Məhkəmə qərarları › İş №e-2(032)-1890/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1890/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1890/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənov Təyyar Böyükkişi oğlunın vərəsəsi Cavabdeh Allahqulu qızından "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********34 saylı Kredit Müqaviləsinə əsasən 6186.38 manat əsas, vəfat etdiyi tarixədək 7.48 manat faiz borcu olmaqla, cəmi 6193.86 (altı min bir yüz doxsan üç tamyüzdə səksən altı) manat borc və ödənilmiş 81.94 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Həsənov Təyyar Böyükkişi oğlu arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BPM**********34 saylı Kredit Müqaviləsinə əsasən ona 26 ay müddətinə 6600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu Həsənov Təyyar Böyükkişi oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Həsənov Təyyar Böyükkişi oğlu arasında bağlanmış xx.xx.2024cü il tarixli BPM**********34 saylı Kredit Müqaviləsinə əsasən 6186.38 manat əsas, vəfat etdiyi tarixədək 7.48 manat faiz borcu olmaqla, cəmi 6193.86 manat borcu yaranmışdır. Şirvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 451985 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Həsənov Təyyar Böyükkişi oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli 2V-70 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Həsənov Təyyar Böyükkişi oğlundan qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədəkənar qaydada həll edilməsi məqsədilə borclu Həsənov Təyyar Böyükkişi oğlunun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını keçirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 18 noyabr 2025-ci il tarixli hazırlıq iclasında Cavabdeh izahatında bildirmişdir ki, özü heç bir yerdə işləmir, təqaüd almır. Həyat yoldaşı Həsənov Təyyar Böyükkişi oğlu qəflətən ürək tutmasından vəfat etmişdir. Onun kredit götürməsindən xəbəri olmamışdır. Mərhumun 40 mərasimi çıxmamış ona bankdan zəng gəlmiş, bundan sonra kredit barədə məlumatı olmuşdur. Hal-hazırda banka olan borcu ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Həsənov Təyyar Böyükkişi oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********34 saylı müqavilənin surətindən görünür ki, sonuncuya bank tərəfindən 26 ay müddətinə illik 19.9 faiz olmaqla 6600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Həsənov Təyyar Böyükkişi oğlu müqavilə əsasında götürdüyü 6600 manat pulu 26 ay müddətinə ayda 314.56 manat, sonuncu ay 314.47 manat olmaqla hissə-hissə qaytarıması barədə bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Həsənov Təyyar Böyükkişi oğlunun xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsi üzrə 6186.38 manat əsas borcu, 7.48 manat faiz borcu vardır. İş materiallarında olan AZ-İİ 451985 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Təyyar Böyükkişi oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən Həsənov Təyyar Böyükkişi oğlunun vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 5 (beş) gün müddətində tam yerinə yetirməsi xahiş olunmuş, əks halda borcun qaytarılması məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Həsənov Təyyar Böyükkişi oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Həsənov Təyyar Böyükkişi oğlu arasında xx.xx.2024-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən Həsənov Təyyar Böyükkişi oğluna kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Həsənov Təyyar Böyükkişi oğlunun BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 6186.38 manat əsas borcu, 7.48 manat faiz borcu, ümumilikdə 6193.86 manat borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həsənov Təyyar Böyükkişi oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərumun vərəsəsi olaraq Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsəsi olan Cavabdeh tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq bankla cavabdeh arasında bağlanmış olan kredit müqaviləsi üzrə münasibətə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kredit müqaviləs üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından göründür ki, müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Həsənov Təyyar Böyükkişi oğluna borc (kredit) verməyi, cavabdeh Həsənov Təyyar Böyükkişi oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (maddə 739.1, 739.2, 739.3 ). Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşin faktiki hallarından görünür ki, mərhum Həsənov Təyyar Böyükkişi oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə payına mütənasib surətdə məsuliyyət daşıyır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6186.38 (altı min yüz səksən altı otuz səkkiz qəpik) manat əsas, 7.48 ( yeddi manat qırx səkkiz qəpik) manat faiz olmaqla, cəmi 6193.86 (altı min yüz doxsan üç manat səksən altı qəpik) manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 81.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Həsənov Təyyar Böyükkişi oğlunun vərəsəsi Cavabdeh xx.xx.2024-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsinə əsasən 6186.38 manat əsas, 7.48 manat faiz borcu olmaqla, cəmi 6193.86 (altı min bir yüz doxsan üç manat səksən altı qəpik) manat borc və ödənilmiş 81.94 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar