Məhkəmə qərarları › İş №e-2(032)-1719/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1719/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1719/2023 25.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1169,20 manat əsas kredit borcu, 12,36 manat faiz olmaqla, cəmi 1181,56 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 32,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2000 (iki min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən X3 xx.xx.2023-cü il tarixinə əsas borcu 1169,20 (min yüz altımış doqquz manat iyirmi qəpik) manat, faiz borcu 12,36 (on iki manat otuz altı qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №146050 saylı öıüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən X3 vəfatından sonra Şirvan şəhər 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır və X3 qanun üzrə vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Borcun ödənilməsi tələbi ilə X3 qanun üzrə vərəsəsi – Cavabdeh dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X5 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdeh, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-X1 qanun üzrə vərəsəsi – Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1181,56 (min yüz səksən bir manat əlli altı qəpik) manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə X5 arasında bağlanmış ******* saylı, xx.xx.2019-cu il kredit müqaviləsinə əsasən İddiaçı ASC X4 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə, 2000 manat məbləğində kredit vermişdir. 146050 saylı Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-cü il tarixdə Şirvan şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 637 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubu və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına Şirvan şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmış və mərhumun həyat yoldaşı – Cavabdeh daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ******* saylı xx.xx.2019-cu il kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 1169,20 manat, faiz borcu 12,36 manat olmaqla, cəmi 1181,56 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən X2nın qanun üzrə vərəsəsi – Cavabdeh Abas oğluna kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit və bank hesabı müqaviləsi bağlanmış və ona illik 23% dərəcəsi ilə 36 ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və həyat yoldaşı – Cavabdeh daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 qanun üzrə vərəsəsi – Cavabdeh həmin müqavilə üzrə banka 1181,56 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1169,20 manat əsas və 12,36 manat faiz olmaqla, cəmi 1181,56 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 31.82 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1169,20 (bir min yüz altımış doqquz manat iyirmi qəpik) manat əsas borc, 12,36 (on iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1181,56 (bir min yüz səksən bir manat əlli altı qəpik) manat borc pul və ödənilmiş 32,22 (otuz iki manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar