Məhkəmə qərarları › İş №e-2(032)-1403/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1403/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1403/2024 23.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 (səksən min) manat məbləğində pulun və ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 özünü iddiaçıya X3 tanıtmışdir. İddiaçı həmin şəxslə təxminən 2019-cu ildə "İnstaqram" sosial şəbəkəsində tanış olmuşdur. Bundan sonra həmin şəxs ona öz mobil nömrəsini vermişdir. Danışdıqları zaman ərzində cavabdehlə bir neçə dəfə görüşmüşlər. Ümumiyyətlə cavabdeh iddiaçıya özünü X3 təqdim etmişdir. İddiaçı onu o adla tanımışdır. Cavabeh görüşlərin birində iddiaçıya bildirmişdir ki, onun bank sektorunda işləyən tanışları vardır. Cavabdeh iddiaçıya həmin tanışları vasitəsilə banka depozit olaraq pul qoyduğunu və hər ay həmin pulun 10 faizini aldığını bildirmişdir. Bundan sonra cavabdeh iddiaçıya eyni proseduru onun üçün də edə biləcəyini və ona hər ay həmin pulun 10 faizini iddiaçıya göndərəcəyini bildirmişdir. İddiaçı cavabdehlə razılaşıb. Bundan sonra 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayına kimi iddiaçı Firuzə Əmiraslanovanın adına olan bank kartına ümumilikdə 80000 (səksən min) manat məbləğində pul göndərmişdir. İddiaçı kartda görünən Firuzə Aslanovanın kim olduğunu cavabdehdən soruşduqda cavabdeh həmin şəxsin tanışı olduğunu bildirmişdir. İddiaçının cavabdehin kartına pul göndərməsini sübut edən qəbzlər mövcuddur. Həmçinin iddiaçı ilə cavabdeh arasında olan, cavabdehin iddiaçıdan aldığı pulu qaytaracağı barədə telefon danışqılarının səs yazıları da mövcuddur. Bütün bu sübutlar məhkəmə iclasında təqdim olunacaqdır. Hadisə ilə bağlı Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə müraciət olunmuşdur. İş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehə dəfələrlə aldığı pulu qaytarması barədə müraciət olunsa da cavabdeh hər dəfə müxtəlif bəhanələrə borcunu ödəməkdən yayınmışdır. Cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması üçün pretenziya məktubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab almaq mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM): 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 80000 (səksən min) manat məbləğində pulun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilmədiyindən İddiaçı 80000 (səksən min) manat məbləğində pulun verilməsinə dair istinad etdiyi halı sübut edə bilməmişdir. İş materiallarında olan İddiaçı Yasamal Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixli müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh Yasamal Rayon Polis İdarəsinə verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2019-cu ildə tanış olmuşdur. Həmin vaxtdan hal-hazıradək həmin şəxslə tanışlıq münasibəti olmuşdur.İddiaçıla söhbət əsnasında Zöhrab ona heç bir yerdə işləmədiyi halda necə dolandığını soruşmuşdur. O da Zöhraba bildirmişdir ki, aliment almır yalnız evdən edilən maddi yardım sayəsində ailəsini dolandırır. Bundan sonra İddiaçı ona təklif etdi ki, ona pul versin və o da həmin pulu müxtəlif şəxlərə faziə versin və fazidən əldə edilən gəlirləri aralarında bölsünlər. Bundan sonra 2021 və 2022-ci illər arasında o faizə müxtəlif insanlara pul verməyə başlamışdır. Müxtəlif tanışları ondan faziə pul götürmək üçün pul istəmişdirlər, o da həmin məbləği Zöhrabdan istəmişdir. Zöhraba bildirmişdir ki, sən pulu ona ver həmin pulun 10 faizini o sənə geri ödəyəcəkdir hər ay. Bundan sonra Zöhrabın ona verdiyi məbləğləri də o başqa şəxslərə aylıq 15 faiz olmaqla verirmişdir. Bundan sonra Zöhrab ona məxsus karta ümumilikdə 62 000 manat pul göndərmişdir. Həmin vaxtdan bir müddət sonra onun faziə pul verdiyi şəxslər Şirvan rayonunda yaşayan Xatirə adlı şəxs və digərləri onun pulunu geri qaytarmamışlar. Belə ki o da həmin pulları Zöhrabdan almışdır. Həmin pulları geri qaytara bilmədiyi üçün Zöhrab ondan şikayət etməyə başlamışdır . O, Zöhrabdan pulları alan zaman ona pulları aylıq 10 fazilə aldığını demişdir. O, həmin pulları özü 15 fazilə verib yerdə qalan 5 fazilik məbləğdə gəlir qazanmaq istəmişdir. Lakin sonra Zöhrabın verdiyi 62 000 manat pulu müxtəlif şəxslərə faizə vermişdir. Lakin həmin pulları ala bilməmişdir. MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Məhkəmə qeyd edir ki, MM-in 324.1-324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Qeyd edilməlidir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləcə, MM-də əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.1, 337.4 və 337.5-ci maddələri). Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Bununla bağlı, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləcə, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Yuxarıda sadalanan normalara əsasən belə qənaətə gəlmək olar ki, tərəflər arasında 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayına kimi yaranmış münasibətlər borc müqaviləsindən irəli gələn münasibətlərlə bağlı olmasına baxmayaraq, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu halda aralarındakı münasibət yazılı qaydada rəsmiləşdirilmədiyindən müqavilənin etibarlılıq şərtlərinə cavab vermir. Qanunun tələbinə görə isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında iddiaçıdan 62000 manat məbləğində pul vəsaitini aldığını etiraf etsə də, onlar arasındakı razılaşma etibarlı sayıla bilməz və tərəflər arasındakı hazırkı münasibətlərə borc müqaviləsinə dair qaydalar tətbiq edilə bilməz. Bundan əlavə, cavabdeh Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında iddiaçı ilə pulu müxtəlif şəxslərə sələmə verməklə hər ikisinin qazanacağı barədə razılığıa gəlmələrini və aldığı 62000 manat məbləğində pulu sələmə verməsi nəticəsində 8000 manat məbləğində faizi iddiaçıya verməsini qeyd etsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıdan 62000 manat məbləğində pul almaqla cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilən mülki qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan pul əldə edərək əsassız varlanmışdır. Bu səbəbdən iddia tələbi qismən təmin olunaraq, 62000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir . MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 62000 (altmış iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 330 (üç yüz otuz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinin bir hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdeh 62000 (altmış iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar