götürmüşdür. Lakin qeyd edilən xidmətlərin “icraçı” hazırkı mülki iş üzrə cavabdeh tərəfindən həyata keçirilmiş olması ilə bağlı “sifarişçi”yə hər hansı bir məlumat verilmədiyindən (məhkəməyə təqdim edilmiş “whats up” yazıları) iddiaçı tərəfindən övladının sənədlərinin universitetə təqdim edilib-edilməməsi, qəbul edilən abituriyentlər sırasında adının olub-olmaması halının aşkar edilməsi, yəni “içraçı” tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetrilib-yetirilməməsinin aydınlaşdırılması məqsədi ilə Ukarayana getdiyi müəyyən edilmişdir. İddiaçı “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, hoteldə qalmağa görə 438 manat, yemək və taksi xidmətlərinə görə 350 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 70 manat xərclərin çəkilmiş olduğunu iddia etsə də, iddiaçının məhkəməyə təqdim etmiş olduğu "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən məbləğlərdə nəğdsiz məxariclər olmuşdur. Həmin məxariclərdən aşkar olunur ki, iddiaçı tərəfindən “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətləri xərci olaraq 311,84 manat, hoteldə qalmağa görə çəkilən xərc olaraq 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat pul xərclənməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dəymiş zərər əvəzi olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətlərinə görə 311,84 manat, hoteldə qalmağa görə 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin pulun qaytarılmasının gecikdirilməsinə görə 150 manat əlavə faizin tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsinin 3.2-ci bəndinə əsasən “icraçı” tərəfindən hər hansı bir səbəbə görə dəvətnaməni (qəbul sənədlərini) ala bilməzsə “sifarişçi”nin ödədiyi bütün məbləği 30 (otuz) iş günü ərzində geri qaytarılır. Cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu etirazında müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulmuş olduğunu bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının məhəkəməyə təqdim etmiş olduğu “whats up” yazıları, həmçinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsində vermiş olduğu izahatında Cavabdeh İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 850 manat və xx.xx.2021-ci il tarixdə HXV № 359913 saylı mədaxil qəbzinə əsasən 650 manat xidmət haqqı ödənildiyini etiraf etmiş, ödənişlərlə bağlı iddiaçı tərəfindən dəfələrlə ona (Cavabdeh) zəng olunduğu, lakin zənglərə və sms-lərə cavab verməmə səbəbi olaraq valideynlərinin xəstə olmasını bildirmişdir. Cavabdeh etirazında müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulması halı kimi 2021-ci ilin avqust ayının sonunda iddiaçının işlədiyi ofisə gələrək oğlu Akif Hümbətovda “Leykoz” xəstəliyinin aşkar edildiyini və bu səbəbdən işin dayandırılmasını xahiş etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş olan “whats up” yazışmalarından iddiaçının cavabdehdən ödəmiş olduğu ödənişi geri qaytarılmasını tələb etdiyi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqavilədə gecikdirilmiş vaxt üçün hər hansı faiz dərəcəsi nəzərədə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə, yəni illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin qeyd edilən faiz məbləği iddiaçının iddia etdiyi iki il üçün deyil, bir il dörd ay nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, işin faktiki hallarından iddiaçı tərəfindən pulun tələb edilməsi ilə bağlı müddət olaraq cavabdeh tərəfindən məhz 28 fevral 2022-ci il tarixdən müraciət olunduğu aşkar edilir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 25 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi 28 fevral 2022-ci il tarixdən 25 iyul 2023-cü il tarixədək olan dövr nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizi olaraq 100 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin hüquqi xidmətə görə 500 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə tutula bilər. Lakin iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı 500 manat ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 10000 manat mənəvi zərərin tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə məhkəməyə mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xaricdə təhsil müqaviləsi üzrə ödənilmiş olan 1500 manat, İddiaçı tərəfindən çəkilmiş xərclər olaraq “COVİD” testinin verilməsinə görə 360 manat, aviabiletlərin alınmasına görə 936 manat, yemək və taksi xidmətlərinə görə 311,84 manat, hoteldə qalmağa görə 438 manat, sənədlərin tərcümə və apostil olunmasına görə 10 manat, pulun qaytarılmasının gecikdirilməsinə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 55 (əlli beş) manat olmaqla, ümumilkdə 3610,84 (üç min altı yüz on manat 84 qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1158/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1158/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver