Məhkəmə qərarları › İş №e-2(032)-1782/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1782/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1782/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t di : İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1104 manat 23 qəpik pul vəsaitinin və 31 manat 04 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından xx.xx.2023 tarixində kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə Cavabdeh Cəlal qızı banka cəmi 1104 manat 23 qəpik ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 252 manat 68 qəpik mədaxil edilib, 1357 manat isə məxaric edilmişdir. İlkin qalıq da 09 qəpik olduğundan buradan tamaydın olur ki, cavabdeh banka 1104 manat 23 qəpik ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. “Texniki Overdraft” nədir? Bankla razilaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borsudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. MPM-in 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli birbank cashback debet kart müqaviləsinin 2-ci bəndindən müəyyən edilir ki, bank müştərinin ( Cavabdeh) müraciəti əsasında müəyyən edilmiş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi üçün bərpaolunan kreditxətti ayırıb və müvafiq hesab açmışdır. Həmin müqavilənin 3.2-ci bəndindən müəyyən edilir ki, hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, müştərinin kartına 252 manat 68 qəpik mədaxil edilib, 1357 manat isə məxaric edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat 44 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləcə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərinin cavabdeh tərəfindən əldə edildiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən İddiaçı ASC-nin Cavabdeh 1104 manat 23 qəpik məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim etmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1104 (bir min yüz dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçıASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1104 (bir min yüz dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar